Səttarova
M.
Cazibəyə düşmüş adam
"Düz əlli ildir, bu sehrdən yaxa qurtara bilmirəm
Uşaq
yaşlarından ustad xanəndə Əlibaba Məmmədovun
səsinin sehrinə düşüb. Sənətinə, səsinə vurğun olduğu bu insana sevgi,
məhəbbət onu
sənət dünyasına
çəkib gətirib.
Və özü də bilmədən onu təqlid etməyə başlayıb.
Bu yamsılamağı
ona baha başa gəlib. "Bu məni yamsılayır,
bəs mən kimi təqlid edim" deyən Əlibaba Məmmədovdan-Əmisindən "ustad şapalağı" yeyib.
Bədii özfəaliyyət
ansambllarının müsabiqəsində
isə ilk yerdən məhrum olub.
Münsiflər heyətinin
sədri, mərhum sənətkar Şövkət
Ələkbərova "istedadlı
oğlansan, yamsılamağın
olmasaydı, birinci mükafatı sənə
verərdim" deyə
təəssüfləndiyini gizlədə bilməyib. Ancaq bütün bunlar xanəndənin təqlid mərəzinə
son verməyib. Təqliddə pis bir şey görmədiyini
etiraf edən xanəndə "Əminin
səsinə oxşar
avaz verdiyi üçün Allahımdan
çox razıyam. Bununla mən az-çox tanınmışam,
özümə güzəran
qurmuşam" deyir… Həmsöhbətimiz 8 yaşında
düşdüyü səsin
sehrindən hələ
də qurtula bilməyən xanəndə
Nadir Ağayevdir.
* * *
Ötən əsrin əllinci illərində Bakının Dağlı
məhəlləsində dünyaya
gəlib. Ömrünün
6-cı onilliyini xırdalayan xanəndə
bir neçə il əvvəl sənət yolunun 25-ci ilini qeyd edib.
Musiqinin, Əlibaba Məmmədovun səsinin
sehrinə düşməsindənsə
onu təxminən 50 illik zaman kəsiyi
ayırır.
…Onda 8 yaşı olardı. Qonşuluqda toy vardı. Həvəslə oxuyan müğənninin səsi
onu necə ovsunlayırsa, evdəkilərə
bir söz demədən toy olan həyətə getdi. Bir qıraqda
səssiz-səmirsiz dayanaraq əlində qaval çalıb-oxuyan gənc xanəndəni dinləməyə
başladı...
Əlibaba Məmmədovun
elə həmin gün körpə Nadirin qəlbində alovlandırdığı sənət
ocağı artıq
50 ildir ki, şölə saçır.
Evə gələndə
bu özbaşınalığına
görə cəzalandırılsa
da, hələ qulaqlarından çəkilməyən
səsin sədasının
müqabilində qulaqburması
ona oxşama təsirini göstərir.
Qulaqburması ilə nəticələnən ilk
dinləmə müsahibimin
Əlibaba Məmmədovun
apardığı toyların
daimi iştirakçısına
çevrilməsinə səbəb
olur. Bir dəfə belə toylardan birinin Yasamalda olacağı xəbərini alır. Avtobusa minib əldə etdiyi ünvana gedir. Dayanacaqda avtobusdan düşdüyü an yaşlı bir qarı onu pəncərəsini
sındıran dələduz
zənn edərək qolundan tutub hay-küy salmağa başlayır. Sərnişinlərin
yardımı sayəsində
birtəhər canını
qurtarır. Ancaq uğursuzluq ondan əl çəkmir, gecikməsin deyə, toya kəsə yolla getmək istədiyindən özünü
qamışlığa salır,
suya düşür. Ayaqqabısının tayını
bataqlıqdan güclə
tapır. Paltarlarının
suyunu sıxıb soyuqdan büzüşə-büzüşə özünü
mağara çatdırır.
Əlibaba Məmmədov
daimi dinləyicisini görən kimi əlinin hərəkətiylə
onu içəri dəvət edir. Ancaq yaş paltarda donduğundan evə qayıdıb üst-başını dəyişməkdən başqa
çarəsi qalmır.
Pərəstiş etdiyi
sənətçiyə səsi
ilə yanaşı, xarici görkəmdə, geyim-kecimdə də bənzəmək istəyir. Bu arzu sonralar da
onu tərk etmir: "Uşaqlıqda olduğu kimi, yeniyetməlik, gənclik illərində də Əlibaba Məmmədov fenomeni düşüncəmə
hakim kəsilmişdi.
