Mirzəbəyli İ.

 

“Muğam dünəndən bugünə səs körpüsüdür”

 

Sənət adamlarımız


“Yeni gün” adlı televiziya verilişinə baxırdıq. Yaranışından kövrək və incə olan, Qarabağ həsrətindən sonra daha da kövrəkləşən muğam oxunurdu. Xanəndə bütün olub-keçmişləri xatırlayaraq, sanki, 80—90 il əvvəlləri görmək üçün baxışlarını harayasa, məchul bir nöqtəyə dikmiş ahıl qocaya dönmüşdü. Bu dəm onun xoşbəxt və ya bəxtsiz olduğunu kəsdirmək qətiyyən mümkün deyildi. Oxuduğu muğam Cabbarın, Seyidin, Yaqubun, ən başlıcası atası Əkbərin səsi olduğuna görə xoşbəxt idi xanəndə. Baba yurdu Kolanının, düşmən tapdağında qalan torpağın, daşın, yarpağın, ağacın, çiçəyin, quşların səsi idi oxuduğu muğam. Ona görə bəxtsiz kimi görünürdü ifaçı.
Oxuyan Rafiq Abbasov idi. Muğam başa çatandan sonra suallar başlandı. Ordumuzun hələ tam formalaşmadığı illərdə əsgərlərlə görüşündən, birbaşa döyüş bölgələrində çoxsaylı konsertlər verməsindən danışdı. Cəbhə xatirələri də ifası kimi kövrək hisslərlə yoğrulmuşdu. Həmin görüşlərin, döyüşən ordu qarşısında verdiyi konsertlərin bir çoxunda mən də iştirak etdiyimə görə həmin hissləri demək olar ki, bərabər yaşadıq və ...
...Və yenidən görüşüb xeyli söhbət etdik. Muğam üstündə yazılan operalarımızda ondan çox rolun ifaçısı olan, bütün sənət adamlarını özünün müəllimi hesab edən Rafiq Abbasovla olub-keçənlərdən danışdıq. Müsahibim ömür yolunu qısa da olsa vərəqlədi:
— Ağcabədi rayonunun Hacılar kəndində doğulub böyüsəm də, ata yurdumuz Ağdamın Kolanı kəndidir. Ona görə də gözümü açandan muğam eşitmişəm. Uşaq olanda ən çox iki ifanı sevirdim — atamın və Yaqub Məmmədovun səsini. Atam əsasən şikəstələr oxuyurdu. Xüsusən Qarabağ şikəstəsini böyük zövqlə, məharətlə ifa edirdi. Yaqub Məmmədovun ifasını isə iki yüz, üç yüz il əvvəl muğam oxumuş sənətkarlardan bugünkü xanəndələrə uzanan muğam körpüsü kimi qəbul edirəm. Bu, bir faktdır ki, həmin səc körpüsündən yüzlərlə soydaşımız bəhrələnib. Mən Yaqub Məmmədovu tanıyanda neçə yaşım olduğunu xatırlamıram. Amma o yadımdadır ki, ustad özü məni qaldırıb stolun (bəli, stulun yox, stolun) üstünə qoyub dedi ki, oxu görüm, nə oxuyursan. Oxudum, əhsən dedi. Böyük sənətkar idi.
Ümumiyyətlə, uşaqlıqdan sözə, sənətə, musiqiyə marağım olsa da, böyük səhnəyə gəlişim çox dolanbaclı yollardan keçib. Bir tərəfdən də məni daim izləyən maddi ehtiyac həmişə əl-qolumu bağlayırdı. Amma bunlara baxmayaraq ömrüm boyu xeyirxah insanların köməyini görmüşəm. İndi Opera Teatrında iştirak etdiyim hər tamaşadan sonra üzümü göyə tutub deyirəm ki, ya Allah, mənim xeyirxahlarıma kömək ol, ölənlərinə rəhmət elə. Qısa bir müddət oxuduğum Neft-Kimya İnstitutunda Malik Ramazanzadə, fəhləlik etdiyim Səttarxan adına zavodda İmran Rəsulov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin keçmiş rektoru Aslan Aslanov və nəhayət, Opera və Balet Teatrının direktoru Akif Məlikov, sözün həqiqi mənasında, heç zaman unuda bilməyəcəyim, 55 illik ömrümdə ən böyük xeyirxahım olan insanlardır.
