“2000-ci ildən Moskvada
fəaliyyətə başlayan Nəsibə Zeynalova adına
Estrada Teatrı təsəvvürümüzdə olan teatr
kimi fəaliyyət göstərmir. Bu
Teatrda 7 il ərzində bir tamaşa da hazırlanmayıb”. Bu açıqlamanı APA-ya
xalq artisti Nəsibə Zeynalovanın
nəvəsi Nəsibə
Əsgərova verib. Son vaxtlar teatrın
rəhbəri Sərxan
Kərəmoğlu ilə
heç bir əlaqəsinin olmadığı
bildirən N. Əsgərova
onun başqa sahədə fəaliyyət
göstərdiyini deyib:
“Sərxan Kərəmoğlu
bir neçə film çəkdi, bunları da bədii film adlandırmaq olmaz. Mən onu sənətdən
kənar şəxs hesab edirəm. Düzdür, hansısa işlər görür, ancaq teatrın məhz estrada kimi fəaliyyət göstərməsi yaxşı
hal deyil. Nəsibə Zeynalovanın
adını daşıyan
teatrda ancaq konsertlər təşkil edilir, səhnəciklər
göstərilir”. N. Əsgərova
teatrın truppasının
olmadığını da
vurğulayıb. O həm
də teatrın fəaliyyəti ilə bağlı Sərxan Kərəmoğlu ilə
danışmaq üçün
səlahiyyətinin olmadığını
deyib: “Moskvaya köçərək bu işlə məşğul
olmağa səlahiyyətim
çatmır, çünki
rejissor deyiləm. Teatrın truppası olmalıdır, ancaq bu teatrın heç truppası da yoxdur”. Məsələyə
münasibət bildirən
Sərxan Kərəmoğlu
APA-ya açıqlamasında
teatrın Nəsibə
Zeynalovanın yolunu davam etdirməsi üçün külli miqdarda vəsaitə ehtiyacı olduğunu deyib: “Teatrda bir il ərzində
üç konsert təşkil edirik. Bu gün Moskvada
tamaşa hazırlamaq
qeyri-mümkündür. Tamaşanı
qoymaq üçün
orada ən azı 10 nəfər iştirak etməlidir ki, bu, tamaşa
hesab edilsin. Həmin tamaşa üçün satılan
biletlərdən gələn
gəlir isə tamaşada iştirak edəcək 10 nəfərin
xərcinin heç 10
faizini ödəmir. Bu gün Nəsibə
Zeynalovanın adını
daşıyan teatrın
estrada janrında
fəaliyyətə üstünlük
verməsinin səbəbi
budur”.
Ekspress.- 2007.- 23 fevral.- S. 13.