Məhərrəmova
T.
Səhnədə
həqiqi gülüş yaradan adamlar olmalıdır
İlham
Namiq Kamal, Xalq artisti: "Hər bir sənət adamı
öz tərbiyəsini səhnəyə gətirir"
Hamı tərəfindən
tanınmaq və sevilmək... Bu, hər aktyora qismət olmayan
xoşbəxtlikdir. Bir qisim aktyorlar var ki, onları uşaqdan
böyüyə qədər hamı tanıyır.
Səhnədə görən kimi də üzlərinə
sevinc qonur. O aktyorların səhnədən deməyə
həmişə sözü olur. Tamaşaçı da ona
inanır. Bu inamı və məhəbbəti qazanmaq
üçün İlham Namiq Kamal illərdən bəridir
ki, uzun, lap uzun bir yol gəlir. Bu yolun enişlərinə,
yoxuşlarına özü qədər bələd olan ikinci
adam ola bilməz.
Səhnəmiz
gülməli adamlardan qurtarmalıdır
- İllər
keçir, yaş üstünə yaş gəlir. Hər bir
yaş sənətkarın özü qarşısında
hesabatıdır. Hazırsınızmı bu hesabata? Yoxsa
fikirləşirsiniz ki, hələ tezdir?
- Hər bir
sənət adamının - istər aktyor, istərsə
də reyissor olsun, onun yaradıcılığının
mərhələləri olur. Bu mərhələlər
keçdikcə istər-istəməz arxaya da nəzər
yetirməlisən ki, bu günə kimi neyləmisən. Bu, uzun
bir yoldur. Sənət adamı öz-özlüyündə
buna mərhələ deyir. Media işçiləri,
teatrşünaslar isə onun yaradıcılıq
prinsiplərinin hansı səviyyədə inkişaf etdiyini
təhlil edirlər. İlk gündən mənim böyük
müəllimlərim olub. Adil İsgəndərov, Rza
Təhmasib, Tofiq Kazımov kimi sənətkarların
məktəbini keçmişəm. Tofiq Kazımov məni
Milli Dram Teatrına dəvət edəndən sonra 14 il
fasiləsiz onun bütün tamaşalarında iştirak
eləmişəm. Onun seçdiyi bir qisim aktyorlardır ki,
bugünkü gündə Azərbaycan teatr sənətini
davam etdirirlər. Müəyyən bir dövrdə
özəl teatrımı açaraq bilavasitə reyissura
ilə məşğul olmağa başlamışam.
- Məşhur
kino reyissorlarından biri "Kino hara gedir?" sualına
"Kino insanların apardıqları yerə gedir" -
deyə cavab verir. Eyni sualı teatrla
əlaqələndirsək, necə cavab verərsiniz?
- Teatr
özünün stabil yaradıcılıq yolunu davam etdirir.
Ancaq bununla bərabər reyissura baxımından bir az
kasaddır. Bayaq adlarını sadaladığım
ustadları gördüyüm üçün deyə
bilirəm ki, teatrda reyissura baxımından axsamaq var.
Çoxları boynuna almaq istəmir, amma bu, belədir. Elə
tamaşalar var ki, reyissor orada neylədiyini bilmir. Heç bir
fikri olmadan müəllifin yazdığı əsəri eyni
ilə səhnəyə köçürür. Bu,
böyük bir bəladır. Hər bir əsərin öz
reyissor həlli və yozumu olmalıdır. Mənə elə
gəlir ki, indi gənclərə meydan vermək
lazımdır ki, öz qüvvələrini sınasınlar.
Məncə bugünkü teatrlarda ən mühüm
komponentlərdən biri reyissuradır. Reyissura varsa, orda
yaxşı tamaşa, ansambl var. Heç kəs deməsin ki,
tamaşada mən tək idim. Bu, tamaşanı yoxluğa,
uçuruma aparıb çıxarır. Musiqili Komediya
Teatrının kollektivi sağlamdır. Mənə elə
gəlir ki, bu kollektivlə işləmək olar.
-
Deyəsən, hazırda siz də bu kollektivin daimi üzvü
kimi çalışırsınız?
-
Görkəmli sənətkar Hacıbaba Bağırovla uzun
illər idi ki, tanış idik. Kinofilmlərdə,
"Mozalan" kinoyurnalında, televiziya tamaşalarında bir
yerdə çıxışlarımız çox olub. Bundan
əlavə, Mədəniyyət və
İncəsənət Universitetində musiqili teatr
aktyorluğu kafedrasında bir yerdə
çalışırdıq. Bir gün "Onsuz da bir yerdə
işləyirik, gəl Musiqili Komediya Teatrında bir tamaşa
hazırla" - deyə təklif etdi. Razılaşdım.