Nəinki onun kimi oxumaq, hətta
onun kimi geyinmək arzusunda idim. O dönəmlərdə
muğam üçlüyünun
ifaçıları qara
rəngli bahalı parçadan kostyum geyinər, ağ köynəyin üstündən
qara qalstuk taxardılar. Ayaqlarında
da sivriburunlu çəkmə olardı.
Bakıda həmin parçadan tapa bilmədiyimdən bir gün Sumqayıta getdim. Pulum olmadığından
parça üçün
bibimdən yalvar-yaxar
50 manat borc aldım. Kostyumu əynimə geyəndə
dünyada məndən
xoşbəxt insan yox idi, içimdə
bir yüngüllük
hiss edirdim".
Əlibaba Məmmədovun
filarmoniyada keçirilən
konsertlərini buraxmamağa
çalışırdı. Bir dəfə içəri keçmək
üçün hasara
dırmaşanda milis onu yaxalayır. Ondan sonra hasarın yaxınlığındakı hündür
ağaclara çıxaraq
sevdiyi xanəndənin
ifasını dinləyirmiş.
Havaların soyumasıyla
onun da ağac
başından dinləmələrinə
son verilirmiş. Yağışlı-şaxtalı
havada filarmoniyanın Qış zalında verilən konsertləri ağacdan dinləmək mümkün olmadığından
konsertə bilet tapmayanda gücünü göz yaşlarına verirmiş. Çox zamansa xanəndə özü onun dadına çatır, nəzarətçiyə "bunu
içəri burax, azarkeşlərimdəndir" deyərək,
içəri keçməsinə
yardım edərdi".
Ancaq hər dəfə Əminin bu səxavətindən yararlanmağa üzü gəlmirdi. Həftə ərzində verilən yemək xərcliyini yığaraq özünə
biletpulu düzəldirdi.
1969-cu ilin payızında
filarmoniyada muğam ifaçılarının növbəti
konserti təşkil olunur. Əlibaba Məmmədov da ifaçılar arasında
idi. Həftənin əvvəli olduğundan pulu yox idi
və konsertə gedə bilməyəcəyini
özünə dərd
etmişdi. Bir sinifdə oxuduqları və eyni məhəllədə
yaşadıqları Arif,
Nizami qardaşları
dadına çatırlar.
Məhəllədə yiyəsiz
gördükləri toyuğu
tutub satmaq qərarına gəlirlər.
Əldə olunan puldan Nadirin biletpulunu verdikdən sonra aralarında bölüşdürüləcəkdi. Ancaq niyyətləri baş tutmur. Bazarın bağlanmasına
az qaldığından
toyuğu istədikləri
qiymətə sata bilmirlər. Sonda qiyməti yavaş-yavaş
aşağı salaraq
dəyər-dəyməzinə,
1 manat 50 qəpiyə
satmaq məcburiyyətində
qalırlar: "Dostlarım
pulun hamısını
mənə verib konsertdə iştirakımı
təmin etdilər. Əminin iştirakıyla
keçən bütün
konsertlərin olduğu
kimi, bu konsertin də biletini xoş xatirə kimi saxlamışam".
Sənətdə olduğu 25 il
ərzində Əlibaba
Məmmədovun bəstələyib
oxuduğu mahnı və təsnifləri həmsöhbətim də
ifa edib. Özünün etirafına
görə, bu yolla həm Əmini şöhrətləndirməyə
çalışıb, həm
də ailəsini dolandırmağa: "Əmini
təqlid etməyimin əsas səbəbi onun çoxcəhətli sənəti,
bir də tembr cəhətdən səs yaxınlığımız
olub. Mən səhnə mədəniyyətini,
səliqə-səhmanı,
davranış estetikasını
ondan əxz etmişəm. Hər cəhətdən ona oxşamağa çalışmışam.
Sənət müəllimlərim
başqaları olsa da, muğam dünyasında idealım
Əlibaba Məmmədov
olub. Bu illər ərzində daim onu izləmiş,
təkrarlamağa çalışmışam.
Uzun illərin təqlidindən sonra sənətdə öz yolumu tapsam da,
onun səsinin sehrindən qurtula bilmədiyimdən ifa tərzimin mayasını yenə də Əminin sənəti təşkil etməkdədir.
Əmi bəstəkar,
xanəndə, pedaqoq kimi əvəzsizdir. Bununla belə, mənim ona bənzəmək ehtirasıma,
bəslədiyim övlad
məhəbbətinə kimsə
sərhəd çəkə
bilməz".
Xəzər.-2007.-17 fevral.-S.16.