Teatr və teatr fəaliyyəti
haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu qanun teatr tamaşalarının hazırlanması və
kütləvi nümayişi ilə əlaqədar yaranan
münasibətləri tənzimləyir, teatr
fəaliyyətinin və teatrlara dövlət
qayğısının hüquqi əsaslarını
müəyyən edir.
I fəsil Ümumi müddəalar
Maddə 1.
Əsas anlayışlar
1.0. Bu qanunda istifadə olunan əsas anlayışlar
aşağıdakı mənaları ifadə edir:
1.0.1. teatr - müvafiq maddi-texniki bazaya malik olan, teatr
tamaşaları və digər teatr quruluşları yaradan
və canlı ifada kütləvi nümayiş etdirən
hüquqi şəxs;
1.0.2. teatr fəaliyyəti - teatr sənəti
əsərlərinin yaradılması, yayımı və
qorunub saxlanılması ilə bağlı fəaliyyət;
1.0.3. teatr tamaşası - müxtəlif janrlı
əsərlər əsasında yaradılan, bədii
qayəsi və konkret adı olan səhnə əsəri;
1.0.4. səhnə əsəri - teatr
tamaşasının canlı ifada kütləvi
nümayişi;
1.0.5. quruluşçu (rejissor, baletmeyster, rəssam) - teatr
tamaşasının və ya onun müəyyən
hissəsinin quruluşunun müstəqil bədii həllini
verən fiziki şəxs;
1.0.6. prodüser - teatr tamaşasının
hazırlanmasını və (və ya) nümayişini
təşkil edən, maliyyələşdirən hüquqi
və ya fiziki şəxs.
Maddə 2. Qanunun tətbiq dairəsi
Bu qanun mülkiyyət və təşkilati-hüquqi formasından
asılı olmayaraq Azərbaycan Respublikasının
ərazisində fəaliyyət göstərən
bütün teatrlara və teatr fəaliyyəti ilə
məşğul olan digər təşkilatlara şamil edilir.
Maddə 3. Teatr və teatr fəaliyyəti
haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Teatr və teatr fəaliyyəti haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasından, bu qanundan, digər
normativ hüquqi aktlardan və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
müvafiq beynəlxalq müqavilələrdən
ibarətdir.
Maddə 4. Teatr fəaliyyəti sahəsində dövlət
siyasətinin əsas prinsipləri
4.0. Teatr fəaliyyəti sahəsində dövlət
siyasətinin əsas prinsipləri
aşağıdakılardır:
4.0.1. teatrlara dövlət qayğısı;
4.0.2. teatrların müstəqilliyinə təminat
verilməsi;
4.0.3. teatr şəbəkəsinin inkişaf etdirilməsi;
4.0.4. teatr mədəniyyətinin fərdiliyinin qorunub
saxlanılması, millətlərarası və beynəlxalq
mədəni əlaqələrin inkişafına
şərait yaradılması.
Maddə 5. Teatr fəaliyyətinin məqsədi və
növləri
5.1. Teatr fəaliyyətinin məqsədi teatr sənətinin
inkişafı və əhalinin səhnə sənəti
ilə bağlı tələbatlarının
ödənilməsindən ibarətdir.
5.2. Teatr fəaliyyətinin növləri
aşağıdakılardır:
5.2.1. teatr tamaşaları və digər teatr sənəti
əsərlərinin yaradılması, onların əsas
səhnədə, qastrol səfərlərində səyyar
nümayişi, festivalların, müsabiqələrin,
baxışların təşkili, biletlərin realizə
olunması;
5.2.2. qanunvericiliyə uyğun olaraq
müəllif və ifaçı (rol, partiya)
hüquqlarına riayət edilməklə hüquqi və
fiziki şəxslərlə müqavilə əsasında onların
öz səhnələrində və ya icarəyə
götürdükləri səhnələrdə, televiziya
və radioda nümayiş olunmaq, kino, video və digər daşıyıcılara
çəkilmək üçün teatr
tamaşalarının, konsertlərin hazırlanması;
5.2.3. öz qüvvələri və ya dəvət olunmuş
kollektivlərin, ifaçıların iştirakı ilə
digər bədii-yaradıcı xarakterli tədbirlərin
təşkili;
5.2.4. tamaşaların, konsertlərin və digər bədii
tədbirlərin keçirilməsi üçün hüquqi
və fiziki şəxslərə quruluş
xidmətlərinin göstərilməsi;
5.2.5. hüquqi və fiziki şəxslərin sifarişi ilə
teatr tamaşalarının, konsertlərin, digər
tədbirlərin bədii tərtibatı üçün
aksessuarların hazırlanması;
5.2.6. qastrol və səyyar tamaşaların,
müştərək teatr layihələrinin və
proqramlarının həyata keçirilməsi
üçün öz səhnələrinin digər teatrlara
icarəyə və yaxud istifadəyə verilməsi;
5.2.7. qanunvericiliyə uyğun olaraq
müəllif və ifaçı (rol, partiya)
hüquqlarına riayət olunmaqla teatrın
bədii-yaradıcılıq fəaliyyəti ilə
bağlı informasiya və reklam məhsullarının, video
materiallarının, fonoqramların surətlərinin
hazırlanması, çoxaldılması və realizə
edilməsi;
5.2.8. müxtəlif geyim əşyaları, butafor, rekvizit,
qrim-pastijor və dekorların, həmçinin digər
səhnə avadanlıq və ləvazimatlarının
hazırlanması, kirayəyə verilməsi,
satışı və başqa xidmət növlərinin
göstərilməsi.
