Banu

 

Avropa qapılarını müsəlmanların üzünə çox da həvəslə açmır"

 

Gənc tenor Samir Cəfərov deyir ki, ifaçılarımızın dünya səhnəsinə çıxmasını əngəlləyən amillərdən biri də budur

Akademik Opera və Balet Teatrının səhnəsində "Traviata" operası oynanılanda tamaşaçılar gənc istedadla tanış olmaq imkanı qazandılar. Teatrın solisti Samir Cəfərov ilk partiyasını bəlkə də çoxlarının gözləmədiyi uğurla ifa etdi. Tamaşanın uğurlu sorağı tezliklə Moskvaya - Samir Cəfərovun təhsil aldığı Qalina Vişnevskaya adına Musiqi Mərkəzinə də çatdı. Mərkəzin rəhbəri Qalina Vişnevskaya və başqa görkəmli sənətkarların imzası ilə aldığı təbrik teleqramı gənc tenoru daha da sevindirib. O, ilk uğurundan doğan hisslərini bizimlə bölüşdü.
- "Traviata" ilk oynadığım tamaşa olduğu üçün uğurlu sayıram. Həm də ömrümdə bu qədər rahat oxumamışdım. Böyük səhnədə olmağıma baxmayaraq, özümü həddən artıq rahat hiss edirdim. Aura da çox yaxşı idi. Mənə yaradılan bu şəraitə görə teatrın direktoru Akif müəllimə minnətdaram! Deyilənlərə görə, öhdəsindən gəldim. Xatırladım ki, mən musiqi təhsilimi Rusiyada davam etdirmişəm. Orada bir il təhsil haqqı ödədim. Sonra istedadımı görüb məndən təhsil haqqı almadılar. Məlumat üçün bildirim ki, həmin mərkəzdə bir il təhsil almaq 10.000 ABŞ dollarına başa gəlir. Beləliklə, mənim səsimi bəyənib 20 min dolları almaqdan vaz keçdilər. Mən Avropada Rusiyanı təmsil edirdim. Qalina Vişnevskaya adına Musiqi Mərkəzinin üzvü olduğum üçün məni konsertlərə, festivallara göndərirdilər. İndi də mənim yolumu gözləyirlər. "Riqoletto" tamaşasında əsas partiyalardan birini ifa edəcəyəm. İnşallah, Böyük Teatrda səhnələşdirilən bu əsərdə oxuyacağam.
- Musiqi Mərkəzində oxuyarkən hansı mühüm partiyaları ifa etdin, hansı ölkələrdə oldun?
- Orada operalarda iştirak etmirdim. Ariyalar, duetlər oxuyurduq, konsertlərlə çıxış edirdik. İtaliyada, Avstriyada, Latviyada, Rusiyanın bir çox şəhərlərində olduq. Əsasən Rusiyanın mədəniyyət günlərində iştirak edirdik. Təhsil aldığım müddətdə Bakıda Monserrat Kabalye ilə bir səhnədə oxudum. Yeri gəlmişkən, onunla 2009-cu ilə qədər müqaviləm var.
Azərbaycanda isə ilk dəfə olaraq operada çıxış etdim. Qeyd edim ki, Musiqi Akademiyasında müəllimim Fidan Qasımova olub. Özüm isə Pavarotti, Karelli, Karrerasın necə oxumasına kasetlərdə qulaq asırdım. Ariyaları da özbaşına öyrənirdim.
- Deməli, Moskvaya getməzdən öncə burda musiqi təhsili almışdın. Bəs Moskva mühiti sənə nə verdi?
- Burada öyrəndiklərim böyük məktəbin ibtidai sinfinin məlumatı idi. Moskva məktəbi mənə oxumağın nə demək olduğunu öyrətdi. Çünki o məktəb həddən artıq peşəkar məktəbdir. Səs ifaçılığı dərslərin, demək olar, 20 faizini təşkil edir. Dərslərin yerdə qalan hissəsi səhnə danışığı, diksiya, düzgün nəfəs, oxu texnikasının öyrədilməsinə həsr edilir.
