Dünya Xocalı soyqırımının ildönümünü anır

 

Ankara

 

Fevralın 26-da Türkiyənin paytaxtında Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilmişdir.
Ankaranın Keçiörən rayonundakı Esterqon qalasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə ölkəmizin Türkiyədəki səfirliyi və Keçiörən bələdiyyəsinin təşkilatçılığı ilə mitinq oldu. Aksiya iştirakçıları əllərində "Bir millət, iki dövlət", "Xocalı qətliamı unudulmasın", "Qarabağ Azərbaycan torpağıdır" sözləri yazılmış şüarlar tutmuşdular.
İlk olaraq, ümummilli liderimiz Heydər Əliyevin Xocalı soyqırımı qurbanlarının xatirəsinin hər il bir dəqiqəlik sükutla yad edilməsi
haqqında 1997-ci il 25 fevral tarixli Sərəncamı oxundu. "Əbədi məşəl"in önünə Azərbaycan səfirliyi adından əklil qoyuldu və Bakı vaxtı ilə saat 17.00-da faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndi.
Mitinqdə çıxış edən Keçiörən bələdiyyəsinin sədri Turqut Altınok və Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Haluk İpək Xocalı soyqırımı və ermənilərin türklərə qarşı törətdikləri qətliamlardan ətraflı bəhs etdilər, ermənilərin saxta təbliğatına qarşı səyləri birləşdirməyin zəruriliyini vurğuladılar.
Azərbaycandan Milli Məclisin deputatları Qənirə Paşayeva və Yaqub Mahmudov tarixin müxtəlif dönəmlərində ermənilərin və onların havadarlarının xalqımızın başına gətirdikləri müsibətlərdən danışdılar. Yaqub Mahmudov Türkiyə Tarix Qurumu, Azərbaycan MEA-nın Tarix İnstitutu, Azərbaycan-Türkiyə İş Adamları Birliyi və Bakı Dövlət Universiteti arasında ötən ilin mayında imzalanmış Bakı Bəyannaməsinə uyğun olaraq, erməni təbliğat maşınına tarixi faktlar və sənədlərin dili ilə layiqli cavab verilməsi istiqamətində görülən işlərdən bəhs etdi.
Azərbaycanın Ankaradakı səfiri Zakir Həşimov Xocalıda və digər torpaqlarımızda ermənilərin törətdikləri vəhşiliklərdən danışdı, Xocalı faciəsinin əsl soyqırımı olduğunu vurğuladı.
Sonra şəhidlərimizin ruhuna ehsan verildi və Ankaranın məscidlərində onların ruhuna cümə namazlar
ı qılındı.
Axşam Bilkənt Universitetinin binasında Heydər Əliyev Fondunun göndərdiyi materiallar əsasında hazırlanmış sərgiyə baxış oldu. Sərgidən sonra universitetin akt salonunda Azərbaycanın xalq artisti Sərvər Qəniyevin rəhbərlik etdiyi simfonik orkestrin ifasında matəm musiqisi səsləndi. Səfir Zakir Həşimov və deputat Qənirə Paşayeva toplaşanlar - Türkiyənin millət vəkilləri, xarici ölkələrin diplomatik nümayəndəliklərinin başçıları qarşısında çıxış edərək Xocalı soyqırımından danışdılar.
Axırda Heydər Əliyev Fondunun hazırladığı "Xocalı soyqırımı" sənədli filmi nümayiş etdirildi.

