Məhərrəmova T.

 

Arxadan qaçan adam

 

Bir neçə il öncə özünü bu cür səciyyələndirən Əməkdar artist

Leyli Vəliyeva indi sənət yoldaşları ilə ayaqlaşa bildiyini düşünür

 

Bakı Kamera Teatrı tez-tez müxtəlif festivallarda, müsabiqələrdə nailiyyətlər əldə edir. 16 illik fəaliyyəti dövründə teatrın kollektivi bir çox uğurlara imza atıb. Kollektivin bu yaxınlarda Rusiyada keçirilən Dostoyevskinin əsərlərindən ibarət tamaşaların festivalından qələbə ilə qayıtması bunu bir daha sübut edir. "Dostoyevski günləri"ndə kollektivin oynadığı tamaşalar münsiflər heyəti və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Ən əsası - kollektiv həmişəki kimi festivaldan əliboş qayıtmayıb.

Teatrın aktrisası, Əməkdar artist Leyli Vəliyeva "Dostoyevski günləri" ilə bağlı təəssüratlarını bizimlə bölüşür:

 

 

- Fyodor Dostoyevskinin yaradıcılığına həsr olunan festival çox yadda qalan oldu. Yazıçının səkkiz il yaşadığı "Staraya Rus" şəhərinə getdik. Dostoyevski "Karamazov qardaşları" bu şəhərdə yazıb. Çox qəribə idi ki, ruslar Azərbaycanda bu səviyyədə teatrın olmasına inana bilmirdilər. Ola bilsin ki, bəzi teatrlarımız Rusiya qastrolları çərçivəsində yaxşı tamaşa təqdim edə bilmədiklərindən belə bir rəy formalaşıb. Bizim tamaşaya baxandan sonra isə "doğrusu, sizdən bunu gözləmirdik" - deyə etiraf etdilər. Bütün rəylərə baxmayaraq, onları heyran etməyimizə sevindik. Festivalda "Ağ gecələr" və "İdiot" tamaşalarını, Peterburqda isə "Geriyə dönən uzun yol" tamaşasını oynadıq. Teatrımızın aktyoru Nofəl Vəliyev münsiflər heyəti tərəfindən "Ən məlahətli kişi" nominasiyasına layiq görüldü. "Ağ gecələr" tamaşası oynanılan zaman nədənsə münsiflər heyətinin sədri iştirak eləmədi. Mənə elə gəlir ki, "İdiot" tamaşasından sonra o, gəlib bu tamaşaya baxmağa qorxdu. "Ağ gecələr" heç bir mükafat almasa da, tamaşaçılar tərəfindən çox gözəl qarşılandı.

Festival günləri çərçivəsində Dostoyevskinin yaşayıb- işlədiyi otağı gəzdik. Heç vaxt həyatımda keçirmədiyim hissləri orada keçirdim. Çox qəribədir ki, mən heç vaxt gündəlik yazmaq istəməmişəm. Oradan qayıdandan sonra isə yazmağa başladım. Aktrisalıq fəaliyyətimdə çox müəlliflərin əsərlərində oynamışam. Bilmirəm, nə üçünsə Dostoyevski həyatımda daha mühüm yer tutur.

- Bir dəfə də demisiniz ki, Dostoyevskinin qəhrəmanları mənə daha yaxındır. Bu bağlılığın səbəbini özünüzçün aydınlaşdıra bilmisinizmi?

- Dostoyevskinin qəhrəmanları bütün insanlara yaxındır. Dostoyevski elə bir yazıçıdır ki, bütün insanları öz əsərində cəm edir. Məsələn, deyirlər ki, rus xarakterini bütünlüklə öyrənmək istəyirsənsə "İdiot" əsərini oxu. Çünki o əsərlərdə heç bir hoqqabazlıq olmadan əsl insanın xarakteri yazılıb.

- Yenə festival günlərinə qayıdaq. Festivalda daha hansı ölkələrin teatrları iştirak edirdi?

- Bizim ölkəmizdən başqa Omsk, Voloqda, Novqorod, Moskva, Peterburq şəhərlərinin teatrları iştirak edirdi. Biz Peterburqdan çox şey gözləyirdik. Nə qədər qəribə də olsa, onlar məntiqi olmayan bir tamaşa təqdim etdilər. Ümumiyyətlə, indi bir çox reyissorlar əsəri qurmaq əvəzinə hoqqabazlıqla məşğul olurlar. İnsanları tərbiyələndirmək, yaxşı keyfiyyətlər təlqin etmək əvəzinə tamaşaçını hoqqabazlıqla ələ almaq istəyirlər. Bu isə yaxşı tamaşa təqdim etməyə mane olur.

