Məhərrəmova T.

 

Unudulmaz tarzənin unudulması

 

Bəhram Mansurov haqsızlıqların dünyasını 

dəyişəndən sonra da davam edəcəyini bilirmiş

 

Deyirlər qədim musiqi alətimiz olan tarı yaradan usta ilk dəfə ruhu ilə baş-başa qaldığı anda onu kökləyib. Elə o vaxtdan bəri bu sirli alətin hər pərdəsində gah vüsal səslənir, gah da hicran inləyir. Bu fərqli ovqatlar zaman-zaman hər ustadın barmaqları ilə başqa cür dilə gəlib. Çünki hər tarzən ifa etdiyi muğamlara, mahnılara özünəməxsus könül duyğularını, ürək çırpıntılarını köçürüb. Görkəmli tarzən Bəhram Mansurovun mizrabı ilə ulu tarımız ayrı bir ecazkarlıqla səslənib.

 

"Xalq konservatoriyası"

 

Bəhram Mansurov uşaqlıqdan evlərində təşkil olunan musiqi məclislərinin şahidi olub. Babası Məşədi Məlik dövrünün açıq fikirli şəxslərindən biri, həm də istedadlı musiqişünas, mahir çalğıçı idi. Hər axşamçağı İçərişəhərdəki evlərinin pəncərələrindən muğamların və xalq mahnılarının ecazkar, həzin melodiyaları dalğa-dalğa axıb bütün küçəyə yayılanda qonşuluqda yaşayan molla: "Allah sizə qənim olsun, bu evdə şeytan yuva salıb" - deyə qəzəblə lənət yağdırardı. O biri qonşular isə mollanın bu lənətinə gülərdilər. Çünki axşamlar Məşədi Məlkin evində musiqi məclislərinin təşkil olunduğunu Bakıda hamı yaxşı bilirdi. Azərbaycanın bütün guşələrindən gələn muğam biliciləri, musiqiçilər, xanəndələr bu məclisə toplaşardı. Bu məclisdən nəinki görkəmli musiqiçilər faydalanmış, həm də Seyid Əzim, Xurşudbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev kimi məşhur şair və ədiblərimiz onunla yaxın əlaqədə olmuş, onun şəninə şeirlər yazmışlar. Bu məclislər XIX əsrin ikinci yarısında bir növ "xalq konservatoriyası" rolunu oynayıb. Bu musiqi ocağı bir həyat məktəbi olub.

Buradakı maraqlı söhbətlər, incə, şirin çalğılar balaca Bəhramda da musiqiyə böyük həvəs aşılayır.

 

8 yaşlı tarzən

 

Evlərində çoxlu tar var idi. Atası evdən bir yerə gedən kimi balaca Bəhram dərhal divardan asılan tarlardan birini götürüb çalar, özü də bilmədən kökdən salıb divardan asardı. Məşədi Süleyman evə qayıdanda Bəhramın tara toxunduğunu sövq-təbii ilə başa düşər və "mənim tarıma kim toxunub? "- deyə soruşardı. Bəhram da günahını boynuna alaraq "hardan bildin ki, mən toxunmuşam" - deyə uşaq məsumluğu ilə soruşar, atası "tarın kökündən" - deyə cavab verərdi. Onun tara, musiqiyə olan həvəsini görən Məşədi Süleyman Bəhrama həmişə deyərmiş: "Mən hiss edirəm ki, sən tarı birdən-birə çalacaqsan. Sənə öyrətmək lazım deyil". Doğrudan da Bəhram 8 yaşından tarı sinəsinə basaraq uşaq arzularını tarın kövrək tellərinə kökləyib.

Sonradan Bəhram ilk təhsilini Üzeyir Hacıbəyovun təşkil etdiyi musiqi məktəbində, daha sonra Konservatoriyada muğam sinfini aparan əmisi Mirzə Mansurdan alıb.