Universitetin teatr və təsviri sənət fakültəsinin musiqili komediya aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. Böyük sənətkarlar Niyazi, Mehdi Məmmədov, Əşrəf Quliyev, Ənvər Dadaşov və başqa müəllimlərdən özüm haqqında xoş söz eşidəndə elə bilirdim ki, dünya mənimdir. Deyilənə görə, Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasının tələbələr tərəfindən hazırlanan tamaşasında Vəli rolunu (Telli Mələkxanım Əyyubova idi) yaxşı oynamışdım. Elə Aslan müəllimin mənim haqqımda “Əhsən, afərin” — deməsi də həmin tamaşadan sonra olmuşdu.
Ali məktəbdən sonra sərbəst təyinatla bir müddət Ağdam Dövlət Teatrında və Ağcabədidə Mədəniyyət Evində çalışdım. Sonra yenidən Bakıya gəldim. 90-cı ilin ağır günləri idi. Həm işsiz idim, həm də Bakıda heç kəsin ağlına gəlməyən hadisələr baş verirdi. Yarvarın 22-də şəhidləri dəfn edəndə elə bilirdim ki, məzara qoyulanlardan biri də mənəm. Növbəti şəhidi dəfn edəndən sonra Opera və Balet Teatrının solisti, köhnə dostum Arif Qədimovla görüşdüm. Həddən artıq emosional olduğuma görə Arif məni oradan kənarlaşdırdı. Söhbət edə-edə onun iş yerinə gəldik. Bu küçədə də eyni vəziyyət idi. Şəhid tabutu gətirirdilər. Üstündə şagird önlüyü var idi. Hamının gözü yaşlı idi. Mən də özümü saxlaya bilmədim və şəhid uşağa ağı oxudum. Sən demə, izdihamın arasında Opera və Balet Teatrının direktoru Akif Məlikov da var imiş. Bunu böyük sənətkarımız Kazım Əliverdibəyovun teatra işə götürülməyim barədə Akif müəllimə müraciətindən sonra öyrənmişdim. Beləcə növbəti xeyirxahım da Akif Məlikov oldu.
Bu teatrda çalışdığım 17 ildə “Leyli və Məcnun”da birinci ərəb, ikinci ərəb, Zeyd, İbn Səlam, Məcnunun atası, “Aşıq Qərib”də Azançı, Xacə, Aşıq Səlim, Mahmud Paşa, “Şah İsmayıl”da Zəvvar, “Gəlin qayası”nda Əmioğlu və başqa rolları ifa etmişəm. Həmişə ən çox sevdiyim rol Məcnunun atası olub. Eyni zamanda teatrın qastrol səfərlərində həm solist, həm də aparıcı kimi müntəzəm olaraq iştirak etmişəm. Bütün bunları ona görə deyirəm ki, Akif müəllimin xeyirxahlığına öz imkanım daxilində məsuliyyətlə cavab vermişəm.
Bu gün də Zeynəb Xanlarova, Arif Babayev, Qulu Əsgərov, Gülxar Həsənova və digər opera solistlərinin ifalarına dönə-dönə qulaq asmağı, “opera oxumaları”ndan dərs almağı böyük məmnuniyyətlə davam etdirirəm. Çünki opera solisti üçün səs və aktyorluq məharəti hələ hər şey deyil. Bu qabiliyyətləri olan solist də hər gün, hər saat öyrənməlidir...
Müsahibimə qulaq asdıqca düşünürdüm ki, həyat bizi öz dolanbac yollarından keçirərək istəklərimizə, arzularımıza qovuşdurur. Rafiq söhbətini ən böyük istəyini dilə gətirməklə bitirdi: — Ən böyük arzumuza — Qarabağa qayıtmaq, sönən ocaqlarımızı yandırmaq arzumuza da tezliklə çatarıq, inşaallah. Hərdən ürəyimdən belə misralar keçir: “Dönüb olaydıq qara daş, atılaydıq Vətənə kaş”. Heç olmazsa daş kimi o yerlərə dönmək istəyirəm. Sənət adamlarının fəxri ad, tituldan da üstün qazancı “torpaqlarımız düşməndən azad edildi” sözünü tezliklə eşitmək olmalıdır. Əminəm ki, bu, belə də olacaq.

Xalq qəzeti.-2007.-25 fevral.-S.7.