Kamiloğlu V.
Rasim Balayev: Bu sənətin səfası da var,
cəfası da
Geniş
müsahibəsini sizlərin diqqətinə
çatdıracağımız xalq artisti Rasim Balayev
barəsində çox yazıb, çox söz demək olar.
Ancaq nə qədər çalışsaq da, onun
özünəməxsus iç dünyasına baş
vurmağın öhdəsindən gələ bilmədik.
Sizləri də bu maraqlı söhbətə biganə
qalmamağa çağırırıq:
-Rasim müəllim, neçə vaxtdır ki, yeni
filmlərdə çəkilirsiz. Amma nədənsə, ekran
həyatı verdiyiniz obrazlar efir üzü görmür,
niyə?
-Düzdür, mən axır illər əvvəlki kimi intensiv
çəkilməmişəm. O vaxt ildə 2-3 filmə
çəkilirdim. Bu yaxınlarda Hüseyn Cavid haqqında film
oldu, mən Hüseyn Cavid rolunu oynadım. Ancaq, bu filmlərin
göstərilmə meydanı elə bil qısalıb,
daralıb.
-Sonuncu işlərinizdən olan “Həm ziyarət, həm
ticarət” filmində dələduz rolunu ifa edirsiniz. Necə
oldu ki, həmişə tamaşaçının
yaddaşında qəhrəman obrazı ilə qalan Rasim
Balayev buna razılaşdı?
-Açıq deyim ki, əvvəllər mənim seçim
imkanım çox idi. Məsələn, 4-5 ssenari təklif
olunurdu, xoşuma gələnlərini seçirdim. Axır
illər o seçim imkanı yoxdur. Çəkilmək
üçün darıxdığımdan hansı təklif
gəlirsə razılaşmaya bilmirəm. Digər
tərəfdən mən özümü müsbət və
ya mənfi qəhrəmanlara bölmürəm. Mən
filmdə mənfi rolu oynayanda onu mənfi kimi oynamıram.
Rəhmətlik rejissor Rasim Ocaqov məni inandırdı ki,
bizi həmişə mələk simalı insanlar
aldadıblar. Həmin filmdəki rol da
ümumiləşdirilmiş obrazdır. “Həm ziyarət,
həm ticarət” filmindəki rola görə,
tamaşaçılardan çox tənələr
almışam. Bir tərəfdən sevinirəm ki,
tamaşaçılar məni pis adam obrazında görmək
istəmir. Bu onların mənə qarşı
məhəbbətinin göstəricisidir. Digər
tərəfdən tamaşaçı səhv salır,
əgər mən Rasim olaraq Babəki, Nəsimini
oynamışamsa, bu o demək deyil ki, mən onlar kimiyəm.
Xeyr, mən tamam adi bir insanam. Bir aktyor kimi məndə
həmişə birtipli rollarda təkrar olunmaq qorxusu olub.
-Deyə bilərsinizmi, Nəsimi rolunu oynamaq sizə nə
verdi?
-Düzü o vaxt mənim “Nəsimi”yə
çəkilməyim heç inandırıcı deyildi.
Çünki Nəsiminin yubileyi YUNESKO səviyyəsində
keçiriləcəyindən filmə böyük
məsuliyyətlə yanaşırdılar. Rəhmətlik
rejissor Həsən Seyidbəyli dəfələrlə
məni məşq meydanlarına
çağırırdı, məşqlər edirdik. Bundan sonra onda dərin bir inam yarandı
və məni rola təsdiq etdi. Ondan sonra mən
filmlərə sınaq
çəkilişləri olmadan
dəvət olunurdum.
Yəni
“Nəsimi” rolu mənim üçün kino aləmində bir növ “vizit
kartı” oldu.
-Rasim müəllim, Azərbaycan tamaşaçısı
sizə baxırdı,
bəs siz kimə baxırdınız?
-Deməzdim ki, kor-koranə vurulduğum aktyorları təqlid eləmişəm. Elə bil
ki, arı kimi hərədən bir şey götürmüşəm.