Hətta onun arzusu vardı ki, bir tamaşada ikimiz oynayaq.
Həyat elə gətirdi ki, bu, qismət olmadı. O, Oqtay
Rəcəbov və Aqşin Babayevin "Şeytanın
yubleyi" pyesini mənə təqdim elədi. Bu pyesin
mövzusu bugünkü gün üçün çox
aktualdır. İnsanın şeytanlıq
dərəcəsinə qalxması əsərin əsas qayəsi
idi. Bu gün bir çox böyük idarələrimizdə,
şirkətlərdə, nazirliklərdə də şeytanlar
var ki, onlar insanların əsl mənada
işləməsinə mane olurlar. Harda şeytan varsa, orada
qalmaqal, böhtan, paxıllıq olur. Əsərdə
şeytan tək bir nəfər - Meydan müəllim idi.
Çox fikirləşdim ki, axı şeytan bir deyil, hər
bir insanın içində az, ya çox
dərəcədə şeytan var. Meydan tamaşanın
sonunda öz gedişi ilə bildirmək istəyir ki,
əgər mən şeytanamsa, siz məndən də qorxulu
şeytansınız. Yəni şeytanı şeytanlıq
dərəcəsinə gətirən onun kollektivi,
ətrafındakı mühit, cəmiyyətdir.
Alqışlar, yalançı təriflər,
üzgörənliklər insanı şeytanlıq
dərəcəsinə çatdırır. Onlar
gülüş yaratmaqla bərabər təhlükəli
adamlardır. Tamaşaçılar tamaşanı elə bu
prizmadan da qəbul edirlər. Mənə elə gəlir ki,
"Şeytanın yubileyi" bu gün Musiqili Komediya
Teatrının repertuarında olan ən maraqlı
tamaşalardan biridir.
Ümumiyyətlə,
bu teatr mənə doğma teatrdır. İndi burda aktyor-reyissor kimi
çalışıram. Müəyyən
ağızəymələr, müəyyən şarylar,
gülməli adam obrazları bu
səhnədən yığışıb. Bunlar
yığışdıqca Musiqili Komediya Teatrının
hörməti daha da artacaq. Səhnəmiz
gülməli adamlardan qurtarmalıdır. Səhnədə
həqiqi gülüş yaradan adamlar olmalıdır.
Bunlar təmizləndikcə kamil insanın yaratdığı
gülməli adam obrazı
tamaşaçılara daha yaxın olacaq.
- Yenə
də "Şeytanın yubileyi"nə qayıdaq. Mən
tamaşanın premyerasında iştirak elədim.
Düzdür, tanınmış teatr reyissoru Piter Bruk deyib ki,
premyeradan sonra söylənilən fikir tamaşa
əleyhinə cinayətdir. Yəni hər bir tamaşa
oynandıqca cilalanır. Sizin həmin tamaşadakı reyissor
yozumunuzda ən böyük qınaq obyektlərinizdən biri
yurnalistlərlə bağlı idi. Bu qınaq mənə daha
çox ifrat təsiri bağışladı. Müəllif
də bunun daha çox reyissor tərəfindən
qabardıldığını söylədi. Bilmək
istərdim, bu qınaq nə üçün idi?
- Bu, qınaq
deyildi. Bu
da cəmiyyətin bəlalarından biridir. Axı mediya
nümayəndələrinin hamısı öz sənəti
ilə təmiz məşğul olmur. "Reket"
yurnalistlər, telereyissorlar, operatorlar, redaktorlar - bunların
hamısı cəmiyyətdə var. Sadəcə, biz bunu
qorxmadan ilk dəfə səhnədən göstərdik.
Biz öz içimizi təmizləməsək, kim
təmizləyəcək? Hansı sahənin
işçisi olursa-olsun o insanın müəyyən
vəsaiti verilməlidir ki, gözü heç yerdə
olmasın. İnsanın əməyinin
vəsaiti ödənmədikdə bu problemlər yaranır.
Biz o tör-töküntülərə
qarşı mübarizə aparmalıyıq.
