Məhərrəmova T.
Tamaşaçı məhəbbəti insanın
bütün arzularını
reallaşdırmır"
Nadir Xasıyev, aktyor: "Həyatda qorxduğum
şey gərəksiz olmaqdır"
İnsan yaşa dolduqca istəyir ki,
oynadığı rolların, çəkdiyi əziyyətlərin
müqabilində ona fəxri adlar, mükafatlar verilsin. Mən
özümü bu titullara layiq hesab edirəm.
İnsan öz potensial imkanlarının müqabilində
istədiklərini həyata keçirə və arzularına
çata bilməyəndə onu ətalət basır" -
deyən Nadir Xasıyev ömrünün yarıdan çoxunu
sənətə həsr edənlərdəndir. O, müxtəlif
teatrların səhnəsində çalışıb.
Hazırda isə Musiqili Komediya Teatrının aparıcı
aktyorlarından biridir.
- Tamaşalarda sizə həvalə edilən rollar həmişəmi
ürəyinizcə olur?
- Ümumiyyətlə, rollar
bölüşdürüləndə əvvəlcədən
müəyyənləşdirilir. Baş reyissor və diriyor
"filan rolu hansı aktyor ifa edə bilər?", - deyə əvvəlcədən
rəhbərliklə məsləhətləşir. Təbii
ki, burada quruluşçu reyissorun seçimi əsasdır. Hər
hansı roldan imtina etdiyimi xatırlamıram. Çünki mənə
verilən bütün rollar səs imkanlarıma da cavab verir.
- Həm də yəqin fikirləşirsiniz ki, əvvəlki
dövrlərlə müqayisədə tamaşaların az
qoyulduğu bir vaxtda hər hansı bir rol da qazancdır.
- Demək olmaz ki, bizim teatrda tamaşalar əvvəlki
illərə nisbətən az qoyulur. Hər il nə qədər
tələb olunursa, o qədər də tamaşa
hazırlanır. Bu illərdə qoyulan tamaşaların əksəriyyətində
oynamışam. Çünki oynanılan hər bir obraz bir
addımdır. Orda nəsə əldə olunur, özün
üçün nəsə yeni bir şey kəşf edirsən.
Bu baxımdan düşünürəm ki, aktyorun hər
hansı bir roldan imtina etməsi düzgün deyil.
- Son illər teatrınızda hazırlanan
tamaşalarda sizə baş rollar verilməyəndə
özünüzü necə hiss edirsiniz - taleyinizlə tez
barışır, yoxsa sadəcə, "bəlkə reyissor
məni bu tamaşada görməyib", - deyə
özünüzə təskinlik verirsiniz?
- Əlbəttə, hər bir tamaşanın əmri
veriləndə bütün aktyorlar orada öz adını
axtarır. Bu, arzu kimi ürəyimizdən keçir. Amma o da
ola bilməz ki, aktyor bütün tamaşalarda rol alsın. Rol
verilməyəndə də faciə deyil. Çünki bilirsən
ki, hələ tamaşalar qarşıdadır, yaşla və
digər səbəblərlə bağlı rollar oynayacaqsan.
Mən bu teatrda uzun illər baş rolları ifa eləmişəm.
- Xarakteriniz rollarınızdan çoxmu fərqlidir?
- Artıq 25 ildir səhnədəyəm. Əsasən
məhəbbət ruhlu rollar oynamışam. Bu, səsimlə
də, fakturamla da bağlı olub. Demək olar ki, çox
zaman oynadığım rollar qəlbimlə üst-üstə
düşür. Ancaq tamamilə fərqli, kəskin, əks
xarakterli rollarım da var. Yaşa dolduqca rollar da dəyişib.
- Bəyəm yaşa dolduqca insanın məhəbbətə
ehtiyacı olmur?
- Təbii ki, ehtiyacı olur. Səhnədə məhəbbət
həmişə var. Sadəcə, insan yaşa dolduqca
oynadığı rollar gərək yaşına uyğun
olsun. İndi o rolları oynamaq üçün
teatrımızda çox gənclər var. Onlardan biri də mənim
oğlumdur. Artıq bir neçə ildir teatrda işləyir
və özünü təsdiq edib. Reyissorlar da qəbul edib
ki, belə bir aktyor var.
- Məhəbbət qəhrəmanlarınızı
itirməyinizə heyfslənirsiniz?
- Heyfslənmirəm... ancaq insanın gözləri
hardasa onlara sarı boylanır. İstər-istəməz
reallıqlar var. İndiki rollarım yaş baxımından elə
də kəskin fərqlənmir. Sadəcə, onların xarakterləri
başqadır.
- Ümumiyyətlə, Musiqili Komediya Teatrında
çalışan aktyora xas olan keyfiyyətləri necə
xarakterizə edərdiniz?
