Məhərrəmova T.
Kinonu
mesenatlar saxlamalıdır
Ömür
Nağıyev, aktyor: "Mən həmişə sabahla
yaşayıram"
Milli kinomuzun vəziyyətindən
söhbət düşəndə çoxu "kinomuz
inkişafa doğru yoldadır", bəziləri isə
"ildə üç-dörd film çəkməklə
inkişafdan danışmaq olmaz" - deyə bildirirlər. Bu
təzadlı fikirlər uzun illərdir ki, dəyişmir.
Ancaq nədənsə aktyor Ömür Nağıyev
ümidini itirməyərək optimist danışır.
Yəqin ona görə ki, iş olmayanda da özünə
iş tapmağı bacarır. Rolun
böyük-kiçikliyinin onun üçün
əhəmiyyəti olmadığındandır ki, 40-dan
artıq filmə çəkilib. Yeni-yeni dəvətlər
də öz yerində. Hələ özünün reyissor
kimi nə qədər filmlər çəkmək, aktyor kimi
yeni rollar oynamaq arzusu olduğunu da gizlətmir:
-
İçimizdə bir nisgillik olmağına,
darıxdırıcı hallar keçirməyimizə
baxmayaraq, indi də çəkilməyə imkanlar var. Aktyor
kimi 40-dan artıq filmdə çəkilmişəm. Reyissor
kimi dörd film çəkmişəm. Kinoya nə qədər pis
və ya ögey bir bala kimi baxsan da, kino kinodur. Kino
gözəllikdir, təravətdir. Təəssüf
ki, o boyda kinostudiyanın 4-cü mərtəbəsində
ancaq montay sexində kinonun iyi qalıb. Həmin
sexin qapısını açanda plyonkanın iyi gəlir.
Bu, hər şeyə dəyər. Çəkilsən də, çəkilməsən
də, yaşamağa dəyər. Əlbəttə, bir
az yaşlaşandan sonra kinonu belə
vəziyyətdə görmək istəməzdik. Mən cavan deyiləm, amma kifayət qədər
çəkilmişəm. Ancaq indiki
cavanlarımıza imkan yaradılmalıdır. Bəzi naşı adamlar ürəklərində
"Ömür çəkildi, Ömür
çəkdi" deyirlər. Niyə
başa düşmürlər ki, onların etdiyini mən
eləyə bilmərəm, mənim etdiyimi də onlar. Məni Almaniya studiyasına dəvət
etmişdilər. Qoy orda 501-ci olum. Deməliyəm ki, niyə 500 nəfərdən
birincisi mən olmadım? 499 nəfəri
bəyənərlər, məni bəyənməzlər, lap
yaxşı. Və yaxud məni
bəyənərlər, o birilərini
bəyənməzlər. Bu, reyissorun
öz seçimidir. Məni həmişə
dəvət edirlər, narazı deyiləm. İş var, həmişə də olacaq. Həmişə deyirəm ki, insan öləndə
dincəlir. Sənət adamı necə
dincələ bilər? Mənim əlimdən başqa
iş gəlmir. Mən daş
daşımıram, yol çəkmirəm, ancaq beynimlə
işləyirəm. Beynim də
işləməsə, demək, yaşamağa haqqım
yoxdur.
- Taleyinizi nə
vaxtdan kinoya bağlamısınız?
- 1968-ci ildən. O vaxt ilk dəfə
kinostudiyaya gəlmişəm. Kinoreyissor Nizami
Bədəlov qonşumuz idi. O məni kinostudiyaya
apardı. O vaxtdan kinostudiyadan qırağa
çıxmamışam. Son illər isə kinostudiyadan
bir qədər aralanmışam. Axırıncı
iki ildə mən Bakı Bələdiyyə Teatrında
işlədim. Demək olar ki,
kinostudiyanın yarıdan çoxunu biz tikmişik. Bunun özünün də bir ləzzəti var.
Hərdən televizorda "yenidən 60-70-ci illərin kinosuna
qayıdardım" sözlərini eşidirəm. Doğrudan da o illərin kinosu Azərbaycan
üçün ən böyük uğur idi. Kino həmin vaxtlar çox yüksək
səviyyədə idi.
- Sizcə
əməldə yox, yalnız dildə o illərin
gözəlliyinə qayıtmağın mənası
varmı?
- Təbii ki, yoxdur. Bu gün də
müəyyən cərəyanlar var. Belə bir
qənaətə gəlmişəm ki, əgər reyissorun
çəkdiyi filmə baxmaq üçün zala 100
nəfər gəlir və o adamlardan 70-i çıxıb
gedir, 30-u qalırsa, deməli, o film alınıb. Sən filmi kütlə üçün
çəkirsən. Təbii ki, biz
hamımız hər kəsin xoşuna gələ bilmərik.
Filmlər də eləcə.