Moskvada özümü imtahanda olduğum kimi hiss edirəm. Sanki hər çıxışımla imtahan verirdim. Moskvada oxuduğum bütün salonlarda Qalina Pavlovna olurdu. Bütün tamaşaçılar mənim üçün bir kənarda qalırdı. Hiss edirdim ki, onun üçün oxuyuram. Çünki o, səhvlərimi mənə sonra deyir. Bu isə mənim inkişaf etməyim üçün çox vacibdir.
Təəssüflər olsun ki, bizim Musiqi Akademiyasında həddən ziyadə gözəl səslər olsa da, tələbələr, demək olar, yüksək səviyyəyə çata bilmirlər. Düzdür, onların istedadları var, sadəcə, həmin məktəb yoxdur. Məktəb olmadığından uşaqlar çox əziyyət çəkirlər. Mən bunu müəllimlərin özünə də demişəm. Buradakı müəllimlərin çoxu, demək olar, səhnə görməyiblər. Səhnənin hissiyyatından, aurasından xəbərsizdirlər. Çünki onlar səhnədə oxumayıblar. Müəllimin ilk növbədə səhnə təcrübəsi olmalıdır.
Deyilənlərə görə, Azərbaycanda yeganə Avropa tenoru mənəm. İndi bizdə avropasayağı ifalar yoxdur. Bizim Azər Zeynalov, Həsən Enami kimi milli koloritdə oxuyanlarımız var. Ancaq bu sırf italyan məktəbi deyil. İndi bir neçə tenorla işləyirəm. Onları üzə çıxarmağa çalışacağam. Pis çıxmasın, bizim heç Tbilisi səhnəsində oxumağa səsi çatan ifaçılarımız yoxdur.
- Xanım Kabalye ilə əməkdaşlığınız necə yarandı?
- Konsertlərdə məni dinləyənlər səsim barədə ona məlumat vermişdilər. O da məni dəvət etdi. Hətta mən oxuyandan sonra Kabalye ağladı. Dedi ki, çoxdandır belə tenor eşitmirmiş. Sonra da "milli bir əsər oxu" dedi. Mən də "Bayatı-Şiraz" muğamını oxudum. "Bu nə olan şeydir?" deyə Kabalye təəccübləndi. O, musiqinin sehrinə düşmüşdü.
- Moskva kimi böyük bir şəhərdə nüfuzlu məktəbi buraxıb Bakıya qayıtmağa səni nə məcbur etdi?
- Orada qalmağım üçün Azərbaycan dövlətinə müraciət etsəydim, şərait yaradardılar. Müəllimim, böyük tenor Maysuradze deyirdi ki, öyrəndiklərimin bədənimə adaptasiya olması üçün vaxt lazımdır. Mən burada heç nə itirmədim, əksinə qazandım. "Traviata"dan sonra məndə böyük bir istək yarandı ki, "Koroğlu"nu, "Toska"nı, "Riqoletto"nu oxuyum. Bunlar mənim üçün çox önəmlidir. Hər halda, bir neçə ildən sonra Avropa qapıları mənim üzümə açıq olar.
- Səsin geniş imkanlarının açılması üçün mütləq Avropa ölkələri lazımdır?
- Mütləq... Ən azı Moskva lazımdır. Moskva tramplindir, böyük məktəbdir. Orda öyrənməli çox şeylər var. Düzdür, Avropa ilə müqayisədə Rusiya əyalət təhsili verir. Avropada məhz vokal texnikasının incəlikləri öyrədilir. Mən artıq Moskva tramplinini keçmişəm. İndi üzü Avropayayam. "La Skala", Milan... Hər bir opera ifaçısının ən böyük arzusu bu qapıları açmaqdır.
