Akif  İslamzadə tələbə yetişdirmək istəyir

 

Səs tellərində müəyyən problemlər olmasına baxmayaraq, sənətkar buna nail olacaq

 

"Bu gün dırnaqarası elə musiqilər, elə kompozisiyalar eşidirik ki, insanın gülməyi gəlir. Sənətkarların sənətdən uzaqlaşması da məhz bununla bağlıdır. Yaxşı sənətkarların sənətdən getməsi dırnaqarası sənətçilərə rəvac verir ki, bu boşluğu doldursun. Bu da bizim millətin, cəmiyyətin zərərinədir". Bu sözlərin müəllifi olan Xalq artisti Akif İslamzadənin fikrincə, Habil Əliyevin kamançanı birdə əlinə almayacağı barədə dedikləri həqiqətə uyğun ola bilməz: "Hər bir sənətkarın usanan dövrü olur. Ancaq bu, çox qısa sürür. Bilirəm ki, əsl sənətkarlar sənətdən uzaq yaşaya bilməzlər. Amma Habil müəllim onun kimilərinin belə bir qərar çıxarması mədəniyyətimizin axsaması deməkdir. Onlar öz məktəblərini qurmalı, davamçılar yetişdirməlidirlər".

A.İslamzadə bildirdi ki, bu gün sənətkarlar yalnız şou-biznesdə baş verənləri tənqid etməklə məşğuldurlar, ancaq bu, bir o qədər yaxşı göstərici deyil. "Biz həm yaxşı olanlar barədə danışmalıyıq. İstedadlı gəncləri sənətə ruhlandırmalıyıq ki, onların bəhrəsini görə bilək. Əgər onları da itirib, yalnız pislər barədə danışsaq, incəsənətin taleyini uçuruma aparmış olacağıq. Mənə elə gəlir ki, problemin bir qolunun yeni intellektual televerilişlər açıb, gəncləri ora cəlb etməklə həllinə nail olmaq mümkündür. Bir neçə il öncə bütün televiziyalarda maraqlı verilişlər meydana çıxmışdı. Ora cəlb olunan gənclər sağlam rəqabət aparır, ciddi mövzular barəsində danışırdılar. Amma bu gün həmin verilişlərin əvəzinə çoxlu şou-proqramlar meydana çıxıb. Əgər bu ənənəni yenidən bərpa etsələr, uğurlu nəticələr əldə etmək olar" - deyən A.İslamzadə hesab edir ki, bu işdə öncə telekanal rəhbərlikləri maraq göstərməlidirlər. O hesab edir ki, bu cür mübarizə üsulları şou-biznesin inkişafına gətirib çıxara bilər: "Əfsuslar olsun ki, uzaq ölkələrdə maraqla izlənilən şou-biznesin bizə qalıqları gəlib çıxıb. Əslində, şou-biznes vurub-yıxmaq, saçyoldusuna çıxmaqla tamamlanmır. Bunun arxasında maraqlı layihələr, yaxşı mənada rəqabətlər durur. İntellekti artırmaq üçün yuxarıda qeyd etdiyim üsullardan istifadə etmək lazımdır. Eyni zamanda, həmin müğənniləri ora dəvət edib, onları ağıllı mövzular barədə düşünməyə sövq etməliyik. Bundan sonra onlar cəmiyyətdə ağıllı düşünüb, o cür hərəkət edəcəklər".

Sonda Akif müəllim qeyd etdi ki, yaxın zamanlar üçün o, şəxsi master-klasslarını təşkil etmək niyyətindədir. Onun sözlərinə görə, bu gün Azərbaycanda istedadlı gəncləri üzə çıxarmaq üçün bu da bir vasitədir. Müğənni artıq bu layihənin həyata keçirilməsi üçün müəyyən addımlar atdığını da söylədi. O bildirdi ki, səs tellərində müəyyən problemlər olmasına baxmayaraq, müxtəlif üsullarla buna nail olacaq.

 

Kaspi.-2007.-14 fevral.-S.17.