Məhərrəmova T.
Biz saxta gülməyi bacarmırıq
Elxan Ocaqov, Əməkdar mədəniyyət
işçisi: "Teatrlara maraq
şou-biznesə maraqdan əskik deyil"
İndi Musiqili Komediya
Teatrında direktor vəzifəsinin icrası ona
tapşırılıb - Elxan Ocaqova. Çünki bu
teatrın mətbəxinə hamıdan yaxşı o
bələddir. Yaradıcı heyətdən tutmuş texniki
işçilərə qədər hamının dilini
gözəl bilir. Bir də ki, zəngin ənənələri
olan teatrı yaşatmaq, inkişaf etdirmək və
problemləri aradan qaldırmaq kimi ağır bir
vəzifəyə çiyin vermək hər adamın işi
deyil.
E.Ocaqov vəzifəsinin icrasına başladığı
müddətdə ilk müsahibəsini "Kaspi"yə
verdi.
17 ilin dostluğu
- Hamı yaxşı bilir ki, bu sənət ocağına uzun
illər görkəmli gülüş ustası Hacıbaba
Bağırov rəhbərlik edib. Ondan sonra Musiqili Komediya
Teatrında direktorluq vəzifəsinin icrasını boynunuza
götürməkdən ehtiyat etmədinizmi?
- Sözsüz ki, Hacıbaba Bağırov korifey
sənətkar idi. Elə bir sənətkarla
işləmək çox rahat idi. Biz 17 il sərasər bir
yerdə işləmişik. O, Bakı Bələdiyyə
Tənqid-Təbliğ Teatrında müdir, mən müavin,
daha sonra isə 10 il Musiqili Komediya Teatrında bir yerdə
işləmişik. Bu birlik mənim
həyatımda əhəmiyyətli rol oynayıb.
Əvvəla, Hacıbaba Bağırov kimi böyük bir
korifeylə işləyərək Azərbaycan milli
mədəniyyət tarixinə düşmək mənim
üçün önəmli bir şeydir. İkincisi,
Hacıbaba sənəti mükəmməl bilən bir
şəxsiyyət idi. Mədəniyyət sahəsində
ondan çox şey öyrəndim.
Üçüncüsü, Hacıbaba Bağırov çox
gözəl dost idi. Belə bir insanla dost olmaq və
böyük bir teatra birlikdə rəhbərlik etmək
böyük bir şərəf idi. Təbii ki, bütün
bunların sonunda Hacıbaba Bağırovu itirmək mənim
üçün çox ağır idi. Həm də bu
təkcə mənim üçün yox, Azərbaycan
teatrı üçün ağır itki idi. Böyük
bir korifeyi itirməklə bərabər repertuarda bir çox
tamaşaları oynamaq imkanından da məhrum olduq.
Çünki Hacıbaba Bağırovun rollarını oynamaq
mümkün olmayan bir şeydir və bu
mümkünsüzlüyün nəticəsində
tamaşalar məcburi olaraq repertuardan kənarlaşdırıldı.
Bu itkilərin qabağında sarsılmamaq, teatrı
yaşatmaq və inkişaf etdirmək məsələsi
qarşımızda dururdu. Burda mənim
köməyimə Hacıbaba Bağırovla birgə
işlədiyim illərin təcrübəsi və teatrla
sıx bağlı fəaliyyətim çatdı.
İkincisi, Hacıbaba Bağırovla işlədiyim
dövrdə o drektora aid səlahiyyətlərin bir
çoxunu mənə həvalə etmişdi. Bütün bu illər ərzində həmin
səlahiyyətləri icra etməyim də köməyimə
çatdı. Hacıbaba Bağırov ruhunun şad
olması, adının yaşaması üçün onun
illər boyu formalaşdırdığı bir kollektivlə
birləşərək teatrı qabağa aparmağı
qərara aldıq. Bu birlik də bizim
köməyimizə çatdı. Bir araya gələrək
teatrın bütün problemlərini, imkanlarını
müzakirə etdik və real vəziyyəti
aydınlaşdıraraq həm repertuarın
zənginləşdirilməsi və yeniləşdirilməsi,
həm kollektivdə müəyyən dəyişikliklər
etmək, həm də mövcud qüvvələri
düzgün yönəldilməsi istiqamətinə bir aydınlıq
gətirdik. İşimizi bu istiqamətlər
üzərində qurmağa başladıq. Bunun
nəticəsi olaraq Ramiz Mirişli və Marat Haqverdiyevin
"Qısqanc ürəklər" tamaşasını
təhvil verdik. Repertuardan çıxan bir çox
tamaşanın yerinə belə bir tamaşanın
gəlməsi elə bil repertuardakı boşluğu doldurdu.
