Mədəniyyət və Turizm Nazirliyi məhkəmə orqanlarına müraciət edib

                 

                Bakı şəhərində mədəniyyət və istirahət parklarının ərazilərində qeyri-qanuni olaraq bir sıra təşkilatlar, habelə ictima-iaşə müəssisələri yerləşdirilib. Bu fakt Mədəniyyət və Turizm Nazirllyinin apardığı araşdırmalar nəticəsində məlum olub. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bununla əlaqədar olaraq Nizami adına, Şəhriyar adına, R.Aboyev adına və S.Xasıyev adına mədəniyyət və istirahət parkına məxsus ərazilərdən qeyri-qanuni istifadə hallarının qarşısının alınması, qanunsuz özəlləşdirmələrin fəğv edilməsi məqsədilə məhkəmə orqanlarına müraciət olunub. Bununla bağlı nazirlik mədəniyyət və istirahət parklarında narahatlıq doğuran bir sıra problemlərin həlli, əhaliyə mədəni xidmət işinin səviyyəsinin yüksəldilməsi, kütləvi işin yeni forma və metodlarının tətbiqi məsələlərində .parklara kömək göstərilməsi məqsədilə Nazirlər Kabinetinə, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə, 24 rayonun İcra Hakimiyyəti başçılarına məktub göndərib. Bakı şəhər heyvanat parkının işində mövcud olan problemlərin aradan qaldırılması, müəssisənin fəaliyyətinin daha da yaxşılaşdırılması və işçilərin sosial müdafiəsinin gücləndirilməsi, eyni zamanda heyvanların saxlanılması tələblərinə uyğun şərait yaradılması məqsədilə parkın ərazisinin imkan daxilində genişləndirilməsi ilə bağlı məsələlərə baxılması və tədbir görülməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib.

      

     Ədalət.- 2007.- 1 fevral.- S. 6.