Əliyev Ə.

 

Brüsseldə Xocalı faciəsinə həsr olunmuş sərgi

 

Ölkəmizin Belçika Krallığındakı səfirliyi Azərbaycan tarixinin qara səhifələrindən biri olan Xocalı faciəsinin 15-ci ildönümü ilə əlaqədar Brüsseldə, Avropa İttifaqının iqamətgahında sərgi təşkil etmişdir.
Sərgini açmış səfir Emin Eyyubov ermənilərin tarixən azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasətinə toxunmuş, qondarmaböyük Ermənistanyaratmaq xülyası ilə Azərbaycan ərazilərinin 20 faizini işğal etdiyini, bir milyon azərbaycanlının zor gücünə ata-baba yurdundan çıxarıldığını və qaçqın-köçkün vəziyyətinə düşdüyünü xatırlatmış, Xocalıda törətdikləri qanlı qırğından danışmışdır.
Səfir YUNESKO-nun İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəaliyyətindən danışaraq, bir neçə dildə müxtəlif adda nəsrlər çap etdirdiyini, digər materiallar hazırladığını, indiki sərginin fondun təşəbbüsü ilə təşkil olunduğunu diqqətə çəkmişdir.
Azərbaycanın NATO yanındakı nümayəndəliyinin rəhbəri Kamil Xasıyev, Belçikada səfərdə olan Milli Məclisin deputatı Asif Hacıyev Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin mahiyyətindən söhbət açmış, erməni millətçilərinin məkrli siyasətinin təkcə Azərbaycan xalqına deyil, bütün türk dünyasına qarşı yönəldiyini, Xocalı faciəsinə beynəlxalq təşkilatların siyasi qiymət verməsinin vaxtının çatdığını vurğulamış, Heydər Əliyev Fondunun Xocalı soyqırımı barədə əsl həqiqətlərin yayılması sahəsində fəaliyyətini yüksək qiymətləndirmişlər.
Sərgiyə gələnlər Xocalı faciəsini əks etdirən materiallarla yaxından tanış olmuş, Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanmış Xocalı soyqırımından bəhs edən sənədli filmə tamaşa etmişlər.
Sərginin açılışında Benilüks ölkələrində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Avropa Parlamentinin deputatları, Belçikada, Hollandiyada Lüksemburqda yaşayan soydaşlarımız, türk diasporunun təmsilçiləri, azərbaycanlı tələbələr iştirak etmişlər.

Xalq qəzeti.-2007.-28 fevral.-S.1.