Bu tamaşa teatrın bütün təbəqələri
üçün nəzərdə tutulan bir tamaşa idi.
Tamaşa çox uğurlu alındı və cəmiyyətin
bütün zümrələri tərəfindən normal
qarşılanıb bəyənildi. Bu uğur bizi yeni-yeni
tamaşalar qurmağa ruhlandırdı. Süleyman
Ələsgərov və Şıxəli Qurbanovun
"Milyonçunun dilənçi oğlu"
tamaşasını yeni quruluşda repertuara daxil etdik.
Hazırda tamaşanın qızğın məşqləri
gedir. Onu da deyim ki, bu tamaşa nazirliyin
konsepsiyasında nəzərdə tutulan gənc
reyissorların ekspermentinin tərkib hissəsi kimi Mikayıl
Mikayılova tapşırıldı. Onun bəxtinə
böyük bir tamaşa ilə yanaşı belə bir
aparıcı teatrda tamaşa hazırlamaq düşdü.
Klassik əsər olmasına baxmayaraq, Mikayıl
Mikayılov bu tamaşanı modern üslubda hazırlayır.
Bununla yanaşı Faiq Zöhrabovun quruluşunda Əli
Əmirlinin "Yeddi məhbusə" əsəri
səhnələşdirilir. Həmin tamaşada baş rolda
Afaq Bəşirqızının oynaması nəzərdə
tutulub. Eyni zamanda, gənc reyissor Əhəd Hacıyevə
Süleyman Ələsgərov və İsi Məlikzadənin
"Kələkbazlar" əsərini hazırlamaq həvalə
olunub. Bu tamaşa əvvəllər "Subaylarınızdan
görəsiniz" adıyla oynanılıb. Fikirləşib
tamaşaya yeni bir ad tapdıq. Aprel və mart aylarında
hər üç tamaşanı təhvil verməyi
planlaşdırırıq. Paralel olaraq rus
bölməsində Cənnət Səlimovanın
quruluşunda macar bəstəkarı Kalmanın
"Bayadero" əsəri səhnələşdirilir. Bu
çox ağır əsər olduğu üçün
tamaşanı ilin sonuna qədər təhvil verməyi
planlaşdırmışıq.
Hazırda yeni layihələr üzərində
işləyirik. Bu layihələrin bir neçəsinin
icrasına başlanılıb. Teatrın fəaliyyətini
çox şaxəli qurmağa çalışırıq.
Teatrın fəaliyyəti bütün sahələr
üzrə paralel inkişaf etməlidir ki,
tələblərə cavab versin və sabahkı inkişaf
tempi ilə ayaqlaşa bilsin.
- Hacıbaba Bağırovla birlikdə Tənqid-Təbliğ
Teatrından
Musiqili Komediya Teatrına işləməyə
gələndə o teatrdan hansı ənənələri
gətirdiniz?
- Tənqid-təbliğ teatrı özəl teatr olduğu
üçün özünəməxsus cəhətləri
vardı. Bu teatr kiçik, yığcam bir kollektivdən
ibarət idi. Bəzi hallarda bir nəfər bir neçə
vəzifəni icra edirdi. O teatr öz işini çox
çevik fəaliyyət proqramı üzərində
qurmuşdu. Professional teatrlarımız
tamaşaçı üzünə həsrət
qaldığı bir vaxtda Tənqid-təbliğ
teatrının Heydər Əliyev adına Sarayda
günlərlə premyera tamaşaları göstərilir, bir
həftə qabaqcadan biletləri satılırdı.
