Banu

 

“Tamaşanın uğurunun 50 faizi rol bölgüsündən asılıdır”

 

Baş rejissorun sözlərinə görə, bu məsələdə ədalətli olmağa çalışır

 

Musiqili Komediya Teatrının baş rejissoru Yusif Əkbərov bu qənaətdədir ki, hər bir rejissorun öz daxilində, düşüncəsində və beynində ideal teatr olur: "Eynilə aktyorun ideal rollar, əsərlər istədiyi kimi, hər bir rejissor da öz daxilində ideal teatrını yaratmaq istəyir. Mənə elə gəlir ki, dünyada ideal heç nə yoxdur, eləcə də ideal teatr. Təkcə dünyanın özü Allah tərəfindən ideal yaradılıb" deyən rejissorun bildirdiyinə görə, birinci dəfə ona teatr yaratmaq çətin olub. Y.Əkbərov yaradıcı yolu və çalışdığı teatr barədə "Ayna"ya söhbət açdı.
- 1987-ci ildə Sumqayıt şəhər teatrına baş rejissor təyin olunarkən orada gözəl aktyorlar vardı. Ancaq maraqlı repertuar yox idi. Aktyorlar hamısı işsizlikdən darıxırdı. Sumqayıt Dövlət Dram Teatrını yaratdım və orada bir neçə tamaşa qoydum. Bu tamaşalarla teatr çox möhkəmləndi və inkişaf etdi. Əsas məsələ ondan ibarət idi ki, teatral şəhər adlanmayan Sumqayıtda teatra böyük həvəs yarandı.
Ancaq Musiqili Komediya Teatrına təyin olunanda mənimçün nisbətən asan oldu. Çünki rəhmətlik Hacıbaba Bağırov teatrı müəyyən mənada formalaşdırmışd
ı. Teatrın özünəməxsus aktyorları və repertuarı vardı. Hər rejissor öz teatr modelini yaratdığı kimi, mən də öz teatr modelimi yaratmağa çalışıram. İstərdim ki, teatrın əsl siması - musiqili komediya janrı özünə qayıtsın. Bu janr çox geniş janrdır. Bizim teatr Şərqdə ilk musiqili komediya teatrı olduğundan istəyirik ki, Bakı teatrları içərisində tamaşaçıların rəğbətini daha çox qazanaq. Necə ki, vaxtilə bu teatrın səhnəsində Bəşir Səfəroğlu, Lütvəli Abdullayev olanda sevilirdi.
- Sizin fikrinizcə, teatrın əsl simasını özünə qaytarmaq üçün repertuar daha vacibdir, yoxsa aktyor heyətinin istedadı?
- Bilirsiniz, bunlar ikisi də bir-birinə bağlıdır. Əgər aktyorda istedad varsa, ancaq yaxşı repertuar olmazsa, onun bacarığı üzə çıxmayacaq. Biz hazırda aktyorlar üçün yaxşı repertuar qururuq. Ancaq keçid dövründə hər şeydə kasadlıq yarandığı kimi, teatrlarda da əsər qıtlığı əmələ gəldi. Yaxşı yazan dramaturqlarımızın çoxu rəhmətə getdi. Bəziləri isə ümumiyyətlə, musiqili komediya janrında əsərlər yazmadı. İndi isə müəllif sarıdan bəxtimiz gətirir. Teatrımıza yaxşı əsərlərin axını var. Əgər bu əsərlərdə maraqlı obrazlar varsa, təkcə aktyorlar yox, həmçinin rejissor, bəstəkar, rəssam da öz imkanlarını göstərə bilər. Bizim teatr sintezli janr olduğuna görə, burada sənətin bir neçə komponentləri birləşir. Zəif əsər olanda özünü nə qədər dağa-daşa vursan da, heç nə alınmır.
- Özünüz də qeyd etdiniz ki, teatrınızda korifey sənətkarlar çalışıb. Yeni nəsillə çalışmaq çətin deyil ki?