- Bir neçə il bundan əvvəl sizdən müsahibə götürəndə "Mən arxadan qaçan adam kimiyəm. Rollarımın sayına görə yoldaşlarımdan geri qalıram" demişdiniz. İndi vəziyyət necədir, yoldaşlarınıza çatmısınızmı?

- İndi belə deyil. Özümü tərif kimi çıxmasın, yoldaşlarımla bir sırada gedirəm. Çox qəribədir, teatrdan uzaq olanda elə bilirdim ki, yoldaşlarım nəsə dahiyanə bir şey yaradırlar. Gəlib gördüm ki, elə deyil. İndi mən də onlardan geri qalmıram, demək olar ki, eyni marafonda qaçıram.

- Ailə qayğılarından sıyrılıb özünüzü bu ritmə necə uyğunlaşdıra bildiniz? Yoxsa qorxdunuz ki, nə isə itirə bilərsiniz?

- O vaxt qızım balaca idi. Uşaq balaca olanda problemləri də çox olur. İndi, şükür Allaha, böyüyüb, problemlərini də özü həll edir. Bir də mənə elə gəlir ki, hər kəsin öz proqramını qurmağı özündən asılıdır. Bəlkə də mən evdə yaxşı evdar deyiləm. Məsələn, əvvəllər daha yaxşı bişirirdim, indi isə bunu bir qədər yadırğamışam. Mənə elə gəlir ki, teatrda çalışan aktyor sevdiyi işə və cəmiyyətə xidmət etməlidir. Bu gün ev səliqəsiz oldu, paltar çirkli qaldı və s. problemlər həll olunan şeylərdir. Əsas teatrdır. Camaat səni səhnədə görür və onu tamaşa maraqlandırır. Sənin ailə problemin tamaşaçı üçün qətiyyən maraqlı deyil. Vaxtilə bunlar məndə problem yaradırdı. İndi, şükür Allaha, bununla bağlı problemim yoxdur. Bu yaxınlarda Cənnət Səlimova tamaşa götürüb, ancaq mənə rol verməyib. Görür ki, mənim yüküm çoxdur, ailə qayğılarım var. Həm də başqa aktyorları sınamaq lazımdır. Tamaşaçı gəlib səhnədə həmişə Leylini, Güləri və başqasını görməməlidir. O biri aktrisaların da işləməsinə, özlərini təsdiqləmələrinə imkan verilməlidir.

- Tutaq ki, tamaşada baş rol başqa aktyora verilib, sizə isə epizodik rol həvalə olunur. Bu zaman rol bölgüsündə qısqanclıq yaranmır?

- Əlbəttə, olur. Amma mənə elə gəlir ki, o bir an çəkir. Onu davam etdirmək, həyatın devizinə çevirmək axmaqlıqdır. Yaxşı aktyor tamaşaya, roluna xidmət etməlidir. Qoy elə yaxşı mənada rəqabət yaransın. Bu, tamaşanın xeyrinədir. Böyük və balaca rolun fərqi yoxdur. Olub ki, mən bir tamaşada həm böyük, həm də epizodik rol oynamışam. Həmin tamaşada bir yurnalist baş rol oynamağımdan danışmayıb, ancaq epizodik rolda oyunumu bəyənərək,- "Bu aktrisa kimdir, mən gəlib onun bütün tamaşalarına baxacağam" - deyib. Deməli, tamaşada baş rolu elə oynamışam ki, o, məni görməyib. Rol gərək adama yapışsın. Reyissorun tamaşada ən uğurlu işi rol bölgüsüdür. Aktyorla rol bölgüsü üst-üstə düşməli, uyğun gəlməlidir.

- "Şeyx Sənan" tamaşasındakı Xumar obrazı sizin xarakterinizlə üst-üstə düşən rol idi?

