Azərbaycan teatr sənətinin inkişaf
etdirilməsi haqqında
XIX əsrin ikinci
yarısından etibarən cərəyan edən ictimai-siyasi
hadisələr fonunda və maarifçilik
hərəkatının güclü təsiri
nəticəsində böyük mütəfəkkir Mirzə
Fətəli Axundovun ədəbiyyatımıza yeni dram
janrını gətirməsi ilə Azərbaycan teatrı
müsəlman Şərqində ilk dünyəvi
peşəkar teatr sənətinin ocağına
çevrilmişdir. Qədim tarixə malik xalq
tamaşaları zəminində təşəkkül tapan bu
teatrın repertuarı yarandığı gündən
bəri görkəmli Azərbaycan ziyalılarının dövrün
mühüm hadisələrinin real bədii təsvirini
verən qabaqcıl, demokratik ideyalı və ictimai məzmunlu
əsərləri ilə zəngin olmuşdur.
Avropa təhsili
görmüş azərbaycanlı gənclərin dünya
klassiklərinin əsərlərini tərcümə
edərək tamaşaya qoymaları Azərbaycanda teatr
həvəskarlarını dünya ədəbiyyatı
nümunələri ilə tanış etməklə bərabər,
milli dəyərlərə söykənən yeni tipli
teatrın yaradılması işinə güclü təkan
vermişdir. Hüseyn Ərəblinski, Cahangir Zeynalov,
Hüseynqulu Sarabski, Abbas Mirzə Şərifzadə,
Mirzəağa Əliyev, Sidqi Ruhulla, Ülvi Rəcəb kimi
fitri istedad sahiblərinin səyləri ilə
ölkəmizdə milli peşəkar aktyorlar məktəbi
formalaşmışdır. Həmin dövrdən etibarən
xüsusi teatr binalarının inşasına
başlanılmış və peşəkar teatrla
bağlı digər sənət növləri də
inkişaf etdirilmişdir.
Cəlil
Məmmədquluzadə, Hüseyn Cavid və Cəfər Cabbarlı
kimi qüdrətli sənətkarların son dərəcə
dərin məzmunlu səhnə əsərləri ilə
geniş vüsət alan Azərbaycan teatrı milli
varlığını qoruyub saxlayaraq inkişaf etmiş
və ictimai-mədəni həyatda fəal rol
oynamışdır. XX əsr boyu opera və balet, musiqili
komediya, gənc tamaşaçılar teatrları, pantomima
və digər teatrlar yaradılmışdır. Azərbaycan
teatr sənəti tarixinə adları həmişəlik
həkk olunan böyük aktyorlar, rejissorlar və teatr
rəssamları nəsli yetişmiş, teatr üçün
peşəkar kadrlar hazırlayan təhsil ocaqları formalaşmış,
bölgələrdə mədəniyyət sarayları və
teatrlar şəbəkəsi bərqərar olmuşdur. Yüksək
səhnə mədəniyyəti ilə seçilən Azərbaycan
teatrının zəngin repertuarı sayəsində
xalqımız milli ədəbiyyatın parlaq
nümunələri ilə yanaşı, dünya ədəbi
fikrinin inciləri ilə daha yaxından tanış olmaq
imkanı əldə etmişdir. Ölkəmizin
bir sıra digər sənət sahələrində qazandığı
uğurlar ilk növbədə Azərbaycan
teatrı ilə sıx bağlı olmuşdur. Peşəkar milli teatrın sürətli
inkişafı və zaman keçdikcə
şaxələnməsi onun öz coğrafiyasını
genişləndirərək respublikanın, demək olar ki,
bütün bölgələrini əhatə etməsinə
və hər biri müstəqil sənət ocağı olan
yeni teatrların yaranmasına gətirib
çıxarmışdır. Ölkəmizdə vətənpərvərlik
duyğularının aşılanmasında, yüksək
mənəvi keyfiyyətlərin, milli və ümumbəşəri
dəyərlərin təbliğində müstəsna rol
oynamış Azərbaycan teatrı gənc nəslin
formalaşmasında əvəzsiz xidmətlər
göstərmişdir. XX əsrin sonlarında cərəyan
edən mürəkkəb proseslər siyasi, iqtisadi və
sosial böhrana gətirərək, ölkəmizin
bütün mədəni həyatına, həmçinin teatr
sənətinə son dərəcə mənfi təsir
göstərmişdir. Teatrın
qarşılaşdığı obyektiv
çətinliklər bu sahədə yaradıcılıq
əhval-ruhiyyəsini də zəiflətmişdir. Azərbaycan
teatr şəbəkəsinə daxil olan dörd dövlət
dram teatrı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi nəticəsində erməni silahlı dəstələrinin
işğalına məruz qalaraq, ata-baba yurdlarından
didərgin düşməsinə baxmayaraq, öz
fəaliyyətini davam etdirir. Azərbaycanın dövlət
müstəqilliyini bərpa etməsi ilə qarşısında
geniş üfüqlər açılan milli teatr bu gün
dövlətçilik naminə mədəniyyətimizin
inkişafına töhfələr vermək iqtidarındadır.
