Kamiloğlu V.

 

Bu mən, bu o, bu da sən, de görüm nə deyirsən

 

Müsahibimiz xalq artisti Yaşar Nuridir


- Yaşar müəllim, əvvəlcə istərdik gənclik illərinizə qısaca nəzər salaq...
- Elə indi də gəncəm, qocalmaq niyyətində deyiləm (gülür). Gənclik illəri deyəndə, elə tələbəlik illərindən başlamaq istərdim. Normal həyat tərzim olub. Amma çox dəcəl olmuşam. Tələbəlik illərində dərsdən də qaçırdım, kafi qiymət də, əla qiymət də alırdım. Amma təbii ki, bunların istedada aidiyyatı yoxdur.
- Sənətdə müəlliminiz kim olub?
- Mənə köməklik göstərən, sənətdə təkan verən hər kəsi özümə müəllim sayıram. Çünki mütləq deyil ki, müəllim sənə yalnız dərs deməlidir, yox, əgər onun tamaşalarını izləyirsənsə, ondan nə isə bir şey öyrənməyə çalışırsansa, o da sənin müəllimin sayılır. Mən İncəsənət İnstitutuna imtahan verəndə müəllimim Rza Təhmasib olub. Onu da qeyd edim ki, mən sənədlərimi rejissorluq fakültəsinə vermək istəyirdim. Amma Rza Təhmasib buna sözün yaxşı mənasında mane oldu və dedi ki, sən rejissor olsan, biz bir aktyoru itirə bilərik. Sonra mən kino-aktyor kimi təhsilimi davam etdirdim.
- Əvvəlki illərə nisbətən bu gün incəsənət sahəsinə böyük axın var. Sizcə istedadlılar çoxdurmu?
- Bilirsiniz, baxır hansı sahəyə axın var. Məsələn, müğənniliyə, bəstəkarlığa, ümumiyyətlə, musiqiyə axın var, heyf ki, teatra axın azdır. Amma aktyor istəklə deyil, gərək anadan aktyor doğulasan, o sənin qanında, canında ola. Ümumilikdə götürəndə isə, istedadlılar var. Gərək sənəti davam etdirəsən, həvəsin ola ki, istedadını üzə çıxara biləsən. Ümumiyyətlə, ürəksiz nəyisə etmək düzgün deyil, gərək hər şey ürəkdən gəlsin. Şəxsən mən nə ürəksiz dərs demişəm, nə rol oynamışam, nə də sevmişəm.
-Yaşar müəllim, siz həm də müəllim kimi fəaliyyət göstərirsiniz. Ümumiyyətlə, aktyorluq sənətinin sirlərini öyrətmək çətin deyil ki?
- Mən həm İncəsənət İnstitutunda, həm də gimnaziyada dərs deyirəm. Lakin həmişə demişəm ki, kitab oxumaqla tələbəyə dərs demək olmaz. Gərək praktika ola, xüsusən də bu sahədə. Özümdən deyirəm ki, mən hələ kitabla tələbəyə hər hansı bilgini verməyə çalışmamışam. Bunun üçün qeyd etdiyim kimi, praktika var, səhnə var, tamaşa var.
- Tələbələrinizə qiymət verəndə simiclik edirsiniz, yoxsa?..
- Qətiyyən. Mən tələbənin qiymətini kəssəm, guya o, aktyor olmayacaq? Axı bu elə sahədir ki, kitab oxumaqla qiymət yazılmır, gərək istedad ola.
- Sizcə sənətdə əvəzolunmayan insan var?
- Bu söz mənə həm yaxın, həm də uzaqdır. Mən deyərdim ki, əvəz olunmayan Tofiq Quliyevdir, Cahangir Cahangirovdur, Mirzəağa Əliyevdir və s. Digər tərəfdən mən özüm də Mövsum Sənani kimi əvəzolunmaz sənətkarın hələ sağikən böyük rollarını ifa etmişəm - “Almaz”da Şərifi, “Göz həkimi”ndə Həsənağanı. Sabah mənim də rollarımı gənclər oynayacaq. Təbii ki, hərəsinin öz dəst-xətti, öz gözəlliyi var.
- Elə bir rol olubmu ki, onu bu günə qədər oynamaq istəmisiniz, amma hələ də oynamamısınız?
- Əvvəlcə qeyd etmək istəyirəm ki, bəli, belə rollar var. Digər tərəfdən isə deyərdim ki, mən öz rolumu oynamışam və yaratdığım rollar da hamı tərəfindən bəyənilib, müsbət qarşılanıb.