Tənqid-təbliğ sırf kommersiya üzərində
qurulumuş teatr idi. Ancaq Musiqili Komediya Teatrı
Şərqdə yeganə, uzun illik tarixi
ənənələri olan böyük bir kollektivdir. Həmin ənənələrdən kənara
çıxmaq, bu teatrın simasını itirməsi demək
idi. Şərqdə nüfuz qazanmış bir teatrın fəaliyyətini
Tənqid-təbliğ teatrının fəaliyyətinə
uyğunlaşdırmaq olmazdı. Burada hər şey
teatrın öz ənənələri
çərçivəsində quruldu. Təbii ki, orada
yığılan təcrübə bu teatrda bəzi
problemlərin həllində kömək oldu. O
dövrdə teatrdan gedən və xalq tərəfindən sevilən
bir çox aktyorlar geri çağrıldı.
Nəhayət, bu möhtəşəm binanın öz
kollektivinə qaytarılması ilə yeni teatr
binasının özünə uyğun yeni repertuarı
yaranmağa başladı. Biz onda üç növbəli
işləməyə başladıq. Noyabrın 10-da
açılışı olan teatr çox qısa müddətdə
- dekabrın 4-də Üzeyir Hacıbəyovun "O
olmasın, bu olsun" tamaşası ilə
tamaşaçıların qarşısına
çıxdı. Sonra bir-birinin ardınca yeni tamaşalar
təhvil verməyə başladıq. Bütün
bunlar yeni iş üslubundan xəbər verirdi.
- Çox vaxt gənc aktyorlar teatrlarda onlara şərait
yaradılmamasından, yaşlı aktyorların cavan rollarda
oynamasından, rol bölgüsünün düzgün
aparılmamasından və s. problemlərdən
şikayətlənirlər. Sizin teatrda belə
problemlər varmı?
- Ölkəmizdə bütün sahələrdə
gənclərə meydan verilməsi yönündə mühüm
addımlar atılır. Bizim teatr da bu prosesdən kənarda
qalmır. Teatrda istedadlı gənclər formalaşmağa
başlayır. Bu prosesə Hacıbaba Bağırovun dövründən
başlamışıq. O vaxtdan gənclərə diqqət
himayə ayrılıb. İncəsənət Universiteti
ilə sıx əlaqəmiz var. İstedadlı
gəncləri tapıb teatra cəlb eləmək
istiqamətində çox işlər görülüb.
Bunun nəticəsidir ki, bu gün onlarla gənc aktyor bu teatrda
özünü təsdiq edib. Bir faktı da deyim ki, son 3
ildə bu teatrda 16 cütlük ailə qurub. Onların bir
çoxunun artıq uşaqları da var. Ancaq yenə teatrda
fəaliyyətlərini davam etdirirlər. Belə bir fakt
nəinki teatrlarda, heç böyük zavodlarda da yoxdur.
Qanunun prodüser problemi
- Ötən il müzakirəyə çıxarılan
"Teatr haqqında" qanun teatr ictimaiyyəti
tərəfindən birmənalı qarşılanmadı.
Qanunun müddəaları sizi tamamilə qane edirmi?
- Son bir ildə Mədəniyyət Nazirliyinin bazasında yeni
bir nazirliyin - Mədəniyyət və Turizm Nazirliyinin
formalaşması, qısa bir müddətdə bir sıra
islahatların həyata keçirilməsi çox
böyük hadisə idi. Mədəniyyət Nazirliyi
çevik bir fəaliyyət planı əsasında öz
işini qurmağa başladı. Bildiyiniz kimi teatr
dövlətin ideologiyasını, siyasətini təbliğ
edən mühüm sahələrdən biridir. Teatrın
öz qanunun olmaması və teatrın öz
fəaliyyətini yalnız dövlətin konstitusiyası
və "Mədəniyyət haqqında" qanuna
söykənərək qurması çox çətin idi.
