Fehruz
Sisyanovun çadırı
kinostudiyanın həyətində
İki seriyalı “Cavad xan” filminin
çəkilişləri ay yarımdan sonra başa
çatır
Bu günlərdə "Azərbaycan-film"
kinostudiyasının həyətində çadır
qurulduğunun şahidi olduq. Bir neçə gün həmin
çadıra kimsə yaxın düşmədi.
Kinostudiyanın ərazisi olduğu üçün yəqin etmək
olardı ki, həmin çadır hansısa filmin
çəkilişləri üçün qurulub. Nəhayət
ki, həmin çadırın sakinləri gəlib
çıxdı. Redaksiyadakılar çoxdan getmişdi. Bəzi materialları oxuyandan sonra məcburən digər işlərimlə
bağlı sənədləri də gözdən
keçirməli oldum. Bir də ayıldım ki, artıq saat
21-i göstərir. Redaksiyanın pəncərələrini bağlamaq istəyəndə
məlum çadırın qarşısında
qızğın iş getdiyini gördüm.
Pəncərələri bağlayıb çadıra baş çəkməyi qərara aldım. Məlum oldu ki, "Cavad xan" filminin çəkiliş qrupu öz "köçünü" bu dəfə kinostudiyanın həndəvərinə salıb. Filmin rejissoru Rövşən Almuradlı ilə görüşüb çadıra keçdim. İrandan gətirilmiş operator qrupu işıqları qururdu. Ramiz Novruzov bir kənarda, "Cavad xan" isə (Nurəddin Mehdixanlı) yanındakı gəncə fəlsəfə və vətənpərvərlik mövzusundan danışırdı. Çox keçməmiş "erməni keşişlər" damaqlarında qırmızı filtirli siqaret sümürə-sümürə rejissora yaxınlaşdılar.
Çəkilişə hazırlıq bir azdan başa çatacaqdı. Rejissorun bildirdiyinə görə, həmin gün səhər saatlarına qədər çəkilişlər davam edəcəkdi. Beləliklə, Sisyanovun çadırında baş verənlər kinostudiyanın həyətində bir neçə günə hazır oldu...
Filmin çəkilişləri
ilə bağlı daha ətraflı məlumat üçün
"Bizim kino" Prodüser Mərkəzinin
istehsalı olan "Cavad xan" filminin prodüseri Heydər Dadaşovla görüşdük. Onun
bildirdiyinə görə,
filmin bölgələrdəki
çəkilişləri başa
çatıb. Artıq
"Azərbaycanfilm" kinostudiyasının
pavilyonunda buradakı çəklişlər üçün
dekorasiyalar qurulur. Cavad xanın divanxanası, kitabxana, Alban kilsəsinin daxili çəkilişləri
pavilyonda aparılacaq.
Bundan başqa gürcü
çarının ziyafət
səhnəsi Əlyazmalar
institutunun binasında
çəkiləcək. H.Dadaşov bildirdi ki, kitabxananın yanma səhnəsində kompüter qrafikasından istifadə olunacaq.
Pavilyon
çəkilişlərinin bir hissəsinin artıq
çəkildiyini deyən prodüser qeyd etdi ki, Alban kilsəsi,
Sisyanovun çadırı və digər natura
çəkilişləri bölgələrdə aparılıb.
O, aktyor oyunundan maraqla
danışaraq qeyd etdi ki, filmin gözəl alınması
üçün hamı əlindən gələni edir. "Mən
bütün aktyor heyətindən tam razıyam". Heydər
Dadaşov vurğuladı ki, regionlardakı çəkilişlərdə
Mədəniyyət və Turizm Nazirliyi, xüsusən də
kinematoqrafiya şöbəsi böyük köməklik
göstərib. Məhz kinematoqrafiya şöbəsinin
yardımı ilə çəkilişlərin
aparılması üçün filmin yaradıcı
heyətinə gözəl şərait yaradılıb.
Əlavə edək ki,
ikihissəli bədii filmin çəkilişlərinin avqustun
sonlarına qədər başa çatacağı
gözlənilir.
Kino+.- 2007.- 13 iyul.- S. 3.