Bir şeyi də qeyd edim, artıq yeddi ildir ki, opera oynayıram. Yeganə dram artistiyəm ki, Ankara Opera və Balet Teatrında “Arşın mal alan” operasını oynamışam. Bu yaxınlarda Ankarada bir tamaşada mənə veriləcək rolu ifa etdim. İndi isə burada iki tamaşa oynamalıyam. Birinci tamaşa “Sözsüz” olacaq. Mən bu rolu oynamaqla bildirmək istəyirəm ki, Çarli Çaplin məktəbi bizdə də var. Bu, mənim öz ideyamdır. Üç səhnəm var, çox prodik roldur, amma söz olmayacaq, sözü tamaşaçılar deyəcək. İkincisi isə, deyə bilmərəm, bu, “Məşədi İbad” da ola bilər, “Hacı Qara” da.
- Yaşar müəllim, artıq bu sənətin sənətkarısınız, özünüzü nə vaxtsa rejissor kimi də sınamaq fikriniz olubmu?
- Əvvəla deyim ki, rejissorluq çox çətin sənətdir. Buna baxmayaraq, film çəkmişəm. Bu film Əmir Pəhləvanın ssenarisi əsasında “Spasibo” olub. Bu film Hollivudda göstərilib və pul mükafatına layiq görülüb. Sonra Əmir Pəhləvan mənə zəng etdi ki, pulu almasaq film ikinci dəfə Hollivudda yayımlanacaq, gəl pulu almayaq, film göstərilsin. Musiqili Komediya Teatrında “Subaylarınızdan görəsiniz” pyesini səhnəyə qoymuşam və bundan başqa da bir çox təkliflər olub.
- İnsan həyatla mübarizə etməlidir, yoxsa hər şeyi zamanın axarına buraxmalıdır?
- Mən bu sualın cavabını Maksim Qorkinin sözləri ilə ifadə etmək istəyirəm. O deyib ki, həyat mübarizələr silsiləsidir. Odur ki, insan heç bir şeyi zamanın ixtiyarına verməz, gərək özün-özünlə, öz daxilinlə, iç dünyanla mübarizə edəsən bu həyatda.
- Rolları özünüz seçirsiniz, yoxsa rejissorların təklif etdikləri rolla kifayətlənirsiniz?
- Yox, onlar özləri mənə rol verir. Düzdür, seçim də olmalıdır, amma rol seçimimdə heç bir rejissorla problem olmayıb. Rejissorun vəzifəsi rol verməkdir, aktyor isə o rolun öhdəsindən gəlməlidir. Mən də mənə təklif olunan bütün rollarda hesab edirəm ki, özümü tapmışam, əgər əksinə olsaydı, gündüz də yata bilmərəm ki, bunun öhdəsindən niyə gələ bilmədim. Digər tərəfdən isə, bunu tamaşaçı məndən yaxşı qiymətləndirə bilər. Eyni zamanda baxmayaraq ki, neçə illərdir bu sənətdəyəm hələ də mən səhnəyə çıxanda həyəcanlı oluram. Mənə hərdən cavan aktyorlar deyirlər ki, niyə həyəcanlısınız. Deyirəm ki, həyəcanlı olmasam, mən səhnədə rolu oynaya bilmərəm. Bu, sənətimə olan yanaşmadır, məsuliyyətdir. Hətta mən öz oynadığım filmlərə baxanda deyirəm ki, bundan da yaxşı oynaya bilərəm. Bir sözlə, bircə ondan razıyam ki, özümdən narazıyam.
- Deyirlər ki, digər peşə sahiblərinə nisbətən incəsənət adamlarında, ümumiyyətlə yaradıcı adamlarda sevib-sevilmək hissi güclü olur. Sizdə necədir?
- Sevgi elə bir məfhumdur ki, o, vətən üçün də, ana üçün də, ailə üçün də, sənət üçün də lazımdır. Mənim aləmimdə isə sevgim də, məhəbbətim də ailədir, sonra sənətdir. Mən teatra gələn günü nişanlanmışam.
- Gənclik illərindən tanınırsınız, tanınmış bir aktyora xanımların yaxınlaşması xanımınız tərəfindən qısqanclıq yaratmayıb ki?
- Qısqanıb, amma problem yaratmayıb. Niyə də problem olmalıdır? O, başa düşüb ki, tanınmış adam üçün bu, normal haldır.
- Yaşar müəllim, hər zaman ətrafınız sevgi ilə əhatə olunub. Bu populyarlıq sizə mane olmur ki?
- Deməzdim ki, bezirəm, yox, gərək belə şeylərə dözəsən, çünki bu sevindirici haldır. Əgər yolla gedərkən məni adi uşaq da saxlayırsa, bir sual verirsə, buna sevinirəm. Əslində isə niyə də sevinməyim. Bir adam ki, məni görəndə üzündə təbəssüm yaranır, niyə də sevinməyim? Çünki bunlar hamısı təbii ki, sevgidən irəli gəlir. Onların da sevgisinin qarşılığında gərək xoş üz göstərəsən, təbəssümlə cavab verəsən.