Ardımızca sabah gənclər
gəlir. Gərək onlar yüngül qazanc
yoluna düşməsinlər. Tamaşa o
zaman aktual olur ki, zalda oturan tamaşaçının
ürəyindən tikan çıxır və
fikirləşir ki, "bunu mən də demək
istəyirdim". Tamaşaçıların
da bunları bilavasitə gülüşlə
qarşılaması o demək idi ki, teatrın mövqeyi
ilə tamaşaçının qəlbi hardasa düz
gəlir.
- Necə bilirsiniz, bu gün dediyiniz
kimi, tamaşaçı ürəyindən tikan
çıxaracaq səhnələrlə cəmiyyətdə
bir çox mənfi tendensiyaları dəyişdirmək
mümkündürmü?
- Teatr
əsasən hisslərin daşıyıcısıdır.
Bizim işimiz yaxşı və pis hissləri insanlara
aşılamaqdır. Hər kəs bunu öz intellekti
səviyyəsində qəbul edir. Teatr bilavasitə
maarifpərvər məbədgahdır.
Reyisso-aktyor
tandemi
- Bəzən
aktyorlar onlara meydan verilmədikdə, sözlərini demək
üçün reyissuraya can atırlar. Bəzən də
onlar yeni bir söz demək üçün reyissuraya
keçirlər. Siz hansılardansınız?
- O qəbil
aktyorlardanam ki, bu günə kimi mənə rollar verirlər.
İstər televiziya tamaşalarında, istərsə də
teatrlarda. Reyissurayla bilavasitə
məşğul olmağım "İlham" Miniatür
Teatrının yaranması ilə bağlı oldu.
Çünki tamaşaların necə olması haqqında
beynimdə fikirlər vardı. Onda reyissura ilə
məşğul olmağa başladım və bir də
gördüm ki, özümdən asılı olmayaraq, 10
ildən çox bir müddətdə 37-38 tamaşa
hazırlamışam. Nə qədər ki,
sənət adamının, aktyor sənəti ilə
məşğul olan fərdin canında sağlamlıq və
tamaşaçının da ona məhəbbəti varsa, o,
tamaşaçının gözü qarşısında
olmalıdır.
-
Tanınmış kinoreyissor Oqtay Mirqasımov müsahibəsi
zamanı "Aktyorlar sizin üçün kimdir?"
sualına "Aktyorlar mənim üçün yaxşı
mənada alətdir" - deyə cavab verdi. Analoyi suala siz
necə cavab verərsiniz?
- Bəlkə kinoreyissor filmdə bu
fikrini montay prosesi ilə əlaqələndirir. İlk növbədə aktyorla işləmək
qabiliyyəti olan reyissor olmalıdır. Hər
bir reyissorun da ilk növbədə böyük aktyor olması
vacibdir. Ədil İsgəndərov, Rza
Təhmasib gözəl aktyor idilər. Tofiq
Kazımovdan maraqlı aktyor ağlınıza gəlməsin.
Mən də içində olmaqla hələ
heç bir aktyor onun göstərdiyi hər hansı bir
ştrixi göstərmək qabiliyyətə malik
olmamışıq. Aktyorluq həddən
artıq çətin peşədir. Yəni
sənin nə musiqi alətin, nə simin var. Saçından
tutmuş dırnağına qədər ancaq gərək
öz bədənini kökləyəsən. Cilddən-cildə girmək qabiliyyəti
içindən gəlməlidir. Gərək
nə boyda biliyin, intellektin, mədəniyyətin, savadın
olmalıdır ki, cilddən-cildə girmə
qabiliyyətinə malik olasan. Əgər
peşəkar aktyorsansa, səhnədə ayaqyalın,
ülgücün üstündə gəzməyi elə
bacarmalısan ki, dabanın qanamasın.
- Yəqin ki, aktyor oluban reyissor kimi
fəaliyyət göstərəndə səhnədə
aktyorlarla dil tapmaq da asan olur?
- Bu, bir tərəfdən asan, bir
tərəfdən çətindir. Tamaşanı
hazırlayana qədər olan müddət ona görə
çətindir ki, onların da əvəzinə
düşünürsən. Çünki
bütün tamaşa sənin yozumundur. Yalnız 3-4
tamaşa oynanılandan sonra özünü rahat hiss
edirsən ki, artıq ətrafındakılar sənin
üslubuna uyğun işləyirlər.
- Çox vaxt görmüşəm
ki, reyissorlar qurduqları tamaşada aktyor kimi
çıxış edəndə özlərinə baş
rolları verirlər. Olmaya onlar özlərini
kiçik, epizodik rollarda görmürlər?
