Məhərrəmova T.
Milli
baletin lideri
Tanınmış balerina Leyla Vəkilova 80
illik yubileyində "Qız qalası" baleti ilə
anıldı
İllər keçir... Balet
rəqqasələrinin nəsli sürətlə bir-birini
əvəz edir. Ancaq o vaxtdan görkəmli balerina Leyla
Vəkilova haqqında söhbət düşəndə,
çoxlarının üzü təbəssümlə
işıqlanır. İnsanların yaddaşında qalmaq
çox vacib amildir. Leyla Vəkilova insanların
xatirəsində təkcə Azərbaycan milli baletində
yaratdığı əzəmətli surətləri ilə
deyil, həmçinin səmimi, mehriban xasiyyəti, insanlığı
ilə qalıb. İndi də haqqında söhbət
düşəndə hamı birağızdan "Leyla
xanım bizim milli dəyərlərimizdəndir. O,
adamlara parlaq, səmimi münasibəti ilə
fərqlənirdi" - deyirlər.
Srağagün
balerinanın 80 illik yubileyi münasibətilə Opera və
Balet Teatrına yığışanlar da bu
məhəbbətin bir daha şahidinə çevrildilər.
Tədbiri
giriş sözü ilə açan mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev yubiley tədbirini
Azərbaycanın mədəni həyatında mühüm
və əhəmiyyətli bir gün kimi
dəyərləndirdi: "Leyla xanım 1927-ci ildə anadan
olub. Onun təhsil aldığı illər milli baletimizin
inkişaf etdiyi illərlə üst-üstə
düşür. Balet truppamız hansı ölkədə
çıxış edirdisə, Leyla xanım orada
Azərbaycan baletinin milliliyini təcəssüm etdirirdi. Görkəmli balerina milli baletlə bərabər,
klassik balet əsərlərində də obrazlar
yaradırdı. Leyla xanım milli baletlə klassik baletin
xüsusiyyətlərinin qovuşmasını
tamaşaçılara ustalıqla çatdırırdı.
Aktrisa oynadığı obrazlar və milli baletin
inkişafı sahəsində xidmətlərinə
görə Azərbaycan beletinin inkişafında
silinməz izlər qoyub".
Ə.Qarayev gecədə Leyla xanımın ilk
dəfə oynadığı, Azərbaycanın ilk milli
baletlərindən olan və həmişə repertuarda
saxlanılan "Qız qalası" baletinin nümayişi
ilə balerinanın parlaq surətinin
tamaşaçıların yaddaşında yenidən canlanacağını
da söylədi.
Leyla
Vəkilova xatirələrdə
Görkəmli
balerinanın tələbəsi olanlar, uzun illər onunla bir
teatrda çalışanlar Leyla xanım haqqında
deyirlər ki, o, qayğıkeş insan, əfsanəvi
balerina, sadiq və vəfalı dost olub. "Xoreoqrafiya
məktəbində oxuduğum illərdə Leyla
xanımı "Raymonda" və "Qırmızı
lalə" tamaşalarından tanıyıram" - deyə
Opera və Balet Teatrının baş baletmeysteri Yulana
Əlikişizadə xatırlıyır: "Biz balaca
şagirdlər üçün onun virtuoz
hərəkətləri, yüksək artistizmi həddən
artıq valehedici idi. Leyla xanımı başqa
prima-balerinalardan hədsiz sadəliyi və ünsiyyəti
fərqləndirirdi. O, hamıya qarşı səmimi və
qayğıkeş idi və dərəcəsindən aslı
olmayaraq, bütün aktyorlarla incə davranırdı. O,
hətta rəqqasəni özü geyindirə və qrim
edə bilərdi. Leyla xanımın truppası ilə Avropa
və Asiya dövlətlərinin çoxunu gəzmişik.
Vəkilova dəsti-xətti hamıya aydın idi:
mütləq sona qədər rəqs eləmək və oyunun
texnikası və gözəlliyinə xələl
gətirməmək. Bir sözlə, o, əsl usta idi".
Xalq
artisti Tamella Şirəliyeva: "Xoreoqrafiya məktəbinin
gələcək tələbələri olan bizlər Opera
və Balet Teatrının balet tamaşalarında iştirak
edirdik. Təssəvür edə bilməzsiniz, necə
səbirsizliklə və fanatizimlə Pyotr Çaykovskinin
"Yatmış gözəl" baletində oyunumuzu
gözləyirdik. Böyük həyacanla tamaşanın
süyet xəttində Leyla xanımın səhnəyə
çıxacağını gözləyirdik. O, Avrora
partiyasında qızların cərgəsindən keçir,
sehrli barmaqları ilə onlara toxunurdu. Biz hamımız onun
bizə toxunacağı anın möcüzəsi ilə
yaşayırdıq. Vəkilova istedadının magiyası
nə qədər güclü idi! Hamımıza onun
məsləhətləri yadımızdadır. O,
həyatı və insanları hədsiz
dərəcədə sevirdi. Leyla xanım bütün
həyatı boyu gələcək nəsil üçün
nümunə oldu. Belə yaşamaq hər sənətkara
qismət olmur".