II fəsil Dövlət orqanları tərəfindən
teatr fəaliyyətinin himayə edilməsi
Maddə 6. Dövlət orqanları tərəfindən teatr
fəaliyyətinin himayə edilməsi
6.0. Dövlət orqanları tərəfindən teatr
fəaliyyətinin himayə edilməsi
aşağıdakılardan ibarətdir:
6.0.1. teatr şəbəkəsinin, ilk növbədə
uşaq teatrlarının inkişafı üçün
şəraitin yaradılması;
6.0.2. teatrların infrastrukturunun yaradılması, teatr
binaları və qurğularının inşası,
yenidən qurulması, bərpası, əsaslı təmiri
və avadanlıqların modernləşdirilməsi
üçün investisiyaların ayrılması;
6.0.3. dövlət teatrlarına, əhalinin aztəminatlı
və azyaşlı təbəqələrinə
münasibətdə güzəştli qiymət siyasəti
yürüdən teatrlara və uşaq teatrlarına
dotasiyaların və məqsədli maliyyə
yardımının ayrılması;
6.0.4. yaradıcılıq sifarişlərinin,
mədəniyyət sahəsində digər məqsədli
proqramlarda nəzərdə tutulan ayrı-ayrı
layihələrin teatrlara verilməsi;
6.0.5. opera, operetta, balet, dram və musiqili-dram
əsərlərinin yaradılmasına və satın
alınmasına, onların tamaşaya qoyulmasına, innovasiya
layihələrinin realizə olunmasına, qastrol
fəaliyyətinin həyata keçirilməsinə hər il
büdcə vəsaitinin ayrılması;
6.0.6. teatr sənəti sahəsində
mütəxəssislərin hazırlanmasına və yeni teatr
sənəti əsərlərinin yaradılmasına
kömək məqsədi ilə gənc istedadlı
müəllif və ifaçılar, görkəmli teatr
xadimləri üçün mükafatların və
təqaüdlərin təsis edilməsi;
6.0.7. dövlət orta və ali peşə
ixtisas təhsili müəssisələrində, habelə
xarici ölkələrdə aktyorların, rejissorların,
baletmeysterlərin, teatr tənqidçilərinin, teatr
sənəti üzrə digər mütəxəssislərin
hazırlanması və tədqiqatların aparılması,
uzunmüddətli yaradıcılıq ezamiyyələrinin
təşkili;
6.0.8. kütləvi informasiya vasitələrində teatr
sənətinin təbliği.
Maddə 7. Teatr işçilərinin ictimai birlikləri
7.1. Teatr işçilərinin ictimai birlikləri
qanunvericilikdə müəyyən olunmuş qaydada
yaradılır və fəaliyyət göstərir.
7.2. Teatr işçilərinin ictimai
birliklərinə mədəniyyət sahəsində
dövlət siyasətinin həyata keçirilməsində
iştirak etmək imkanı yaradılır, teatr işçilərinin
peşə hazırlığı, əmək şəraiti,
əməyinin mühafizəsi və sosial müdafiəsi
sahəsində tədbirlər hazırlanarkən onların
rəyi müvafiq icra hakimiyyəti orqanı
tərəfindən nəzərə alınır.
7.3. Teatr işçilərinin ictimai birlikləri
məqsədli proqramların, mədəniyyət
sahəsində layihələrin və digər
tədbirlərin həyata keçirilməsində iştirak
edə bilər.
