Azərbaycan
Respublikası Prezidentinin İşlər İdarəsinin
Prezident kitabxanası regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramının qəbul edilməsinin
üçilliyi ilə bağlı 2 elektron nəşr
hazırlamışdır.
Azərbaycan Prezidenti İlham Əliyev dövlətimizin başçısı
seçildikdən sonra
ölkəmizin iqtisadi,
mədəni, sosial həyatının müxtəlif
sahələrinin kompleks
inkişafını təmin
etmək məqsədi
ilə 30-a yaxın Dövlət Proqramı təsdiq etmişdir. Bu proqramlardan
biri də icrası 2004-2008-ci illərdə
nəzərdə tutulan
"Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı"dır.
Prezident kitabxanasının əməkdaşları
istifadəçilərin bu
mövzu üzrə informasiya tələbatını
daha dolğun və operativ surətdə ödəmək
məqsədi ilə Dövlət Proqramının
icrasına başlanandan
bəri qəbul edilən rəsmi sənədlərin və
dövlətimizin başçısının regionlara
səfərlərini əks
etdirən bütün
materialların tammətnli
elektron nəşrini
(sənədlər toplusunu)
və Dövlət Proqramının həyata
keçirilməsi ilə
bağlı iqtisadi rayonlar üzrə ölkə mətbuatında
dərc olunan materialların elektron biblioqrafik göstəricisini
hazırlamışlar. Bu
nəşrlərə daxil
olan materialların elektron mətni seçilərək sistemləşdirilmiş
və 3 fəsildə
qruplaşdırılaraq xronoloji
ardıcıllıqla istifadəçilərə
təqdim edilmişdir.
Elektron nəşrin I fəslində
Dövlət Proqramının
təsdiq edilməsinə
və icrasına dair Prezidentin fərman və sərəncamlarının, Nazirlər
Kabinetinin qərarlarının
və sosial-iqtisadi inkişaf üzrə Tədbirlər Planının
elektron versiyası toplanmışdır. Nəşrin II fəslində Azərbaycan
Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən respublika müşavirələri
və konfranslarında,
Nazirlər Kabinetinin iclaslarında dövlətimizin
başçısının nitqlərinin, III fəsildə
isə Prezidentin bölgələrə səfərləri
zamanı nitq və çıxışlarının
elektron versiyaları əksini tapmışdır.
Həmin
elektron nəşrlərin
təhlili göstərir
ki, "Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı
Dövlət Proqramının
(2004-2008-ci illər)" qəbul
olunduğu vaxtdan bəri proqramın icrasının təmin edilməsi məqsədi ilə Prezident İlham Əliyev 35 fərman, sərəncam və tədbirlər planı imzalamışdır. Ötən
3 il ərzində Dövlət Proqramının
həyata keçirilməsi
ilə bağlı dövlətimizin başçısının
sədrliyi ilə 9 ümumrespublika müşavirəsi,
konfransı və Nazirlər Kabinetinin iclası keçirilmişdir.
Bu müddət ərzində Prezident ölkənin 48 rayon və şəhərində
səfərdə olmuş,
əhali ilə 115 görüşdə çıxış
etmişdir.
"Regionların sosial-iqtisadi
inkişafı" adlı
elektron nəşrdə
242 rəsmi materialın
tam mətni əhatə edilmişdir. Eyniadlı elektron biblioqrafik göstəricidə isə
1700-dən çox rəsmi sənədə,
qəzet və jurnal məqaləsinə istinad edilmişdir.
İstifadəçilərə təqdim olunan bu elektron nəşr
və eyniadlı elektron biblioqrafik göstərici mərkəzi
və yerli icra orqanlarının, bələdiyyələrin məsul
əməkdaşları,
eləcə də ölkəmizin sosial-iqtisadi
problemləri ilə məşğul olan mütəxəssislər, tədqiqatçılar
və ekspertlər üçün nəzərdə
tutulmuşdur. Bu bazalar Prezident kitabxanasının www.preslib.az
saytında yerləşdirilmişdir.
Materialların istifadəçilərə
əsasən elektron poçt vasitəsilə çatdırılması nəzərdə
tutulmuşdur.
Azərbaycan.-2007.-13 fevral.-S.2.