Bəhram Mansurovun 19 yaşı olanda Müslüm Maqomayev onu orkestrə, daha sonra Opera Teatrına dəvət edir. O, opera səhnəsində Yavər Kələntərli, Hüseynqulu Sarabski, Əlövsət Sadıqov kimi korifeylərlə işləyir. Rübabə Muradova, Gülxar Həsənova, Mais Salmanov, Bakir Haşımov, Qulu Əsgərov, Arif Babayev, Nəzakət Məmmədova və başqa sənətkarları teatra cəlb edərək onları tamaşalara hazırlayır.

 

YUNESKO-da ilk təmsilçimiz

 

Görkəmli tarzənin oğlu və sənətinin layiqli davamçısı olan Elxan Mansurov xatırlayır:

- Atam dünya səviyyəsinə çıxan bir sənətkar idi. 1967-ci ildə YUNESKO-dan muğamlarımızla, folklorumuzla maraqlanmağa gəlmişdilər. Fikrət Əmirov telefonla atama xəbər verdi ki, YUNESKO-nun nümayəndələri radioda lent yazılarına qulaq asıblar və səninlə görüşmək istəyirlər. Həmin günün axşamı onlar bizə gəldilər. Qonaqları Elmira Abbasova, Nəriman Məmmədov və bir də moskvalı tərcüməçi qadın müşayiət edirdi. YUNESKO-nun nümayəndələri olan bu qonaqlardan biri Şərq musiqisinin alimi Alen Danielu, o birisi isə onun assistenti Yak Kloarek idi. Elmira xanım: "Bunlar folklor musiqisi axtarırlar. Bilmək istəyirlər ki, qədimdə muğamlarımız nə cür olub və nə sayaq çalınıb" - deyə bildirdi. Atam onlar üçün keçmiş oxuyub-çalanlarımızın vallarını səsləndirdi, dinlədikləri muğam, təsnif və ifaçılar barədə məlumat verdi. Sonra qonaq atama: "Olar, siz də bir şey çalasınız, qulaq asaq?" - deyə müraciət etdi. Atam onlar üçün əvvəlcə "Bayatı-Şiraz" muğamını çaldı. Çalğı zamanı qonaq çox həyəcanlanırdı. Atam soruşdu ki, qonaq niyə belə narahatdır? Tərcüməçi cavabında: "Deyirlər ki, biz "Bayatı-Şiraz"ın bu cürəsini eşitməmişik. Atam dedi ki, doğrudur, bu cürəsini çətin onlar eşidə bilər, çünki babam Məşədi Məlikdən, atam Məşədi Süleymandan, əmim Mirzə Mansurdan öyrəndiyim muğamı çalıram. Onlar atamı çox diqqətlə dinləyirdilər. Qonaqlar bizim gözəl musiqimizə heyran qalmışdılar. Onlar atamın ifasında 4 muğama qulaq asdılar. Qonaqlar vətənlərinə qayıtdıqdan sonra Bəstəkarlar İttifaqına yazaraq YUNESKO-nun kolleksiyasına daxil etməkdən ötrü Bəhram Mansurovun ifasında muğamların lent yazısını onlara göndərməyi xahiş etdilər. Atam Fikrət Əmirov və Tofiq Quliyevin köməyi ilə Tbilisiyə gedib, orada muğamları lentə yazırdı. Elmira Abbasova bu barədə ön söz yazdı, beləliklə, qədim muğamlarımız tarın ifasında ilk dəfə olaraq YUNESKO-nun kolleksiyasında təmsil olundu. Bu, Azərbaycan muğamları və tarını dünya xalqları arasında bir daha şöhrətləndirdi.

Atam 1974-cü il yanvarın 15-də YUNESKO-dan daha bir məktub aldı. Bu dəfə onlar Bəhram Mansurovun ifasında bütün Azərbaycan muğamlarının lent yazılarını istəyirdilər. "Musiqi atlası" adı altında bir plastinka da çıxarmaq fikrində olduqlarını yazırdılar. Atam da Bəstəkarlar İttifaqının köməyi ilə doqquz muğamı lentə yazdırıb YUNESKO-ya göndərdi.