- Ola bilər ki, elə bir tamaşa
olsun, orada lap kiçik rol oynayım. Miniatür
Teatrında hazırladığım "Karnaval" və ya
"Şifonerdə eşq-məhəbbət"
tamaşasında oynadığım balaca bir obraz idi. Rol sırf mənə uyğun olduğundan həmin
tamaşada başqa rol oynaya bilməzdim. Hansı
rol uyğundursa, gərək o rolu oynayasan. Rol ilk növbədə xarakterə uyğun
olmalıdır.
Əsəb
üzərində qurulmuş sənət
-
"İlham" Miniatür Teatrının fəaliyyəti
nə yerdədir?
-
Bugünkü gündə ancaq səyyar tamaşalarla
çıxış edirik. Mədəniyyət
və Turizm Nazirliyi bizə Gənc Tamaşaçılar
Teatrında kiçik bir yer ayırmışdı. Bildiyiniz
kimi, prezidentin sərəncamı ilə bir neçə
böyük teatrda təmir işləri başlanılıb.
İnşallah, təmir qurtarandan sonra öz işimizi davam
etdirərik. Çünki özəl teatr elədir ki,
ona qayğı, kömək olmadan, xüsusən yer
verilmədən fəaliyyət göstərməsi
çətindir.
- Deyə
bilərsinizmi, bu teatrı nə qədər tanıda bildiniz?
- İmkan
daxilində tanıtdıq. Teatrın 6-7 tamaşası
Az.TV-nin, 4 tamaşası "Lider" televiziyasının
Qızıl Fondundadır. Əgər bugünkü
gündə çəkilən tamaşa Qızıl Fondda
saxlanılırsa, bu böyük işdir. Bundan əlavə,
çəkilmiş tamaşalar özümüzdə də
qorunur. Çalışmışıq ki, teatr
sənətinə kömək edək. Bu teatr digər
teatrlara bənzəməyən bir formada olan teatrdır.
Əyləncəli, gülüşlü, musiqili,
bugünkü günün sözünü deyən,
sabahkı günün sözünü deməyə qadir olan
bir teatrdır.
- Bilmirəm,
razılaşarsınız, yoxsa yox, Azərbaycanda,
gülüşə, yumora həssas bir məkanda yaxşı
yumoristik teatr ənənəsi yaranmadı.
- Teatrın
yumorlu, satiralı əsərlərdən ibarət repertuar
zənginliyi olur. Teatrın mövzusu onun müəllifləri
ilə əlaqədardır. Müəlliflər
əlbəttə, nə qədər bu günlə
səsləşən əsərlər təqdim
edərsə, tamaşaçı üçün daha
maraqlı olar. Bugünkü gündə sırf Musiqili
Komediya Teatrından danışırıqsa, burda əlbəttə
ki, yumor daha çox olmalıdır. Bizim sonuncu premyeramız -
"Qısqanc ürəklər" yumor
üzərindədir. Oynadığım polkovnik Mikayıl
rolu Hacıbaba Bağırova verilmişdi. Tale elə
gətirdi ki, bu rolu mən oynamalı oldum. Hər yerdə
də qeyd edirəm ki, bu rolu Hacıbaba Bağırovun ruhuna
ithaf edirəm. "Qısqanc ürəklər"də
tamamilə fərqli bir obraz təqdim elədim. Heç vaxt
sistemdə işləyən bir adamın obrazını oynamamışdım.
Onların psixologiyası tam başqadır.
Çalışmışam ki, bu obraz maraqlı olsun.
Tamaşaçılar necə qəbul edib, bunu deyə
bilmərəm.
- Bir çox
aktyorlardan fərqli olaraq, bir neçə səhnədə
oynayırsınız. Bu səhnələr sizə yalnız
təcrübə verir?
-
Təcrübə də verib. Ancaq dəvət də
həddindən artıq çox olub. 90-cı ildə məni
Musiqili Komediya Tetarına dəvət etmişdilər. Cahangir
Novruzovun quruluşunda "Sevgilimin anası", elə
həmin il Cənnət Səlimovanın quruluşunda
"İtalyansayağı boşanma", Hüseynağa
Atakişiyevin quruluşunda "Qarğa məndə qoz
var" əsərlərində baş rolları oynadım.