- Dahi bəstəkar Üzeyir Hacıbəyovun yaratdığı Musiqili Komediya Teatrının zəngin ənənələri olub. Hər bir dövrdə onun səhnəsində maraqlı aktyorlar çalışıblar: Lütfəli Abdullayev, Nəsibə xanım, Bəşir Səfəroğlu, Hacıbaba Bağırov, Səyavuş Aslan və başqları. Əlbəttə, indi nəsillər də, dövr də, zövqlər də dəyişir. İndi kompüter əsridir. İndi teatrda aktyor sənətinə yeni baxış əmələ gəlir. Mən deyərdim ki, bizim teatrın səhnəsində işləyən indiki aktyorlar o "mogikan" sənətkarların yanında görünmürdülər. Amma indi oynanılan tamaşalarda xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova, Elxan Əhədzadə, əməkdar artistlərdən Xanım Qafarova, Ramiz Məmmədov, aktyorlardan Elçin Həmidov, Nadir Xasıyev, Atabala Səfərov və başqalarından ibarət çox maraqlı aktyor truppası var. Biz bu aktyorlarla istədiyimiz tamaşaları səhnələşdirə bilərik.
- Siz aktyorları seçərkən hansı meyarlara üstünlük verirsiniz?
- Məni onların plastikaları çox maraqlandırır. İstərdim ki, hər bir aktyor səsə, plastikaya malik olsun. Onun daxili aləmi və xarici siması gözəl olsun. Amma əfsuslar olsun ki, beş barmağın beşi də bir olmadığı üçün istədiyim tələblər birində daha çox, birində az büruzə verir. Bir də görürsən ki, aktyorluğu da, səsi də var, amma plastikası yoxdur. Rejissor tamaşanı işləyəndə ilk növbədə aktyorların imkanlarını nəzərə almalıdır. Rejissor onu da düşünməlidir ki, aktyorların gözəl imkanları açılsın, çatışmayan cəhətləri arxa planda qalsın. Əlbəttə ki, hər bir aktyora fərdi yanaşırıq.
- Çox aktyorlar "rejissor məni görmür" deyə şikayətlənirlər.
Rol bölgüsündə ədalətlisinizmi?
- Ədalətli olmağa çalışıram. Əgər rejissor tamaşanın yaxşı alınmasını istəyirsə, rol bölgüsündə diqqətli olmalıdır. Əgər rejissor bilərəkdən müəyyən rolu aktyora vermirsə, deməli, o, səhv addım atır. Ümumiyyətlə, tama
şanın uğurunun 50 faizi rejissorun düzgün rol bölgüsündən asılıdır. Bəzən elə də olur ki, rejissor müəyyən aktyoru xoşlamır. Onu da deyim ki, hər bir rejissor öz yaradıcılıq manerasına uyğun aktyorlarla işləməyi sevir. O aktyorlarla işləmək rejissora ona görə asandır ki, onlar rejissorun fikrini daha tez çatdırırlar. Rəhmətlik Tofiq Kazımov Həsənağa Turabov, Amalya Pənahova, Hamlet Xanızadə, Hamlet Qurbanov, Şəfiqə Məmmədova və bir neçə başqa aktyorla işləməyi sevirdi. Onlar Tofiq Kazımov rejissurasına cavab verən aktyorlar idilər.
- Baş rejissor olmadan, yəni adi rejissor kimi ideyaları həyata keçirmək asandırmı?
- Baş rejissor vəzifədir. O, teatrda bütün yaradıcılığa cavab verən, teatrın truppasını formalaşdıran bir şəxsiyyətdir. Tamaşa hazırlamaq isə rejissuradır. İstəyirsən baş rejissor ol, istəyirsən adi rejissor - burada artıq baş rejissorla quruluşçu rejissor arasında fərq olmur.
