Mədəniyyəti
siyasətə qatsalar,
mədəniyyət olmaz
Alim Qasımov:
Bakıda konsert verməməyim Azərbaycan
xalqına hörmətimdən
irəli gəlir
- Xarici
ölkələrdə tez-tez
konsert proqramları ilə çıxış
edən Alim Qasımovun Azərbaycanda konsert verməməsinin səbəbi nədir?
- Azərbaycanda
gözəl konsert verməyi çox istəyirik, amma nəsə qarışıqlıqdı,
hələ alınmır.
Normal proqram hazırlasaq, Azərbaycanda
da muğamsevərləri
sevindirəcəyik. Əslində,
Bakıda konsert verməməyim Azərbaycan
xalqına hörmətimdən
irəli gəlir. Çünki hazırlıqsız
xaricdə konsert verə bilirəm. Orada mahnıların nə adını, nə sözünü bilirlər. Xaricdə konsert zamanı xərclədiyimiz enerji az da olsa,
bəs edir. Bizim tamaşaçıların
qarşısına çıxan
zaman gərək mahnının sözünü
dəyişdirəsən, muğamın
müəyyən qəzəllərini
təzələyəsən, bir az problem
bundadır. Azərbaycan
tamaşaçılarının qarşısına yeni repertuarla çıxmaq istəyirəm. Mən Azərbaycandakı tamaşaçılarımı
bir-bir yığmışam,
onları itirmək istəmirəm. Təkrar mahnılarla konsert verməyin nə mənası var, onsuz da daimi
tamaşaçılarımda disklərim, kasetlərim var.
- Azərbaycan mədəniyyətinin bugünkü
durumu Sizi qane edir?
- Müşahidələrimə
görə, bu gün mədəniyyətimiz
təlatümdədir. Bu
ələnmədən keçənlər
tarixlərin səhifələrində
yer alacaq, yaddaşlarda qalacaq. Sənətdə bütün
zamanlarda təlatümlər
olub.
- Sizin ifanızla bağlı müxtəlif mülahizələr
həmişə olub.
Bəziləri ifanızın
muğama heç bir aidiyyəti olmadığını, bəziləri
isə digərlərindən
fərqlənmək üçün
belə ifa etdiyinizi deyirlər...
- Bu halla tanış
olanlar bilirlər ki, ifa edərkən
gözlərimi yummaq,
əl hərəkətlərim
məndən asılı
olmayaraq baş verir. Əgər bu hərəkətləri
mənə rejissor göstərsə, hansısa
təlqinlə bunu etsəm, saxta olduğu o dəqiqə
bilinəcək. İçdən gələn ifa olmasa o hərəkətlər
o qədər təbii alınmaz. Əgər bunu bilərəkdən etsəydim,
ifamla bağlılıq
olmasaydı, bu qədər uzunömürlü
olmazdı. Elə tamaşaçı var o hərəkətlərlə,
o duyğularla yaşayır.
- Niyə yerdə oturub ifa edirsiniz?
- Bu sualı mənə xarici ölkələrdə
də çox veriblər. Ümumiyyətlə,
evdə-eşikdə də çox vaxt yerdə oturmağı sevirəm. İlk dəfə yerdə oturub oxumağı Belçikadakı
konsert proqramımda etdim. Belçikadakı konsertimdə gördüm
ki, zalda heç bir oturacaq qoyulmayıb. Yerdən oturacaqlar hazırlayıblar. Məəttəl
qaldıq... Qərara aldıq ki, oturub məşq edək. Məşq zamanı gördüm ki. çox gözəl aura yaranıb. Elə o oturan, bu
oturan, hələ də otururuq. Bu hərəkət tamaşaçı tərəfindən
də çox gözəl qarşılandı.
- Siz sufisiniz?
- Onların
adını, kəlamını
bilmirəm. Deyirlər
dərviş, sufi... Ola bilsin ki,
onların cüzi hərəkəti, müəyyən
halları ifam zamanı üzə çıxa bilər, amma o adı
çox yüksəklərdə
görürəm. Yəqin
ki, mən o səviyyəyə çata bilmərəm.
- İndi özünüzü hansı
yüksəklikdə hesab
edirsiniz?
- Bəlkə
cavan vaxtı yüksəlmək fikirləri
olub, amma indi belə fikirlər yoxdur. Əksinə, daha dərinə getmək istəyirəm. Məndən
asılı olsa, yuxarı yox, aşağı gedərəm.
Ümumiyyətlə, insan
üçün həyatda
dəqiq yer yoxdur. Bunun enişi,
yoxuşu, küləyi,
istisi var. Mən də bir stabillikdə yaşayan adam deyiləm.
- Bəziləri
xarici ölkələrdə
konsert verən zaman azərbaycanlı olduğunuzu söyləmədiyinizi
deyirlər...
- Əstəğfürullah!
- Bəs bu zamana kimi
niyə bir dəfə də olsun konsert verdiyiniz
salonda Azərbaycan bayrağını asmamısınız?