Buna görə "Teatr haqqında" qanun olmalı idi. Bu
barədə söhbətlər getsə də, ortada bir
nəticə yox idi. Bu qanunun böyük bir səylə
hazırlanıb Millli Məclisin müzakirəsinə
çıxarılması mühüm bir hadisə idi. "Teatr haqqında" qanun teatrların
düzgün istiqamətləndirilməsi üçün
çox böyük bir sənəddir. Əvvəla,
teatrların fəaliyyəti ölkə daxilində donub
qalmalı deyil, yəni dünya arenasına
çıxmalı və öz işini beynəlxalq standartlar
əsasında qurmalıdır. Bunun üçün
teatrın fəaliyyətini tənzimləyən qanunun
olmasına ehtiyac var. Teatr qanunu bütün
müqavilələrin bağlanması, istər ölkə
daxilində, istərsə də ölkə xaricində
aktyorlardan tutmuş texniki işçilərə qədər
hüquqların qorunması sahəsində çox
mühüm sənəddir. Bilirsiniz ki, teatr özünü
saxlamaq imkanına malik deyil. Buna görə də bütün
teatrlara dövlət dotasiyası ödənilir. Artıq
"Teatr haqqında" qanunda teatrlar dövlət
tərəfindən himayəyə götürülüb.
Görürsünüz ki, qanunun bir maddəsi teatrların
qorunması üçün nə qədər böyük
əhəmiyyət kəsb edir. Digər tərəfdən,
teatrlar fəaliyyətini dünənki və bugünkü
uğurları üzərində qursalar, kinoteatrlar kimi
tamaşaçasını itirər və teatrın
qapıları bağlanar. Ona görə teatr sabah
üçün yaşamalı və cəmiyyətin
bütün təbəqələrini özünə cəlb
etmək üçün fəaliyyətini düzgün
qurmalıdır. Bütün bunları tənzimləmək
üçün "Teatr haqqında" qanunun böyük
əhəmiyyəti var.
- Qanunda ən çox qıcıq doğuran məsələ
prodüserlərin fəaliyyəti ilə bağlıdır.
Gərək ki, daha çox reyissorlar bu fəaliyyəti öz
işlərinə müdaxilə hesab edirlər.
- Ən çox hay-küyə səbəb olan elə
prodüser məsələsi oldu. Onlar prodüser
fəaliyyətinin nə demək olduğunu və qanunda
necə əks olunduğunu bilmirlər. Prodüserlərin
fəaliyyəti qanunda çox gözəl əksini tapıb.
Qanunda prodüser fəaliyyətini izah edən konkret bir
cümlə var: "Prodüser quruluşçu ilə
bağladığı müqavilədə həm pyesin
seçilməsinə, həm hazırlanmasına, hətta
aktyorun seçilməsinə öz münasibətini
bildirməlidir. Amma prodüser işə istər
quruluşçunun və həmin tamaşanın
hazırlanmasında iştirak edən yaradıcı
heyətin hüquqlarının pozulmaması şərti
ilə müdaxilə edə bilər".
Bu gün Azərbaycanda prodüser qurumu və belə bir
fəaliyyət növü yoxdur. Prodüser
mərkəzində müxtəlif sahələri
istiqamətləndirən prodüserlər ortaya
çıxmalıdır. Bu gün dünyanın
bütün ölkələrində prodüser
mərkəzləri mövcuddur və təbii ki, bu
Azərbaycanda da olacaq. Sabah prodüser fəaliyyəti
teatrların fəaliyyətinin çox uğurlu
istiqamətdə inkişafına təkan verən bir
vasitə olacaq. Prodüserin fəaliyyəti reyissorun
fəaliyyətinə qətiyyən müdaxilə deyil.
Prodüser bəyəndiyi əsəri teatra təklif edə
bilər. Teatrın bu əsəri qəbul etmək və
etməmək hüququ var. Teatrın tamaşalarının
dünya arenasına çıxması, qostrollarının
təşkil olunması üçün prodüser
fəaliyyəti vacibdir. Prodüserlərin fəaliyyəti
müqavilə əsasında qurulur. Bu da teatrların
uğurlu fəaliyyətinin əsasını qoyan bir amildir.
