Məhərrəmova T.

 

Bir gündə məşhurluq qazanan müğənni

 

Baloğlan Əşrəfov, müğənni: "Fəxri ad almamağımın

səbəbini özüm də başa düşə bilmirəm".

 

Populyarlığı ekrana çıxar-çıxmaz qazandı. Səsinin duzundaydımı, şirinliyindəydimi sehri - bunu ayırd eləmək indi onun özü üçün də çətindir. Ancaq onu bilir ki, səsinə, ifasına, dəst-xəttinə həmişə məhəbbətlə yanaşılıb. Bu məhəbbətin sirri bəlkə də onda idi ki, Baloğlan Əşrəfəov çoxdan unudulan xalq mahnılarına, el nəğmələrinə yeni bir həyat, təzə bir rəng verib oxudu. Bu ifaya səsinin həzinliyi qarışdıqca ürəklərə daha tez yol tapdı. Çoxları "toylar kralı" titulu qazananda, o, sadə el məhəbbəti qazandı. Ən əsası, bu məhəbbət illərdən bəridir ki, onu müşayiət edir.

 

Qəribə adam

 

- Deyirlər ki, bir saatlıq səmimi söhbət bəzən insanları min ilin dostluğundan, qohumluğundan daha çox yaxınlaşdırır.

- Ümumiyyətlə, məni tanıyanlar bilirlər ki, səmimi insanam. Ancaq mənə yaxından bələd olmayanlar müəmmalı insan olduğumu fikirləşirlər. Əslində həddən artıq sərbəst adamam və məni başa düşən adamlarla çox səmimiyəm. Səmimi danışmağımın mahiyyəti də odur ki, o mənəm. Ola bilər ki, bu söhbətimiz boyunca ayrı-ayrı dona girə də bilərəm, sonra məni həyatda görəndə deyərsiniz ki, onun əməlləri ilə sözləri üst-üstə düşmür. Ancaq bacardığım qədər başqalaşmıram, eyni adamam. Ona görə də çox vaxt mənə deyirlər ki, qəribə adamsan.

- Sizcə, insanlar niyə başqalaşır?

- Ot kökü üstə bitər. Kimlər ki, sonradan qəflətən nəyəsə nail olurlar, o adamlar başqalaşmağı tez bacarırlar. Çünki onlar əvvəlki həyat və yaşayış tərzlərində görmədiklərini birdən-birə görürlər. Əllərinə nəsə göydən düşəndən sonra çaşırlar. Bu çaşqınlıq onların xarakterlərinə də sirayət edir. Amma başqalaşmağı bacarmayan adam əvvəldən nəyisə görür, nəyəsə nail olur və o, başqa cür yaşaya bilmir.

Kiminsə lotoreyasına pul düşər, o pula sahib olandan sonra çaşa bilər. Kiminsə əlinə haram pul düşə bilər. Heç nədən, əziyyətsiz bir şey əldə edib və onu idarə etməyi də bacarmaz. Ona görə də belə adamlar başqalaşır.

- Sizin əlinizə göydən düşən bir şey olubmu?

- Mən hər şeyə əziyyətlə nail olan bir adamam. Çünki gözümü açandan evdə valideynlərimi zəhmət çəkən görmüşəm. Atam müəllim olub. Ailəmizdə tərbiyənin təməli də ayrı qoyulub. Atam, babam heç kəsin malına göz dikən olmayıb. Atam qonşu kənddə məktəb direktoru işləyirdi. Populyar vaxtlarımda artıq ailə sahibi idim, uşaqlarım var idi. Toya gedəndə payıma nə qədər pul düşürdüsə, gəlib onu atama deyirdim. O pulu məndən istəmirdi, sadəcə, aldığım tərbiyəyə görə bunu atama deməliydim. Valideynlərimizə heç vaxt yalan danışa bilməmişik. Xeyirxahlığı, insanlara yaxşı münasibəti ailəmizdə öyrənmişəm.

 

Dəvət olunan yerə gedirəm

 

- İndicə bir söz dediniz: populyar olduğum vaxtlarda... Məgər indi populyar deyilsiniz?