Ukrayna

Fevralın 26-da Ukrayna Azərbaycanlıları Konqresi (UAK) təşkilatın gənclər komitəsi (GK) ilə birlikdə Kiyevdəki Ermənistan səfrliyi və ATƏT-in nümayəndəliyi qarşısında Xocalı soyqırımının 15-ci ildönümünə həsr olunmuş icazəli kütləvi piketlər keçirmi
şdir. İştirakçılar əllərində Azərbaycanın və Ukraynanın dövlət bayraqlarını, XX əsrin ən dəhşətli faciələrindən birini törətmiş erməni işğalçılarını, hərbi cinayətkarları və terrorçuları lənətləyən Ukrayna, ingilis və rus dillərində şüarlar və transparantlar tutmuşdular. UAK-ın sədri Akif Gülməmmədov, Hacı Əbülfəz Qasımov, UAK GK-nın rəhbəri Toğrul Adıgözəlov və digər çıxış edənlər ucadan "Erməni terrorizminə yox!", "Erməni işğalçıları, Azərbaycan torpaqlarından rədd olun!", "Xocalı soyqırımını törətmiş erməni hərbi cinayətkarları və terrorçularının ciddi cəzalandırılmasını tələb edirik!" və digər antierməni şüarları söyləmişlər.
Ermənistanın Ukraynadakı səfirliyinə və ATƏT-in bu ölkədəki nümayəndəliyinə Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar müraciət ünvanlandırılmış, yoldan keçənlərə UAK-ın orqanı olan "Qolos Azerbaydjana" qəzetinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsinə həsr olunmuş xüsusi buraxılışının nüsxələri paylanmışdır. Azərbaycanın Ukraynadakı səfirliyində matəm lenti bağlanmış dövlət bayrağı səhərdən aşağı endirilmiş, diplomatlar Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anmışlar.
Fevralın 26-da axşam Səməd Vurğun adına kitabxanada UAK-ın təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir. Tədbirdə faciəyə həsr olunmuş "Qarabağ haqqında həqiqət" kitabının təqdimatı keçirilmiş, toplaşanlara Azərbaycan səfirliyinin Xocalıya həsr olunmuş mətbuat üçün məlumatı və "Qolos Azerbaydjana" qəzetinin nüsxələri paylanmışdır.

Gürcüstan

Ötən əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsi Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə bu ölkədə dərin ehtiramla yad edilmişdir. Azərbaycanlıların yığcam məskunlaşdığı Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayon mərkəzində fevralın 24-də başlanan tədbir fevralın 26-da Tbilisidə yekunlaşdırılmışdır.
Tbilisidəki K.Marcanişvili adına Dövlət Teatrının geniş foyesində Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Xocalıda soyqırımı" adlı fotosərgi açılmış və "Xocalı - bir səhərin faciəsi" filmi göstərilmişdir. Fotosərgidə Azərbaycan rəssamı Fuad Qafarın, habelə Xocalıdan və Dağlıq Qarabağdan məcburi köçkün uşaqların rəsm əsərləri nümayiş etdirilmişdir.
Sonra Tbilisi Azərbaycan Dövlət Dram Teatrı kollektivinin Xocalı faciəsinə həsr olunmuş "Xocalı - torpağın fəryadı" tamaşası göstərilmişdir. Tamaşa Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə hazırlanmışdır. Teatrın bədii rəhbəri, Gürcüstan Dövlət mükafatı laureatı, rejissor Qoça Kapanadze tamaşanı sənədli materiallar əsasında hazırlamışdır. Baş rollarda teatrın aktyorları Namiq Hacıyev, Sevinc Məmmədova, "Müstəqil teatr"ın aktyoru Marina Sağaradze çıxış etmişlər. Əsas rollarda Tbilisi Azərbaycan Dövlət Dram Teatrının aktyorları Aidə Tağıyeva, Turqay Vəlizadə, Leyla Qasımova, Mənzər Sadıqova və başqaları oynamışlar. Tamaşanın rejissoru Qoça Kapanadze ötən əsrin bu dəhşətli faciəsi barədə tamaşaçılarda dərin təəssürat yaratmaq məqsədilə Gürcüstanın bir sıra aparıcı teatrlarından da aktyorlar dəvət olunduğunu bildirmişdir. Aktyorların gərgin əməyi sayəsində tamaşaçılar faciənin köklərini, erməni cəlladların amansızlığını, sabiq sovet rəhbərliyinin ədalətsizliyini, yüzlərlə insanın - qoca, uşaq, qadının qanına qəltan edildiyi nəfəskəsən səhnənin şahidi olmuş və teatrı göz yaşları ilə tərk etmişlər.
Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev tamaşaçılara müraciət edərək demişdir: "Bu gün Xocalı soyqırımından 15 il keçir. Özgə torpaqlarını özününküləşdirməyə şirnikən erməni qəsbkarlar sabiq Sovet İttifaqı rəhbərliyinin ikili siyasətindən istifadə edərək 366-cı alayın köməyi ilə bir gecədə Qarabağda Xocalı adlı bir şəhəri yer üzündən sildilər. Burada onlar nə uşağa, nə qadına, nə qocaya aman verdilər. 613 nəfəri qəddarlıqla qətlə yetirdilər. 1000 nəfər ağır yaralandı, minlərlə adam itkin düşdü, ermənilərin girovuna çevrildi. Dünyada nahaq qan yerdə qalmır. Azərbaycan xalqı həqiqətin təntənəsinə inanır və mütləq belə də olacaqdır. Prezident İlham Əliyev Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinin tərəfdarı olduğunu dəfələrlə bəyan etmiş və Azərbaycan xalqının öz torpaqlarını erməni qəsbkarlarından təmizləməyə qüdrəti çatdığını vurğulamışdır. Biz sülh tərəfdarıyıq və kimsə silah gücünə danışır, problemləri bu yolla həll etmək istəyirsə, o, mütləq uduzacaqdır. Gürcü xalqı da azərbaycanlılar kimi, uzun illərdir separatizmdən əziyyət çəkir. Əminəm ki, dövlət başçılarımızın ərazi bütövlüklərimizin bərpası yönümündə apardıqları iş uğurla nəticələnəcəkdir. Xocalı faciəsi ilə Gürcüstan ictimaiyyətinin ətraflı tanış olması üçün dəstəyə görə Heydər Əliyev Fonduna dərin təşəkkürümüzü bildiririk".
Sonra səfir Azərbaycan teatrının kollektivinə, bütün aktyorlara təşəkkürünü bildirdi.
Tədbirdə Gürcüstan hökumətinin, parlamentinin, Gürcüstan və Azərbaycan ictimaiyyətinin təmsilçiləri, Tbilisidəki diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları iştirak etmişlər.
Tamaşaçılara Xocalı faciəsi əks olunan bukletlər paylanmışdır.

