Bayramov O.
Heydər
Əliyev Fondunun dəstəyi ilə İstanbulda “Xocalı
həftəsi” çərçivəsində
tədbirlər keçirilir
Xəbər verdiyimiz
kimi, Azərbaycanın İstanbuldakı baş konsulluğu
Heydər Əliyev Fondunun təşəbbüsü ilə
və göndərdiyi materiallar əsasında fevralın
19-26-da İstanbul və daha 25 vilayətdə “Xocalı
həftəsi” keçirir.
Baş konsul Səyyad Aran bildirmişdir ki, fevralın 20-də İstanbulun mərkəzi
meydanı Taksimdə bir sıra tədbirlər
keçirilmişdir. Diplomatik nümayəndəliyimiz
və Türkiyə Azərbaycanlılarının Həmrəyliyi
Dərnəyi burada Xocalı faciəsini əks etdirən 3 böyük panno quraşdırmış, “Bir
millət, iki dövlət”, “Qarabağ Azərbaycan torpağıdır”
sözləri yazılmış
transparantlar asılmışdır.
Bundan başqa, Taksim meydanına gələn şəhər sakinlərinə
və əcnəbilərə
Azərbaycanın xəritəsi,
70 fotoşəkildən ibarət
“Türk dünyasının
qanayan yarası - Qarabağ” adlı buklet, Xocalı soyqırımı, Azərbaycanın
işğal olunmuş
rayonları və itkin düşmüş
4866 vətəndaşımız haqqında məlumatlar olan vərəqələr paylanmışdır.
Fevralın 21-də bu materiallar İstanbulun Sultan Əhməd meydanı və Bakırköy rayonunda da nümayiş
etdiriləcəkdir.
Baş konsul Səyyad Aran “Xocalı həftəsi” çərçivəsində İzmit şəhərində
keçiriləcək konfransda
iştirak edəcək,
bu şəhərin valisi ilə görüşəcəkdir.
Xalq qəzeti.-2007.-22 fevral.-S.3.