Bilirisiniz ki, kollektivin böyük bir qismini hər hansı bir
ölkəyə qostrola aparmaq teatrın imkanları
xaricindədir. Prodüserin əsas işi ondan ibarətdir ki,
hansı məhsulu əldə etmək üçün
müqavilə bağlayırsa, o məhsuldan gəlir
əldə etmək istəyir. Təbii ki, teatrlarla
işləyən prodüser bu sahəni bilməyən və
teatr sahəsində dünyada gedən işkişafdan xəbərsiz
adam ola bilməz. Ayrı-ayrı məsələlərə
sponsorluq edən şəxslərin fəaliyyəti ilə
prodüserin fəaliyyəti qarışdırılmamalıdır.
Problem də burdan yaranır.
Qurunun oduna yanan yaş
- Bu gün zövqü müxtəlif şou proqramlar,
bayağı verilişlər üzərində köklənən
tamaşaçıda ötən illərdə olduğu kimi
teatra məhəbbəti aşılamaq mümkün
olacaqmı?
- Cəmiyyətdə həmişə peşəkar və
qeyri-peşəkar kollektivlər olub. Bəzi hallarda
qeyri-peşəkarlar populyarlıq qazanır. Cəmiyyətin
müəyyən təbəqələri arasında
populyarlıq qazanmaq mümkündür. Ancaq bunlar
müvəqqəti populyarlıqdır. Peşəkar
sənət min illər boyu və xalqın
mənəviyyatından qətrə-qətrə toplanan
sənətdir. Xalqın mənəvi
dəyərlərinə söykənən peşəkar
sənəti heç vaxt qeyri-peşəkar sənət
sıxışdıra bilməz. Peşəkar sənət
həmişə öz sanbalını qoruyur.
Adətən teatrda tamaşaçı axını
zəifləyəndə müxtəlif müzakirələr
aparılır. Bəzi hallarda dramaturqların, bəzi hallarda
normal reyissorun və ya yaxşı aktyorların
olmamasını günahlandırırlar. Sadəcə olaraq,
teatr öz fəaliyyətini günün tələblərinə
uyğun qurmalıdır. Ola bilsin ki, teatrın maddi durumu
bugünkü günün tələbləri
səviyyəsində tamaşa təqdim etməyə imkan
vermir. Ancaq mövzunun aktuallığı, modern
olması, aktyorların səhnə davranışının
bugünkü tələblər
çərçivəsində olması baxımından,
eyni zamanda, teatrın ümumi təbliğatının bu
gün tələb olunan səviyyədə qurulması
istiqamətində işlər gedərsə, təbii ki,
teatra həmişə tamaşaçı axını
olar. 20-30 il əvvəl olduğu kimi bu gün tamaşanın
və quruluşçu heyətin adını bir kağıza
yazıb küçələrə afişa
yapışdırmaq tamaşaçını cəlb
eləmir. Bu, artıq köhnəlmiş təbliğat
vasitəsidir. Çünki çox adamın
küçədəki afişanı oxumaq imkanı yoxdur.
Buna görə də televiziyada, internetdə teatrın
gündəlik repertuarı haqqında məlumat
olmalıdır. Və yaxud teatrın daim dəyişən
və yeniləşən saytının olması teatrın
təbliğatında mühüm rol oynayır.
Onu da qeyd edim ki, əvvəllər teatrların
ali və orta təhsil məktəbləri ilə sıx
əlaqələri vardı. Teatrlar məktəbdə ya
dərnəklər açır, ya məktəb
kollektivləri müntəzəm olaraq tamaşlara baxmağa
gəlir, ya da teatrlar tamaşa göstərmək
üçün məktəblərə gedirdilər. Bir
neçə ildir ki, bu əlaqə kəsilib. Bunun
səbəbi teatr aləmində qeyri peşəkar -
xəkəndaz truppaların məktəblərə ayaq
açması oldu. Buna görə də Təhsil Naziriyi bu
cür qrupların və ümumiyyətlə, teatrların
məktəblərə buraxılmaması haqqında qərar
qəbul etdi.
- Belə çıxır ki, qurunun oduna yaş da yandı.
