Mehdixanlı T.

 

Qarabağ intizarı ekranda

 

Ötən əsrin sonlarında - 1988-ci ilin ilk aylarında ermənilər yenidən gördükləri yaxşılıqları unudub yurd yerlərimizə amansız , aramsız basqınlar etdilər. Dinc, silahsız insanları vəhşiliklə qətlə yetirdilər. Kəndlərə, qəsəbələrə, şəhərlərə od vurub yandırdılar. Milyon nəfərdən artıq soydaşımız məcburiyyət qarşısında qalıb doğma el-obasından didərgin düşdü. Bəs, görəsən üçün Qarabağ problemi indiyə qədər bədii yaradıcılıqda, ekran əsərlərində öz təsvirini lazımınca tapmayıb? Mərhum Ceyhun Mirzəyevin ekranlaşdırdığı "Fəryad" filmi istisna idi. Bu mövzuda sənət nümunələrinə az-az rast gəlmək olar. Niyə, üçün? Axı, qanlı-qadalı hadisələrin başlamasından 20 ilə yaxın vaxt keçir?! Unutmamalıyıq: milli faciəmizin ekran görüntülərini, təsvirlərini gələcək nəslə yadigar qoymalı, ərməğan etməliyik. Baş verən müsibətlər təkrarlanmasın deyə, onlar qanlı olaylardan xəbərdar olmalıdırlar.
Yaxın günlərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında əməkdar artist, məşhur "Əhməd haradadır?" filmində sürücü Əhməd rolunun mahir ifaçısı Elxan Qasımovun quruluş verdiyi "Biz qayıdacağıq" bədii-publisistik filmə baxış olmuşdu. Kinostudiyanın direktoru Xamis Muradov tədbiri açaraq dedi: "İlk əvvəl sizlərə möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli fikrini xatırlatmaq istəyirəm: "İşğal altında olan torpaqlarımızın bir qarışını da düşmənə verməyəcəyik. Sülh yolu ilə öz torpaqlarımızı qaytarmaq arzusundayıq. Əks təqdirdə biz hərbi yolla istəyimizə nail olacağıq", Bu amalımıza çatmaq üçün bütün imkanlarımız var. Ölkəmiz iqtisadi cəhətdən inkişaf etdikcə digər sahələr tərəqqi tapır. Baxış mərasiminə toplaşdığımız "Biz qayıdacağıq" filmi fikrimin təsdiqi baxımından xarakterikdir".
Filim məcburiyyət qarşısında qalıb ata-baba yurd yerlərindən didərgin düşən soydaşlarımızın acı talelərindən bəhs edir. Onların həyat, yaşayış tərzlərini göz önündə canlandırır. Baş götürüb qaçan insanların - uşaqların, ahılların dözülməz şəraitləri ekranda görünür. Qaniçən ermənilərin nadanlığı, faşizm amalları yaddaşlarda oyanır. Filmin baş qəhrəmanı Zakir (respublika muğam festivalının qaliblərindən biri Pərviz İbrahimli) dünyada oxşarı olmayan Xocalı soyqırımını xatırlayır. Obrazın baxışları sanki dil açıb danışır. Müdhüş, faciəli qış gecəsindən soraq verir. Ümumi panoram, konkret nüanslar, detallar olduqca təsirlidir. Səyavuş Kərimlinin musiqisi təsvir olunan hadisələrin bələdçisinə çevrilir. Aktyorlardan Ömür Nağıyevin, İlham Əsgərovun, Mirzə Kamil Ağazadələrin, Feyruz Xudaverdiyevin ifalarında son dərəcə həssaslıq, kövrəklik duyulur.
"Biz qayıdacağıq" bədii, tammetrajlı film aktyor-rejissor Elxan Qasımovun quruluş verdiyi üçüncü ekran əsəridir. "Qocalar, qocalar", "Köhnə bərə" filmləriylə müqayisədə sonuncu daha təsirli, peşakarlıqla lentə alınmışdı. Elxan müəllimin fikirlərini tədbir iştirakçıları alqışlarla qarşıladılar: "Biz mütləq doğma torpaqlarımıza qayıdacağıq. Mən bu inamı kameranın gözüylə tamaşaçılara çatdırmağa çalışmışam".

 

Azərbaycan.-2007.-25 iyul.-S.5.