Bişkek

Bişkekdəki "Azəri" Mədəniyyət Mərkəzi paytaxtdakı "Türkel" Fondu ilə birgə Xocalı faciəsinin 15-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirmişlər. Tədbirdə Bişkekdəki Azərbaycan və türk diasporlarının üzvləri, Türkiyənin Qırğızıstandakı səfirliyinin əməkdaşları, qırğız xalqının nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Mərasimi Bişkekdə çap edilən "Türkel" qəzetinin baş redaktoru Ramiz Məşədihəsənli açaraq, bu faciəni müasir dövrdə misli görünməmiş soyqırımı adlandırmışdır.
"Azəri" Mədəniyyət Mərkəzinin sədri Akif Allahverdiyev, sədrin müavini Əsəd Həsənov, türk iş adamı Mümtaz Çoban və başqaları bildirmişlər ki, bu faciəyə yalnız ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində siyasi qiymət verilmişdir.
Sonra şəhidlərin ruhuna dualar oxunmuş, ehsan verilmişdir.

Los-Anceles

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AzərTAc-a bildirmişlər ki, fevralın 25-də Kaliforniya ştatının San Xose şəhərində Şimali Kaliforniya Azərbaycanlıları Təşkilatı tərəfindən Xocalı soyqırımının 15 illiyinə həsr olunmuş anma mərasimi keçirilmişdir.

Mərasimdə çıxış edən təşkilatın sədri Samir Lütvəliyev Xocalı soyqırımı qurbanlarının xatirəsinin hər bir azərbaycanlının qəlbində daim yaşayacağını bildirmiş, ABŞ-dakı soydaşlarımızın bu faciə haqqında həqiqətləri bütün rəsmi və qeyri-rəsmi dairələrə çatdırmalarının zəruriliyini vurğulamışdır.
Kaliforniyada səfərdə olan Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti də tədbirə qatılmışlar. Nazir qısa müddətdə Azərbaycan Respublikasının mürəkkəb yollardan keçdiyini bildirmiş, məhz ulu öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində stabilliyin bərqərar olunduğunu, iqtisadiyyatın sürətlə inkişaf etməyə başladığını diqqətə çatdırmışdır. Nazir demişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bölgədə lider dövlətə çevrilmişdir.
Tədbirdə Xocalı şəhərində qətlə yetirilmiş azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra "Lider" televiziyasının "Məhv edilmiş şəhər" sənədli filmi nümayiş olunmuşdur.
Mərasimdə Azərbaycanın Los-Ancelesdəki bas konsulu Elin Süleymanov, ölkəmizin BMT yanında daimi nümayəndəliyinin başçısı Aqşin Mehdiyev çıxış edərək ermənilərin Xocalıda törətdikləri vəhşiliklərdən danışmışlar.