- Mən İncəsənət Universitetinin musiqili
komediya şöbəsini bitirmişəm. Tələbə
olduğum illərdə Opera və Balet Teatrında
çalışmışam. O zaman böyük bir teatrın
səhnəsində çalışmaq tələbə
üçün adi şey deyildi. Ancaq institutu qurtarandan sonra
şəhərdə qeydiyyatımın olmaması, daha
doğrusu, kimsəsizlik ucbatından təyinatla Sumqayıt
Dövlət Teatrına göndərildim. Həmin teatrda
çox gözəl dramatik əsərlərdə baş
rolların ifaçısı olmuşam. Həmin teatrda
"Arşın mal alan" əsəri qoyuldu və o
tamaşada Əsgər rolunu ifa elədim. Eləcə də
Süleyman Ələsgərovun "Subaylarınızdan
görəsiniz" operettasında baş rolun
ifaçısı oldum. Tamaşanın premyerasına gələn
müəllif məni görüb: "Bu potensial imkanlarla
Musiqili Komediya Teatrında işləsən, daha yaxşı
olar", - dedi. Beləliklə, Süleyman Ələskərov
və Yusif Əkbərovun köməyi ilə bu teatra dəvət
aldım. 1993-cü ilin aprel ayından bu teatrda
çalışıram.
- Bəs sırf dramatik teatrdan musiqili komediya səhnəsinə
keçid çətin olmadı?
- Həmin teatrda da musiqili əsərlər qoyulurdu. Əlbəttə, bu teatra gəlişim böyük
və başqa bir teatra gəliş idi. Fərqli
cəhətlər də çox idi. Amma mənim
üçün çox çətin olmadı,
çünki təhsil aldığım sahə musiqili
komediya idi. Ona görə də bu teatra gələn
gündən rollar oynadım. Böyük
sənətkarımız Səyavuş Aslanla bir çox
tamaşalarda tərəf-müqabil oldum. Hacıbaba
Bağırov teatra direktor təyin olunandan sonra da onlarla
tamaşada baş rolların ifaçısı oldum.
Bunlar mənim sənət taleyimdə az
rol oynamır. Hal-hazırda bizdə
"Milyonçunun dilənçi oğlu" əsəri
tamaşaya qoyulur. Mən bu əsərdə Senator rolunu oynayıram. Ürəyimcə
olan bir obrazdır.
- Gərək ki, sizin həm də vokal təhsiliniz
var.
- Baxmayaraq ki, ali təhsilli idim,
1994-cü ildə Musiqi Akademiyasının vokal şöbəsinə
daxil oldum və həmin institutu opera müğənnisi kimi
bitirdim.
- Maraqlıdır, Musiqi Akademiyasında təhsil
almaqda məqsədiniz nə idi? Onsuz da
sizinçün səhnəyə yollar
açılmışdı.
- Doğru deyirsiniz, mən onsuz da "Muskomediya"nın səhnəsində baş rolların
ifaçısı idim. Sadəcə, hər bir
insanın aliyə doğru addım atması təbii
haldır. Vokal sənətinin incəlikləri
isə Musiqi Akademiyasında tədris olunur. Xuraman Qasımovanın köməyi və məsləhəti
sayəsində həmin instituta daxil oldum. Orada
dünya klassiklərinin əsərlərini oxudum. Bu insanın səviyyəsini artırmaqla
yanaşı, ona müəyyən təcrübə verir.
- Gəlin səmimi olaq: bəlkə siz opera səhnəsinə
qayıtmaq istəyirdiniz? Bəlkə o səhnədə
gözünüz qalmışdı?
- Sözsüz ki, opera yüksək sənətdir. Böyük ifaçıların sənət
uğurları demək olar ki, opera teatrının səhnəsindən
başlayır. Opera teatrının səhnəsində
rollar oynamaq hər bir vokalçının arzusudur. Mən professor Elmira Quliyevadan dərs almışam.
Onun tələbələri Opera Teatrında
çalışır.
- Ailə qayğıları deyəndə yəqin ki,
dolanışığı nəzərdə tutursunuz. Bəs
səs imkanlarınız bu qayğılardan azad olmaq
üçün sizə əlavə gəlir yolları
açmırdı?
- Bizim oxumalarımız sırf teatrla
bağlıdır. Mahnı, estrada
yanrı, şou kampaniyalar bizdən uzaqdır. Akademiyada təhsil
alan adam estradada oxumaq həvəsində
olmur. Özünüz bilirsiniz ki, bəsit
musiqilər ekranda, efirdə daha çox görünür.
Bizim oxuduğumuz əsərlər isə
tanınmış bəstəkarların əsərləridir.
- Tutaq ki, yenidən opera səhnəsinə
çıxmaq şansı qazandınız. Nəyi
oynamaq istərdiniz?