Azərbaycan kinosunun
böyüklüyü ondadır ki, çox böyük
oğullar yetirib. Rəhmətlik Ədil
İsgəndərovun dövründə respublikadan kənarda
oxuyanların demək olar ki, hamısı onun hesabına
getmişdi. O, çox çalışırdı ki,
gənclər gedib kənarda oxusun və yaxşı kadrlar
yetişib gəlsin. Bizim uşaqların
çoxu qayıdıb gələndən sonra "Ədil
müəllim, oxuyub gəlmişəm, bir film verin
çəkək" deyirdi. Ədil müəllim
də "get bir-iki filmdə assistent işlə, sonrasına
baxarıq" deyirdi. Yadımdadır, bizdə
Robert Simonyan adlı operator assistenti bir gün "Ədil
müəllim, məni oxumağa göndərin" - deyə
xahiş etdi. Ədil müəllim də dedi ki,
"qadam, böyük məmnuniyyətlə, ancaq qoy
əvvəl Camal, Ənvər və başqaları oxusun,
sonra sən oxuyarsan". O da: "Ədil müəllim, onda
mən qocalaram" - deyə narazılıqla dilləndi. "Qocalacaqsansa, get onda
- Reyissor kimi
çəkdiyiniz filmlər sizə yaxındır, yoxsa aktyor
kimi oynadığınız rollar?
- Məni çox çətin
vəziyyətdə qoyursunuz. Deyərdim ki,
reyissorluqda addımlarım hələ kövrəkdir. Reyissor olmağın özü də göydən
gəlmir. Aktyorluqdan reyissorluğa
gələndə təcrübən daha böyük olur.
Elə bil ki, aktyorluq sənəti sənə
azlıq edir. Bir pillə də yuxarı
getmək istəyirsən. Ancaq bu gün
Azərbaycan sənətindəki ayrıseçkilik bəzi
adamları həvəsdən salıb. Düzdür,
bunun mənə aidiyyəti yoxdur. Mənim
bu respublikadan çıxıb getməyə böyük
imkanlarım var. Ancaq Bakını qoyub getmək mümkün
deyil. Ona görə yox ki, atamın,
anamın, qohumlarımın qəbri Bakıdadır. Onların qanı məndədir, buradan gedə
bilmirəm. Mən bayaq dediyim zalda olan
həmin o 30 nəfərə görə qalmışam.
- Bəs bu
gün teatrda çalışmağınız oynaya
bilmədiyiniz rolların boşluğunu doldurmaqmı
üçündür?
- Düz deyirsiniz, o boşluğu
doldurmaq üçündür. Tək mən
yox, mənim kimi adamlar işsiz qalanda ölə
bilərlər. Məni öldürmək
üçün hər hansı bir üsul lazım deyil.
Sadəcə, bir otağa salıb işsiz,
ünsiyyətsiz qoysalar, ölərəm. Mən Amaliya xanımın teatrına gedəndə
fikirləşdim ki, işləyərəm. Açığı, ürəyimcə olmadı.
Ona görə ki, məndən çox
istifadə eləmədilər. Deyə bilərəm ki,
heç bir az da istifadə
eləmədilər. Sonra Amaliya xanıma getmək
istədiyimi dedim. O da "mövsümün
axırını gözlə, nə vaxt istəsən,
qayıdıb gələrsən" dedi. Amma
mən bilirdim ki, qayıdan deyiləm, çünki başqa
planlarım var. Ancaq onu da deyim ki, teatr başqa
məktəbdir. Deyirlər ki, teatr
asılqandan başlayır, ancaq mən deyərdim ki, teatr
evdən çıxanda başlayır.
- Adətən
teatr aktyorları deyirlər ki, səhnə bizə ona
görə lazımdır ki, həyatdan ayrılırıq. Eyni sözləri kino haqqında da
demək olarmı?
- Bu sözü
kim deyirsə, onun öz fikridir. Bunların hər ikisi
mənim həyatımdır. Əgər tamaşaçı
ilə mütəmadi ünsiyyətdəyəmsə, o
məni necə həyatdan ayıra bilər? Arada heç bir
dəmir pərdə yoxdur. Tamaşaçının
reaksiyası olmasa, oynaya bilmərəm. Bu mənim
içimdir. Məncə, heç bir halda teatrı kinodan
ayırmaq olmaz.
- Daha çox reallıqla
yaşayırsınız, ümidləriniz ölməsin
deyə, yoxsa kino ilə bağlı özünüzə bir
utopiya yaradırsınız?
- Mən
həmişə sabahla yaşayıram. Sabah utopiya deyil.
Heç ümid də deyil. Mən əminəm ki, sabah olacaq.
O sabaha görə də yaşayıram. Sabaha görə
yaşamağa dəyər. Sabah deyəndə də kinomuzun
gələcək inkişafını nəzərdə
tuturam. İnanıram ki, hələ çox imkanlar yaranacaq
və biz də çəkiləcəyik.
Kaspi.-2007.-11 iyul.-S.16.