- Bəli, qurunun oduna yaş da yandı. Həmin
xəkəndaz truppaların hesabına teatrların
məktəblərlə əlaqəsi kəsildi. Bunun
yaxşı cəhəti onda oldu ki, xəkəndaz
truppaların qarşısı alındı. Pis cəhəti
o oldu ki, gənc nəslin professional mədəniyyətlə
əlaqəsi kəsildi. Artıq teatrlarla
bağlı böyüməyən bir neçə belə
nəsil məktəbi bitirib. Öz sənəti ilə
bağlılıq itdiyinə görə kənar xalqların
mədəniyyəti, incəsənəti ilə bağlı
küçələrdə, ayrı-ayrı
zirzəmilərdə replər, xarici rəqslər,
əcnəbi musiqilər yaranmağa başladı. Həmin
nəslin nümayəndələri barlara, gecə
klublarına, diskotekalara meyl etməyə başladılar. Bu
da bir ara cəmiyyətdə narazılıqlara və qarşıdurmalara
gətirib çıxardı. Şükürlər olsun ki,
artıq konkret proqramlar yaranıb və konkret layihələr
üzərində iş gedir. Regionların inkişafı ilə
bağlı aparılan proqramın tərkib hissəsi kimi bu
günlərdə bütün regionlarda Əbülfəs
Qarayevin rəhbərliyi ilə musiqi festivalı təşkil
olunur. Peşəkar kollektivlərin iştirak etdiyi bu
festivallar klassik musiqimizi, professional sənətimizi
təbliğ eləmək baxımından çox
mühüm hadisədir.
- Siz bayaq teatr biletlərinin qiyməti məsələsinə
də toxundunuz. Bəzi teatr rəhbərləri
qiymətlərin bahalaşması ilə əlaqədər
qiymətlərə yenidən baxılacağını
bildiriblər. Bu dəyişiklik sizin teatrda da
gözlənilirmi?
- Qəzetlərin birində mənim adımdan da
yazmışdılar ki, qiymətlərin bahalaşması
ilə əlaqədar "Muskomediya" biletlərin
qiymətini qaldırır. Ancaq mənim bundan xəbərim
yox idi. Teatr öz fəaliyyətini bazar üstündə qura
bilməz. Teatr öz fəaliyyətini xalqın mənəvi
dəyərləri üzərində qurmalı və
millətin bütün təbəqələrini
nəzərə alaraq qiyməti
müəyyənləşdirməlidir. Bizim
hazırladığımız məhsul satdıq deyil. Biz
millətin dəyərlərini nümayiş etdiririk.
Təbii ki, qiymətlər zaman-zaman tənzimlənir. Amma bu
nə qiymətlərin bahalaşması, nə də bazarla bağlıdır.
Bazarlarda qiymətlərin tənzimlənməsinin teatra
dəxli yoxdur.
- Bu yaxınlarda teatrınızın baş reyissoru Yusif
Əkbərovdan müsahibə götürərkən o,
məqsədinin teatrın əsl simasını - musiqili
komediya yanrını özünə qaytarmaq olduğunu
söylədi. Bu məqsədi necə həyata
keçirəcəyi təbii ki, reyissor mətbəxinin
sirridir. Məni düşündürən isə
insanların üzündəki gülüşdür -
müəyyən problemlər, qayğılar
üzündən silinən gülüşü
həmişəlik qaytarmaq olacaqmı?
- Həyatda baş verən bütün hadisələrə
gülüşlə, yumoristik şəkildə cavab
bildirmək Azərbaycan xalqının
varlığındadır. Biz qeyri-səmimi, saxta
gülməyi bacarmırıq. Düzdür, bu illərdə
xalqımızın başına çox faciələr
gəldi - şəhidlər verdik, torpağımızın
bir hissəsini itirdik. Bütün bunlarla bərabər
ölkəmiz inkişaf edir, xalqın sosial durumu
yaxşılaşır. Əgər xalq sabaha real ümid
görürsə, təbii ki, onun ümidi həqiqətə
çevriləcək. Bütün bunlar olduğuna
görə bizim xalqın gülüşə həm
ehtiyacı, həm də mənəvi haqqı var. Biz də
bir teatr olaraq bütün varlığımızla bu
həqiqi gülüşü xalqımıza verməyə
çalışırıq.
Kaspi.-2007.-10-12
fevral..-S.22-23.