Mükərrəmoğlu M.
Milli
xarakterlərin istedadlı yaradıcısı
Çox
nikbin, gülərüz insan idi. Teatrda hamı onun gəlişini gözləyirdi.
Bilirdilər ki, İsmayıl müəllim
teatra özü ilə dünya boyda sevinc gətirəcək.
Amma işdə tələbkarlığı çox
sevərdi. Rejissorlar ona həmişə hörmət və məhəbbətlə yanaşardılar.
İsmayıl Osmanlı
teatr aktyoru idi, ömrünün 50 ildən çoxunu Milli Akademik Dram Teatrında keçirmişdi. Ona qədər isə...
1902-ci ildə Nuxada (indiki Şəki şəhərində) doğulmuşdu.
1921-ci ildən Şəki,
sonra Gəncə klublarında həvəskar
aktyor kimi çıxış edən
gənc İsmayıl
1928-ci ildə Tiflisdəki
Azərbaycan teatrında
çalışıb. Bu
teatrın səhnəsində
Əbu Übeydi (“Od gəlini”), Surxayı (“Aydın”) yaradan aktyor sonradan Bakıya gəlir və AMDT-da aparıcı aktyorlardan biri kimi çıxış etməyə başlayır.
C. Cabbarlının, M. F. Axundovun, M. İbrahimovun
əsərləri dəfələrlə
bu teatrda səhnəyə qoyulub böyük tamaşaçı
marağına səbəb
olmuşdu. İsmayıl
Osmanlı 30-cu illərdən
başlayaraq bu teatrın səhnəsində
tamaşaya qoyulan klassik və müasir əsərlərin,
demək olar ki, əksəriyyətində müxtəlif səpkili rollarda oynayıb. Onların hamısını sadalamaq
fikrində deyilik. Lakin bəzi obrazlarını xatırlatmaq
istərdik. Bahadır bəy (“1905-ci il”),
Əbdül (“Solğun
çiçəklər”), Heydəroğlu (“Həyat”),
Şəkərlinski (“Kəndçi
qızı”), Surxay (“Toy”), Mirzə Qərənfil (“Xoşbəxtlər”),
Xəlil (“Əliqulu evlənir”), Əmrah (“Pəri cadu”), Məşədi Oruc (“Ölülər”), Hacı
Naib (“Dəli yığıncağı”), Təlxək
(“Kral Lir”), Karandışev (“Cehizsiz qız”), Tixon (“Tufan”), Malinin (“Lyubov Yarovaya”), İsidor (“Darıxma, ana”) kimi rolları ilə uzun illər
tamaşaçıların qəlbində özünə
yer tuta bilmişdi.
İsmayıl Osmanlı
teatrın kollektivinin dərin rəğbətini
qazanmışdı, onu
sevir və dərin hörmət bəsləyirdilər. Bu
aktyor təbii ifa tərzi, milli koloriti, geniş diapozonu ilə fərqlənirdi. Ona tapşırılan rolların əksəriyyəti
qəribə taleli insanlar idi. Bu
obrazlar arasında milyoner tacirlər, adi kənd adamları
və s. personajlar var. Aktyor bu rolların
ifası üçün
elə xarakterik cizgilər tapırdı ki, obraz bütövləşir,
tamamlanırdı.
İsmayıl Osmanlı
o aktyorlardan idi ki, onlar
həm teatrda, həm kinoda, həm də televiziyada böyük həvəslə çalışırdılar.
Filmlərimizdə də bu aktyorun yaratdığı
onlarla maraqlı obraz yadigar qalmışdır.
Şahbazov (“İyirmialtılar”),
Tağıyev (“Ulduzlar
sönmür”) filmlərindəki
tarixi şəxsiyyətlərin
rollarını böyük
ustalıqla yaradan aktyor milyonerlər üçün xas olan xarakterik cizgilər tapmaqla yanaşı, rollara ustalıqla milli kolorit verə bilmişdir.
Rza bəy (“O olmasın, bu olsun”) obrazı İsmayıl Osmanlı yaradıcılığında xüsusi yer tutur. Bu rol
o qədər böyük olmasa da, aktyor onu
sevərək yaradır
və bizlərə də sevdirə bilir.
Onun qəhrəmanları
humanist, mehriban, bəzən isə yazıq insanlardır. “Mən ki gözəl
deyiləm” filmindəki
poçtalyon Şərif
müharibənin ağır
günlərində kənddə
işləyir. Sadə,
səmimi, insanların
dərdinə şərik
olmağı bacaran bir insandır. Şərif kişi gecəli-gündüzlü
cəbhədən gələn
məktubları paylamaqla
məşğuldur. Bu
məktubların elələri
var ki, onları
ünvanlarına çatdırmaq
faciədir. “Qara kağız”ları gizlətmək isə müşkül işdir.
