Kamera Teatrının səhnəsində "Otello"
faciəsi
Əsərin ibrətamiz məzmunu
tamaşaçını düşünməyə məcbur
edir...
Bu gün
də Şekspirin əsərləri dünya
teatrlarının repertuarından düşmür. Səbəbi onun əsərlərində
insanın daxilini əsir edən naqisliklərə - ağalığa,
hakimiyyətçiliyə, xəbisliyə, qısqanclığa,
lovğalığa, xudbinliyə,
şöhrətpərəstliyə qarşı döyüşün
özünəməxsus, bənzərsiz
şəkildə ifadə
olunmasıdır. Bu yaxınlarda
Bakı Kamera Teatrının səhnəsində
baxdığımız Şeksprin
məşhur "Otello"
faciəsi ilə bağlı maraqlı qənaətlər yarandı.
Əsrlərdir ki, dünya teatrlarının
səhnəsində bu
əsər daim oynanılır, insanları
düşündürür. İnsan müəyyən
bir ağıl səviyyəsində
özünün kim olduğunu çox gözəl bilir. Lakin həmişə insanın öz nöqsanlarını etiraf
etməsi problem olub. Tarixin çox
dönəmlərində ağlı
və iradəsilə
dünyanı dəhşətə
gətirən fatehlər,
bənzərsiz təb
sahibləri bəzən
adi nöqsanın, hətta səhvin güdazına gediblər.
Düşünəndə ki, bəşərin
faciələrinin kökündə
əslində insanın
öz daxili dünyası ilə bacarmaması, onu xeyrin tələbinə uyğun səviyyədə
qurmaması durur; o zaman Şekspirlə
həmfikir, həmdərd
olmaya bilmirsən. İnsan dünyaya insaniliyni təsdiq etmək üçün gəlib. Bəzən
onun ömrü boyu özünü ifadə etmək istəyi sanki "Sizif əməyi" demək olur. Bir də görürsən,
insan məhv olur, özündən heç bir nişanə qoya bilmir.
Şekspirin əsərlərində
insan faciələrinin
əlvan çeşidləri
sıralanır, insana
heç vaxt yaddan çıxmayacaq ibrət dərsi verir. İnsan anlayır ki, əgər dünyada sözün əsl mənasında ədalətin,
həqiqətin bərqərar
olmasını istəyirsə,
ilk növbədə özü ilə bacarmalı, yəni insaniliyin tələbinə
uyğun yaşamalıdır.
Kamera Teatrının
balaca səhnəsində
"Otello" faciəsi
yaşandı.
Əsərin tərcüməsi
S.Mustafanındır. Quruluşçu rejissor xalq artisti
İrina Perlovadır.
Rolları əməkdar
artist İlqar Cahangirov
(Otello), əməkdar
artist Leyli Vəliyeva
(Dezdemona), əməkdar
artist Şövqi Hüseynov
(Yaqo), əməkdar
artist Gülər Nəbiyeva
(Emiliya), əməkdar
artist Nofəl Vəliyev
(Kassio), İradə Rəşidova (Bianka), Vüqar Məmmədəliyev
(Rodriqo), əməkdar
artist Seyidşah Məmmədov
(Bravansio), Aydın Dəmirov (Montano) və başqaları ifa edirlər.
Kimdir Otello?
O, bir zəncidir,
"mavrdır". Tamaşanın
əvvəlində gərginlik
bəri başdan hiss olunmağa başlayır.
Uzun müddətdən bəridir
ki, donanma dənizdədir. Budur, onlar
artıq Venetsiyadadırlar.
Döyüşlər arxada qalıb.
Yaqo hədsiz məharətlidir.
Bütün tamaşa boyunca
onun əsiri olduğu nöqsanların
ətrafında necə
fəlakətlər yaratdığının
şahidi oluruq. Tamaşaçıya ilk çatan
Yaqo halı budur: "Niyə Otello Kassionu yavər seçib, məni yox?" Bu dəmdən başlayaraq
onun iftiralı, riyalı halı aşkarlanır. Lakin bunu
görən yalnız
tamaşaçıdır. Otello və ətrafı Yaqonu başqa cür tanıyır.
Şəxsən Yaqo Otello üçün mehriban, onun uğrunda ölümə gedən bir dostdur. O, bütün pünhan sirlərini belə Yaqo ilə bölüşür.
Otello zərif
bir çiçək
olan Dezdemonanı sevir. Təbiidir ki, Dezdemona da onu eyni
dərəcədə sevir.
