Mehdixanlı T.
Xalq artisti,
səhnə və ekran ustası Əliabbas Qədirov
tələbəlik illərindən C.Cabbarlının
"Aydın", H.Cavidin "Azər", A.Salinskinin
"Təbilçi qız" tamaşalarında
böyük həvəslə oynamışdı. Son kursda oxuyanda onu görkəmli teatrşünas, rejissor Mehdi Məmmədov Akademik Dram Teatrında
quruluş verdiyi "Xəyyam" tamaşasında
Yusif roluna dəvət etmişdi. Həmin gündən də o, Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrında
fəaliyyət göstərib.
O, artıq aramızda
yoxdur. Əliabbas altmış yaşının
tamamından azacıq
keçmiş doğmalarına,
dostlarına həmişəlik
"əlvida" deyib,
neçə-neçə
istəklərini, arzularını
varlığında dondurub
haqq dünyasına apardı.
Əliabbası tanıyanlar,
yoldaşlıq edənlər
ondan bu deyimi tez-tez eşidərdilər: "Teatr mənim qibləgahım, evim, isti ocağım, önündə baş əydiyim müqəddəs
məbəddir". Onun ürəyindən
süzülüb səslənən
bu sözlər inandırıcıydı, səmimi
qarşılanardı. Çünki
dediyi həqiqət idi, qanından, canından gələrdi. Ən əsası isə, sevib-seçdiyi sənətə vurğunluğu
göz qabağındaydı.
Hələ uşaqlıq,
yeniyetməlik çağlarında atası Gülabbas kişi onun oxuduğu orta məktəbləri azından beş dəfə dəyişmişdi
ki, teatr binalarından kənar olsun. Amma bu
canfəşanlıq əbəs
imiş. Ata övladını niyyətindən
heç cür çəkindirə bilməyib.
Gülabbas kişi günlərin birində iş-gücündən ayrılıb on dörd yaşlı oğlunu izləməyə
başlayır. Əliabbas
isə atasının
məqsədindən xəbərsiz
min bir həvəslə,
xoş ovqatla küçələri, dalanları
keçir, o zaman gəncləri maqnit kimi özünə
çəkən məşhur
Dəmiryolçular klubuna
gəlir. Atası onun içəri keçdiyini görüb öz-özünə:
"Hə, demək bu sərsəm dərsdən sonra bura gəlirmiş" deyir. O da kluba
daxil olur. Bu zaman çoxdan
tanıdığı, xatirini
əziz tutduğu xalq artisti, oradakı
teatr dərnəyinin rəhbəri Ağadadaş
Qurbanovla rastlaşır.
Narahatlığını, gileyini ona bildirir:
"Bilirsən ki, mən bu yaşıma
qədər hansı zillətlərlə qarşılaşmışam.
Bir tikə çörək qazanmaq üçün sübh tezdən evdən çıxıb bir də qaranlıq düşəndə qayıdıram.
İstəmirəm ki,
balam da mən çəkən əzablara düçar olsun. Arzumdur ki, o, oxusun,
təhsil alsın".
Mərhum sənətkar
üz-gözünü turşudur.
Yarızarafat-yarıciddi
danışmağa başlayır:
"A kişi, ay Gülabbas, fəxr elə ki, sənin
sənətə meyil
salan övladın var. O, heç bir naqis hərəkət
etmir. Sadəcə olaraq könlündən aktyor olmaq keçir.
Rəbbim istəyini həqiqətə çevirsin".
Ata daha danışmağa, deməyə
söz tapmır. Görkəmli aktyordan eşitdikləri ona təskinlik, rahatlıq verir. Oğlunun gələcək tale-qismətini gözləməkdən
özgə çarəsi
qalmır. Nəhayət,
1965-ci ildə Əliabbas
Qədirov Azərbaycan
Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu
fakültəsinə daxil
olması barədə
xoş xəbərlə
evlərinə gəlir.
Çoxları sevindi.
Həmin gündən
də gəncin həyat yolu müəyyənləşdi.
Ə.Qədirov
Akademik Teatrın səhnəsində əllidən
artıq müxtəlif
xarakterli, qiyafəli, qrimli obraz yaratdı.
Onların sırasında
klassik mövzuda olanlar da var
idi, müasirləri də. Müntəzəm məşqlərə gedər,
tələbkar, ayrı-ayrı dünyagörüşlü
rejissorları dinləyər,
onların verdikləri mizanları yadda saxlamağa çalışardı. Bilirdi
ki, hər rolu araya-ərsəyə
gətirmək böyük
zəhmət tələb
edir. O da şirin yuxusuna haram qatardı. Oynayacağı rolun hər sözünün mənasını, məntiqini
dərindən mənimsəyərdi.
Yazıçı-dramaturq
Sabit Rəhmanın
"Küləklər" pyesindəki Xosrov rolu Əliabbası tez bir zamanda
populyarlaşdırdı. Səhnədə
ilk baxışda sadə görünən bu obraz əslində
mürəkkəb xarakterə,
tünd xasiyyətə
malik idi. Həmin səhnə əsəri haqqında teatrşünas Cəfər
Cəfərov geniş
məqalə dərc etdirmişdi. Müəllif
xüsusi vurğulamışdı
ki, Ə.Qədirovun oynadığı
Xosrov rolu fərd kimi yox, tamaşanın mahiyyətinin, mənasının
açılmasına xidmət
edən başlıca
amil təsirində baxılır və yadda qalır.
