Lütfiyyə Səfərova diqqətdən
kənarda qalıb
"Dövlətdən
layiq olduğum qiyməti ala bilməsəm, bu, səhhətimə pis təsir göstərəcək"
Musiqili Komediya Teatrının aktrisası,
"Şirbalanın ilk
məhəbbəti" filmində
yaratdığı obrazla
yaddaşlarda qalan Lütfiyyə Səfərovanın
yubileyinə sayılı
günlər qalır.
Amma aktirsa ona qarşı laqeyd münasibətdən
narazıdır: "Martda
65 yaşım tamam olacaq. Hələ heç bir fəxri adla təltif olunmamışam.
Heç prezident təqaüdü də almıram. Bir-iki il səhnə fəaliyyəti olanlara böyük qayğı göstərilir, istənilən
fəxri adı verirlər. Demirəm onlar buna layiq
deyillər. Amma mənim də buna hüququm çatır. Bu gün-sabah həyatdan köçəcəm, hələ
də mənimlə maraqlanan yoxdur".
Birotaqlı mənzildə
oğlu, gəlini, qızı ilə yaşayan L.Səfərova
teatrdan aldığı
50 manat maaşla yaşamağa məcbur olduğunu şəkərli
diabetdən əziyyət
çəkdiyini dedi:
"Aldığım maaşı
ancaq dərmanlarım
üçün xərcləyirəm.
Hərdən teatra getmək üçün
yolpulu ehtiyacım yaranır. Sıxıntılarımı
evdə gizlətməyə
çalışıram. Çünki
ailə üzvlərimin
də qazancı ürəkaçan deyil".
Uzun illərdir sənətə xidmət
etdiyini xatırladan aktrisa xanım yaradıcılığına verilən
qiymətin səviyyəsindən
giley etdi. Bundan öncəki yubileylərini sakit keçirdiyini bildirən
L.Səfərova dövlətdən
buna qədər heç nə ummadığını xatırlatdı:
"Fikirləşirdim ki,
ehtiyac olsa, yəqin, mən də diqqətdən kənarda qalmaram. Amma indi görürəm
ki, danışmayınca,
heç kimin yadına düşmürəm.
Əvvəllər həmkarlarımın
şikayətini eşidəndə,
düşünərdim ki,
kiməsə ağız
açıb yardım
istəmək, ayıb
sayılar. Amma baxıram ki, bu gün səhnədə
iki konsert verib, elə iki də disk
çıxarana böyük
diqqət, qayğı
var. Sponsorlar, fəxri adlar, əla dolanışıq...
və s. Belə olan halda biz sənətkarların
diqqətdən kənarda
qalması məni kövrəldir. 65 yaşımı
haqlayacağam, nə adım var, nə də diqqət görürəm".
Bu günlərdə məlum məsələ ilə bağlı yenidən Mədəniyyət
və Turizm Nazirliyinə müraciət
etdiyini söyləyən
L.Səfərova bildirdi
ki, bundan öncəki məktublarının
heç birinə cavab gəlməyib: "Ancaq boş vədlər eşidirəm.
Əvvəllər bu vədlər mənə ümid verirdi. Sonradan gördüm ki, elə vəd
eşidirəm, nəticəsi
yoxdur. Ümid edirəm ki, martın 14-də tamam olacaq 65 illik yubileyimi sakit, ürək ağrıları ilə qarşılamayacam. Yəqin ki,
bu dəfə dövlətdən layiq olduğum qiyməti ala bilməsəm, bu, səhhətimə daha pis təsir
göstərəcək. Çünki
bundan sonra dövlət məmurlarının
bir də yadına düşəcəyimi
ağlıma belə gətirmirəm".
Kaspi.-2007.-16 fevral.-S.17.