Məhərrəmova T.

 

Anadangəlmə aktyor

 

Əliabbas Qədirov özünü olduğu kimi

xarakterizə etməyə çalışırdı

 

Hər insanın Tanrıdan bir ömür payı var. Bu ömrün vaxt biçimi də Yaradanın məsləhətidir. Onun bu dünyada qismətinə düşən ömür payı, yaşadığı illərin sayı ilə götürsək, o qədər də çox olmadı. Respublikanın Xalq artisti Əliabbas Qədirov 60 yaşında dünyasını dəyişdi. "Mənim ömür qatarım hansı dayanacaqdasa dayanacaq, duracaq" - deyə qəfil ölümü ürəyinə daman aktyor bu dünyanın ömür adlı qatarını sakitcə tərk elədi... Lakin səhnəyə həsr olunan ömrünün hər anı mənalı keçdi.

Hələ dünənə qədər səsi məşqlərdə, tamaşalarda zalı titrədən aktyorun - zabitəli səsi eşidilən bədii rəhbər və direktorun ölümə belə sakitcə təslim olmasına nə həmkarları, nə də tamaşaçılar uzun zaman inana bilmədilər.

 

Xarakterim belədir

 

Teatr sənətinə həvəsi lap uşaqlıqdan vardı. Bitib-tükənməyən həvəslə sənədlərini M.Əliyev adına İncəsənət İnstitutuna verərək, kino və dram aktyorluğu fakültəsinə daxil olmuşdu. Hələ tələbə olduğu illərdə oynadığı maraqlı obrazlar müəllimlərinin diqqətindən yayınmırdı. Sonra bu istedadı onu Akademik Milli Dram Teatrının səhnəsinə gətirir. Ömrünün axırına qədər də bu sənət ocağından ayrılmır. Akademik teatrın səhnəsində bir-birindən maraqlı, yaddaqalan obrazlar yaradır. Sənətin daşlı-kəsəkli yollarında çətinlikləri də olur. Çılğın xarakterinə görə bəzən rollarını itirir. Bəzən maneçilik üzündən inkişaf etməyə qoymurlar. Ancaq aktyorun zəhmətsevərliyi və yaradıcılıq axtarışları ilə birləşmiş istedadı sayəsində ərsəyə gələn rolları həmişə səhnəmizi bəzəyir. Bu müddətdə aktyor Əliabbas Qədirovun yaradıcılıq siması da müəyyənləşir. Aktyorluq müvəffəqiyyətləri onun coşqun istedada və bacarığa malik olduğunu göstərir. Ən əsası, bu onun tanınmış və sevimli bir Azərbaycan aktyoru səviyyəsinə qalxmasına kömək edir.

Ə.Qədirovun yaratdığı surətlərdə tamaşaçı aktyorun qəlbini duyurdu. "Uşaqlıqda sənət mənə çox ecazkar görünürdü. O ecazkarlıq mənim qəlbimdə qalıb-qalmayıb və ya ümumiyyətlə, qalıb, ancaq mən görə bilmirəm və ya görürəm, onu deyə bilmərəm. Ancaq bu, o demək də deyil ki, həmin ecazkarlıq məndə sönüb. O sönsə, burda işləyə bilmərəm" - deyə aktyor sonralar xatırlayırdı: "Mən yenə Akademik Milli Dram Teatrına, aktyorlara, reyissorlara ecazkar baxıram. Bura elə bir cazibəli, qeyri-adi yerdir ki, insanların hamısını çəkir. Bu belə də olmalıdır. Belə olmasa heç onun qiyməti olmaz. 30 ildən çoxdur ki, sənətə gəlmişəm. Əslində isə lap uşaqlıq dövründən - 9-10 yaşından özfəaliyyətdə, dram dərnəyində, xalq teatrında çalışaraq bu sənətlə məşğul olmuşam. Kim hansı sənətdə az da olsa öz yerini tapırsa, bu, anadangəlmə olur. İstər yaxşı müəllim, istər həkim, istər mühəndis və ya istər aktyor olsun - bu peşə sahibləri anadangəlmə olur. Ona görə məndə də anadangəlmə olub".

