Mehdixanlı T.

 

Qayğıkeş insan, pedaqoq teatr xadimi

 

On il əvvəl dost-tanışları, sənətsevərlər milli teatrımızın görkəmli nümayəndələrindən biri, respublikanın xalq artisti, gərgin əməyi, istedadı sayəsində yüksək nüfuz qazanmış Lütfi Məmmədbəyovun ad gününü qeyd etməyə hazırlaşırdılar. Həmin ərəfədə onun ünvanına ulu öndər Heydər Əliyev təbrik məktubu göndərmişdi: "Hörmətli Lütfi Məmmədbəyov! Sizi - Azərbaycan teatr kino sənətinin görkəmli nümayəndəsini anadan olmağınızın 70 illiyi münasibətiylə səmimi qəlbdən təbrik edirəm"...
Sevilən sənətkar bu isti, doğma təbriki qədərsiz məhəbbətlə qarşıladı. Fəxr etdi ki, xidmətləri belə dəyərləndirilib.
L.Məmmədbəyov hələ sağlığında canlı klassik zirvəsinə ucalmışdı. Əlbəttə, bu hörmət ona asan başa gəlməmişdi. Çətin həyat yolu keçmişdi. Onu mərd, həssas ürək sahibi kimi tanıyırdılar. Dilinə "yox" sözü gəlməzdi. Gecənin hansı aləmində mənzilinin qapısı döyülsəydi, tərəddüdsüz açardı, gələnə imkanı daxilində əl tutar, qayğısını ondan əsirgəməzdi. Bu məziyyətinə görə ona "Təcili yardım" təxəllüsü vermişdilər. Lazım gələndə ayrı-ayrı vəzifə sahibləri ilə görüşər, nüfuzu sayəsində çalışardı ki, ona müraciət edənin gileyinə, incikliyinə son qoyulsun. Əzab-əziyyətə tab gətirib səhnədə, ekranda oynayacağı rolu varlığında yaşadardı. Hazırda Azərbaycan teatr sənətində çalışanların əksəriyyəti onun tələbələri, yetirmələridir.
O, səksən il əvvəl Ağdaşda dünyaya göz açmışdı. Bakıda teatr texnikumunu bitirib, Musiqili Komediya Gənc Tamaşaçılar teatrlarında aktyorluq fəaliyyəti göstərmişdi. Bir müddətdən sonra Azərbaycan Dövlət Teatr İnstitutunda unudulmaz sənətşünas Mehdi Məmmədovun kursunda oxumuşdu. 1953-cü ildə təşəbbüsü ilə yaratdığı xalq teatrına qırx ildən artıq rəhbərlik etmişdi. Bu gün tanınan aktyorların, rejissorların əksəriyyətinin ilk sənət yolu həmin xalq teatrından başlayıb. 1961-ci ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Milli Akademik Dram Teatrında çalışdı. Xeyli tamaşalara quruluş vermiş, müxtəlif rollarda səhnəyə çıxmışdı. Dövlət televiziyasında 60-dan artıq teletamaşaları lentə almışdı. Uğurlu, baxımlı ekran əsərlərinə görə "Qızıl Dərviş" mükafatına layiq görülmüşdü. Lütfi müəllimi xalq artisti Yaşar Nuri belə xatırlayır:
- O, mənim kimi çoxlarının əlindən tutub, səhnəyə, sənətə aparıb. Bizlərə yeriş, duruş, baxış, gülmək-ağlamaq öyrədib. Ona inandığımızdan ardınca getmişik. Hər tapşırığına əməl etmişik, məsləhətlərini, verdiyi mizanları yadımızda saxlamışıq. Onunla eyni sənət məbədində birgə işləməyimizi ən yüksək nailiyyətimiz, qələbimiz bilmişik. Lütfi müəllim həddən artıq sadə, qədirbilən insan idi. Elədiyi, göstərdiyi yaxşılıqları heç vaxt dilinə gətirməz, üzə vurmazdı. Yetirmələrini harada görsəydi: "Gülüm oğlan, necəsən?" - deyib, bizlərlə səmimi görüşər, əhvalımızı soruşardı. Uğurumuza sevinər, qüsurlarımızı üzümüzə deyərdi. Onu tanıdığım gündən mənzilinin telefon nömrəsi dəyişmədi. Vaxt-bivaxt çoxları ona zəng edər, məsləhət alar, maddi-mənəvi kömək istəyərdi. Bəzən özüm-özümdən soruşuram: görəsən, həmin telefon zəngləri onu, ailə üzvlərini bezdirmirdi? Şəxsən mən bunu heç zaman hiss etmədim. Lütfi müəllim çoxlarımızın elçiliyinə gedib, toylarımızda doyunca oynayıb, küsülüləri barışdırıb. Birimizin ürcahına gözlənilməz hadisə çıxanda narahat olardı, tez-tez əlaqə saxlar, vəziyyəti öyrənərdi. Dost-tanışına səadət, xoşbəxtlik arzuladığından özü nümunəvi həyat yoldaşı, ata, baba, əsl ailə başçısı kimi tanınmışdı.
