Lalə Y.

 

Sən niyə susdun?

 

Rasim Ocaqovun xatirəsinə

 

Böyük operatorluq və rejissorluq məharətilə ölkəmizin hüdudlarından kənarda da Azərbaycan mədəniyyətini yüksək səviyyədə təmsii edən, çəkdiyi kino və televiziya filmlərilə kinofestivallarda müxtəlif təltiflərə layiq görülmüş sənət adamı Rasim Ocaqovun həyatdan köçməsilə Azərbaycan mədəniyyətinə üz vermiş itkidən düz bir il keçir... Tarix 2006-cı il, iyulun 11-i. Ömrünün 73-cü yayında...

Rasim Ocaqovun adı müxtəlif fəxri adlarla "qardaş"dır - Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, SSRİ və Respublika Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti...

Onun həyat və sənət tarixçəsi əslində çox sadədir: Rasim Ocaqov 1933-cü il noyabrın 22-də Şəkidə doğulub. 1951-ci ildə orta məktəbi bitirib, Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsinə daxil olub. Təhsilini başa vurduqdan sonra 1967-ci illərdə Azərbaycan Dövlət Teatr institutunun rejissorluq fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə 1956-cı ildə "Azərbaycanfilm" kinostudiyasında quruluşçu operator kimi başlayıb və burada müxtəlif vəzifələrdə çalışıb.

Necə deyərlər, vəssalam...

Amma əslində...

...Rasim Ocaqovun yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində ayrı bir mərhələ açdı.

...Dünya kinematoqrafiyasının ənənələrindən ustalıqla faydalanmış sənətkar kimi maraqlı kinofilmlərin çəkilişində novator üsul və metodlardan bacarıqla istifadə etdi.

...Ölkəmizdə kinooperator sənətinin zəngin imkanlarının üzə çıxarılması və təkmilləşdirilməsində onun əməyi olduqca böyükdür.

...Azərbaycan kino mədəniyyəti ənənələrinin zənginləşdirilməsində böyük əmək sərf etdi, kino sənətimizə yeni-yeni uğurlar qazandırdı.

...Bir nəticə kimi mədəniyyətimizin incilərindən sayılan bir çox kino və televiziya filmlərinin ustalıqla yaradılmasına nail oldu.

Azərbaycan kinematoqrafıyasında "Onun böyük ürəyi", "Əsl dost", "Bizim küçə", "Sən niyə susursan?", "Bir cənub şəhərində" kimi tanınan filmlərdə kinooperator işləri ilə rezonans yaradıb.

Nəhayət, 1970-ci ildən etibarən rejissorluq arzusunu həyata keçirməyə başlayıb və debütünü "Gəncəbasarlı qisasçının ssenarisi əsasında çəkib.

Rasim Ocaqov "Tütək səsi" ilə milli kino tarixində sırf kənd həyatını əks etdirən rejissor kimi yaddaşlarda qalıb. Ümumilikdə onun filmləri məzmun rəngarəngliyi, fəal vətəndaşlıq mövqeyi müasirliyi ilə fransız filmlərini xatırladır. Bu Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilən filmlərdə daha çox özünü göstərir. Əslinə qalsa, Rasim Ocaqovun yaradıcılığında Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilən, filmlər ("Ölsəm, bağışla", "Park", "İstintaq", "Özgə ömür") üstünlük təşkil edir. Bu filmlərdə qadın-kişi münasibətləri başlıca yer tutur, cəmiyyətdə narazılıqla qarşılanan ziddiyyətli münasibətlərin təhlilinə geniş yer ayrılır. Rasim Ocaqovun filmlərində əks cinslərin münasibəti, ünsiyyəti tamaşaçıların ekranda görməyə alışmadıqla şəkildə aşkar göstərilir.

Rasim Ocaqovun yaradıcılığı boyu araşdırdığı daha bir mövzu var: Seçim qarşısında qalmış insan... Normal insan həmişə seçmək məcburiyyətindədir. Ancaq mərhum rejissorun qəhrəmanları üçün seçim prosesi həyat tərəfindən qurulmuş tələdir. Onlar istəmədən, könülsüz halda, lap elə öz axmaqlıqları ucbatından bu tələyə düşürlər dərhal da özlərini itirirlər. Hətta ən sadə situasiyalarda, çıxış yolu aydın görünəndə belə onlar şaşırırlar. Özləri üçün süni çətinliklər, əlavə problemlər yaradırlar - təki qərar vermək, seçmək məcburiyyətində qalmasınlar...

Bir sözlə...

...Rasim Ocaqov ekran həyatı verdiyi bədii sənədü filmləri ilə kino sənəti salnaməmizə parlaq səhifələr yazıb.

... Onun çəkdiyi filmlər həqiqi sənət nümunələridir. Bu filmlər Azərbaycan kinematoqrafının qızıl fonduna daxil olub, obrazların incə psixologizmi hadisələrin həyatiliyi Rasim Ocaqov sənətinin əsas cəhətlərini təşkil edir.

...Azərbaycan kino sənətinin tanınmış nümayəndəsi Rasim Ocaqovun milli kino mədəniyyətinin inkişafı sahəsindəki xidmətləri olduqca yüksəkdir.

... Görkəmli sənətkarqayğıkeş insan olan Rasim Ocaqovun işıqlı xatirəsi həmişə ürəklərdə yaşayacaq.

 

Kino+.- 2007.- 13 iyul.- S. 4.