Rumıniya

Fevralın 26-da Xocalı faciəsinin 15-ci ildönümü ilə bağlı Azərbaycanın Rumıniyadakı səfirliyi Heydər Əliyev Fondunun dəstəyi ilə və fondun göndərdiyi əyani vəsaitlər, videofilm əsasında Buxarest şəhərində anma mərasimi, sənədli filmin nümayişi və "Xocalı uşaqların
gözü ilə" adlı sərgi keçirmişdir.
Tədbirdə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının rəhbərləri, sabiq və hazırkı senatorlar, deputatlar, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, türksoylu icmaların təmsilçiləri, diplomatlar, jurnalistlər, insan hüquqları üzrə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Əvvəlcə Xocalı şəhərində qətlə yetirilən insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra tədbir iştirakçıları Azərbaycan Prezidentinin Xocalı faciəsinin 15-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətinin mətni ilə tanış edilmişlər.
Səfir Eldar Həsənov ermənilərin törətdiyi qırğınlardan söhbət açmışdır.
Çıxış edənlər 1992-ci il fevralın 26-da erməni hərbi birləşmələrinin Xocalıda törətdikləri faciənin təkcə azərbaycanlılara deyil, bütün bəşəriyyətə qar
şı yönəlmiş cinayət olduğunu bildirmişlər.
Tədbir iştirakçıları Xocalı faciəsinin 15-ci ildönümü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciəti, Heydər Əliyev Fondunun Azərbaycan, ingilis və rus dillərində hazırladığı "Qarabağ həqiqətləri" bukletlər toplusu, səfirliyin təşəbbüsü ilə rumın dilinə tərcümə edilmiş "Xocalı soyqırımı (sənədlər, faktlarda və xarici mətbuatda)" və "Xocalı faciəsi" kitabları, Azərbaycanın Xarici İşlər Nazirliyi "Diplomatiya aləmi" jurnalının Xocalı faciəsinə həsr olunmuş ingilis dilində xüsusi buraxılışı, səfirliyin hazırladığı mətbuat məlumatı və Xocalıdan olan məcburi köçkünlərin BMT, Avropa Şurası və ATƏT-ə ünvanlanmış müraciəti ilə də tanış olmuşlar.
Sadalanan materiallardan bir qismi və mətbuat məlumatı Rumıniya parlamentinə, dövlət orqanlarına, qeyri-hökumət təşkilatlarına, dövlət arxivlərinə, kitabxanalara, səfirliklərə və beynəlxalq təşkilatların nümayəndəliklərinə də göndərilmişdir.
Tədbir Rumıniyanın kütləvi informasiya vasitələrində geniş işıqlandırılmış, "Nine OTClock", "Replika", "Hayat", "Zaman", "Anayurt" və "Qurbetçi" qəzetlərində Xocalı faciəsinin dəhşətlərini əks etdirən fotoşəkillər, geniş və əhatəli məqalələr dərc olunmuşdur. Bundan əlavə, mərasim nüfuzlu "Antena-1" və "B-1 TV" televiziya kanallarının xəbərlər proqramlarında əksini tapmışdır.