Yəni bu teatra məndə əvvəllər də
dəvət olub. Ürəyimdə o rahatlıq var ki,
reyissorlar harda olublarsa, onların tamaşalarında
oynamağımı istəyiblər. Tamaşaçı
üçün hansı teatrın olması maraqlı deyil.
Tamaşaçı tamaşaya maraqlıdır. Hansı
teatrda maraqlı tamaşa varsa, tamaşaçı
axışıb ora gedəcək. "Dadaşbala əməliyyatı"
deyəndə, demirdilər ki, hansı teatr? Deyirdilər ki, o
tamaşada İlham, Afaq Bəşirqızı oynayır.
Camaatı yaxşı tamaşa maraqlandırır.
- İndiyə
qədər gözünüzün arxasınca
qaldığı rollar olubmu?
- Heç bir rolun arxasınca
gözüm qalmayıb. Çünki buna vaxtım
olmayıb. Heç vaxt da
fikirləşməmişəm ki, filan rolda oynamasaydım,
ürəyim partlardı. Əgər
öz istedadını, bacarığını sənə
tapşırılan hər hansı bir obraza həsr
edirsənsə, elə bu, sənin üçün yeni bir
xarakterdir. Tamaşaçı
səndən hər zaman yeni obraz, yeni xarakter gözləyir.
Biliyin, təcrübən, istedadın yeni
xarakterlər yaratmaqda sənə hər zaman
köməkçi olur. Aktyorun yeganə
işi onun cilddən-cildə girmək qabiliyyətidir.
Əgər o qabiliyyət səndə varsa, asanlıqla
tamaşaçılarla ünsiyyətdə ola
bilərsən.
- İki saatlıq tamaşa
ərzində cilddən-cildə girmək,
başqasının maskasını taxmaq və onun kimi
düşünmək asandırmı?
- Asan olsaydı, bunu elə hamı
edərdi. Aktyorluq yeganə sənətdir ki,
hər dəfə istər rol oynayanda, istər məşq
edəndə ürəyinin müəyyən tellərini,
əsəbini itirirsən. Aktyor
sənəti əsəb üzərində qurulmuş bir
sənətdir. Tamaşaçı
gəlib gülür, ancaq sən o vəziyyəti ifa etmək
üçün nə qədər əsəb gərginliyi
keçirirsən.
- Ortada bir növ
cansağlığı gedir. Bunun
əvəzində qazandığınız
tamaşaçı məhəbbəti və ya hər hansı
bir titul sonradan o sağlamlığı əvəz edə
bilirmi? Nə vaxtsa
peşmançılıqla özünüzə demisinizmi,
mən nə üçün aktyor oldum?
- Hər bir insanın seçdiyi
peşə var. Bizə güclə deməyiblər ki, get,
aktyor ol. İçimizdə elə bir
həvəs, elə bir qığılcım var ki, adi insanlar
o hissləri keçirə bilməz. Aktyorluq
peşədir. Həvəslə
gəlirsən, sonra keçdiyin məktəb səni
peşəkarlıq dərəcəsinə
çatdırır. Sən gərək o
peşəkarlığı
püxtələşdirəsən. Oynadığın
rollarla, obrazlarla daha yeni bir səhnə açasan.
- Dediniz ki, insanlara həqiqi
gülüş bəxş olunmalıdır. Nədir
bu gülüşün mahiyyəti?
- Azərbaycan teatrında qaz səsi
çıxaran, bəstəboy, pəltək obrazlarında
oynayan gülməli adamlar çoxdur. O, onsuz da gülməli
adamdır. Ona küçədə də
güləcəklər. Bir də var ki,
cəmiyyətdə olan insanlardan fərqlənməyən adi
insan. Ancaq o, səhnədə elə
maraqlı gülüş vəziyyətləri, xarakter
yaradır ki, heyran qalırsan. Bax, budur
bizim aktyor sənəti. Aktyor sənəti
də yalnız o zaman qiymətlənir. Bir
var, savadsız bir adamın səhnədə
oynadığı alverçi obrazı, bir də var
savadlı adamın təqdim etdiyi analoyi obraz. Bunlar tam ayrı-ayrıdır. Hər
bir sənət adamı öz tərbiyəsini
səhnəyə gətirir. Mədəni,
səviyyəli bir aktyorun səhnəyə gətirdiyi obraz
həmişə maraqlı bir qalereya kimi qalır. Bəsit, dayaz adamın gətirdiyi xarakter isə
silinib gedir. Biz qalereya yaradan maraqlı
xarakterlər haqqında düşünməliyik.