- Heç
əvvəldən bunu
düşünməmişəm. Amma biletlərin üzərində, afişalarda
Azərbaycandan gəldiyim
yazılır. Dinləyicilər
də o proqrama baxanda bilirlər ki, azərbaycanlıyam. Dünyada
heç bir sənətkar bayrağı
əlinə götürüb
konsertlər verməyib.
Bu, siyasi məsələdir. Siyasətə
qarışmıram, gücüm
çatsa, ömrümün
sonuna qədər də qarışmaram.
- Amma “Mədəniyyətdən böyük
siyasət yoxdur” deyirlər...
- Yox,
mədəniyyəti siyasətə
qatsalar, onda mədəniyyət olmaz. Əgər mədəniyyət
yaxşı tərəfə
yönəldilirsə, onda
bunun özü siyasətdir.
- Xarici ölkələrdə aldığınız
qonorardan razısınız?
- Dünyada
elə bir adam yoxdur ki,
hər şeyə qane olsun. Allahıma
şükür edirəm.
Az da olur,
çox da...
- Bir müddət əvvəl qızınız Fərqanə
ilə “Leyli və Məcnun” operasında tərəf müqabili olacağınızı
demişdiniz? Sizcə,
bu, mənfi qarşılanmaz?
- Xeyr,
Leyli və Məcnunun münasibəti
bir-birinə hörmət də ola bilər. Bunu Məhəmməd Füzuli ruhani sevgi kimi yaradıb.
Bu, cismani yox, ilahi eşqdir,
ona görə də mənfi qarşılanmaz. Muğam
da insanlar üçün ruhi qidadır. Muğama başlayanda onu sənət kimi öyrənmişəm. İndi
muğamı özümdən
də yüksəkdə
görürəm.
- Sizi “Muğamın alimi” adlandırırlar...
- Nə
özüm aliməm,
nə də muğamın alimiyəm. Mənim fikrim Azərbaycan muğamının
daha yüksək səviyyədə təqdim
etməkdir. Bunun üçün imkanlı
adamların və dövlətin köməyinə
ehtiyac var.
- Muğam məktəbi yaratmaq fikriniz yoxdur ki?
- Sənətdə
yaratdıqlarım ayrıca
məktəbdir. Mənə
bina veriblər, artıq binanın təmirinə başlamışam.
Binanı təmir edib işə başlayacağıq. Fəaliyyət
başlayacağımız vaxt barədə dəqiq məlumat verə bilmərəm. Çox güman ki, mərkəz kimi işləyəcək.
Amma Asəf Zeynallı adına Musiqi Məktəbində də fəaliyyətimi davam etdirmək istəyindəyəm. Əgər
vaxt tapa bilməsəm, tələbələrimi
mərkəzdə hazırlaşdıracağam.
- Beynəlxalq muğam festivalı keçirmək fikriniz var?
- Əlbəttə
istəyərdim, amma bunun üçün böyük maliyyə vəsaiti lazımdır. Əslində çox gözəl layihə olar, bütün dünyadan Azərbaycana gələrlər. Bütün
millətlərin özünün
qədim musiqilərindən
ibarət festival keçirmək gözəl
olardı.
- Bugünkü
tamaşaçı zövqündən
razısınız?
- Muğama
qulaq asmayan tamaşaçını zövqsüz
adlandıra bilmərəm.
Millətindən asılı
olmayaraq, kimsə öz qidasını muğamda deyil, başqa musiqidən alırsa, onu zövqsüz adlandırmaq
olmaz.
- Son zamanlar yorğun görünürsünüz...
Ola bilsin, qocalmışam. Bu sənətdən bir balaca ayrı
düşəndə məndə
yorğunluq, ruh düşkünlüyü əmələ
gəlir. Bu sənətin yorğunluğu
deyil. Sənətlə
məşğul olanda
uçuram, ifamla iç dünyamı açıram.
- Toylarda oxuyursunuz?
- Toylara
getməkdən imtina etmişəm. Ancaq hörmətli adamların,
dostların toylarına
gedib bir-iki ağız oxuyuram. Bəlkə də maddiyyata aldanıb gedirəm. Toylara çox getməyə dözə bilmədim. O məsuliyyətdən zülmü
çəkə bilmədiyim
üçün ayrıldım.
- Sənət adamlarına fəxri adların verilməsinin tərəfdarısınız?
- Qəti
əleyhinəyəm. Əsil
sənətkar ad barədə düşünməməlidir.
Bu, bir seldir, hamımız
o selə qoşulub gedirik. Amma fəxri adlar
verilməsə çox
yaxşı olar.
Ad bütün sənətkarları eyniləşdirir,
hamı eyni tərəzidə olur.
- Yaxın zamanlarda xaricə səfərləriniz
gözlənilirmi?
- Martın 4-dən
18-nə kimi Yo-Yo-Manın
rəhbərliyi altında
İpək Yolu ansamblı ilə Amerikaya gedəcəyik. Hazırda isə İtaliyanın musiqi kollektivi ilə birgə musiqi yazdırırıq.
Yeni Azərbaycan.- 2007.- 20 fevral.- S. 1; 8