L.Məmmədbəyov oxşarsız aktyor idi. Teatrda fəaliyyəti ərzində 365 rol oynamışdı. İlk anda bu rəqəm qürur hissi oyadır. Eyni zamanda, çəkilən zəhməti gözlər önündə canlandırır. 365 dəfə oynadığı rollara uyğun qrimlənmək, libas geymək asan deyil. Saatlarla ayna qarşısında əyləşib haldan-hala düşmək sənət fədaisi olmaqla yanaşı, həm hünər, həvəs tələb edir. Sevib-seçdiyi sənətinə qəlbən vurğun olan Lütfi müəllim bu ya digər cəfalardan əsla bezməzdi. Tamaşaçılar onun çəkildiyi bədii filmləri unutmayıblar. "Səhər" Aslan, "Qızmar günəş altında"da Xəlil, "Bəxtiyar"da Həbib, "Sehirli xalat"da Əli müəllim... Bu rollar epizodik olsa da, həmin ekran əsərlərinin ümumi məntiqinə, mənalarının qavranılmasına müsbət təsir göstərmişdi. Həm sevimli aktyorun ömründən qalan kino xatirələri, yadigarlarıdır.
Yaranış tapdığı çağlardan üzü bəri həmişə milli teatr sənətinin rejissor işi baxımından bəxti gətirmişdi. H.Ərəblinski, Ə.Haqverdiyev, A.Tuqanov, A.İsgəndərov, M.Məmmədov, T.Kazımov, Ə.Quliyev, L.Məmmədbəyov... kimi layiqli sənət xadimlərimiz olub. Lütfi müəllim sözün həqiqi mənasında, tamaşalar qalereyası yaradıb. İ.Əfəndiyevin "Atayevlər ailəsi", "Sarıköynəklə Valehin nağılı", M.Hüseynin "Alov", İ.Səfərlinin "Göz həkimi", Ə.Məmmədxanlının "Şərqin səhəri", B.Vahabzadənin "Kimdir haqlı?", "Vicdanla üz-üzə", Ç.Aytmatovun "Qırmızı yaylıqlı qovağım mənim"... hamısı cəmlənəndə 60 tamaşa! Hər biri yeni mizanlar, tərtibatlar, quruluşlar, aktyor seçimi, məşqlər, baxışlar tələb edən səhnə, ekran əsərinə ən azı 8-10 ay vaxt sərf olunursa, bu 60 rəqəmin fonunda rejissor Lütfi Məmmədbəyovun hansı əzablara qatlaşmasını hiss etmək, təsəvvürə gətirmək çətin deyil. Populyar "Atayevlər ailəsi" teletamaşada əsas rolların ifaçılarından biri xalq artisti Zərnigar Ağakişiyeva deyir:
- Mərhum Lütfi müəllim çox tələbkar aktyorun səhvini bağışlamayan, ancaq kinsiz-küdurətsiz rejissor idi. Məşq zamanı əsəbiləşərdi. Azacıq keçmiş ürəyi yumşalardı. Deyərdi: "Bu təkcə mənim deyil, həm sizindir. Xahiş edirəm diqqətli olun". Atalar sözüdür: "Adam var ki, adamların naxışıdır..." Ustadımız Lütfi müəllim həmin o naxışlardan biriydi. Onun aramızda olmamasına hələ inanmıram.
O, uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin professoru idi. Tarixə "keçid dövrü" adı ilə yazılan vaxtlarda öləziyən teatrlarda yenidən inkişaf, tərəqqi mərhələsi yaradılmasında onun əməyi, xidmətləri bu gün ehtiramla yad olunur. Lütfi müəllimin bədii rəhbəri olduğu xalq teatrını "bitirənlərdən" 50 nəfər xalq artisti, 54 nəfər əməkdar incəsənət xadimi fəxri adlarına, 28 nəfər isə Dövlət mükafatına layiq görülübdür. O, eyni zamanda, respublika teleradio yayımlarında kamera, mikrafon qarşısında ilk sərbəst fikir söyləyən, mahir aparıcılardan biri oldmuşdu. Dövrün məşhur televiziya verilişləri "Səhər" musiqili informasiya proqramı, "Teatr görüşləri", "Sənətkar zaman", "Aktyorlar, rollar" verilişləri məhz L.Məmmədbəyovun səyi, istedadı, aparıcılığı sayəsində illərlə ekran ömrü yaşamış, tamaşaçı alqışı, sevgisi qazanmışdı.
İstedadlı aktyor, rejissor
, qayğıkeş pedaqoq Lütfi Məmmədbəyovdan tez-tez eşidərdik: "Əgər ikinci dəfə bu işıqlı dünyaya gəlsəm, yenə canımı teatrımızın inkişafı uğrunda qurban verərdim". O, sənətini sevdikcə özü şöhrət zirvəsinə ucalardı. Çoxsaylı tamaşaçı məhəbbəti qazanardı. Əməyi vaxtaşırı qiymətləndirilərdi. Daim hörmətli tutulan teatr xadimi idi. Xalq artisti fəxri ada, Dövlət mükafatına layiq görülmüşdü. 70 illik yubileyi münasibətilə ədəbiyyatımızın, mədəniyyətimizin qayğıkeşi ulu öndər Heydər Əliyev 13 mart 1997-ci ildə fərman imzalamışdı: "Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə Lütfi Şahbaz oğlu Məmmədbəyov "Şöhrət ordeni ilə təltif edilsin". Budur, halal əməyə, gərgin zəhmətə verilən yüksək qiymət! Ömrünün son anınadək o, bu yaxşılıqdan, etimaddan, ehtiramdan həvəslə danışardı.
Qayğıkeş insan, pedaqoq, görkəmli teatr xadimi Lütfi Məmmədbəyov örnək olası mənalı ömür yaşadı. İndi
onun əziz xatirəsi, səksən illik yubileyi sənətsevərlər tərəfindən hörmətlə, məhəbbətlə yad olunur.

 Azərbaycan
.-2007.-6 fevral.-S.7.