III fəsil Teatrların hüquq və vəzifələri
Maddə 8. Bədii yaradıcılıq fəaliyyəti
sahəsində teatrların hüquqları
8.1. Teatr bədii yaradıcılıq istiqaməti və
repertuar seçimində müstəqildir.
8.2. Teatrların bədii yaradıcılıq
fəaliyyətinin məhdudlaşdırılması
qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna
olmaqla yolverilməzdir.
8.3. Teatr tamaşalarının kütləvi nümayişi,
onlardan istifadənin digər növləri, habelə informasiya
və reklam materiallarının nəşri qanunvericilikdə
nəzərdə tutulmuş hallarda qadağan edilə
bilər.
Maddə 9. İqtisadi sahədə teatrların
hüquqları
9.1. Teatrlar öz fəaliyyətini və inkişaf
perspektivlərini müəyyən etməkdə
müstəqildir.
9.2. Mülkiyyət formasından asılı olmayaraq
teatrların dövlət və yerli
özünüidarəetmə orqanlarının elan etdiyi
müsabiqələrdə iştirak etmək hüququ
vardır.
9.3. Teatrlar biletlərin qiymətini sərbəst
müəyyən edir.
Maddə 10. Teatrların simvolika hüququ
10.1. Simvolikasını (rəsmi ad, emblem, tanınma
nişanı və digər təsvirlər) qanunvericilikdə
müəyyən olunmuş qaydada qeydiyyatdan keçirən
teatr ondan müstəsna istifadə hüququna malikdir.
10.2. Teatrın qeydiyyatdan keçmiş simvolikasından
hüquqi və fiziki şəxslər yalnız onun
razılığı ilə istifadə edə
bilərlər.
10.3. Teatrın simvolikasından qeyri-qanuni istifadə edən
hüquqi və fiziki şəxslər teatrın tələbi
ilə istifadəni dayandırmalı və qanunvericilikdə
müəyyən edilmiş qaydada dəymiş ziyanı
ödəməlidirlər.
Maddə 11. Teatrların vəzifələri
11.1. Teatrların vəzifələri
aşağıdakılardır:
11.1.1. işçilərin əmək şəraitini və
əməyinin mühafizəsini, habelə sosial
müdafiəsini qanunvericiliklə nəzərdə
tutulmuş qaydada təmin etmək;
11.1.2. tamaşaçıların həyat və
sağlamlığının mühafizəsini, habelə
müvəqqəti saxlanc üçün onlardan
alınmış əmlakın qorunmasını təmin
etmək;
11.1.3. biletlərin satıldığı və
tamaşa nümayiş olunduğu yerlərdə afişalar
asmaq, həmin afişalarda teatrın, tamaşanın,
əsər müəllifinin (müəlliflərinin),
quruluşçuların və ifaçıların (rol
və partiyaları) adlarını və teatrın zəruri
hesab etdiyi digər məlumatları göstərmək;
11.1.4. tamaşanın keçirildiyi yer,
başlanacağı və bitəcəyi vaxt, biletlərin
qiyməti, alınma və geri qaytarılma şərtləri,
müəyyən tamaşaçı kateqoriyaları
üçün nəzərdə tutulmuş
güzəştlər, tamaşaçıların yaş
məhdudiyyətləri haqqında tamaşaçılara
ətraflı məlumat vermək;
11.1.5. teatr biletində öz adını, ünvanını,
biletin qiymətini, tamaşanın tarixini və saatını,
tamaşaçının salondakı yerini
göstərmək.
11.2. Alınmış biletin pulu onu alan şəxsin arzusu
ilə aşağıdakı hallarda geri qaytarıla bilər:
11.2.1. elan olunmuş tamaşa digəri ilə əvəz
olunduqda və ya təxirə salındıqda;
11.2.2. elan olunmuş baş rol ifaçısı
dəyişdirildikdə.
IV fəsil Teatr tamaşasının canlı nümayişi
(ifası) ilə bağlı müstəsna hüquq
Maddə 12. Teatr tamaşasının canlı nümayişi
(ifası) ilə bağlı müstəsna hüququn
subyektləri
12.1. Teatr tamaşasının canlı nümayişi
(ifası) ilə bağlı müstəsna hüququn
subyektləri tamaşaya qoyulan əsərin müəllifi,
quruluşçusu, ifaçılar və prodüserdir.
12.2. Teatr tamaşasının canlı nümayişi
(ifası) ilə bağlı müstəsna hüquq teatr
tamaşasının kütləvi nümayişi haqqında
qərar qəbul olunan andan yaranır.
