Mehdixanlı T.
Azərbaycan
Dövlət Opera və Balet Teatrında 60 il fəaliyyət
göstərmiş qayğıkeş insan, ifası ilə
neçə-neçə Məcnunlara, Leylilərə
həyan olmuş xalq artisti Bəhram Mansurovun "Ömür
qısa..." xatirələr toplusu işıq üzü
görüb. Kitabda ilk diqqəti
çəkən bu fikirdir: "Mən 1911-ci ildə dünyaya göz açmışam.
On yaşımın tamamı günü qüdrətdən vergili bəstəkar Üzeyir bəyin xeyir-duasını eşitmişəm.
Babam Məşədi
Məlikin evində hər axşam musiqi məclisi qurular, çalıb-oxuyardılar. Babam kamança, həyat yoldaşı Soltanbəyim
xanım dəf, oğlu Süleyman tar çalardı..."
Bu xatirəni ona görə yad etdik ki, keçdiyi
həyat yolu və yaradıcılığı
barədə sizləri
də yaxından tanış etmək istədiyimiz şəxs Bəhram müəllimin övladı, Mansurovlar nəslinin şərəfli
ənənəsini gen
yaddaşında yaşadan
bəstəkar, əməkdar
incəsənət xadimi
Eldar Mansurovdur.
O, 55 il əvvəl dünyaya göz açıb. Bəlkə
də körpə çağlarında onun ana laylasına, ata nəvazişinə ehtiyacı olmayıb. Çünki eşitdiklərini
duyub dərk edəndən mənzillərində
səslənən muğamlar
ana nəvazişini əvəz etmişdi. Yaşa dolduqca onun da varlığına
melodiyalar hakim kəsilərdi. Bəzən
barmaqlarını tarın
siminə çəkərdi.
Pianonun önündə
əyləşər, nə
ifa etdiyini dəqiq bilməsə də, anlaşılmaz səsdən zövq alardı.
İstedadını, musiqiyə
marağını görən
valideynləri onu 1 saylı musiqi məktəbinin fortepiano sinfinə qoymuşdular. Orta məktəbdə yaxşı oxusa da, musiqiyə marağı güclü olduğundan ona rəğbət vardı.
Bəstəkarların əsərlərini
pianoda məharətlə
ifa edərdi. O, həmin dövrü qürur hissi ilə xatırlayır:
- 1974-cü ildə Ü.Hacıbəyov
adına Azərbaycan Dövlət Konservatoriyasının
bəstəkarlıq fakültəsinə
qəbul olundum. Professorlar Cövdət Hacıyevin və Arif Məlikovun kurslarında oxudum. Ali təhsilimi uğurla başa vurdum.
Eldar Mansurov dünya xalqlarının folkloruna, incəsənətinə
də yaxşı bələddir. Sadə, diqqətcil insandır. Xeyirxahlığı heç
vaxt unutmur. Şirin söhbətindən
doymaq olmur. Yaratdığı əsərləri
dünyanın bir çox ölkələrində
səslənib. Sənət
yolunda qazandığı
nailiyyətləri doğma
xalqımızın adına
çıxır. Təvazökarlığı,
istedadı, qayğıkeşliyi
ilə tanınır.
Ad günü ərəfəsində onunla
görüşdük. Musiqimizin
dünəni, bugünü
barəsində ürək
sözlərini eşitdik:
- Müxtəlif vəzifələrdə
işləmişəm, musiqi
məktəblərində dərs
demişəm. Çalışmışam
ki, etimadı doğruldum. Bəstəkarlığa başladığım vaxtdan 2 balet, 5 simfoniya, 2 simfonik poema, xeyli kamera
və xor əsərləri yazmışam.
Ötən əsrin sonlarında Səmərqənd
şəhərində keçirilən
beynəlxalq simpoziumda
muğamlarımız haqqında
məruzə etmişəm.
Bu mövzuya aid elmi işlərim Fransa, Almaniya və Rusiya mətbuatında dərc olunub. İstər məqalələrimdə, çıxışlarımda,
istərsə də bəstələdiyim əsərlərdə
çalışmışam ki, əcdadlarımızdan,
müqəddəs sənətkarlardan
yadigar qalmış nümunələrə dinləyici
sevgisini daha da artırım.
Xalqımız qədirbiləndir,
sözə, sənətə
qiymət verməyi bacarır. Ulularımızdan
qalmış yadigarları
layiqincə qoruyuruq. Amma bəzən unutqan, etinasız olanlar da gözə
görünürlər. Üzeyir
bəyin "Leyli və Məcnun" operası yüz ilə yaxındır ki, ömür yaşayır. Leylinin, Məcnunun səhnədə
harayını, fəryadını
tarda çoxları müşayiət edib. Yaxın günlərdə
eşitmişəm ki,
həmin səhnə qəhrəmanlarını - ifaçıları
müşayiət edən
tara kamança da əlavə etmək istəyirlər. Dəfələrlə demişəm
ki, bu yersiz
təşəbbüs şərəflə
yol gələn əsərə ən azı hörmətsizlikdir.