- Son vaxtlar müğənnilər filmə çəkilirlər. Bir aktyor kimi buna münasibətiniz necədir, sizcə bu aktyorları bir qədər arxa planda saxlamır ki?
- Əvvəla, mən özüm üçün deyirəm ki, heç bir müğənni məni arxada qoya bilməz, çünki mən yetərincə çəkilmişəm. Qaldı ki, müğənnilərin filmə çəkilmələrinə bu, xaricdən gələn bir dəbdir. Belə filmlərə mən də çəkilmişəm, hansı ki, bu filmdə müğənni də rol alıb. Məsələn, Nisə Qasımovanın, Rüfət Axundovun və bəzilərinin çəkildikləri filmdə mən də rol almışam.
- Yaşar müəllim, bizdə incəsənət xadimlərinin, sənətkarların fəxri adları var. Amma xarici ölkələrin heç bir yerində sənət adamlarının fəxri adı yoxdur. Azərbaycanda fəxri adların ləğv edilməsi ilə bağlı müzakirələr olmuşdu. Bir sənətkar kimi buna necə münasibət bəsləyirsiniz?
- Mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı ilə bunlar müzakirə olundu. Qərara gəlindi ki, maaşlar yuksək səviyyədə olsa, onda bu adlardan imtina etmək olar. Bu adlara görə biz dövlət tərəfindən təqaüd alırıq. Adlar o zaman götürülməlidir ki, maaşlar yüksək olsun, bizi qane etsin. Əlbəttə ki, mənim də maaşım yüksək olandan sonra adların qayıtmasına razılıq verə bilərəm. İndi isə yox, çünki indiyə qədər 31 filmə çəkilmişəm, 29 televiziya tamaşasına və eyni zamanda cizgi filmlərinə. Fəxri adlar da bunların sayəsində əməyimə verilən qiymətdir.
- Yaşar müəllim, köhnə klassik filmlərin bəzilərinə son vaxtlar yenidən müraciət olunur. Yəni müasir dövrün tələblərinə uyğun olaraq çəkilir, buna necə münasibət göstərirsiniz, mövzu tükənib, yoxsa?..
- Bunlar klassik filmlərdir. Klassikaya zamanın gözü ilə baxmaq lazımdır. Bu yaxınlarda “Arşın mal alan” xaricdə göstərildi. Onlar mətndən bəzi sözləri çıxarmışdılar. Mən onlara öz etirazımı bildirdim. Çünki bu əsər dahi Üzeyir Hacıbəyova aiddir, ikincisi isə, bu, klassikadır. Yəni klassikaya müraciət etmək lazımdır, lakin milli koloritləri saxlamaq şərti ilə. Eyni zamanda, belə filmlərə müraciət olunması mövzunun tükənməsi ilə bağlı deyil, sadəcə olaraq əsər yazan yoxdur.
- Yəqin ki, yaratdığınız rolun adı ilə sizə müraciət edənlər olur?
- Bəli, olub. Mən yolla gedərkən bəzən mənə Həsənağa, bəzən Elçin, bəzən də Dadaşov deyə müraciət edirlər və ya hal-əhval tuturlar. Mən də bunu normal qəbul edirəm. Çünki o obrazlarda xalqın ürəyinə yol tapmışam.
- Xarici səfərlərlə bağlı dəvətiniz olubmu, ümumiyyətlə, yaradıcılığınızda nə yeniliklər var?
- Olub. İki il bundan əvvəl Türkiyədə Ankara Opera və Balet Teatrına dəvət aldım, amma qəbul etmədim. Çünki mən Bakısız qala bilmərəm. Əslində sevindirici haldır ki, biz gedək başqa ölkədə sənətimizi nümayiş etdirək. Onlar mənə çox təkid etdilər ki, gəl, filmlərə çəkilməyə şərait də yaradacağıq, amma qəbul edə bilmədim. Yaradıcılığıma gəldikdə isə, yaxınlarda iki filmə dəvət almışam, amma qoy bu hələ sirr qalsın.
Sonda sənətkar qəzetimizə öz arzularını da bildirərək qeyd etdi ki, nöqtə sözü həmişə dəbdə olub. “Yazılan məktubların sonunda həmişə üç nöqtə olur.
Bu mən, bu o, bu da sən,
De görüm nə deyirsən,
İndi özün fikir ver,
Bu iki məhəbbətə.

Daha heç nə demirəm,
Nöqtə, nöqtə və nöqtə”...


İki sahil.-2007.-3 iyul.-S.6.