12.3. Prodüser teatr tamaşasına hüququnu
quruluşçunun və ifaçıların
qanunvericilikdə müəyyən edilən hüquqlarına
riayət etməklə həyata keçirir.
12.4. Müqavilədə başqa hal nəzərdə
tutulmayıbsa, quruluşçu və prodüser teatr
tamaşasının kütləvi nümayişi (ifası)
barədə birgə qərar qəbul edirlər.
Maddə 13. Müəllif, quruluşçu və
ifaçıların teatr tamaşası ilə bağlı
hüquqları
13.1. Müəllif, quruluşçu və teatr
tamaşalarında iştirak edən ifaçılar öz
adlarının həmin tamaşanın reklam
nəşrlərində, proqram və afişalarında,
digər informasiya vasitələrində qeyd olunması
hüququna malikdirlər.
13.2. Quruluşçunun teatr tamaşasını
təhriflərdən qorumaq hüququ vardır.
Quruluşçunun icazəsi olmadan rol (partiya)
ifaçılarının tərkibinin, səhnə
mizanlarının, xoreoqrafiyanın, işıq
partiturasının, teatr əlbəsələrinin,
ifaçıların istifadə etdikləri aksessuarların,
musiqinin dəyişdirilməsi təhrif hesab olunur. Quruluşçu ilə prodüser arasında
bağlanan müqaviləyə əsasən teatr
tamaşasının digər təhrif formaları da
müəyyən edilə bilər.
13.3. İfaçı tamaşada quruluşçunun
rəhbərliyi altında hazırladığı rolu
(partiyanı) ifa etmək hüququna malikdir və bu hüquqdan
yalnız aşağıdakı hallarda məhrum
edilə bilər:
13.3.1. prodüserlə bağladığı
müqavilədə nəzərdə tutulan müddət
və ya tamaşa sayı başa çatdıqda;
13.3.2. bu və ya digər səbəbdən
öz rolunu (partiyasını) ilkin quruluşda
nəzərdə tutulan şəkildə ifa etmək
iqtidarında olmadığı halda, prodüserin və ya
quruluşçunun təşəbbüsü əsasında;
13.3.3. prodüserlə bağladığı
müqavilənin şərtlərini pozduqda.
13.4. Prodüser, quruluşçu və
ifaçılar arasında bağlanan müqavilədə bu
qanunun 13.1-ci-13.3-cü maddələrində müəyyən
edilən hüquqlardan başqa digər hüquqlar da
nəzərdə tutula bilər.
13.5. İfaçının ad hüququ onun teatr
tamaşasında iştirak etdiyi bütün
müddət ərzində qüvvədə olur.
13.6. Quruluşçunun teatr tamaşası ilə
bağlı hüququ bu tamaşanın kütləvi
nümayiş edildiyi müddət ərzində
qüvvədə olur.
Maddə 14. Prodüserin teatr tamaşasının
kütləvi nümayişi ilə bağlı
hüquqları
14.0. Prodüserlə quruluşçu arasında bağlanan
müqaviləyə əsasən teatr tamaşasının
kütləvi nümayiş hüququ prodüserə
keçə bilər. Bu halda prodüserin
aşağıdakı hüquqları vardır:
14.0.1. teatr tamaşasının kütləvi nümayişini
həyata keçirmək, tamaşanın yerini, vaxtını
və biletlərin qiymətini müəyyən etmək;
14.0.2. teatr tamaşasının kütləvi
nümayişinin sayını müəyyən etmək, onu
dayandırmaq və bərpa etmək;
14.0.3. teatr tamaşasından və onun bəzi
hissələrindən digər tamaşalarda istifadə
olunmasının, teatr tamaşasının texniki
vasitələrin (teleradio yayımı, kabel televiziyası
və s.) köməyi ilə efirə verilməsinin,
istənilən maddi daşıyıcılara yazılışının
və həmin yazılışların təkrarən
əks etdirilməsinin şərtlərini
müəyyənləşdirmək;
14.0.4. bu qanunun 14.0.1-ci maddəsində
nəzərdə tutulan normalara riayət etməklə
hüquqi və fiziki şəxslərə (əgər
prodüserlə bu şəxslər arasındakı
müqavilədə digər hallar nəzərdə
tutulmayıbsa) kütləvi nümayiş hüququ ilə
birlikdə teatr tamaşasının yenidən səhnəyə
qoyulması üçün icazə vermək.