Bu gün qənaətimi bir daha bildirirəm: məgər belə düzgün olmayan niyyətə düşənlər
Üzeyir bəydən
çox bilirlər? Məsləhət bilsəydi,
onun özü kamança səsini də tar səsinə
qoşardı...
E.Mansurovun gileyi birmənalı qarşılanmayıb.
Lakin haqq öz yerini tapıb. Hələ vaxtilə bəstəkar Vasif Adıgözəlov qəzetlərin birinə verdiyi müsahibəsində
demişdi: "Üzeyir
bəyin yadigarlarına
əlavə etməyə
heç kimin mənəvi ixtiyarı yoxdur. Necə ki, ağ paltara
qara yamaq vuranda eybəcər görünər, dahi yaradıcının əsərlərinə
mənasız, yersiz əlavələr də şit, bayağı, cəfəngiyat kimi eşidilər".
Eldar Mansurov telekanallarımızda nümayiş
etdirilən bəzi konsert proqramlarına da münasibətini bildirdi: "Ötən əsrin yetmişinci illərini xatırlayıram.
Doğrudur, o zamanlar ancaq bir televiziya yayımı mövcud idi. Azərbaycanlılığımız, milli dəyərlərimiz
üstün tutulardı.
Xan əmi əzəməti ilə ekranda görünəndə
hamı ondan öyrənirdi. Şövkət
xanım, Sara xanım, Rübabə xanım, Nərminə xanım təkcə şirin, məlahətli səsləriylə yox, həm də abırlı geyimləriylə, kamera qarşısında həyalı
davranışlarıyla nümunə
göstərər, örnək
olardılar. İndi vəziyyət büsbütün
dəyişib. Telekanalların
sayı artıb. Ekran görüntülərinin
bəziləri isə
tamaşaçıları iyrəndirir. Gəlin unutmayaq: yaşadığımız
məkan Azərbaycandır,
Afrika cəngəllikləri
deyil. Biz milli görkəmimizi, geyimimizi, danışığımızı,
davranışımızı qorumalı, uca tutmalıyıq. Ürəkdən
keçənlərin hamısını
mikrofon önündə
danışmaq, əcaib
geyimlərlə ekranda
görünmək olmaz.
Sənətkar xoş
avazı, məlahətli
səsiylə öyündüyü
kimi, həm də milli mentaliteti
ilə fəxr etməli, sevilməlidir. Yarıçılpaq, abır-həyanı yaddan çıxarıb ekranda görünənlər bilməlidirlər
ki, onlara ölkəmizin hər ünvanında baxıb qiymət verirlər. Bir də görürsən
ki, mahnı üstündə dava-dalaş
düşür: bir mahnının neçə
bəstəkarı, söz
müəllifi olar? Belə qüsurları ilə bir çoxları
musiqi xadimlərimizin tarixi şöhrətlərini,
xidmətlərini ləkələyirlər".
Eldar Mansurov klassik janrda yazıb-yaradan bəstəkardır. "Simli alətlər üçün musiqi",
simfonik orkestr üçün "Simfoniya-3", nəfəsli alətlər
orkestri üçün
"Marş", orqan
üçün "Muğam-dəstgah", kamera orkestri üçün
"Pastorol", "Simli
orkestr üçün
pyeslər", "Simli
orkestr üçün
musiqi", ümumiyyətlə
40-a yaxın bu səpkili əsərləri
ona nüfuz qazandırıb. 3 mindən
artıq mahnı bəstələyib.
"Yarı məndə,
yarı səndə",
"Bayatılar", "Bir
daha", "Gecələr
keçir", "Olimpiya
himni", "Halımı
sorma", "Dünya
köhnə dünyadır",
"Ola bilməz",
"Gecə zəngləri",
lirik, həzin mahnıları dillər əzbəridir. O, respublikamızın
müxtəlif teatrlarında
oynanılan 20 tamaşaya,
16 bədii, publisist, sənədli filmə musiqi bəstələyib.
Xidmətlərinə görə
ötən il Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə
"Əməkdar incəsənət
xadimi" fəxri ada layiq görülüb.
...Yazının əvvəlində
məşhur tarzən,
xalq artisti Bəhram Mansurovun yenicə işıq üzü görən
"Ömür qısa..."
kitabından kiçik
epizodu sitat gətirmişik. Sonda da həmin kitabın
yekun cümlələrinə
istinad edirik: "Ömrümdən, taleyimdən
şikayətlənə bilmərəm.
Xoşbəxtəm. Xoşbəxtəm
ona görə ki, öz sevincimi,
səadətimi xalqımla
bölüşmüşəm. Gənclərə, tələbələrimə,
oğlanlarıma baxıb
düşünürəm: görəsən, onlar mənim qoyduğum mirası - musiqini mənim kimi sevib təbliğ edəcəklərmi?" Bəli,
ustad, təbliğ edirlər. 55 yaşı tamam olan oğlunuz
Eldar arzularınızı
həvəslə, inamla
yaşadır.
Azərbaycan.-2007.-11 fevral.-S.7.