Ancaq öz işindən, qazandığı uğurlardan çox danışmağı xoşlamazdı. Sənət yoldaşları da onun bu xüsusiyyətini yaxşı bilirdi. Hətta deyirdilər ki, lap cavan vaxtlarından belə olub. "O qədər iddia eləmirəm ki, çıxıb "mən böyük artist, böyük sənətkaram" - deyim. Bu sənətlə tanındığım vaxtdan da danışmaqdan xoşum gəlmir - nə işlər görmüşəm, nə işlər görəcəyəm... Mənim də xasiyyətim budur. İnsanlar hamısı bir deyil ki. Müsahibə verəndə istər-istəməz gördüyün işlər, planların haqqında danışmalısan. Qoy məni kənardan görüb qiymət versinlər: gördüyüm işlər yaxşıdırmı, pisdirmi? Yaxşı görürlər yaxşı yazsınlar, pis görürlərsə pis. Və yaxud iş görmüşəmmi, görməmişəmmi? Bu vaxta qədər nə iş görmüşəmsə, həmişə özümdən narazı qalmışam. Yəqin ki, heç vaxt da özümdən razı olmayacağam. Mən özümütənqidi sevirəm. Kinoda, teatrda, televiziyada nə etmişəmsə, heç onun lentlərini yığmıram. Məndən bəzən arxivim haqqında soruşananlara "yoxdur" deyəndə təəccüblənirlər. Şəkil soruşanda da deyirəm ki, yoxdur. Məxsusi olaraq şəkil çəkdirim və yaxud lentləri yazdırıb evə yığım. Belə şeylərin marağında olmamışam. Demirəm ki, bu yaxşıdır, xarakterim belədir".

 

Qeyri-adi adam

 

Ad günlərini də keçirməyi xoşlamırdı. Onsuz da sürətlə ötüb-keçən illərin qeyd olunmasını mənasız sayırdı. Bəzi bu kimi xüsusiyyətlərinə görə özünü qeyri-adi adam adlandırırdı: "Görürsünüzmü, xarakterimdə bu da var. Qeyri-adi adamam. Camaat gözləyir ki, kimsə onu təbrik etsin, ad gününə qabaqcadan hazırlıq görür. Mənsə çalışıram ki, ad günüm hamının yadından çıxsın, məni təbrik etməsinlər. Ancaq milyondan biri seçilib məni təbrik edəndə, yenə də xoşuma gəldiyini bildirmirəm. Yalnız bir nəfər olsun ki, məni axtarıb tapsın və "səni ürəkdən təbrik edirəm" desin. Olursa, bir nəfər beləsi olsun".

Təbii ki, rəhbər vəzifədə olmaq müəyyən mənada zabitə, amiranəlik tələb edir. Məmurluğu bəzən məşq prosesində, bəzən də tamaşalar zamanı aktyorlarla münasibətinə mane olurdu. Deyirdi ki, heç vaxt amiranəlik mənada aktyorlara müdirlik etməyib. Hamıya öz doğma balası kimi yanaşıb: "Onlar məndən çəkinmək istəyirlər, ancaq elə bir şərait yaradıram və deyirəm ki, çəkinməyin, mən elə sizin yoldaşınızam. Hərdən özləri çaşırlar. Onlar çaşanda bunu hiss edirəm və "çaşmayın, mən həmin adamam, aktyoram, sizin dostunuzam", - deyirəm. Onlara amiranəlik mənada müdirlik, bədii rəhbərlik eləmirəm. Heç vaxt da eləmərəm. Yaradıcı adamlar çox kövrək, zərif qəlbli olurlar. Ona görə də onların qəlbinə toxunmaram. Həm də ki, müdirlik daimi deyil. Onu bilirəm ki, sənət daimidir" - deyə öz təbiətini belə xarakterizə edirdi.

