Heydər
Əliyev Fondu Xocalı soyqırımı haqqında
həqiqətlərin dünyaya yayılmasına öz
töhfəsini verir
XX əsrin
qanlı faciələrindən olan Xocalı
soyqırımının 15-ci ildönümü
ərəfəsində Heydər Əliyev Fondu xüsusi
layihə hazırlamışdır. Layihə çərçivəsində erməni terror dəstələrinin Xocalıda
törətdiyi vəhşiliklərə
dair Rusiya, Türkiyə, Fransa, Macarıstan, Rumıniya, Belçika, Almaniya, Çexiya, Gürcüstan
və İsveçrədə
silsilə tədbirlər
keçiriləcəkdir. Həmin ölkələrdə
min ildən artıq tarixi olan Xocalının ağır tank və digər zirehli hərbi texnikanın gücü ilə yer üzündən
silinməsi, körpə,
uşaq, qoca, qadına fərq qoymadan insanların amansızlıqla, ağlasığmaz
vəhşiliklə qətlə
yetirilməsi, əsirlərə görünməmiş işgəncələrlə
divan tutulmasını
əks etdirən fotosənədlərdən ibarət
sərginin təşkili
və ingilis, fransız, alman, rus, macar dillərində
bu faciədən bəhs edən bukletlərin təqdim edilməsi nəzərdə
tutulmuşdur. Sərgidə fondun keçirdiyi "Xocalı uşaqların gözü ilə" rəsm müsabiqəsindən
seçmələr, müxtəlif
illərdə xarici ölkələrdəki nüfuzlu
nəşrlərdə Xocalı
soyqırımına dair
dərc olunmuş yazılardan hazırlanmış
materiallar da nümayiş etdiriləcəkdir.
Heydər Əliyev Fondu ötən il bir neçə
dildə hazırladığı
"Qarabağ həqiqətləri"
bukletlər toplusunu beynəlxalq ictimaiyyətə
çatdırmaq istiqamətində
mühüm tədbirlər
görmüşdür. Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması
işinə xüsusi
önəm verən Heydər Əliyev Fondu bu il
də Moskva, Berlin, Strasburq, Brüssel, Buxarest, Ankara, Tbilisi və dünyanın digər şəhərlərində
minlərlə insanı
fotosənədlərin təkzibedilməz
dili ilə qanlı Xocalı faciəsi, erməni vandalizmi ilə tanış edəcək, dünya ictimaiyyətinin bu soyqırımı haqqında
obyektiv və dürüst məlumatlandırılmasına
çalışacaqdır.
Keçirilən tədbirlərin
xarici kütləvi informasiya vasitələri ilə yayılması üçün də tədbirlər görülür.
Azərbaycan.-2007.-9 fevral.-S.7.