Maddə 15. Teatr tamaşasının bədii həllinin
qorunması ilə bağlı prodüserin
vəzifələri
15.1. Prodüserlə quruluşçu
arasında bağlanan müqaviləyə əsasən
(digər hallar nəzərdə tutulmayıbsa) prodüser
quruluşçunu aşağıdakılar barədə
xəbərdar etməlidir:
15.1.1. teatr tamaşasında düzəliş edilməsinin
zəruriliyi və bu düzəlişi yerinə yetirmək
üçün quruluşçuya təqdim olunan
şərtlər haqqında;
15.1.2. teatr tamaşasında quruluşçudan xəbərsiz
edilən təcili düzəlişlər və bu
düzəlişlərin səbəbləri haqqında;
15.1.3. teatr tamaşasının kütləvi
nümayişinin müqavilədə nəzərdə
tutulmuş vaxtdan əvvəl dayandırılması və ya
tamaşaların sayının azaldılması haqqında.
15.2. Quruluşçu teatr tamaşasını
təhriflərdən qorumaq hüququndan istifadə
edərək onun ilkin bədii həllinin bərpa edilməsi
məqsədi ilə teatr tamaşasının kütləvi
nümayişinin dayandırılmasını tələb
edə bilər.
15.3. Prodüser tamaşanın ilkin
bədii həllinin bərpası ilə bağlı
işləri görməkdən imtina edərsə,
quruluşçu öz adının proqramlardan, reklam
nəşrlərindən, afişalardan və digər
informasiya materiallarından çıxarılmasını
tələb edə bilər.
Maddə 16. Teatr tamaşası ilə bağlı hüququn
müdafiəsi
16.1. Teatr tamaşası ilə bağlı müstəsna
hüququ olan subyektlər bu hüququ pozanlardan onun ilkin
vəziyyətinin bərpa olunmasını tələb edə
bilərlər.
16.2. Prodüserlə teatr tamaşasına
müstəsna hüquqları olan subyektlər arasında
bağlanmış müqavilənin şərtlərinin
pozulmasına görə tərəflər qanunvericiliklə
və müqavilə ilə müəyyən edilmiş qaydada
maddi və ya başqa məsuliyyət daşıyırlar.
V fəsil Teatrların idarə edilməsi və
maliyyələşdirilməsi
Maddə 17. Teatrların statusu
17.1. Teatrlara "akademik" statusu
ümumbəşəri dəyərlər səviyyəsində
yüksək peşəkarlığa, zəngin tarixi
ənənələrə, "milli" statusu milli
mədəniyyətin təbliği sahəsində
müstəsna xidmətlərinə görə, onların
uzun illər səmərəli fəaliyyətinə,
ölkə daxilində və xaricdə əldə etdiyi
nailiyyətləri nəzərə alınmaqla müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş qaydada verilir.
17.2. Müasir teatr sənətində fəal rol oynayan və
teatr prosesinin inkişafında xüsusi əhəmiyyət
kəsb edən teatrlar müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq olunan aparıcı teatrların
siyahısına daxil edilir.
Maddə 18. Teatrların idarə edilməsi, yaradılması,
yenidən təşkili və ləğv olunması
18.1. Teatrların fəaliyyətinə rəhbərlik
qanunvericilikdə və təsis sənədlərində
nəzərdə tutulan qaydada təsisçinin
vəzifəyə təyin etdiyi direktor tərəfindən
həyata keçirilir.
18.2. Teatrlar dövlət, bələdiyyələr,
istənilən hüquqi və fiziki şəxslər
tərəfindən təsis edilə bilər.
18.3. Təsisçi (mülkiyyətçi) ilə teatr
arasında münasibətlər qanunvericilikdə
müəyyən edilmiş qaydada tənzimlənir.
18.4. Təsisçi (mülkiyyətçi)
ilə teatr arasında bağlanmış müqavilədə
tərəflərin öhdəlikləri, əmlakdan
istifadənin şərtləri və qaydaları, teatrın
maliyyələşdirilməsi, tərəflərin maddi
məsuliyyəti, müqavilənin ləğv edilməsinin
əsasları və şərtləri, sosial, əmək
və digər məsələlərin həlli
qaydaları müəyyən edilə bilər.
18.5. Teatrların yaradılması, yenidən təşkili,
ləğvi və profilinin dəyişdirilməsi
qanunvericilikdə müəyyən olunmuş qaydada həyata
keçirilir.
18.6. Teatrların əmlak hüquqlarının həyata
keçirilməsi, onların əmlakının idarə
olunmasına nəzarət qanunvericiliklə müəyyən
edilir.