Özbəkistan

Daşkənddə Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir. Tədbirdə Daşkənddəki Azərbaycan diasporunun üzvləri, qardaş özbək xalqının nümayəndələri, səfirliyin əməkdaşları iştirak etmişlər.
Mərasimdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Prezidenti İlham Əliyevin faciə ilə əlaqədar xalqımıza müraciəti oxunmuşdur.
Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov mərasimdəki çıxışında bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin faciə ilə bağlı xalqa müraciəti bu məsələdə il ərzində bizim fəaliyyət proqramımız olmalıdır. Səfir Xocalıda insanlara və insanlığa qarşı törədilmiş bu cinayəti misli görünməmiş vəhşilik adlandıraraq bildirmişdir ki, o gecə erməni quldurları Xocalını yer üzündən sildilər və bu, planlı şəkildə hazırlanmış bir soyqırımı idi. O, bu soyqırımı və ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən digər terror aktlarının dünya ictimaiyyətinə çatdırılması üçün səylərin artırılmasının vacibliyini qeyd etmişdir.
Sonra Xocalı faciəsi ilə əlaqədar sənədli film nümayiş etdirilmiş, Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı faciəsi ilə əlaqədar müraciətinin mətni iştirakçılara paylanmışdır.
* * *
Fevralın 26-da Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası Xocalı faciəsinin 15-ci ildönümünü qeyd etmişdir.
Assosiasiyanın sədri Akif Ağatalıbov, Beynəlmiləl Mədəniyyət Mərkəzinin sədri Nəsrəddin Məhəmmədiyev və digər çıxış edənlər Xocalı soyqırımını Xatın və Sonqmi faciələri ilə müqayisə etmiş, cinayətkarları lənətləmişlər. Qeyd edilmişdir ki, 1992-ci il fevralın 26-da 613 nəfər Xocalı sakini həlak olmuş, 1275 nəfər əsir götürülmüşdür. Çıxış edənlər əmin olduqlarını bildirmişlər ki, günahsız adamların qanı yerdə qalmayacaq, təcavüzkarlar öz layiqli cəzalarını alacaqlar.
Həmin gün Özbəkistanın Buxara, Səmərqənd, Fərqanə vilayətlərində də Xocalı faciəsi ilə əlaqədar mərasimlər keçirilmiş, ehsan verilmişdir.

Küveyt

Azərbaycanın Küveytdəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar səfirlik bir sıra işlər görmüşdür.
Səfirlik Xocalı soyqırımına həsr olunmuş broşür hazırlamışdır. Faciəni əks etdirən fotoşəkillərin yerləşdirildiyi broşürdə ərəb və ingilis dillərində Xocalı soyqırımı və ümumiyyətlə, Ermənistanın Azərbaycana təcavüzü haqqında məlumatlar, ərazimizin 20 faizinin işğalına dair xəritə verilmişdir.
Nəşrin nümunələri Küveytin dövlət qurumlarına, hökumət üzvlərinə, deputatlara, iş adamlarına, ictimaiyyət nümayəndələrinə və diplomatik korpusa göndərilmişdir.
Heydər Əliyev Fondunun Xocalı soyqırımına dair göndərdiyi materiallar əsasında ətraflı mətbuat məlumatı hazırlanmış, Küveytdəki diplomatik nümayəndəliklərə, beynəlxalq təşkilatlara və kütləvi informasiya vasitələrinə göndərilmişdir.
Səfirlikdə Xocalıda ermənilərin törətdiyi vəhşilikləri əks etdirən fotolardan ibarət stend nümayiş etdirilmişdir.
Fevralın 26-da səfirlikdə Azərbaycan diasporunun nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir daha anılmış, Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin Küveyt ictimaiyyətinə daha fəal şəkildə çatdırılması tövsiyə olunmuşdur.
Küveytin nüfuzlu "Əl-Ray" qəzetində səfirliyin Xocalı faciəsi ilə bağlı geniş bəyanatı nəşr edilmişdir.
Bundan əlavə, fevralın 28-də Azərbaycanın Küveytdəki səfiri Şahin Abdullayevin türk icması ilə Xocalı faciəsinə dair görüşü nəzərdə tutulmuşdur.