Ə.Qədirovun
ifasında C.Cabbarlının
"Aydın" tamaşasında
İlyas, İ.Səfərlinin
"Yol ayrıcında"
Fateh, İ.Əfəndiyevin
"Hökmdar və qızı" pyesində
İbrahim xan, Ş.Qurbanovun "Əcəb
işə düşdük",
N.Xəzrinin "Mənsiz
dünya" əsərlərində
Muxtarov və Mirzə Şəfi rolları teatr tariximizə yazılıb.
Aktyor roldan-rola peşəkarlıq zirvəsinə
yüksələr, sənətsevərlərin
alqışlarını, rəğbətini
qazanardı. Ondan yadigar qalmış xatirələr toplusunda oxuyuruq: "1970-80-ci illər
arasında milli teatrımızın intibah
dövrü olub. Ulu öndər Heydər Əliyev bənzərsiz idarəçilik,
təşkilatçılıq qabiliyyətinə malik şəxsiyyət kimi, həm də sənətsevər, ədəbiyyatı,
incəsənəti gözəl,
dərindən bilən
ziyalı idi. O, yeni tamaşalarımızın
hamısına baxmış,
aktyor oyunları haqqında analitik təhlilli münasibətini
bildirmişdi. İncə
qəlbli, qüdrətli
yaddaş sahibi yaradıcı kollektivimizin
hər bir üzvünə qayğı
göstərərdi. Məhz
onun təşəbbüsü,
diqqəti sayəsində
çoxlarımıza fəxri
adlar verilmişdi. Mənə də sevinc qismət olmuşdu. Dövlətimizin
başçısından gördüyüm
yaxşılığı unutmaram".
Ə.Qədirov Mehdi Məmmədovdan, İlyas Əfəndiyevdən
hiss etdiyi, duyduğu mehribanlığı
da unutmurdu. Deyərdi ki, Mehdi müəllim
əlimdən tutub məni teatra gətirdi, İlyas müəllim isə sənətimə, səhnəyə
sevgimi daha da artırdı.
O, Azərbaycan Dövlət
Televiziyasının Ədəbi
dram verilişləri baş redaksiyası ilə sıx yaradıcılıq əlaqəsi
saxlayardı. "Komediyalar
aləminə səyahət" verilişinin
ilk aparıcısı
olmuşdu. Onun vaxtı ilə
oynadığı teletamaşaların
əksəriyyəti hazırda
"Qızıl fond"da saxlanılır. İ.Əfəndiyevin "Atayevlər
ailəsi" (Cahangir),
M.F.Axundovun "Hacı
Qara" (Heydər bəy), Ə.B.Haqverdiyevin "Bəxtsiz
cavan" (Fərhad), M.Bayçiyevin "Duel"
(İsgəndər) və
başqa teletamaşalar
Əliabbas Qədirovun
istedadını
parlaq şəkildə
üzə çıxarmış,
onu daha da tanıtmışdı.
Əliabbas Qədirov teatrda, kamera qarşısında uğurlu
fəaliyyəti ilə
yanaşı, həm də "ekran ulduzu" olmuşdu. Kinorejissor Eldar Quliyevin lentə aldığı
"Sevinc buxtası"
ikiseriyalı bədii
filmdə oynadığı
Nazim roluna görə respublika Dövlət mükafatına
layiq görülmüşdü.
O, eyni zamanda "Azərbaycanfilm" kinostudiyasında
"Xatirələr sahilində"
(İmran), "Nəğmə
dərsi"ndə (ata), "Nə yaxşı ki, Səməd Vurğun var"da (Vaqif),
"Bizim evin kişisi"ndə (Mansur), "Qızıl uçurum"da (Cəlil), "Qocalar"da (Fəriz), "Dənizdən
işarə"də
(Sultanov) və başqa kinofimlərə çəkilmişdi.
Ə.Qədirov
uzun illər pedaqoji fəaliyyətlə
də məşğul
olmuş, professor elmi dərəcəsi almışdı. Vaxtı
ilə özü yüksək qiymətlərlə
başa vurduğu ali təhsil ocağında - Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində sevdiyi
sənətdən dərs deyirdi.
Prezident təqaüdçüsü,
xalq artisti, Dövlət mükafatı
laureatı Əliabbas
Qədirovun ən böyük arzusu örnək keyfiyyətləri
ilə adı tarixə yazılan Hacı Zeynalabdin Tağıyevin obrazını
səhnədə yaratmaq
idi. Dünyasını
dəyişməzdən az
əvvəl niyyətinə
çatdı. Yazıçı-dramaturq Əli Əmirlinin "Mesenat"
tamaşasında Hacının
rolunu oynadı. Əsərin quruluşçu
rejissoru Bəhram Osmanov deyir:
- Məşhur milyonçu və
xeyriyyəçi Hacı
Zeynalabdin Tağıyev
obrazına məharətlə,
ustalıqla, ürəyinin
hərarətiylə səhnə
həyatı verən
Əliabbas Qədirov oynadığı qəhrəmanın
taleyi ilə yaşadı. Tarixi şəxsiyyətin fərəhi
də, iztirabları da onun ifasında
xatirələrdə qalıb.
Tamaşanın sonunda
Əliabbas - Hacı deyirdi: "Yaxşı əməl, xeyirxah niyyət unudulmur. Mən şeytana mərhəmətimlə qalib
gəldim..." Bu yerdə sürəkli alqışlar ara vermirdi. Nailiyyətimizdən
xarakterik rollar ifaçısı dostumuza
daha artıq pay düşmüşdü...
Əliabbas Qədirov altmış illik ömrünün 40 ilini teatr-kino işinə həsr etdi. Daha aramızda yoxdur. Təskinliyimiz isə budur: yaxşı adamlar unudulmur, yaddan çıxmırlar.
Azərbaycan.-2007.-14
fevral.-S.7.