Lakin qızın atası onların izdivacına qarşıdır. Dezdemona Otelloya
möhkəm inanır.
Onun comərdliyi Dezdemonanı valeh edir. Atasının inadına baxmayaraq
Otellodan əl çəkmir.
Sonrakı hadisələr Kipr adasında baş verir. İndi Otello dünyanın ən bəxtəvəridir. Çünki
onun Dezdemona kimi sevgilisi var. Yaqonun nifrəti
getdikcə artmağa başlayır. O, nə olur-olsun, Otellonun xoşbəxtliyinə qarşıdır.
Yaqonun simasında tamaşaçı adam xislətinin bütün çalarlarını görə
bilir. Doğrudan da ən çətin
iş insanın özünə sahib olmasıdır. Həmişə
cahangirlər dünyaya
sahib olduqları dərəcədə özlərinə
sahib olmayıblar. Bu gün əfsanəyə
dönən İsgəndər,
ya işğalçılığı
sayəsində məşhurlaşan
Çingiz xan məgər xoşbəxtliyə
çatdılarmı? Bu
mənada Yaqonun da şər duyğularının əsiri
olduğunu görürük.
O, Kassiodan məharətlə
bir vasitə kimi istifadə edir. Yaqo nifrətində
məharətlidir. O, dondan-dona
girməyi çox gözəl bacarır. Rəqibinin zəif məqamlarını öyrənir.
Anlayır ki, Otello kimi möhtəşəm
bir generala yalnız hiylə ilə qələbə çalmaq olar. Adamları biri-biri ilə vuruşdurmaq, aradan sivişib çıxmaq məhz yaqoların xislətindədir.
O, özünü Otelloya
dost göstərdiyi dərəcədə daha
artıq səylə onun könül evini uçurur. Əslində yaqolar o zaman böyük
görünürlər ki,
otellolar özlərinə
tam inanmırlar. Otellonun faciəsi nədə idi? Hər şeydən əvvəl o, özünə inanmırdı.
Əgər inansaydı,
o zaman faciəsi
baş verməzdi. Otello inanmır ki, Dezdemona kimi
ağdərili gözəl
bir qız onun kimi mavrı
sevə bilər. Bu, əslində insan faciəsidir. Məhz Otellonun zəif damarını tutan Yaqo yaylıq
mövzusunu ortalığa
atır. Bir yandan da onu
qızışdırır, şübhə dəryasına
qərq edir. Şübhə o vaxtacan şübhədir ki, inam yoxdur.
Əgər əsl inam gəlirsə, şübhəyə yer olmur. Hərb meydanında böyük qəhrəmanlıqlar göstərən
Otello qısqanclıq
adlı duyğuya dov gələ bilmir. Yuxarıdakı qənaətimiz özünü
doğruldur.
Dezdemona həmişə məsumdur. Onda bir uşaq sadəlövhlüyü
var. O, sevgisində axıracan sədaqətlidir.
Otellodan yalnız sevgi umur. İndi
təsadüfən yaylığını
salıb itirmiş Dezdemona Otellonu bu əzablı vəziyyətdən necə
qurtarsın? O, günahkar
olmadığı halda
bunu necə etiraf eləsin? Otello məqamı aşa bilmir, içində kök salmış şübhələr
ona daim dov gəlir. Son anda o,
Dezdemonanı günahlarına
görə dua etməyə çağırır.
Dezdemonanın yeganə
günahı isə Otellonu sevməkdir.
Otello Dezdemonanı
boğur. Artıq faciə
baş verib. İndi heç nəyi geriyə qaytarmaq mümkün deyil. Ölüm ölümdür. Otello ayılıb.
Lakin bu, hələ tam ayılma deyil. Yaqonun arvadı Emiliya faciəli durumu Otelloya anladır. Yaqo arvadını öldürür
və qaçır.
Amma az
sonra özü də öldürülür.
Otellonun sonda məsum Dezdemonanın yanında özünü öldürməsi
ibrətamizdir. Lakin dünyadan
şər əksildimi?
Otellolar ölür, amma onların faciələri yenə yaşayır.
Əsərin ibrətamiz məzmunu
bizə bunu aşılayır.
Tamaşa boyunca surətlərin dinamik, əksər məqamlarda əsərin ruhuna uyğun çılğın,
ruhlu çıxışları
yerli-yerində idi. Otellonun şübhələrinin
anbaan artmasını səhnədə tez-tez görünən qara paltarlı obraz gözəl ifadə edirdi.
Xalq cəhbəsi.-2007.-7 fevral.-S.15.