1975-ci ilin avqust ayında YUNESKO-dan aldığı növbəti məktubda isə atam Bağdadda keçiriləcək Şərq xalqlarının musiqi simpoziumuna dəvət olunmuşdu. Bu konsertdə çıxış etmək üçün atamdan milli Azərbaycan geyimi də aparmağı xahiş edirdilər.

1975-ci ildə YUNESKO tərəfindən buraxılan atamın ikinci valı dünyanın bir çox ölkələrinə yayıldı.

1977-ci ildə YUNESKO-dan Bəhram Mansurovun ünvanına yeni bir dəvətnamə gəlir. Bu dəfə görkəmli tarzəni "İslam xalqlarının musiqi festivalı"nda çıxış etməyə dəvət edirlər. Bu konsertlər dünyanın müxtəlif ölkələrində nəzərdə tutulurdu. Hər belə bir dəvətnamə gənc tarzəndə iftixar hiss oyadırdı. Çünki bu, Azərbaycan musiqisinin qələbəsi idi.

YUNESKO-nun qərarı ilə oktyabrın 2-dən 7-dək Səmərqənddə ilk dəfə keçirilən Şərq xalqlarının muğam simpoziumunda da Azərbaycanı təmsil edən Bəhram Mansurovun rəhbərlik etdiyi üçlük olub. B.Mansurovun tarda, T.Bakıxanovun kamançada ifası, C.Əkbərovun isə oxuduğu muğamlar simpozium iştirakçılarını heyran edib.

Səmərqənddəki simpoziumda qazanılan uğurdan sonra 84-cü ildə təşkilatçılar özləri Azərbaycana dəvət göndərib üçlüyü yenidən dəvət ediblər. Bu dəfə Bəhram Mansurov Canəli Əkbərovla birlikdə Alim Qasımovu da aparıb. Alim Qasımovun dünyada tanınmasında həmin simpoziumun böyük rolu olub.

1992-ci ildə YUNESKO tərəfindən Bəhram Mansurovun ifasında muğamlar disk şəklində buraxılıb. Ancaq həmin diskləri görmək Bəhram Mansurova qismət olmayıb.

 

Gözəl insan, qayğıkeş ata

 

B.Mansurov gözəl sənətkar olmaqla yanaşı, qayğıkeş ailə başçısı olub. Ailədə yeri gələndə zarafatından da qalmayıb, amma övladları onun zəhmindən qorxublar. B.Mansurov övladlarına mehriban ata, dostları üçün sədaqətli yoldaş idi. Həyat yoldaşı onu əzizləyər, ruhlandırır, ona dayaq durardı. Vəfalı qadın bu sənətdə hökm sürən dedi-qodulardan, paxıllıqlardan Bəhramı qoruyardı. Elə bu gün də görkəmli tarzənin arxivinin yığılıb saxlanmasında ömür-gün yoldaşının əvəzsiz xidməti olub.

Vaxtilə B.Mansurov özünə olan haqsızlıqları, sənət aləmində çəkdiyi əziyyətlərini görüb övladlarının musiqiçi olmasını istəməyib. Ancaq "Ot kökü üstə bitər" deyiblər. Eldar pianoya həvəs göstərib və hamının tanıyıb sevdiyi bəstəkar olub. Ailənin ortancıl oğlu Aydın nəzəriyyəçi kimi ad qazanıb. Tar çalmaq, ata yolunun davamçısı olmaq isə evin kiçik oğlu Elxanın qismətinə düşüb. Elxanın həm həvəsi, həm də həvəssizliyi onu bu böyük sənətin cığırına salıb. 15 il atası ilə çiyin-çiyinə işləyən Elxan ata-baba ocağının yadigar tarını sinəsində daşıyır.