Ən əsası odur ki, sən bacardığın
və orada istedadını reallaşdıra
bildiyin peşəni seçəsən.
-Ümumiyyətlə, peşə
nədir?
-Peşə elə bir şeydir ki, yenidən ailə qurmaq olar, amma, peşə
qəbir evinə qədərdir. Onunla gərək həvəslə,
iştahla, vurğunluqla
məşğul olasan.
Bu baxımdan mən xoşbəxtəm
ki, vurulduğum bir sənətin arxasınca getmişəm.
-Kifayət qədər
təcrübəli aktyorlar
bu peşədən danışarkən onu çox məsuliyyətli
və ağır bir iş adlandırırlar.
Yəni daha çox bu sənətin səfasından yox, cəfasından danışırlar,
hətta övladlarının
bu sənətə getməsinə razı olmadıqlarını bildirirlər.
Necə baxırsınız, doğrudanmı
sevib məşğul
olduğun aktyor sənətinin səfası
cəfasından çoxdur?
-Bu sənətin səfası
da var, cəfası
da. Vurğunluq olanda, eşq olanda adam
o cəfaya dözür.
Bəzən sənə diqqətsizlik
olur, badalaq vururlar. Sovet dövründə, elə indi də
bizim çəkildiyimiz
filmlərin müqabilində
aldığımız qonorarlar
çox simvolikdir.
Bütün bu çətinlikləri
görən aktyor da övladının bu yola getməsini
istəmir.
-Rasim müəllim, Babək Azərbaycan xalqının tarixi şəxsiyyətidir. Onun obrazını
yaratmısınız. Bilmək istəyirik Babək roluna görə, sizə nə qədər qonorar verdilər? Başqa sözlə desək,
“Babəkin qiyməti”
nə qədər idi?
-Təxminən 5 min rubl
verdilər. Həmin pula həmin vaxt
“01” markalı “Juqili” almaq olardı. Belə simvolik qonorar tək məndə yox, bütün sovet aktyorlarında olub. Təsəvvür edin ki, böyük bir sərkərdə rolunu oynayırsan, amma, evdə-eşikdə o qədər
məişət problemləri
var ki, onların
hamısını yola
vermək çətin
olur.
-Sənətdə yaradılan
problemlərdən, badalaqlardan
danışdınız. Bu vaxtlar ərzində sizi ən çox
narahat edən, ağrıdan hadisə olubmu?
- “Nəsimi” filmindən
mən elə surət götürdüm,
heç kəs mənə mane ola
bilməzdi. Adımı tez-tez cürbəcür
qadınlarla hallandırırdılar,
guya sədalarım restoranlardan gəlirdi.
Bunlar hamısı yalan idi və mən
də əvvəllər
bunları eşidəndə
əsəbləşirdim. Çünki, mənim heç
elə işlərə
vaxtım yox idi, ildə üç filmə çəkilirdim, gərgin
işləyirdim. Məndə heç
vaxt paxıllıq hissləri olmayıb, həmişə Allahın
verdiyi qismətlə razılaşmışam. İnsanlar bəzən heç nədən özlərini
bədbəxt sayır.
Yəni iddiaları ilə imkanları düz gəlməyəndə o insan
hansı şəraitdə
yaşayır-yaşasın, bədbəxtdir.
-Bəs seçim imkanı geniş olan aktyorun özünə
həyat yoldaşı
seçməsi necə
olub?
-Mən elə öz istədiyim insanla həyat qurmuşam, 37 ildir onunla yaşayıram. Yəni məşhurlaşmağa qədər
mənim artıq iki övladım var idi. Bəlkə də onlar olmasaydı
həyatım bir başqa cür olardı.
-Sizi sevənlər kifayət qədərdir, bəs sizdən bezənlər olubmu?
-Məncə elə bir şey etməmişəm
ki, tamaşaçı
məndən bezsin. İndi 60 yaşıma çatıram.
Allahdan arzu edirəm ki, mənə bir neçə maraqlı rolları oynamaq üçün fürsət
versin.
İki sahil.-2007.-6 iyul.-S.6.