Teatrların tamaşaçı problemi

 

Əlahəzrət tamaşaçını teatra gətirmək üçün nə etməli?

 

Bu gün Azərbaycan teatrları tamaşaçı üzünə həsrətdir. Bu da artıq hamının əlində bayrağa çevrilib. Bundan ziyan çəkən , xeyir görən danışır. Amma tamaşaçını teatra qaytarmağın konkret yolunu göstərən yoxdur. Hərə bunu bir cür izah edir. Bəziləri bunu camaatın maddi durumunun aşağı səviyyədə olması, bir çoxları isə səhnəyə qoyulan keyfiyyətli tamaşaların azlıq təşkil etməsi ilə əlaqələndirir. Maraqlıdır ki, bizim teatrlardan fərqli olaraq Səməd Vurğun adına Rus Dram Teatrının tamaşaları həmişə anşlaqla keçir. hətta tamaşaçıların bu teatrın tamaşaları üçün bir-iki həftə əvvəldən bilet sifariş etdiyinin şahidi olmuşuq. Rusdilli təbəqə üçün nəzərdə tutulan bu teatra tamaşaçı axınının görəsən səbəbi nədir? Rus Dram Teatrının tamaşalarına gələn tamaşaçıların böyük əksəriyyəti azərbaycanlılardır. mənim bildiyimə görə, Rus Dram Teatrının yetkililəri tamaşaçıları həmin tamaşalara yalvarıb dəvət etmirlər. Bu sözlərlə teatrlarımızda çalışanların xətrinə dəymək istəməzdim, amma bu reallıqdır. Rus Dram Teatrına tamaşaçı axınının səbəbini öyrənmək üçün teatrın direktoru Marat İbrahimovla əlaqə saxladıq. Marat müəllim bildirdi ki, tamaşaçını teatra cəlb etmək üçün gecə-gündüz çalışırlar":: "Bunun üçün işləmək lazımdır. Bundan başqa, hər bir teatrın öz xüsusiyyəti, repertuarı, tamaşaçısı var. Ancaq repertuardakı tamaşalarla tamaşaçıları cəlb etmək üçün, yenə deyirəm, işləmək lazımdır. Sözün düzü, mən bizim teatra gələn tamaşaçıları saymamışam... Ancaq o biri teatrlara da gedirəm ola bilər ki, mən ancaq premyeralara getdiyim üçün belədir, görürəm ki, ora da tamaşaçı gəlir. Hər halda, bu gün Azərbaycan teatrlarında belə bir problem var. Mən hesab edirəm ki, bunun əsas səbəbi teatrların şəhərimizdə adi reklam afişaları asmağa imkanlarının olmamasıdır. Xalqa çatdırmaq lazımdır ki, teatrda hansı işlər görülür, hansı tamaşalar hazırlanır. Bizim bu gün rus dilinə tərcümə olunmuş bütün əsərləri səhnələşdirmək imkanımız var. günümüzlə səsləşən əsərləri axtarıb tapırıq". Opera Balet Teatrı mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyevanın dediyinə görə, təmsil etdiyi teatrın öz tamaşaçısı olduğu üçün bu sarıdan elə bir problem yoxdur":: "Bizdə əsasən klassik operalar, baletlər səhnəyə qoyulduğundan tamaşaçılarımız da əsasən ziyalı təbəqəsinin nümayəndələridir. Digər tərəfdən, xaricdən tanınmış opera ustalarını dəvət etdiyimizə görə tamaşaçı buna da böyük önəm verir, yeni ifa yeni səslə tanış olmaq istəyir". Akademik Milli Dram Teatrının adının çəkilməsini istəməyən əməkdaşının cavabı belə oldu":: "Bizdə rusdilli əhali üçün cəmi bir teatr var. İkincisi ki, teatrda yaxşı tamaşa olanda tamaşaçı ora axışır. Bu gün tamaşaçını teatra cəlb etmək üçün lazım olan əsas amillərdən biri reklamdır. Reklam müasir dövrün tələbidir. Reklamın böyük dəyəri var. Misal üçün, o biri teatrlarla muqayisədə bircə biz çalışırıq ki, çətin olsa reklamdan istifadə edək. həmin reklamların nəticəsi olaraq tamaşaçı gəlir. Bu gün telekanallar teatrlara reklamlarını verməkdə güzəştə getsələr, bunun nəticəsi yaxşı olar. Tamaşaların keyfiyyətinə müasirliyinə gəldikdə isə, əgər repertuarlarımızı analiz etsək, görərik ki, bu gün bizim repertuarda 40-dan çox tamaşa var. Rus Dram Teatrında göstərilən tamaşalara diqqət yetirsəniz, görərsiniz ki, əksəriyyəti müzikldir." Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru Elxan Ocaqov Rus Dram Teatrının artıq klassik stildən yeni stilə keçdiyini deyir. "Bu gün Rus Dram Teatrı yüngül, şou xarakterli tamaşalar hazırlamaqla məşğuldur. Bugünkü tamaşaçı da yüngül, şou xarakterli tədbirlərə, tamaşalara daha çox meyllənir. Ancaq bizim ixtiyarımız yoxdur ki, tamaşaçı arxasınca qaçmaq xatirinə teatrımızın 90 illik tarixini unudub, öz oxundan çıxarıb, şou teatrına çevirək. Digər tərəfdən, başqa teatrlarla müqayisədə bizim teatrda tamaşaçı qıtlığı yoxdur". Dövlət Gənc Tamaşaçılar Teatrının truppa müdiri Ələsgər Muradxanlının sözlərinə görə, Rus Dram Teatrı öz tamaşaçılarını qazandığı üçün tamaşaları anşlaqla keçir. Ələsgər müəllim onu da qeyd etdi ki, son zamanlar teatr biletlərinin satış qiymətinin qaldırılması Gənc Tamaşaçılar Teatrının tamaşaçılarının azalmasına səbəb olub":: "Əvvəllər bir biletin qiyməti 1-2 manata idisə, indi 4-6 manata qalxıb. Təhsil Nazirliyi tərəfindən məktəblərdə bilet satışının qadağan olunması da teatra mənfi təsir edir." Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəhman Quliyevin sözlərinə görə, rəhbərlik etdiyi teatrın tamaşaçısız qalmasının əsas səbəbi təhsil naziri Misir Mərdanovun məktəbəqədər, orta ümumtəhsil müəssisələrində teatr biletlərinin satışını qadağan etməsi barədə göstəriş verməsidir":: "Bizə məktəblərdə uşaqlara bilet satmağa icazə vermirlər. Bəs onda neyləyək? Bizim teatra mədəniyyət nazirindən başqa heç kim kömək etmir. Bizim uşaqların sevimlisi olan aktyorlarımız var ki, bircə dəfə rayonlara qastrola apara bilmirik. Ələkbər əmi (əməkdar artist Ələkbər Hüseynov -İ.H.) qastrola gedə bilmir, ona görə ki, Misir Mərdanov icazə vermir. Təhsil nazirinin sərəncamını uşaq teatrına şamil etmək düzgün deyil. Biz məcbur olmuşuq, aztəminatlı ailələrin qaçqın uşaqları üçün pulsuz tamaşa göstərək ki, uşaqları teatra cəlb edə bilək. Bununla da planı doldura bilmirik

 

Üç nöqtə.-2007.-23 fevral.-S.13.