Səidəni özünə
köməkçi götürəndən
sonra məlum olur ki, o
Səidənin atasından
gələn “Qara kağız”ı da gizlətmişdir. Onun məktubu Səidəyə verdiyi anlarda keçirdiyi hissləri necə də ustalıqla ifa edir. O, içərisində
qəribə, təlatümlü
anlar yaşayır.
Şərif kişi filmin qəhrəmanı deyil, amma qəhrəmanların
xarakterlərinin açılmasında
mühüm əhəmiyyət
kəsb edən personajdır.
“Poçt qutusu”ndakı Novruzəli isə bu böyük
aktyorun yaratdığı
ekran qəhrəmanlarından
daha çox yaddaqalanıdır. O, qəhrəmanların
bütün cizgilərini
təbii şəkildə
verməyə çalışır
və buna nail olur. Xanla
görüşü, ac
ulağın belinə
boş un çuvalını atıb
acqarına yola düşdüyü, eyni
zamanda “poçt qutusu” yanında dayanıb xanın məktubuna qarovul çəkdiyi anlarda necə də təbiidir. Bəzən elə hiss edirsən
ki, bu aktyor
özünü oynayır.
Çünki İsmayıl
müəllim xaraktercə
çox səmimi insan idi. Elə
rollarında da bu, aydın hiss olunurdu.
İsmayıl Osmanlının
yaradıcılığından söhbət düşəndə
onun “Yeddi oğul istərəm” filmindəki Kələntər
rolunu unutmaq olmaz. Bu, olduqca
çətin və mürəkkəb bir obrazdır. Onun xarakterindəki təzadlı
məqamları aktyor çox ustalıqla açır. Filmin əvvəlində “Hamam, hamam içində” ifadəsini eşidəndə
elə hiss edirsən ki, o, xeyirxah bir
insandır. Amma gülləni Cəlala tuşlayanda bu insanın əsl xisləti üzə çıxır. Kələntər hər cür alçaqlığa qadir,
nifrətə layiq insandır.
“Əsil dost”da Şirəli, “Sehirli xalat”da
vəzir, “Yenilməz batalyon”da dərzi,
“Bakıda küləklər
əsir”də Əlibaba kimi rolları ilə İsmayıl Osmanlı kino sahəsində də istedadlı aktyor olduğunu təsdiq etmişdi.
Daha bir kəndli rolunu o, “Dəli
Kür” filmində yaratmışdı. Bu kinolentdəki milli xarakterlərdən biri — faytonçu Məmmədəli
kişinin obrazını
o çox bacarıqla yaratmışdı.
Bu kənd adamı oğlu Osmanı oxumağa göndərməkdən çəkinmir.
Baş verən hadisələri o qədər qiymətləndirə
bilməsə də, maarifçiliyin əhəmiyyətini
dərk edir.
İsmayıl Osmanlının
kinoda yaratdığı
ən qiymətli obraz “Nəsimi” filmində böyük hürufi şair Nəiminin obrazıdır.
Bu tarixi şəxsiyyəti yaratmaq
o qədər asan olmasa da,
aktyor onu məharətlə oynamışdı.
Nəimi aktyorun ifasında dövrünün
böyük şairi,
mübariz, öz əqidəsinə sadiq insandır. Tamaşaçı
onun simasında Nəiminin bütün əzablarını, iztirablarını
görür.
İsmayıl Osmanlı
mənalı ömrünün
50 ildən çoxunu
teatra, kino sənətinə həsr
etmişdi. Teatr rejissoru Tofiq Kazımov İsmayıl Osmanlı haqqında
1974-cü ildə çap
etdirdiyi monoqrafiyasında
onun səhnə fəaliyyətini geniş
və əhatəli şəkildə təhlil
etmişdi.
Dövlətimiz onun əməyini yüksək
qiymətləndirib. O, SSRİ xalq artisti fəxri
adına layiq görülmüş, həmçinin
Qırmızı Əmək
Bayrağı və “Şərəf nişanı”
ordenləri və medallarla təltif olunmuşdu.
Bu böyük sənətkarın xatirəsi
onun sənətini sevənlər tərəfindən
həmişə yad ediləcək, çəkildiyi
filmlər onu əbədi yaşadacaqdır.
Xalq qəzeti.- 2007.- 18 fevral.- S. 6.