İsveç

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, Xocalı faciəsinın 15-ci ildön
ümü ilə əlaqədar İsveçin Göteborq şəhərində İsveç-Azərbaycan Federasiyasının təşkilatçılığı ilə tədbir keçirilmişdir.
İsveçdəki İraq türkmənləri, Türkmənistan, türk icmalarının nümayəndələrinin də iştirak etdikləri təbdirdə Xocalı soyqırımının erm
ənilər tərəfindən insanlığa qarşı törədilmiş ağır cinayət olduğu vurğulanmışdır.
İsveç dilində Xocalı soyqırımı haqqında ətraflı məlumatların əks olunduğu mindən artıq broşür, erməni terrorçularının Xocalıda törətdiyi cinayətlərə dair film İsve
ç vətəndaşlarında faciə ilə bağlı dolğun təsəvvür yaratmışdır. Sonda tədbirin təşkilatçıları İsveç vətəndaşlarının imzası ilə İsveç parlamentinə məktub hazırlayıb təqdim etmişlər.

Danimarka

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti Frederiksborq şəhərində Xocalı soyqırımının 15-ci ildönümünə həsr edilmiş elmi konfrans keçirmişdir.

Danimarkadakı soydaşlarımızla yanaşı, yerli əhalinin, türklərin, norveçlilərin, gürcülərin, litvalıların və ukraynalıların iştirak etdikləri tədbirdə Xocalı soyqırımını, ümumiyyətlə, Azərbaycana qarşı erməni təcavüzünü pisləyən çıxışlarla yanaşı, Heydər Əliyev Fondunun hazırladığı "Xocalı soyqırımı" filmi böyük həyəcan və kədər hissi ilə qarşılanmışdır.
Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunmuş foto və ədəbiyyat guşəsi də konfrans iştirakçılarının böyük marağına səbəb olmuşdur.
Litvalılar Cəmiyyətinin fəxri üzvü xanım Vibekke Dillinq Tortzen Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətinin əhəmiyyətli olduğunu, Danimarka Krallığının dostluq rəmzi sayılan və üzərində Danimarka şahzadəsinin şəkli olan xüsusi xatirə nişanını cəmiyyətin sədri Elxan Hüseynova təqdim etmişdir.

Yeni Zelandiya

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, "Azəri" Yeni Zelandiya-Azərbaycan Dostluq Cəmiyyəti Xocalı soyqırmının 15-ci ildönümü ilə əlaqədar tədbirlər keçirmişdir.
Cəmiyyətin üzvləri fevralın 24-də və 25-də Yeni Zelandiyanın ən böyük ticarət mərkəzi olan "Baotany Dons"da Xocalı faciəsinin dəhşətlərini əks etdirən vərəqələr və broşürlər paylamışlar.
Vərəqələrin və broşürlərin, həmçinin Heydər Əliyev Fondunun Azərbaycan, rus və ingilis dillərində hazırladığı "Qarabağ həqiqətləri" bukletlərinin, onların CD və DVD variantlarının paylanması Oklənd şəhərində də davam etdirilmişdir.
Bundan əlavə, qəzet redaksiyalarına Xocalı faciəsi haqqında məlumat və broşürlər göndərilmişdir. Həmçinin məlumat və materiallar Yeni Zelandiya parlamentinin deputatlarına da təqdim olunmuşdur.

Hollandiya

Hollandiyanın Haaqa şəhərində Türkiyənin İğdır bələdiyyəsinin təşkilatçılığı ilə "Xocalı soyqırımı və yaxın tarixdə türklərə qarşı törədilən qətliam" mövzusunda konfrans keçirilmişdir.