- Bu populyarlığın söhbəti ayrıdır. Konsertlərdə dəfələrlə qəribə müşahidələrim olub. Sonra onlar zərb məsəllərinə çevrilib. Məsələn, bir neçə il bundan əvvəl "Şuşa" kinoteatrında "Xoş gəlmişsiniz!" verilişində mənə sual verdilər: "Niyə az reklam olunursunuz?" Dedim ki, tərkibi keyfiyyətcə aşağı olan yağlar çox reklam olunur, kərə yağının isə reklama ehtiyacı yoxdur. Ancaq sonradan başa düşdüm ki, kərə yağının özünün də reklama ehtiyacı olurmuş.

Bu gün bəlkə də xarici ölkələrdə daha çox tanınıram. Rusiyaya konsertə gedəndə elə bir ev, elə bir maşın görmürəm ki, orada mənim kasetlərimi oxutmasınlar. Soruşanda ki, niyə populyar estrada müğənnilərini oxutdurmursunuz, cavab verirlər ki, Rusiyanın hansı tərəfinə baxırsan, o cür oxuyanlardır. Bizə milli koloritli oxuyanlar lazımdır. Hər kəs populyarlığı bir cür başa düşür. Kimsə televizorda çıxıb görünəndə populyar olur. Bu yaxınlarda Mahsun Kırmızıgül Bakıda verdiyi konsertində dekorasiyasız bir zalda oxuyurdu. Çünki o oxumağa gəlmişdi. Bizimkilər üçünsə oxumaqdan çox səhnə tərtibatı, dekorasiyalar və s. olmalıdır. Mən artıq 36 ildir səhnədəyəm. Həmişə dəst-xəttimə sadiq qalaraq oxumuşam.

- İndi müğənnilər daha çox reklam xatirinə "Biz xeyriyyə konsertlərinə gedirik və ya filan xeyriyyəçiliyi etdik" -deyə çıxış edirlər. Sizcə bu reklam sonradan nəyə yarayır?

- Bizim ən pis cəhətimiz odur ki, gördüyümüz işləri kimlərinsə nəzərinə çatdırmaq istəyirik. Bu, günahdır. Quranda da yazılıb ki, "Bir əlin verdiyini o biri əl bilməməlidir". Bir dəfə məni Mədəniyyət Nazirliyinə çağırıb: "Eşitmişik ki, sən çox təmənnasız işlər görürsən, amma heç birini qeydiyyata aldırmırsan. Heç olmasa, əlimizdə bir fakt olsun ki, sabah sənə bir şey təqdim edəndə deyək ki, onun filan işləri var" - deyə bildirdilər.

Mənim ansamblım var. Dəfələrlə onlarla birlikdə islah-əmək kaloniyalarında, cəbhə bölgələrində, uşaq və körpələr evində, qocalar evində olmuşam. Belə şeylər çox olub, ancaq heç zaman etdiklərimi reklam eləməmişəm. Eşitdiyimə görə, oralara gedənlərin bəziləri təmənna umurlar. Xeyirxahlıq bütün insanlara xas olan cəhətdir. Ancaq onu iyrənc formada təqdim etmək lazım deyil. Bəziləri gedir, arxasınca da kamera, yurnalist aparır, çəkib televiziyada da göstərir. Mən elə şeyləri sevmirəm. Getdiyim yerlərdə təəccüblənirlər ki, gəlir, konsert verir, sonra bunun sorağı da çıxmır. Bəlkə ən çatışmayan cəhətim bu olub ki, mən onların heç birini qeydiyyata aldırmamışam.

- Yeri gəlmişkən, son zamanlar ekranlara az çıxırsınız. Bu qərarı özünüz vermisiniz, yoxsa başqa səbəb var?

- Yox, bu qərarı özüm vermirəm. Yalan danışa bilmərəm. Xasiyyətim elədir ki, çağırılmayan yeri dar eləməyi xoşlamıram. Təbiətimdə bir az ayrı cür cəhətlər var. Sovet dövründə rayonda yaşayırdım. Bakıya - televiziyaya gələndə, əgər mənə "Sabah, ya da birisi gün gəl" deyirdilərsə, gedib bir də 6 aydan sonra gələrdim. İkinci dəfə o qapını açmağa utanardım. İndi də beləyəm. Bununla belə mən sakit qarşılanan müğənni olmamışam. Ancaq televiziyaların musiqi redaksiyalarında oturan redaktorlar əgər məni dəvət eləmirlərsə, onların ayağına getmirəm. Öz səviyyəmi saxlayıram. Orda oturanların çoxu cavan uşaqlardır. Mən gedib onların "təzədən və ya iki gündən sonra gəl" demələrinə dözə bilmərəm. Onlar da bundan istifadə edib məni çağırmırlar. Azərbaycan xalqı məni çox istəsə də, televiziya ekranlarına az dəvət olunmağım mənim günahım deyil. Dəvət olunan yerə gedirəm. "Xoş gəlmişsiniz" verilişinin 5 dəfə iştirakçısı olmuşam. Amma indi adı, titulu olan müğənnilərə fikir verirlər. Əbülfəz Qarayevin bu yaxınlarda televiziyada "Biz fəxri ad alanla ad almayan müğənnilərə heç vaxt ögey-doğma münasibət göstərmirik" - sözlərindən sonra ona hörmətim çox artdı.