Haqdır ki, insan hamıya eyni dərəcədə yaxşı ola bilməz. Buna görə də Əliabbas Qədirovu teatrda sevənlər də vardı, sevməyənlər də. Bəzən rollarının kiçikliyindən və ya rol ala bilməmələrindən və b. səbəblərdən gileylənənlər ondan narazılıqlarını gizlətmirdilər. Onun rəhbərliyi dövründə teatrda işləri "yağ" kimi gedənlər üçünsə heç şübhəsiz, Əliabbas Qədirov hər mənada böyük aktyor və gözəl insan idi.

Tamaşaçıya gəlincə, onun üçün kadr və pərdəarxasında olan olaylar mənasızdır. Onlar yalnız görünəni, təqdim olunanı qəbul edir və qiymətləndirirlər. Bu baxımdan Əliabbas Qədirov tamaşaçılar üçün həm kinoda, həm də teatrda sevimli aktyor idi. Onun Balaşı, Nazimi, Cəlili, Farizi, son illər oynadığı Şeyx Nəsrullahı, Hacı Zeynalabdin Tağıyevi və başqa obrazları tamaşaçılar üçün çoxdan doğmalaşmışdı.

 

Çətin həyatın vurğunu

 

Bu gün Əliabbas Qədirov haqqında ən müxtəlif aspektlərdə çox yazmaq, çox danışmaq olar. Peşəkar aktyorluğundan tutmuş, həyatdakı insani münasibətlərinə qədər. Aktyor özü isə özünü deyilənlərdən fərqli olaraq, olduğu kimi xarakterizə etməyə çalışırdı: "Mən heç vaxt özümün yaxşı tərəfimi görə bilməmişəm. Amma həmişə yaxşı işlər görməyə çalışmışam. Ailədə də, qohum-qonşularla, kollektivlə münasibətlərdə də, sənətdə də. Onsuz da özümdən narazı olub öz-özümü tənqid edirəm. "Mən yaxşı bədii rəhbərəm, müdirəm, filan rolu belə oynadım"- sözlərini deyə bilmirəm. Bircə onu bilirəm ki, mən ətalət basmış, tənbəl insan deyiləm. Səhər tezdən durub gecə yatana qədər mütaliə edib, ev işlərilə məşğul olmaq, sabah görəcəyim işlər haqqında fikirləşmək məndə hər gün olub. Gecə yatmamışdan qabaq beynimdə öz-özümlə iclas edirəm: nəyi pis elədim, nəyi yaxşı elədim... Həmişə özüm-özümü təftiş eləmişəm. Mənimçün hər şey rəvan olsa, yaşayışım çətinləşər. Mən sərt, çətin həyatı sevirəm. Bəzi adamlar yaxşı, rahat yaşamaq istəyir. Mənsə yaxşı, rahat yaşayışı ətalət sayıram. Mən istəyirəm ki, çətin yaşayım".

 

"Biz gedərik bu dünyadan..."

 

Ötən il fevralın 15-də - 60 yaşı tamam olanda Əliabbas Qədirov dövlətin yüksək mükafatı - "Şöhrət" ordeni ilə təltif olundu. Bu sevincin şirinliyini heç dadmamış - bir neçə gün sonra dünyasını dəyişdi. Artıq bir ilə yaxındır ki, Əliabbas Qədirov bu fani dünyanı tərk edərək həyatdan köç edib. Amma insanların yaddaşında oynadığı rollar qalıb. Ölümlərin, bu dünyadakı ömürlərin sonu da olsa, heçliyə yox, əbədiyyətə aparan yol olduğundan nahaq yerə xüsusi pafosla vurğulamırdı o, "Biz gedərik bu dünyadan..." şerini söyləyərkən. Xatirələrin bizdən sonra davam edəcək ömrümüz olduğuna da inanırdı. Ona görə özü də bu yolu seçdi - xatirələrə dönmək istədi...

 

Kaspi.- 2007.- 15  fevral.- S. 16.