Tədbir başlanmazdan əvvəl azərbaycanlı jurnalistlər üçün qısa brifinq keçirən türkiyəli alimlər "Böyük Ermənistan" xülyası ilə bütün dünyada başağrısı yaradan erməni millətçilərinin törətdiyi terror aktlarından danışmışlar. Vurğulanmışdır ki, Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı soyqırımı barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün beynəlxalq səviyyədə tədbirlərin keçirilməsi lazımdır. Məhz bu yolla dünya ölkələrində dövlət məmurundan fəhləyədək, hamıya Azərbaycanın haqq səsini eşitdirmək olar. Beynəlxalq Məhkəmənin yerləşdiyi Haaqa şəhərində keçirilən bu konfrans da buna xidmət edir.
Konfrans azadlıq və müstəqillik uğrunda həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanmışdır.
Xocalı faciəsi qurbanlarının fəryadını, onların yaşadığı dəhşəti sözlə ifadə etmək mümkün deyildir, - deyən İğdır bələdiyyəsinin sədri Nurəddin
Aras bildirmişdir ki, bu faciənin acı səhifələri dünya ictimaiyyətinə bəlli olmalıdır.
Bələdiyyənin təşkilatçılığı, Azərbaycanın Qarsdakı konsulluğu, eləcə də Hollandiyada fəaliyyət göstərən Azərbaycan və türk təşkilatlarının dəstəyi ilə keçirilən konfransda Milli Məclisin deputatları, Türkiyədən, Naxçıvandan gələn alimlər, tədqiqatçılar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, Xocalı faciəsinin acı anlarından danışmışlar. Tədbir iştirakçılarına ermənilərin tarixən türklərə qarşı törətdiyi qətllər barədə məlumatlar çatdırılmış, faktları təsdiq edən sənədlər nümayiş etdirilmişdir. "Azərbaycanın müstəqilliyini bərpa etməsi və ermənilər", "Ermənilərin xarici siyasəti, Azərbaycanın Qarabağ bölgəsinin işğalı və Xocalı soyqırımı", "Böyük Ermənistan" uydurması, terror, soyqırımı və təcavüzkarlıq ideologiyası", "Erməni vandalizmi, Xocalı soyqırımı", "Xocalı qətliamına Türkiyədən baxış", "Böyük Ermənistan" xülyası və Xocalı qətliamı", "Ermənilərin Cənubi Qafqaza köçürülməsi" və başqa mövzularda məruzələr dinlənilmişdir.
Konfransda "Böyük Ermənistan" və "böyük erməni soyqırımı" adlı uydurmaların dünyada təbliğ olunmasının qarşısını almaq üçün Azərbaycan və Türkiyə alimlərinin bir ideya ətrafında birləşməsinin zərurət olduğundan danışılmışdır. "Gücümüz birlikdədir", - deyən konfrans iştirakçıları dəfələrlə vurğulamışlar ki, Xocalı soyqırımı barədə obyektiv məlumatın yayılması üçün bu cür tədbirlərin məhz Avropada keçirilməsi çox vacibdir.
Heydər Əliyev Fondunun hazırladığı "Xocalı soyqırımı" filminin nümayişi toplantı iştirakçılarına dərin təsir etmişdir. Onlara fondun Xocalı faciəsindən bəhs edən kitablar və məlumatlar təqdim olunmuşdur. Tədbir iştirakçıları filmə və nəşrlərə görə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Konfransda qəbul olunmuş qərar Beynəlxalq Məhkəməyə təqdim ediləcəkdir.
Xatırladaq ki, insan haqlarının carçısı olan Niderlandda bu cür tədbirin keçirilməsinə erməni icması hər vəchlə mane olmaq istəmişdir. Ermənilərin tədbiri qadağan etmək üçün Haaqa hakimiyyət orqanlarına müraciətindən sonra 8 saat davam edən danışıqlarda təşkilatçılar və burada fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin nümayəndələri Haaqa rəsmilərinə tədbirin hüquqi normalara uyğun olduğunu sübut edə bilmişlər.

Misir

Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirilmişdir.

Səfirlikdə erməni silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri əks etdirən fotostend təşkil edilmişdir.
Səfirliyin ərəb və ingilis dillərində hazırladığı xüsusi məlumat Misirin Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq, Sənaye və Ticarət nazirliklərinə, Ərəb Dövlətləri Liqasına, səfirliklərə, BMT-nin və Avropa İttifaqının nümayəndəliklərinə, digər qurumlara, Əş-Şarq Əl-Ausat informasiya agentliyinə göndərilmişdir.
Eyni zamanda, ərəb dilində səsləndirilmiş "Məhv edilmiş şəhər" filminin DVD formatında nüsxələri qeyd edilən qurumlarla yanaşı, televiziya kanallarında yayımlanması məqsədilə Qətərin "Əlcəzirə" kanalının Misirdəki bölməsinə, ölkənin digər televiziya kanallarına göndərilmişdir.

 

Azərbaycan.-2007.-28 fevral.-S.5.