- Onu tamaşaçılar deyə bilər. Yalnız onu bilirəm ki, mən Xumarı özümə çəkmirəm, Xumara doğru gedirəm. Əgər Xumarı özümə çəkirəmsə, demək məndə ştamplar yaranıb. Deməli, mən inkişaf eləmirəm, eyni şeylər axtarıram. Hüseyn Cavid başqa, Şekspir də başqa stildir. Əsərlərindəki obrazları da başqadır. Düzdür, bu əsərlərdə insanlar hamısı bir cür sevir və hamısı bir cür nifrət edir. Yaxşı, pis və orta xarakterlər var. Ancaq hər dəfə bir az fərqli oynamaq lazımdır ki, tamaşaçı səndən yorulmasın. Bu da aktyordan böyük zəhmət, axtarış və istedad tələb edir. Mən həmişə buna çalışmışam ki, rolum zəif alınsa belə digər roluma oxşamasın. Düzdür bundan qaçmaq olmaz. Amma mənə elə gəlir ki, az da olsa xarakterdə dəyişiklik etmək lazımdır. Ən sevmədiyim şey aktyorun çıxıb eyni şeyləri təkrar etməsidir.

- Deyə bilərsinizmi, Xumar rolunda sizi cəlb edən nədir?

- Hüseyn Cavid mənim çox sevdiyim dramaturqlardandır. Oxuduğum bütün pyeslərində o, qadına az yük verib. Bəlkə də Cavid əziyyəti qadınlara vermək istəməyib. Görürsünüz ki, bu obrazın da sözü azdır. Mən saatlarla səhnədə dayanıram və heç nə danışmıram. Düzdür, yaxşı oynayan aktyora susanda da baxırlar. Aktyor da var ki, nə qədər danışsa da ona baxan olmur. Ancaq elə sözsüz oynamaq, tamaşaçının yadında qalmaq daha çətindir. Bəzən elə tamaşalar var ki, orda söz adama mane olur. Amma Caviddə hər söz əsaslanıb. Burda sözü oynamaq çətindir. Cənnət xanım deyirdi ki, hər kəlmə ağızdan qızıl kimi çıxmalıdır. Mən də Xumarın hər kəlməsini ağzımdan qızıl kimi çıxarmağa çalışırdım.

- Vaxtilə deyirdiniz ki, teatrı heç sevməmisiniz və kinoaktrisa olmağı istəmisiniz. Bu ünvanı dəyişməyinizə peşmansınız?

- Sizə bir şad xəbər verim: məni kinoya çəkiblər. Azərbaycanın yaxşı reyissorlarından biri məni yenə çəkəcəyinə söz verib. Ancaq onun maddi problemləri var, hələ film çəkə bilmir. Elxan Qasımov isə məni Xocalı faciəsi ilə bağlı bir filmə çəkib. O, hətta mənə dedi ki, bir az gecikdin. Yəni mənim şəklimi ona gec vermişdilər. Təssəvür edin, filmin bütün iştirakçıları təsdiq olunandan sonra mənim şəklimi ona təqdim ediblər. Dedi ki, səni buraxa bilmərəm. Mənə bir epizodik rol verdi. Sonra hər çəkilişdə rolumu böyütdü. Bəzi səhnələr yaxşı, bəzi səhnələr pis alınıb. Mənim oynadığım kiçik bir roldur, ancaq yadda qalan olmalıdır. Film fevral ayında ekranlara çıxacaq. Kino mənimçün maraqlıdır. Filmdə böyük bir məsuliyyət var. Orada eləmək istədiyindən də çox şey eləmək istəyirsən. Ancaq montay məsələsi məni çox narahat edir. Bu yaxınlarda qısametraylı bir filmə çəkildim, ancaq sonradan filmə baxanda gördüm ki, montay pis alınıb.

- Həyat yoldaşın Nofəl Vəliyevlə bir səhnədə çıxış etməyiniz bir-birinizə yenədəmi mane olur? Bir dəfə "Sənətdə bir-birimizin yükünü çəkə bilmirik"- demisiniz.

- Nə qədər qəribə olsa da mən səhnəni o biri dünyaya oxşadıram. Deyirlər, doğmalar o dünyada bir-birinə qovuşur. Səhnədə aktyorlar "bu mənim həyat yoldaşımdır, qardaşımdır və s." - deyə bir-birini tanımırlar. Hərə öz yükünü çəkir. Əvvəllər bir yerdə oynamağımız çox təsir edir, onun gərginliyi mənə keçirdi. İndisə hər şey adiləşib, həmçinin peşəkarlıq artıb. İndi bir-birimizin yükünü çəkməsək də, hər halda bir-birimizə mane də olmuruq.

 

Kaspi.-2007.-14 fevral.-S.16.