Bilirsiniz, rejissuraya istedadla yanaşı, cavanlıq ehtirası, ağıl lazımdır. Çünki rejissor sənəti elə bir sənətdir ki, o, kollektivi öz arxasınca apara bilməli, aktyorlar ona inanmalıdır. Hər şey rejissorun özündən asılıdır. İnsan qocalanda ya onda tamaşa qurmaq həvəsi ölür, ya da artıq sənətdən doyur. Elə hesab edir ki, onun üçün əlçatmaz zirvələr yoxdur. Ancaq elə rejissorlar da var ki, nəfəsi gələnə qədər işləyir. Çünki başa düşür ki, sənətin zirvəsi yoxdur. "Mən bu zirvəyə çatmışam" deyən rejissor işləməyəcək.
Gənclik illərimdə rejissor kimi tamaşa qoyanda deyirdim ki, artıq rejissoram, tamaşa qoymuşam. Növbəti tamaşa qoyanda, yeni bir ağ səhifədən başlayırsan. İndi də hər yeni əsər gələndə dönüb institutu təzə qurtarmış gənc bir rejissor oluram. Əlbəttə, mənim təcrübəm, aktyorla işləmək bacarığım var. Bunlar məndə illərlə formalaşıb. Lakin hər yeni əsər qarşımda problem yaradır. Mən bu əsərə necə yanaşmalıyam ki, ortaya yaxşı bir tamaşa çıxsın? İstər-istəməz rejissorda cavanlıq ehtirası və təcrübə də vəhdət təşkil edəndə yaxşı olur. Qocalmaq rejissora aid deyil. Ola bilər, rejissor cavan adam olsun, ancaq mənən qocalsın. Bilmirəm, qocalanda mənə tamaşa verəcəklər, yoxsa yox, ancaq indi mən özüm baş rejissoram və tamaşaları rejissorlara mən tapşırıram. İndi təkcə öz tamaşalarıma yox, teatrda qoyulan bütün tamaşalara cavabdehəm.
- Bu yaxınlarda teatrda quruluş verdiyiniz "Qısqanc ürəklər" tamaşasının təqdimatı keçirildi. Bir rejissor kimi işinizdən razı qaldınızmı?
- Müəyyən mənada razı qaldım. Tamaşadan öncə həyəcan keçirir, yaxşı mənada sıxıntılar yaşayırdım. Tamaşa qoymaq mənim sənətimdir. Sentyabr ayında bu teatra baş rejissor təyin olundum. Teatr ictimaiyyəti və bir çox sənət adamları gözləyirdilər ki, baş rejissor kimi necə işləyəcəyəm və verəcəyim məhsul necə olacaq. Əgər bu məhsul ortabab və ya zəif çıxsaydı, əlbəttə, özüm də çox pərt olardım. Yenə deyirəm, nə qədər çox tamaşa qoyduğuma baxmayaraq, sənətin zirvəsi yoxdur. Həmişə olduğu kimi, yaxşı tamaşa hazırlamağa çalışırdım. Bu dəfə həm həyəcanlı idim, həm də özümdə daha çox məsuliyyət hiss edirdim. Məqsədim Musiqili Komediya Teatrının həm gözəl ənənələrini özünə qaytarmaq, həm də bu günün nəbzini tutan, bu günlə ayaqlaşa bilən bir tamaşa qoymaq idi.
"Qısqanc ürəklər"in üç təqdimatını keçirdik və mənə elə gəlir ki, tamaşaçılar çox gözəl qarşıladılar. Əlbəttə, tamaşa inkişafdadır. Tamaşa getdikcə cilalanır. Kollektivimiz, o cümlədən Ramiz Mirişli ilə Marat Haqverdiyev tamaşa üzərində kollektivlə birlikdə çox maraqla işlədilər. Mən də bu tamaşada çalışan kollektivdən çox razıyam. Mənə elə gəlir ki, istədiyim, beynimdə qurduğum o teatra yaxınlaşıram. Teatr elə bir canlı orqanizmdir ki, bir-iki ilə onu yaratmaq çətindir. Teatr yaratmaq, onu istiqamətləndirmək, lazımi islahatları həyata keçirmək üçün vaxt gərəkdir. Hazırda teatrda islahatlar başlanıb.

 

Ayna.- 2007.- 3 fevral.- S. 20.