Əlizadə S.

 

Azərbaycan Almaniya ilə münasibətlərə

çox böyük əhəmiyyət verir

 

Azərbaycan və Almaniyanın həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə əməkdaşlığının qarşılıqlı maraq və hörmət prinsiplərinə əsaslandığını vurğulayan dövlətimizin başçısı "Deutsche Welle" teleradio kanalına müsahibəsində həmçinin Azərbaycan-Avropa ittifaqı əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlərdən və bir çox digər məsələlərdən geniş söhbət açıb.

Cənab İlham Əliyev bildirib ki, ən önəmlisi Azərbaycanın müstəqilliyini gücləndirmək, ölkəmizdə daha yaxşı şərait, yaşayış səviyyəsi, ən sabit vəziyyət, iqtisadi rifah bərqərar etməkdir: "Buna görə də qonşularımız, Avropa və ABŞ ilə münasibətlərimiz çox müsbət istiqamətdə inkişaf edir. Bizim təcrübəmiz göstərir ki, qonşularla güclü inteqrasiya şəraitində yaşamaq və aparıcı beynəlxalq təşkilatlarla çox yaxşı münasibətlərə malik olmaq mümkündür". "Belə ki, Azərbaycan dünyanın bir çox aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları ilə qarşılıqlı səmərəli münasibətlər qurub. Ölkəmiz son üç il ərzində Avropa strukturlarına daha geniş inteqrasiyaya nail olub, NATO və Avropa İttifaqı ilə yaxın tərəfdaşlıq və əməkdaşlıq istiqamətində də ardıcıl addımlar atıb. Bu mənada dövlət başçısının 2006-cı ilin noyabrında Brüsselə səfəri, Avropa ittifaqı və NATO qərargahlarında aparılan uğurlu danışıqların çox mühüm əhəmiyyəti var. Cənab İlham Əliyevin Almaniyaya səfərinin nəticələri də təsdiqləyir ki, Avropa İttifaqı Azərbaycanla siyasi, iqtisadi və demokratik sahədə əməkdaşlığın bundan sonra daha da genişləndirilməsində maraqlıdır. Bu əməkdaşlıq ölkəmiz üçün də prioritet xarakter daşıyır. Azərbaycan enerji daşıyıcılarının nəqli ilə yanaşı, emalında, eləcə də alternativ boru kəmərlərinin yaradılmasında da əməkdaşlığa hazırdır.

Xatırladaq ki, Azərbaycan Respublikası və Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumunun imzalanması bu maraqlardan irəli gəlir. Hazırda Avropa İttifaqı ilə ölkəmizin əməkdaşlığı enerji sahəsi ilə yanaşı, siyasi, iqtisadi, hüquqi və digər sahələri əhatə edir. Bu gün ölkəmiz Avropa İttifaqı ilə çox geniş beşillik proqram çərçivəsində qonşuluq siyasətini davam etdirir. Proqramda Azərbaycanda iqtisadi siyasi islahatların bundan sonra da həyata keçirilməsi nəzərdə tutulubdur. Dövlətimizin başçısı əmindir ki, proqramın icrası nəticəsində Azərbaycanda demokratikləşmə prosesi daha da sürətlə gedəcəkdir.

Dünya birliyinə məlumdur ki, Azərbaycana qarşı Ermənistan tərəfindən etnik təmizləmə siyasəti aparılmış bu siyasətin nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından didərgin düşmüşdür. Hazırda Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları əsasında həll olunmasını tələb edir. Azərbaycanın beynəlxalq təşkilatlarda və xarici siyasət çərçivəsində bütün səyləri əsasən bir məsələnin - Ermənistan-Azərbaycan, Dağlıq Qara-bağ münaqişəsinin həllinə yönəldilmişdir.

Müsahibədə münaqişənin həllinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün olacağını vurğulayan Prezident İlham Əliyev bildirib ki, biz çox konstruktiv yanaşma təklif edirik. Bu, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağda yaşayan ermənilərə maksimum geniş muxtariyyət verilməsi, yurdundan didərgin düşmüş insanların Dağlıq Qarabağa onun ətrafındakı rayonlara qaytarılması sülhün bərqərar edilməsidir.

Prezident İlham Əliyevin "Deutsche Welle" teleradio kanalına müsahibəsində Azərbaycanın regiondakı rolu önəmi, həyata keçirilən qlobal layihələrin əhəmiyyəti öz geniş əksini tapıb. Prezidentin fikrincə, yürüdülən müstəqil siyasətin nəticəsidir ki, biz istər Rusiya, istər Avropa İttifaqı, istərsə ABŞ ilə əməkdaşlıq edəndə özümüzü eyni dərəcədə rahat hiss edirik: "Burada bizim üçün seçim məsələsi yoxdur, milli maraqlar məsələsi var bu milli maraqlar, əlbəttə ki, siyasətimizi müəyyənləşdirir".

 

Respublika.- 2007.- 23 fevral.- S. 4.