Əla
rəqqasə, qıvraq, möhkəm...
Leyla
Vəkilovanın yaradıcılığında dünya balet
klassikası öz parlaq təcəssümünü tapıb.
Ancaq bir aktrisa kimi, Leyla xanım sırf Azərbaycan
baletlərində də çox önəmlm yer tuturdu.
Əşrəf
Abbasovun əsəri olan "Qaraca qız" məhz Leyla
Vəkilova üçün yazılıb.
Bəstəkarın etirafına görə, baletin
xoreoqrafiyası sırf balerinanın yaradıcılıq
diopozonunu əhatə edirdi.
1947-ci
ildə yeni yaradıcılığa başlayan balerinanın
milli balet ilə ilk görüşü baş tutur. Bu,
Əfrasiyab Bədəlbəylinin "Qız qalası"
əsəri idi. Bu əsər balerinanın gələcək
yaradıcılığında mühüm rol oynayır. Qeyd
edək ki, baletin ilk tamaşası 1940-cı ildə, aprel
ayının 18-də oynanıb. Əsərdə baş rolu
görkəmli balerina Qəmər xanım Almaszadə
oynayıb. Həmin əsərin sonrakı redaksiyasında
baletmeyster Qəmər Almaszadə baletin xoreoqrafik mətnini
aktrisanın yaradıcılıq imkanları hesabına bir
daha mürəkkəbləşdirir. Leyla Vəkilova
böyük məharət və ustalıqla Gülyanağın
sadə obrazını yaradır. Aktrisa heyrətamiz
incəliklə obrazın həyatsevərliyini,
paklığını, qəlb ovsunlayan lirikasını
və kədərini reallaşdırır.
Soltan
Hacıbəyovun "Gülşən" baletində də
Leyla xanım gözəl bir azərbaycanlı
xanımının surətini yarıdır. Onun
Gülyanağı ilə Gülşəni tamam bir-birinə
zidd olan surətlər idi. Biri qədim əfsanədən
qalan, qəddar atası tərəfindən məhv edilmiş
qız, digəri isə həyatın mənasını duyan
xoşbəxt bir insan. Ancaq onun qəhrəmanlarını
birləşdirən xüsusiyyətlər vardı. Hər
ikisi məhəbbətə bağlı və sadiq idilər.
Bütün bunlara balerinanın şəxsi duyğuları da
əlavə olunub tamamlanmış bədii-xoreoqrafik surət
formalaşırdı.
O
illərin çoxsaylı məqalələrində
aktrisanın parlaq rəqs texnikası və milli üslubunun
duyulması vurğulanır. Qara Qarayevin "Yeddi
gözəl" əsərinə quruluş verən P.Qusev
balerinanın onu heyrətləndirdiyindən yazırdı:
"Əla rəqqasə, qıvraq, möhkəm... hər
şey canlandı, başqa bir aləm yarandı". P.Qusev
istedadlı balerinanın püxtələşməsinə,
onun təbiətdən olan istedadını tam
şəkildə açmağa nail olur. Nəticədə,
Leyla Vəkilovanın yaradığılığında
müəyyən sıçrayış yaranır: o,
rəqsin aktyorluq ifadəsinin dairəsini
genişləndirə bilir. Balerinanın yaratdığı
Ayişə surəti Azərbaycan balet teatrının ən
dolğun surəti olaraq qalır. Məhz bu surətin
yaranması Leyla Vəkilovanın milli balet səhnəsində
uzun sürən liderliyini təmin edir. Şübhəsiz ki,
bu, yaradıcılıq qələbəsi idi. Qəmər
xanım şagirdi haqqında deyirdi: "Onun ifasında
mənə tanış olan cizgilər Ayişə
surətində başqalaşır, yeni bir dolğunluq
alır, təkrarolunmaz dərəcəyə
çatır".
Leyla
xanımın "Ulduz saatı"
1959-cu
ildə ölkəmizin Moskvadakı dekadasında Leyla
Vəkilova "Qız qalası", "Yeddi
gözəl" və "Gülşən"
əsərlərində özünün baş rollarında
çıxış edir. Onun oyunu Moskva
tamaşaçılarını heyrətləndirir.