 

Biz onu unudulmağa qoymasaq da...

 

Həyatı boyu qarşılaşdığı haqsızlıqlar B.Mansurovun 4 dəfə infarkt keçirməsinə səbəb olub. "Sənə Xalq artisti adı verirlər" xəbərinə inanaraq səhər sevinə-sevinə köşkdən qəzet alıb, ancaq adını görməyəndə, bu "oyun" ikinci dəfə də təkrar olunanda həssas qəlbli sənətkar infarkt keçirib. Onun sənətdə uğurlarına qəsdən mane olublar. Nəhayət, 78-ci ildə 70 yaşında ona Xalq artisti adı veriblər:

- Atam Almaniyaya dəvət olunanda Fikrət Əmirov Heydər Əliyevin yanına gedib: "Bizim gözəl tarçalanımızdır, onu Azərbaycanı təmsil etmək üçün Almaniyaya göndəririk" deməsindən sonra atama Xalq artisti adı verdilər - deyə E.Mansurov xatırlayır. Yoxsa atama fəxri ad verməyə imkan vermirdilər. Atam uzaqgörənliklə özünə qarşı haqsızlıqların dünyasını dəyişəndən sonra da davam edəcəyini bilirmiş kimi "atamın qəbrini açıb məni orada dəfn edərsiniz" - deyə vəsiyyət etmişdi.

Doğrudan da görkəmli tarzən sağlığında gördüyü haqsızlıqlarla dünyasını dəyişəndən sonra da qarşılaşıb. Onun dəfninin Fəxri Xiyabanda keçirilməsinə icazə verməyiblər. "Aktyorlar evi"ndən götürüb hara istəyirsiniz aparın" cavabını alan övladları atalarının bir neçə gün evdə qalan cənazəsini elə evdən götürməyi qərara alıblar. Ona 2-ci Fəxri Xiyabanın çölündə kiçik bir yer ayırıblar.

"Eldarla mən olmasaq, o kişi çoxdan unudulardı" - deyə E.Mansurov təəssüflə dillənir:

- Eldar atamın xatirəsi üçün çox işlər görür. Doğum günlərində (12 fevral B.Mansurovun doğum günüdür) Aydın televiziyada xatırlanmasına çalışır. Mənsə onun çalğısını saxlamışam. Ancaq heç kəs onu yada salmır. YUNESKO-da buraxılan bütün kitabların, lent yazılarının 80 faizdən çoxunda Bəhram Mansurovun arxivindən istifadə olunub. Azərbaycanın musiqi tarixində bu qədər iş görən, ölkəmizi dünyada tanıdan insanı heç yerdə yada salmırlar. Mən bu işə faciə kimi baxıram.

Təəssüf doğurası haldır ki, görkəmli tarzənin yubileyləri yada düşməyib. Yaşadığı binaya adicə bir xatirə lövhəsi vurulmayıb, musiqi məktəblərindən və ya küçələrdən birinə adının verilməsinə icazə verilməyib. Onun sənətinə də, ruhuna da diqqətsiz yanaşılıb. Bir də təəssüf olunası haldır ki, bir neçə əsrdən bəri davam edən Mansurovların musiqi ənənəsi Elxan Mansurovla bitir.

Görkəmli tarzən sağlığında: "Öz sevincimi, xoşbəxtliyimi xalqımla bölüşdüyüm üçün xoşbəxtəm, ömür qıysa, çox işlər görəcəyəm" - deyirdi. Unutmayaq ki, həyatın əyri tərəzisinin gözünü elə əzəldən şan-şöhrətli təltiflər yox, XALQ müəyyənləşdirib. Xalq onun incəsənətinə layiqli xidmət edən və onu bütün dünyada tanıdan sənətkarlarını heç vaxt yaddan çıxarmır.

 

Kaspi.-2007.-13 fevral.-S.17.