- Mədəniyyət nazirinin sözləri bəlkə sənətdə zəhməti çox olub, fəxri ad almayan müğənnilərə təsəllidir. Siz gerçəkdən özünüzü bu təsəlli ilə ovuda bilirsiniz?

- Mən Azərbaycan dövlətçiliyinə sadiq olan bir adamam. Mən MDB ölkələrində bəziləri kimi sadəcə toylara gedən müğənni olmamışam. Birbaşa konsertlərə getmişəm. Məni orda təntənə ilə qarşılayıblar. Orda böyük təbliğatlar aparmışam. Məni xalq qəbul edir. Ən dəhşətlisi odur ki, fəxri ad almayanda "guya ki, dövlətə qarşı düzgün mövqedə deyil" - deyə iftiralar da qoşurlar. Bu ölkədə yaşayıb, təhsil alıb və hər hansı bir şeyə nail olmuşamsa, bunun üçün hökumətimizə, dövlətimizə minnətdar olmalıyam. Heç vaxt unuda bilmərəm ki, Heydər Əliyevin hakimiyyətdə olduğu illər xanəndəliyim üçün həmişə yaşıl işıq olub. Mən 82-ci ildən prezidentin qarşısında oxuyan, dövlət tədbirlərində adı konsertlərin proqramına salınan müğənniyəm. Ancaq fəxri ad almamağımın səbəbini özüm də başa düşə bilmirəm. Elə bir müğənni olmuşam ki, heç kəsin qarşısında əyilməmişəm. Məni gözü götürməyənlər var. İndi fəxri adı versələr də sağ olsunlar, verməsələr də. Əsas odur ki, məni hər yerdə Baloğlan kimi tanıyır, hörmət edirlər. Bu mənə Allah tərəfindən verilən paydır. Təki bir müğənni kimi həmişə xalqın nəzər-diqqətində olum! Sadəcə, dövlətin öz musiqiçisinə verdiyi qiymət rəsmi şəkildə təsdiq olunanda, bu, insanda "Mənim zəhmətim qiymətləndirildi" - deyə mənəvi ruh yaradır. Bir-iki nəfərin fitvasına gedirəmsə, Allah onlara insaf versin!

 

Toy böyük məktəbdir

 

- Bilmirəm razılaşarsınız, yoxsa yox, indiki toylar daha çox şouya çevrilib. Təcrübəli bir müğənni kimi 10-15 il bundan əvvəlki toylarla bugünkü el şənliklərini necə fərqləndirərsiz?

- Toylarla bağlı təcrübəm çoxdur. Hər bir müğənninin öz dəst-xətti var. Yeganə müğənniyəm ki, 15-16 ildir ansambl saxlayıram. Mən bu dəst-xəttə sadiq qalmalıyam. Məni toya dəvət eləyən ev sahibi başa düşür ki, masabəyinin xeyir-duasından sonra Baloğlan evlənənlərə xeyir-dua verir. Müsəlman aləmində bəylə-gəlinə nə arzulayırlarsa, mən onu musiqi, muğam dili ilə söyləyirəm. Sonra da öz proqramımla çıxış edirəm. Oxuduğum mahnıların da 90 faizi Baloğlandan gələn mahnılardır. Bəzi mahnılar var ki, onları bütün müğənnilər oxuyur. Mən istəsəm, həmin mahnıları onlardan da yaxşı oxuyaram. Elə lazım olanda həmin mahnıları da oxuyuruq. Ancaq Baloğlanın repertuarında olan mahnılara keçmək o biri ifaçılar üçün çətindir. Bu, Allah tərəfindən ancaq mənə verilən, yalnız mənim səsim üçün nəzərdə tutulan bir formadır. 36 ildir ki, toylarda püxtələşmişəm. Artıq sözlərimizdə də, musiqilərimizdə də müəyyən dəyişikliklər baş verir. Ancaq şou-proqramdan ibarət olan toylar canlı çalıb-oxumaq üçün deyil. Həmin toylarda bəzi müğənnilər gəlib yarım saatlıq fanoqramla çıxış edib gedirlər. Onların çoxu toylarda yaxşı pul da qazanırlar. Ancaq onlara deyəndə, gəl toyu axıra qədər apar, deyir ki, bunu bacarmaram. Toy böyük məktəbdir, konservatoriyadır. Bütün klassik oxuyanlarımız toylarda püxtələşiblər. Toy müğənnisi olmaq o deməkdir ki, sən artıq hər şeyi bilirsən.