- Böyük məmnuniyyətlə Koroğlunu,
"Karmen" operasında Xose rolunu oynayardım. Səs imkanlarım da buna yol verir. Ancaq bilirsiniz
ki, həyatın reallığı var...
- Nə üçün vokal
ifaçılarının hamısı məhz Koroğlunu
oynamaq istəyir? Bu, bizim opera səhnəmizdə
bir imtahandır, yoxsa sadəcə, "Mən də heç
kimdən əskik deyiləm, hətta Koroğlunu da oxuya bilərəm"
iddiası?
- Doğru deyirsiniz ki, bu, böyük sənətdə
böyük bir imtahandır. Bütün
vokalçılar onu oynamaq istəyər. Əgər o insanda
həm aktyorluq məharəti, həm səs imkanları, həm
də faktura cəhətdən Koroğlunu oynamaq qabiliyyəti
varsa, əlbəttə, hər kəs Koroğlunu oynamaq istəyər.
Eləcə də dünya klassiklərinin digər əsərləri
var ki, onları oxumaq böyük arzular sırasında ola bilər.
- Çalışdığınız teatrın səhnəsi
sizin sənətlə bağlı arzularınıza nə qədər
cavab verir?
- Hesab edirəm ki, Musiqili Komediya Teatrının səhnəsində
oxumaq və oynamaq adi iş deyil. Bu da böyük arzular
sırasındadır. Aktyorluq sənəti mənim
üçün doğmadır. Özümü xoşbəxt
sayıram ki, Azərbaycan səhnəsində böyük sənətkarlarla
tərəf-müqabil olmuşam. Bunlar hamısı məktəbdir.
- Səhnə sizə sanballı tərəf-müqabilləri,
təcrübə və ən əsası
tamaşaçı məhəbbəti qazandırıb.
Narazı qadığınız məqamlar necə, varmı?
- Ötən il dekabr ayının 25-də 45
yaşım tamam oldu. İnsan yaşa dolduqca istəyir ki,
oynadığı rolların, çəkdiyi əziyyətlərin
müqabilində ona fəxri adlar, mükafatlar verilsin. Mən
özümü bu titullara layiq hesab edirəm. Çünki bu
teatrın səhnəsində onlarla tamaşalarda
oynamışam. Elə bilirəm ki, bunlar da zamanında həll
olunar.
- Bəzən aktyorlar deyirlər ki, mənə fəxri
ad verilməsə də olar, onsuz da xalqın məhəbbətini
qazanmışam. Sizcə, bu sadəcə
özünüaldatma üçün təsəllidir?
- Məncə bu vəziyyətdən bir
çıxış yoludur. Əlbəttə, məhəbbəti
qazanmaq yaxşıdır. Ancaq tamaşaçı məhəbbəti
insanın bütün arzularını reallaşdırmır
və çəkdiyi əziyyətin müqabilində ona nə
isə bəxş eləmir. İnsana münasibətdə elə
parametrlər var ki, onlara da çatmaq lazımdır. Bu məhəbbəti
reallaşdıran, rəsmiləşdirən digər məsələlərə
də nail olmaq lazımdır.
- Gənclik illərində - sənətin
ecazkarlığı gözlərinizi tutan vaxtlarda, yəqin
ki, belə fikirləşmirdiniz?
- Biz sovet dövründə - leninizmin tüğyan
etdiyi bir vaxtda sənətə gəlmişik. Onda sənət
bizi daha çox özünə aludə edirdi. Yaşa dolduqca
zəhmətinin müqabilində nəsə görmək istəyəndə,
bu problemlər təbii olaraq meydana gəlir və
görürsən ki, bunlara da ehtiyac var.
- Öz zəhmətinizin
qarşılığını görməyəndə küsürsünüzmü?
- Küsməsək də hər halda süstləşir,
bəzən özümüzü gərəksiz hiss edirik. Həyatda
ən qorxduğum şey gərəksiz, ətalətli
olmaqdır. Ancaq mənə elə gəlir ki, insan həyatdan
küsə bilməz. Çünki həyat səhnə deyil.
İnsan öz potensial imkanlarının müqabilində istədiklərini
həyata keçirə və arzularına çata bilməyəndə
onu ətalət basa bilər.
- Nə vaxtsa aktyor olmağınıza peşman
olmusunuz?
- Yox, peşman olmamışam. Ancaq yenidən həyata
gəlsəydim, daha çox ilahiyyat elmləri ilə məşğul
olardım. Demirəm ki, onu özümə bir sənət
kimi seçərdim, amma dərindən öyrənərdim.
"Qurani-Kərim"i çox yüksək səviyyədə
qəbul edirəm. Çünki orada insana fərəh verən
çox məqamlar, ən əsası həyat var.
Kaspi.-2007.-8 fevral.-S.16.