- Bəzi
aktyorlar var ki, oynadığı rolların sayından
asılı olmayaraq, bəzən bir-iki obrazla
tanınırlar. Sizdən söz düşəndə,
adətən daha çox Hüseyn Ağabacı,
"Dadaşbala əməliyyatı"nı
xatırlayırlar. Bu, sizin o biri rollarınızı
kölgədə qoymurmu?
- Bu, tale
yüküdür. Belə baxanda, doğrudan da
həyatımda bir obraz olmayıb. Əgər televiziyanı
götürsək, "Mehmanxana sahibəsi",
"Evləri köndələn yar", "Evlənmə",
"Göz həkimi" tamaşaları göz
önünə gəlir. Çalışmışam ki,
təmiz işləyəm. Teatr səhnəsini
götürəndə isə bir yandan göz önünə
"Afət", "Mənim ərim dəlidir", "Bu
dünyanın adamları", "Dadaşbala əməliyyatı"
gəlir. Ola bilər ki, hansısa bir aktyorun taleyinə bir-iki
obraz düşür. Bu da bir qismətdir. Eyni zamanda,
İncəsənət və Mədəniyyət
Universitetində kafedra müdiriyəm. Müəllimlərimin
mənə öyrətdiyini mən də öz savadımla
gənclərə öyrədirəm. Boş vaxtım
olmayıb. Bu yol mənim üçün uzun bir yoldur.
Yəni bu yol gedir. Canımız sağ olarsa, bu yolu
getməyə çalışarıq. Ancaq insan o yolu gedə
biləcəkmi və yaxud o yolun hansı astanasında
dayanacaq?
Yaxşı
dost
- Belə bir
məşhur söz var: "Yaxşı dost qazanmaq
üçün yaxşı dost olmaq lazımdır".
Sirrinizi dostlarınıza çox etibar edirsiniz, yoxsa
"Sözümüzü ətrafa deməkdənsə,
bir-birimizə deməyə üstünlük veririk" -
deyən qardaşınız Cəfər Namiq Kamala?
- Qardaşla
dost olmağın özü də böyük işdir.
Mən qardaşlarımla səmimi dostam. Bununla belə,
istər sənət aləmində, istərsə də
sənətə dəxli olmayan sahələrdə çoxlu
dostlarım var. Onlarla fikirlərimiz, sözümüz bir
gəlir. Bəli, dost olmaq üçün gərək
özün də dost olmağı bacarasan. Bir də ki, kim
hansı tərbiyəni alırsa, ətrafında ona uyğun
insanlar olur.
- Tamaşaçını da dost
hesab edirsiniz?
- Əgər düşündüklərini
tamaşaçı qəbul edirsə, o, sənin
yaxınındır, əzizindir. Aktyorun
səhnədə ilk qazancı etdiyi hərəkətləri
tamaşaçının birinci tutmasıdır. Onun alqışıdır. Bu,
təsdiqləyir ki, nəyi düz, nəyi səhv etmisən.
Sən tamaşaçını öz
ardınca aparmaq qabiliyyətinə də malik olmalısan.
Ona görə özün o qədər
bütöv olmalısan ki, tamaşaçını öz
ardınca apara biləsən.
- Bəs özünüzə
yaxın və əziz bildiyiniz tamaşaçını
bugünkü şou aləmin bayağı
verilişlərindən tamamilə qoparıb əsl
məbədgah olan teatra cəlb etməyə söz verirsinizmi?
- Söz vermək lazım deyil. O
qədər söz verib yerinə yetirməyənlər var
ki... Hər bir sənət adamı bunu öz
işi ilə sübut etməlidir. Əgər
hər bir tamaşada oynadığın obrazı və yaxud
qurduğun bir tamaşanı normal səviyyədə
təqdim etməyi bacarırsansa, deməli, öz
vəzifəni yerinə yetirmisən. Mənə
elə gəlir ki, tamaşaçı da zərgər
xırdalığı ilə işləyən sənət
adamı ilə bayağı, dayaz insanları ayırmaq
qabiliyyətinə malikdir.
- Deyə bilərsinizmi,
müsahibəmiz boyu ürəyinizdən hansı hisslər
keçdi?
- Ürəyimdən yalnız
düşünmək keçdi. Əgər siz
mənə bu sualları verirsinizsə və sizin kimi
həmfikirlər varsa, özümü xoşbəxt hesab
edə bilərəm.
Kaspi.-2007.-24-26 fevral.-S.22.-23.