Maddə 19. Teatrların maliyyələşdirilməsi
19.1. Dövlət teatrları tamaşalardan və
qanunvericiliklə qadağan olunmayan başqa
mənbələrdən daxilolmalar, eləcə də
dövlət büdcəsindən ayrılan vəsait
hesabına maliyyələşdirilir. Dövlət
büdcəsindən ayrılan vəsait işçilərin
əmək haqları və sosial sığorta
ayırmalarının həcmindən, eləcə də yeni
tamaşaların quruluşu xərclərindən az
olmamalıdır.
19.2. Bələdiyyə və özəl teatrlar
qanunvericiliklə qadağan olunmayan istənilən
mənbələrdən daxil olan vəsaitlər hesabına
maliyyələşdirilir.
19.3. Dövlət orta və peşə ixtisas
təhsili müəssisələrində aktyorların,
rejissorların, baletmeysterlərin, teatr
tənqidçilərinin, teatr sənəti üzrə digər
mütəxəssislərin hazırlanması, elmi-tədqiqat
müəssisələrində teatr sənəti üzrə
tədqiqatların aparılması dövlət
büdcəsinin vəsaiti hesabına həyata
keçirilir.
VI fəsil Teatr işçilərinin sosial müdafiəsi
Maddə 20. Teatrların yaradıcı işçilərinin
əməyinin ödənilməsi
20.1. Teatrların yaradıcı işçilərinin
vəzifələrinin siyahıları və onların teatrda
vəzifə tutmaları qaydası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
20.2. Teatrların yaradıcı işçilərinin
fəaliyyəti əmək müqaviləsi (kontraktı)
əsasında həyata keçirilir. Bu müqavilədə
qanunvericilikdə nəzərdə tutulan məcburi
şərtlərdən başqa teatr tamaşasının
canlı ifası ilə bağlı hüquqların həyata
keçirilməsinin digər şərtləri də
müəyyən edilə bilər.
20.3. Teatrların yaradıcı işçilərinə
və bu sahədə mütəxəssis
hazırlığı ilə məşğul olan
şəxslərə fəxri adlar, fərdi
təqaüdlər və mükafatlar qanunvericilikdə
müəyyən edilmiş qaydada verilir.
20.4. Teatrların rəhbər işçilərinin
vəzifə maaşlarına müvafiq icra hakimiyyəti
orqanı tərəfindən əlavələr oluna bilər.
20.5. Akademik, milli və aparıcı teatrlarda
çalışan işçilərin əmək
haqlarına müvafiq olaraq 100, 50 və 25 faiz əlavə
müəyyən edilir.
Maddə 21. Teatr işçilərinin sosial müdafiəsi
21.1. Teatr işçiləri qanunvericilikdə
nəzərdə tutulmuş qaydada əmək pensiyası
hüququna malikdirlər.
21.2. Dövlət orqanları və
bələdiyyələr müvafiq büdcə
vəsaitləri və qanunvericiliklə qadağan olunmayan
digər mənbələr hesabına teatr işçilərinin
maddi təminatını yaxşılaşdırmaq
üçün tədbirlər həyata keçirə
bilərlər.
21.3. Teatr işçiləri bədbəxt
hadisələrdən və peşə
xəstəliklərindən qanunvericiliklə
müəyyən edilmiş qaydada icbari şəxsi
sığorta olunurlar.
VII fəsil Yekun müddəaları
Maddə 22. Teatrların beynəlxalq
əməkdaşlığı
22.1. Dövlət teatrların beynəlxalq
əlaqələrinin inkişafına, teatrlarda
çalışan yaradıcı işçilərin bu
əməkdaşlıqda birbaşa iştirakına
şərait yaradır.
22.2. Azərbaycan Respublikasının ərazisində xarici
ölkələrin teatrlarının filialları
(mərkəzləri) yaradıla və fəaliyyət
göstərə bilər.
22.3. Dövlət xarici ölkələrdə yaşayan
azərbaycanlılara milli teatrların yaradılmasında maddi
və təşkilati yardım göstərə bilər.
Maddə 23. Qanunun pozulmasına görə məsuliyyət
Bu qanunu pozan hüquqi və fiziki şəxslər
Azərbaycan Respublikasının qanunvericiliyində
müəyyən edilmiş qaydada məsuliyyət
daşıyırlar.
Maddə 24. Qanunun qüvvəyə minməsi
Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2006-cı il
Azərbaycan.-2007.-7 fevral.-S.1.