Quliyev Ə.
Naxçıvan teatrının tarixi
haqqında kitab
Tanınmış teatrşünas-publisist,
AMEA Naxçıvan Bölməsi
İncəsənət, Dil
və Ədəbiyyat
İnstitutunun elmi katibi Cəlil Vəzirovun musiqişünas
Eldar Xəlilovla birlikdə yazdığı
"Naxçıvan teatrının
qadın sənətkarları"
kitabı Naxçıvan
teatrının tarixində
mühüm rol oynamış
aktrisaların şərəfli
ömür və sənət yoluna həsr olunmuşdur.
AMEA Naxçıvan
Bölməsi Rəyasət
Heyətinin qərarı
ilə nəşr olunan bu kitabın
elmi redaktoru akademik İsmayıl Hacıyev, rəyçi sənətşünaslıq doktoru,
professor İlham Rəhimlidir.
Bu kitab
25 illik gərgin axtarışların və
müşahidələrin məhsuludur. Teatrşünas Cəlil Vəzirov Naxçıvan teatrının
tarixi və ayrı-ayrı aktyorlar barədə onlarla elmi-publisistik məqalələr,
resenziyalar, oçerklər,
esselər yazıb çap etdirmişdir.
Uzun illərdir ki, Azərbaycan Teatr Xadimləri İttifaqı
Naxçıvan Təşkilatının
sədri kimi səmərəli fəaliyyət
göstərir.
"Naxçıvan
teatrının qadın
sənətkarları" kitabı
sözün əsl mənasında sanballı
elmi-tədqiqat əsəridir.
Görkəmli Azərbaycan ədibi Rəşid bəy Əfəndiyev bir müddət Naxçıvanda işləmiş, 1912-ci ildə onun və Rza Təhmasibin təşəbbüsilə naxçıvanh qadınlar Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasını tamaşaya qoymuşlar. Həmçinin tamaşada hətta kişi rollarını da qadınlar ifa etmişlər. Bu barədə kitabda geniş məlumat verilir. Rəşid bəy yazırdı: "Qadınları heyvan kimi, qul kimi tərbiyə və elmdən bibəhrə saxlamaqla gələcək nəsli də fəlakətə sürükləyir. Təcrübə ilə isbata yetişmişdir ki, hər bir millətin, hər bir tayfanın səadəti və xoşbəxtliyi arvadların dərəceyi-elmiyyəsindən asılıdır".
Bu baxımdan yanaşsaq, bir daha aydın olur ki, 1912-ci ildən etibarən naxçıvanlı qadınlar teatra, sənətə böyük maraq göstərmiş və bir çox tamaşalarda yaxından iştirak etmişlər. Qüdrətli aktyor Mirzağa Əliyev 1912-ci ildə Naxçıvanda qastrolda olarkən bunu görmüş və bu işi təqdir etmişdir: "Heç bir yerdə Azərbaycan qadınını teatrda görmədiyimiz halda, Naxçıvanda qadınlar üçün gündüz tamaşaları göstərərkən salon həmişə qadınlarla dolu olardı".
Müəlliflər kitabın ön sözündə naxçıvanlı qadınların səhnə ömürlüyündən, məharətlə yaratdıqları klassik və çağdaş obrazlardan maraqh faktlar gətirir və bunlar kitabın dəyərini bir daha artırır.
Naxçıvan teatrının
inkişafında qadın
sənətkarlarımızın danılmaz xidməti olmuşdur. Xədicə Qazıyeva, Firuzə
Əlixanova, Zəroş
Həmzəyeva, Sofya Hüseynova, Roza Cəfərxanova, Zemfira
Əliyeva, Pakizə Məmmədova, Sona Mirzəyeva, Yasəmən
Ramazanova və başqaları qədim sənət ocağının
inkişafında mühüm
işlər görmüşlər.
Ömrünü, sənət
taleyini Naxçıvan teatrına
bağlayan, mübariz
həyat yollarından
keçən, təqib
və hədə-qorxulardan əsla çəkinməyən xalq
artistləri Zəroş
Həmzəyeva, Firuzə
Əlixanova, əməkdar
artist Xədicə Qazıyeva Naxçıvan
teatrının ilk milli aktrisaları - ilk qaranquşları hesab olunurlar. XX əsrin
20-30-cu illərində səhnəyə
qədəm basmış
bu xanım aktrisalar əsl mənada böyük həyat yolu, sənət yolu keçiblər.
Kitabı vərəqlədikcə 95 il ərzində naxçıvanlı aktrisalarımızın keçdiyi mətanətli və şərəfli səhnə ömrü bir geniş panoram kimi göz önündən keçir. Və baxıb görürsən ki, bu yol nə qədər çətin və ağır olsa da, sonu bir o qədər işıqlı və nurlu olmuşdur. Bu yol onları xoş və səadətli günlərə aparmışdır. Bu yol əsl mənada baharlı bir sənət yoluna çevrilmişdir.
Kitabda verilmiş "Naxçıvan teatrının ağbirçəyi", "Səhnəmizin Leylisi, Əslisi, Gülçöhrəsi...", "Yeddi Vaqif bir Xuraman", "Səhnədə keçən ömür", "Yollara iz düşür", "Bu da bir ömürdür", "Qəlbin romantik akkordları", "Yasəmən xanımın yasəmən ətirli "övladları", "Yandırdı bu ölüm, yandırdı", "Nağıla döndü həyatı", "Sevil, Almaz, Solmaz...", "Məhəbbətim mənim, kədərim mənim", "Asiyalı günlər necə də gözəl idi", "Arzuların çin olsun, Nəzakət xanım", "Ömrün romantik çağları", "Biz gedirik, gülüşümüz dodaqlarda qalacaq" .... adlı oçerk və esselər bir toplu halında birləşəndə oxucu naxçıvanlı aktrisalarımızın keçdiyi şərəfli səhnə yolu barədə geniş bilgilər əldə edir.
Təbii ki, belə bir kitabın
meydana gəlməsi milli teatr tariximizin
tədqiqini zənginləşdirir,
onun estetik tutumunu gücləndirir.
"Naxçıvan teatrının
qadın sənətkarları"
kitabını teatrşünaslıq
elmimizin yeni bir uğuru kimi qiymətləndirmək
lazımdır.
Xalq qəzeti.- 2007.- 11 fevral.- S. 7.