Azərbaycanlı balerinanın oyununun bir çox
xüsusiyyətləri Moskva mətbuatında qeyd olunur. Moskva
tamaşaları Leyla xanımın "Ulduz saatı"
adlandırılır. Nəticəsi isə balerinanın
SSRİ Xalq artisti fəxri adı ilə təltif olunması
olur.
Moskva
dekadasından sonra "Yeddi gözəl"in parlaq uğuru
görkəmli bəstəkar Qara Qarayevi yeni balet yazmağa
ruhlandırır. Böyük bəstəkar
"İldırımlı yollarla" baletini yazır.
1960-cı ilin dekabrında baletin primyerası keçirilir. Ustad bəstəkarın musiqi dili ilə əks
etdirdiyi bir çox insan hislərini - ürkəklik və
ümid, xəyalpərəstlik və ehtiraslı
coşğunluq, məhəbbət hissləri və yar
həsrətini balerina rəqs dilində tamaşaçılara
çox dolğun çatdırır.
Leyla
xanımın sonrakı uğuru Arif Məlikovun
"Məhəbbət əfsanəsi" baleti ilə
bağlı idi. Bu əsər 1962-ci ildə opera
teatrının səhnəsində qoyulur. Baletin birinci
ifaçıları: Şirin - Leyla Vəkilova, Mehmen Banu -
Raisa İzmaylova, Fərhad - Dönməz Hacıyev, Vəzir -
Konstantin Bataşovun xoreoqrafiyası tamaşaçılar
üçün yeni bir sirli aləm açır. Onlar
iştirakçıların oyunu ilə əsərin
fəlsəfi məzmununa bələd olurlar. Leyla Vəkilova -
Şirin tamaşaçıların qarşısında
dərin məhəbbət hisslərindən pərvazlanan
insan obrazını məharətlə yaradır.
Arif
Məlikov danışır: "Bu surəti yaradaraq Leyla
Vəkilova əvvəldən cızılmış xoreoqrafik
konstruksiyaya isti nəfəs verə bildi. Vəkilova - Şirin
tamaşaçıların qarşısında dərin
məhəbbət hisslərindən pərvazlanan insan idi. Bu
surəti yaradan balerina sübut edirdi ki, Şirin -
poeziyadır, işıqdır, Şirin- azadlıqdar. Balerina
parlaq məharətlə gənc və zərif qəlbli bir
qızcığazın həyatını yaşadı.
Təcrübəli aktrisanın müstəsna
ustalığı nəticəsində dolğun və
sönməz bir surət yarandı".
Leyla
xanımın yaradıcılığının yetkin
çağı rəngarəng yaradıcılıq
hadisələri ilə dolğun olub. Bunların
içərisində çoxsaylı xarici qastrollar, konsert
fəaliyyəti, xoreoqrafiya məktəbində
müəllimliyi və bir çox yeni balet rolları
mühüm yer tutur.
1972-ci
ildə isə görkəmli balerina onun üçün
nə qədər çətin olsa da, səhnə ilə
vidalaşır. Bu vidalaşma balerinanın "Yeddi
gözəl" əsərində sevimli
tamaşaçıları ilə son görüşü
olur.
"Qız
qalası" yeni quruluşda
"Qız
qalası" baleti o vaxtdan Opera və Balet Teatrının
repertuarından düşmür. Tamaşaçılar
artıq çoxdan əfsanəyə çevrilən
köhnə hekayətin canlı şahidi olmaq istəyəndə
bu teatra üz tuturlar. Vaxtilə Leyla xanımın
oynadığı Gülyanaq obrazını isə indi
teatrın başqa balerinaları oynayır. Təbii ki, hər
birinin öz ifa tərzi, öz oyun texnikası var.
Leyla
xanımın xatirəsinə həsr olunan gecədə
nümayiş olunan tamaşada isə Gülyanağı Xalq
artisti Mədinə Əliyeva böyük şövq və
istedadla oynadı.
Quruluşun
yeni redaksiyası Əməkdar incəsənət xadimi Yulana
Əlikişizadəyə məxsusdur. Xalq rəqs
quruluşlarının müəllifi Xalq artisti Afaq
Məlikovadır. Polad rolunda Əməkdar artist
Gülağası Mirzəyev, Cahangir xan rolunda Əməkdar
artist İslam İslamov oynayır. Tamaşanın musiqi
rəhbəri və diriyoru Əməkdar
İncəsənət xadimi Nazim Əliverdibəyovdur.
Kaspi.-2007.-2 fevral.-S.16.