- Bəs səhnədə oxumaqla toyda oxumağın hansı fərqi var?

- Çox böyük fərqi var. Toya dəvət olunan müğənnilər toy sahibinin zövqü ilə seçilir. Ola bilər ki, sən heç Baloğlanı sevmirsən və bəyəndiyin müğənni tamam başqadır. Ancaq toy sahibinə görə, bu toya gəlmişəmsə, elə eləməliyəm ki, mənə də qulaq asasan. Toyda istədiyin çərçivədən bir az çıxmaq olur. Gərək səsinə yatan, yatmayan mahnıları da oxuyasan. Kiminsə ürəyindən keçən bir mahnını onun ifaçısından yaxşı oxuya bilmərəm, sifarişi öz mahnılarımdan qəbul edə bilərəm. Məsələn, "Üzüyümün qaşı firuzədəndir" mahnısını heç vaxt Rəşid Behbudov kimi oxuya bilmərik, ancaq oxuyuruq ki, onu sifariş verən adam razı qalsın. Bir vaxtlar Qədir Rüstəmovun ifasında "Sona bülbüllər" mahnısı Azərbaycana səs salmışdı. Toya gələn qonaq bilmir ki, oxuyan müğənninin səs tembri bu mahnını oxumağa uyğun gəlir, yoxsa yox. Ancaq gəlib sifariş verir ki, "Sona bülbüllər"i istəyirəm. Onu başa salırdım ki, bu, məndə alınmır, ancaq oxuyub birtəhər yola verirdim. Toyda bəzən sözlərini bilmədiyin bir mahnıya da söz qoşub oxumaq olur. Amma konsertdə bu, mümkün deyil. Konsertin məsuliyyəti ağırdır. Konsert zamanı başa düşürsən ki, zalda oturanların çoxu sənin pərəstişkarlarındır. Artıq orda heç bir çərçivədən çıxmaq olmur. Səsinə yatmayan mahnıları oxuya bilmirsən. Orda sifariş qəbul edə bilmirsən, çünki tərtib olunmuş proqramla çıxış edirsən. Ona görə də mən konsertə mötəbər bir şey kimi baxıram. Ancaq çalışıram ki, həm toyda, həm də konsertdə öz şəxsiyyətimi qoruyum.

- Toylar üçün də qabaqcadan repertuar müəyyənləşdirirsiniz?

- Yox... Amma əgər birdən gəlib desələr ki, 10 gün gecə-gündüz oxumalısan və bir mahnı ikinci dəfə oxunmamalıdır, onun öhdəsindən gələrəm. Toyun əvvəlindən-axırına qədər bir mahnını ikinci dəfə oxumuram. Çalışıram ki, oxuduğum bütün mahnılar bir-birindən seçilsin. Hələ cavan vaxtlarımdan məclisdə camaatın yaş həddini nəzərə alıb oxuyurdum. Amma indi müğənnilər elə oxuyurlar ki, toy sahibi 2-3 ildən sonra həmin məclisin kasetinə baxanda xəcalət çəkir.

 

Bir gündə yaranan məşhurluq

 

- Necə bilirsiniz, əgər kənddə yenə də ədəbiyyat müəllimi işləsəydiniz, bu qədər populyarlıq qazanardınızmı?