Lakin ölkəmizdəki bir sıra mədəniyyət
sarayları və teatr ocaqlarında, o cümlədən
Heydər Əliyev adına Sarayda, Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrı, Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus
Dram Teatrı və Azərbaycan Dövlət Kukla Teatrında
müasir tələblərə uyğun əsaslı
təmir-bərpa və yenidənqurma işlərinə ciddi
ehtiyac duyulur. Xalqımızın ictimai-siyasi həyatında,
mədəniyyətimizin inkişafında böyük rol
oynayan və dolğun fəaliyyəti ilə milli
sərvətə çevrilən Azərbaycan teatrının
maddi-texniki bazasının gücləndirilməsi və
yaradıcılıq potensialının
dirçəldilməsi və teatr təhsili sisteminin
yaxşılaşdırılması məqsədi ilə
qərara alıram:
1. Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm
Nazirliyinə tapşırılsın ki:
1.1. Heydər Əliyev adına Sarayın mühüm ictimai-siyasi, mədəni tədbirlərin təşkil edilməsi və həyata keçirilməsində əhəmiyyətini nəzərə alaraq, əsaslı təmirini və müasir avadanlıqla təchizatını təmin etsin;
1.2. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Azərbaycan Dövlət Rus Dram Teatrının və Azərbaycan Dövlət Kukla Teatrının əsaslı təmirini və müvafiq texniki avadanlıqla təchizatını təmin etsin;
1.3. Bakı şəhərində Azərbaycan Dövlət Gənclər Teatrının, Azərbaycan Dövlət Pantomima Teatrının, eləcə də İrəvan Dövlət Azərbaycan Dram Teatrının və Şuşa Dövlət Musiqili Dram Teatrının yerləşdiyi binalarda təmir-bərpa işlərinin həyata keçirilməsini təmin etsin;
1.4. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni silahlı birləşmələrinin işğalına məruz qalmış ərazilərdəki Füzuli və Ağdam dövlət dram teatrlarının hal-hazırda yerləşdiyi binalarda əsaslı təmir-bərpa işlərinin aparılmasına dair təkliflərini 2007-ci il avqust ayının 1-nə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.5. Yerli icra hakimiyyəti orqanları ilə birlikdə regionlarda fəaliyyət göstərən teatrlarda təmir-bərpa və yenidənqurma işlərinin aparılmasına dair təkliflərini 2007-ci il iyul ayının 1-nə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.6. Azərbaycan Teatr Xadimləri İttifaqının təklifləri nəzərə alınmaqla, milli sərvətimiz olan əsərləri və dünya klassikasının incilərini özündə ehtiva edən "Azərbaycan teatrı 2008-2018-ci illərdə" Dövlət Proqramının layihəsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.7. Teatrların nəzdində xüsusi studiyaların yaradılmasına və xarici ölkələrdə müvafiq kadrların, habelə teatr menecerlərinin hazırlanmasına dair təkliflərini 2007-ci il aprelin 15-nə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. Bakı Şəhər İcra Hakimiyyəti Yaşıl Teatrın əsaslı təmirini və zəruri avadanlıqla təchizatını təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
19 fevral 2007-ci il
Azərbaycan.- 2007.- 20 fevral.- S. 4.