Qalibo]lu E.

İmperator

 

Çərxi-fələk bir anın içərisində insanın taleyini dəyişə bilər...

 

Bu günlərdə Dövlət Gənclər Teatrında Elçin Hüseynbəylinin "İmperator" adlı iki hissəli əsərinin tamaşası oldu. Tamaşanın quruluşçu rejissoru Sərvər Əliyev, rəssamı Vüqar Əli, bəstəkarı Sərdar Fərəcov, baletmeyster Aleksandr Şumilov, mahnıların mətni Sərdar Fərəcovundur. Rolları Qurban İsmayılov (İmperator), əməkdar artist Qəmər Məmmədova (Qadın), Elşən Çarhanlı ifa edirdilər.

Səhnədəki pərdədə böyük bir tac şəkli var. Bu, hadisələrin məcrasını təxminən təsəvvür etməyə imkan verir. Əvvəlcə səhnəyə rəqqaslar gəlir. Qəfil rəqs kəsilir. Ev sahibəsi həyətdə yatmış səfil kişini görüb qışqırır. Onun səsinə evin kişisi gəlir. Onun səfili ümumiyyətlə, görməyə gözü yoxdur. Artıq hadisələr düyünlənməyə doğru gedir: "Bəlkə bu səfil polisin şpionudur? Belələrinə üz versən, evini əlindən alarlar"-deyə ağlından keçirir.

Lakin səfilin bu evdən getmək ağlından belə keçmir. Tamaşaçı duyur ki, hadisələrin bu sayaq gərginləşməsinin mayasında nəsə başqa səbəb var. Səfil özünü həm ürkək, həm gizlin-gizlin evə-eşiyə, evin xanımına doğma aparır. Bu, səfilin ona verilən hər güzəştdən, yazığı gəlinmədən sonra daha da artır. Kişi hiss edir ki, qadınının səfilə hər addımda yazığı gəlir. Bu, onu daim özündən çıxarır, bərk əsəbiləşdirir. Lakin getdikcə onun gedişata təsir etmək imkanları tamam daralır. Sanki evin sahibinin taleyi öz əlində deyil.

Səfil üç gündür ki, acdır. O, həyatın dibindədir. "Acların hamısının taleyinin bir olduğu" ona aydındır, çünki özü bu taleyi yaşayır. Yemək istəyir, evin xanımı gətirir. Doyur, hələ üstəlik siqaret çəkmək şansı da əldə edir.

Onun cidd-cəhdlə bu evdən yapışıb qalması, getməməsi artıq ciddi xarakter alır. Hətta səfil bu evdə nəinki qulluqçu, it olmağa belə razıdır. Təki burada qalsın. Əynindəki pencək tamamilə sıradan çıxıb. Ev sahibinə eyhamları artır. Getdikcə açıq bildirir ki, onun öz prinsipləri var...

Oyunun bu yerində səfil "Mikrofonu ver, xalqın zövqünü korlayaq" deyir. Ümumiyyətlə, obrazların səhnədə bu sayaq əlinə mikrofon alıb oxumaları yaxşı təəssürat yaratmır. Amma oxuyur ki, "Hər şey maraqsız olar, fırıldaqlar olmasa", "Ağlı olan ac olur" s. Kişinin qəti etirazına baxmayaraq burada qalmaq səfilin "alın yazısıdır". O, hətta it kimi hürməyə razıdır, təki burada qalsın.

Səhər evin kişisi oyanıb görür ki, səfilin üstündə anasının adyalı var. Məlum olur ki, yenə qadının ona yazığı gəlib.

Kişinin səfilə qarşı nifrəti ifrat həddə çatır. Burada ev sahibi ilə kişinin deyişməsi münasibətlərin gərginləşməsinin göstəricisidir. Ev sahibi onu ironiya ilə "İmperator" adlandırır. Bu, səfilin xoşuna gəlir. Bu məqamdan da onun "imperatorluğu" başlayır. Səfil tələb edir ki, onu "imperator" seçiblər, indi qayğısını çəkməlidirlər. Hələ ki, ev sahibi onu qarşıda gözləyən fəlakəti tam anlamır. Səfil həyətdən taxt gətirir, şəstlə oturur. Bu məqamda ev sahibinin səfilə "Mən işdən qayıdınca səni burada görməyim" deməsi anlaşılmır. Artıq evdə "səfil imperator" qadın qalıblar. Onun qadına "Sizcə, hansı imperatora oxşayıram, Sezara, ya Antoniyə?" deməsi istər-istəməz tamaşaçıda gülüş doğurur. Ümumiyyətlə, oyun tamaşaçıda yarı komediya, yarı faciə əhvalı aşılayır. Qadın oxuya-oxuya "Sevgisiz bu dünya nəyə gərəkdir"-deyir. Ər işdən qayıdanda yenə səfili evdə görür əsəbiləşir. Artıq o, kişinin evinə daxil olmağa başlayır. İndi səfil qarajda yata bilməz, çünki oradan benzin iyi gəlir. Evin mebelini satır, "çünki əl-ayağa dolaşır"mış. Onun beləcə sürətli karyeraya, imkana çatması tamaşaçıya aydın olmur. Hətta imperator evin qab-qacağını da satacaq. Burada kişi ilə səfilin "Vaqif" dramı üstə deyişmələri bir xeyli çəkir.

"İmperator"un sürətlə baxtı açılır: kişi arvadından eşidir ki, artıq bu səfil onun firmasının işçilərinin şikayətlərinə baxır. Kişi acizanə şəkildə onun işlərinə qarışmasına görə səfilə etiraz edir. "İmperator" qəribə manevrlər edir, kişini quru yurdda qoyur. Kişi acı taleyindən şikayətlənir, "Bu gün sənə, sabah mənə güləcəkdir bu dünya" deyə oxuyur.

Xülasə, sonda məlum olur ki, ev əslində səfilin atasının imiş. O, bu manevrləri etməklə əslində haqqına çatır.

Artıq o, səfil kökündə deyil, çoxdan bahalı kostyumdadır. İndi evin əvvəlki sahibini səfillik aqibəti gözləyir. Sən demə, qadın bu səfili uşaqlıqdan sevirmiş. O, ərindən imtina edir, "imperatora" "Antonio, yalnız sən məni xoşbəxt edə bilərsən" deyir. Budur, indi vaxtilə səfilə ironiya ilə yanaşan keçmiş ev sahibi onun yerində yatır, əynində nimdaş kostyum var...

Quruluşçu rejissor Sərvər Əliyev deyir ki, mövzu onu əvvəldən bərk tutubmuş: "İdeya baxımından bu, istədiyim idi. Yəni çərxi-fələk bir anın içərisində insanın taleyini dəyişə bilər. Bu tamaşa ilə insanları xeyirxahlığa çağırmaq itədik. Həmin səfil qəsdən o evə gedir, haqqını sübut edir".

Tamaşada müəyyən məqamlarda ifrata varılmasına (həm ifadələrdə, həm jestlərdə) ehtiyac yox idi. Hadisələrin sürətlə dəyişməsi, səfilin "imperator" olması, həmçinin ev sahibinin kasıblaması tamaşaçı üçün tam anlaşılmır.

Amma Qurban İsmayılov səfillikdən vara çatan obrazı yaratmağa müfəffəq ola bilib

 

Xalq cəbhəsi.- 2007.- 15 fevral.- S.15/