- Allahın verdiyi qisməti heç kim onun əlindən ala bilməz. 5-6 il müəllim işləmişəm. Müəllim işləyə-işləyə həm də rayon mədəniyyət evinin tədbirlərində iştirak edirdim. O vaxt heç fikirləşməzdik ki, toy müğənnisi ola, toylarda oxuya bilərəm. Yeganə marağım o idi ki, mədəniyyət evindəki ansamblda məşq etməyə, mahnı oxumağa gedim, konsertlərdə görünüm. Mən bir günün içində - rayon konsertində oxuyandan sonra tanınmışam. Yadımdadır ki, həmin gün məni alqışlamaq üçün bütün zal ayağa qalxdı. Məni ikinci dəfə səhnəyə qaytardılar. Yalnız bir mahnını məşq elədiyim üçün yenidən həmin mahnını oxudum. Eyni mahnını iki dəfə oxumaq həyatımda yalnız bir dəfə olub. Onda da başa düşmüşəm ki, müğənni gərək bir dəfə oxuduğu mahnıya ikinci dəfə qayıtmasın.

- Belə deyək, gecə yatıb səhər yuxudan məşhur oyanandan sonra müəllimliyin daşını atmaq qərarına gəldiniiz?

- Bu məşhurluq yalnız məhdud bir çərçivədə - rayon ərazisində idi. O vaxtlar rayonda çoxlu kütləvi tədbirlər, məhsul bayramları keçirilirdi. Mən artıq həmin tədbirlərdə iştirak etmək üçün siyahıya daxil edilmişdim. Rayon partiya komitəsinin birinci katibinin iştirak elədiyi bütün tədbirlərdə mən də ansamblla iştirak edirdim. Tanınmağım belə başlandı. 1971-ci ildə Azərbaycanda ilk dəfə rayonda yaşayan müğənninin adına ilk şəkilli afişa da mənim üçün çıxıb. O vaxt rayonlarda, kəndlərdə verdiyim konsertlər pullu deyildi. Xalq bu konsertlərə çox böyük maraq göstərirdi.

Bir dəfə qohum toyunda dost- tanışlarım mənə zorla bir mahnı oxutdurdular. Həmin toyda iştirak edən ansamblın ifaçılarından biri səhəri gün evimizə gəlib dedi ki, bizimlə toya gedək. Əvvəlcə razılaşmadım. Ancaq birinci toydan sonra inanın ki, gün ərzində 30-40 toy sifarişi alırdım. Get-gedə qonşu rayonların da toylarına getməyə başladım. Toylardan gec gəldiyim üçün səhər dərsə vaxtında gedə bilmirdim. Bir müddət dost müəllimlər məni əvəz edib dərs saatımı yola verirdilər. Ancaq alınmadığı üçün məni texniki işçi vəzifəsinə keçirdilər. Sonra kənddəki mədəniyyət evinin, daha sonra rayon mədəniyyət evinin bədii rəhbəri təyin edildim. Orada konsertlər hazırlayırdım. Beləcə, yavaş-yavaş müəllimlikdən uzaqlaşdım.

 

Günah xofu

 

- Təxminən 4 il bundan əvvəl sizdən müsahibə götürərkən uşaq vaxtı qara böcəkdən qorxduğunuzu demişdiniz. Bu qorxu, heç şübhəsiz, uşaqlıq illəri ilə bağlı idi. Bəs indi nədən qorxursunuz? Qocalmaqdan, xəstəlikdən, laqeydlikdən?

- İndi Allahın yanında günahkar olmağımızdan qorxa bilərik. Bütün insanlarda bu hiss var. Həyatda hər şey olur, Allahın yaratdığı pis günlə barışmaq və bu qorxu hissini həmişə ürəkdə saxlamaq lazımdır.

- Sonuncu sualım: toylarda adətən bəylə-gəlinə xoşbəxtlik arzulayırsınız. Onların xoşbəxt olub-olmaması taleyin işidir. Sizcə insanlara xoşbəxt olmaq üçün nə lazımdır?

- İnsanlara xoşbəxtlik üçün cansağlığı lazımdır. Mən bunu boğazdan yuxarı deyilən bir söz kimi işlətmirəm. Sağlamlığı itirəndən sonra insan bunu dərk edir. Başa düşür ki, ona hər şeydən əvvəl cansağlığı lazımdır. Pul qazanmağın çoxlu yolları var. Bəzisi namərdliklə, bəzisi oğurluqa, bəzisi başqa yollarla pul tapır. Ancaq can sağlığını qazanmaq olmur.

 

Kaspi.-2007.-3-5 fevral.-S.22-23.