Dünyada muğamlar çoxdur - hind, türk, İran, Azərbaycan muğamı var. Amma muğamın mərkəzi Azərbaycandır. Necə ki, İtaliya operanın mərkəzidir. Türkiyədə, İranda, Əfqanıstanda bizim muğamları oxuyanda, ifa nə qədər xoşagələn olsa da, istər-istəməz fikirləşirsən ki, bu o deyil. Əgər biz İtaliyaya gediriksə və oxuduğumuz yüksək səviyyədə deyilsə, onlar bunu dərhal hiss edirlər. Yəni kök ordadır, ondan bəhrələnmək lazımdır.
- Səncə, Avropa ölkələri qapılarını hər opera müğənnisinin üzünə asanlıqla açır?
- Əlbəttə ki, yox... Araz Ağalarov məni İtaliyaya göndərəndə bir neçə peşəkar adamın yanında oldum. Onların sözündən belə başa düşdüm ki, hətta mən italyanca oxuya bilsəydim belə, orada mənə ehtiyac yoxdur. Çünki İtaliyada italyandan ən azı 10 dəfə yüksək səviyyədə oxumalısan. Gərək öz üzərində çox çalışasan ki, sənə ehtiyac olsun. Mən İtaliyada imtahanlar verəcəkdim. Ancaq Kabalye onun konsertində oxumaq üçün məni Bakıya dəvət etdi. Mən də hər şeyi atıb Bakıya gəldim.
- İndi gəlməyinə peşmansan?
- Həm hə, həm yox... Bilirsiniz, mən tramplini birdən-birə tullandım. Mən Kabalye ilə oxumamalıydım. Çünki mənim opera səviyyəm o dərəcədə deyildi. Təsəvvür edin ki, 1-ci mərtəbədən 10-cu mərtəbəyə tullanmışam. O səviyyəni saxlamaq üçünsə mənim ehtiyatım yox idi. Bu konsertdən bir il sonra özümə gələ bilmədim. Çünki o səviyyədə oxumaq üçün məndə təcrübə yox idi. Kabalyenin konsertindən sonra Avropanın bəzi ölkələrində konsertlər təşkil edirdilər. Ancaq onlardan imtina etdim. Çünki hazır deyildim. O publikanın qarşısına çıxmaq üçün hazır olmaq lazımdır. Səhnəyə çıxıb oxumaya bilərdim və bu mənə zərbə olardı. Mən özüm-özümə qarşı böyük tənqidçiyəm.
Ancaq Kabalyenin yanında ustad-dərslər keçdim, onunla bir səhnədə oxudum. Bu, çox önəmlidir. Bu yaddaşımda həmişə qalacaq. Onun dərslərini keçməyim haqqında mənə sertifikat verdi. Bu sertifikatı hər oxuyana vermirlər. Belə opera nəhəngi ilə eyni səhnədə oxumaq hər adama qismət olan şey deyil. Bu mənada peşman deyiləm.
- Səncə, Bakıda oxuyub dünya opera teatrlarının qapısını açmaq nə qədər realdır?
- Mümkündür. İstedad çayır otu kimi bir şeydir, üstünü nə qədər örtsən, yenə çıxacaq. Bizdə Əvəz Abdullayev kimi bariton, Günay İsmayılova kimi gözəl oxuyanlar var. Onlar hamısı Avropaya addım atacaq ifaçılardır.
- Bəs niyə bu qapı üzünüzə asan açılmır?
- İlk növbədə, biz müsəlmanıq. Buna görə çətindir. Avropalılar öz xristianlarını həmişə öndə tuturlar. Yaxşı ki, biz bir az italyanlara, ispanlara oxşayırıq. Familiyaya fikir verməyən adamlar üzümüzə baxanda "elə bizdəndir" deyirlər. Kabalye həmişə məni "mister Cafarello" çağırır. Deyir ki, "bizlərə oxşayırsan"...

 

Ayna.-2007.-10 fevral.-S.19.