Əliyeva M.
İslam dünyasının
mədəniyyət sərgisi
Bu günlərdə
Bakıda Vəcihə Səmədova adına
sərgi-muzeyində İran-islam inqilabının 28-ci
ildönümü və İsfahan şəhərinin
2006-cı ildə "İslam dünyasının
mədəniyyət paytaxtı" seçilməsi
münasibətilə İİR-in Azərbaycandakı
səfirliyinin mədəniyyət mərkəzinin
təşəbbüsü ilə "İsfahan
mədəniyyət günləri" adlı sərgi
keçirildi.
Tədbirdə İİR-in Azərbaycandakı səfiri Əfşar Süleymani iki ölkə arasında əsrlər boyu mövcud olan yaxın münasibətlərdən, belə sərgilərin daha tez-tez və təkcə paytaxtda deyil, respublikamızın şəhərlərində -Naxçıvanda, Gəncədə də keçirilməsinin zəruriliyindən söhbət açdı. Səfir onu da qeyd etdi ki, belə sərgilər müştərək keçirilsə, yəni Azərbaycan rəssamlarının da əsərləri İsfahanda nümayiş etdirilsə, daha məqsədəuyğun olar. Bu zaman ölkələrimiz arasındakı mədəni əlaqələr daha da möhkəmlənər. Sonra Azərbaycan Rəssamlar İttifaqının sədri rəssam Fərhad Xəlilov çıxış edərək səfirlə həmfikir olduğunu bildirdi. Zəngin tarixə malik olan İran mədəniyyətinin bir parçasının Azərbaycanda nümayiş etdirilməsinin böyük əhəmiyyəti olduğunu söyləyərək dedi: "Bu sərgi böyük bir mədəniyyətin kiçik parçasıdır".
Sərgidə əsasən İran İslam Respublikasının dörd böyük ustadının əl işləri nümayiş etdirilirdi. Minakar və miniatürçü Əsgər Fuladgər və Fətullah Abbasinin, xatəmkar Əsgər Finastiyaninin, taxta üzərində mozaika ustası Rza Qazinin əsərləri tamaşaçıların böyük marağına səbəb oldu. Taxta və mis üzərində əl ilə işlənmiş əsərlərin füsunkarlığı, incəliyi İsfahanın sözün əsl mənasında mədəniyyət ocağı, mədəniyyət paytaxtı olduğunu sübut edirdi.
Sərgiyə gələnlər əl ilə toxunmuş İsfahan xalçalarına da heyranlıqla tamaşa etdilər.
Respublika.- 2007.- 11 fevral.- S. 7.