Məhərrəmova T.

 

Nəyisə arzulamaqdansa, hərəkət etmək lazımdır

 

Sevinc Əlişova: "Kino mənə daha yaxındır"

 

Bu yaxınlarda yazıçı Çingiz Abdullayevin "Məhkumların cənnəti" əsəri əsasında reyissor Mehriban Ələkbərzadənin çəkdiyi eyni adlı tammetraylı filmin təqdimatı keçirildi. Umbakı qəsəbəsində yerləşən və Zaqafqaziyada yeganə olan Cüzam xəstəxanasındakı sakinlərin - xəstələrin həyatından bəhs edən ekran əsərində sənətdə sözünü demiş köhnə nəsil aktyorlarla yanaşı gənc aktyorlar - Sevinc Əlişova və Ramin Zeynalovun oynadığı rollar xüsusən yaddaqalan oldu. Reyissor bu seçimini baş qəhrəmanları oynayan eyni aktyorlardan, tanış sifətlərdən qaçaraq yenilik axtarması ilə izah etdi. Leyla rolunun ifaçısı Sevinc Əlişova ilk böyük rolunun uğurundan yaranan hisslərini bizimlə bölüşür:

 

- Leyla obrazı kinoda ilk böyük rolum idi. Ona qədər qısametraylı filmdə və kliplərdə çəkilmişəm. YUNESKO-nun İçərişəhərlə bağlı çəkdiyi kiçik filmdə oynamışam. Almanların çəkdiyi həmin film cavanların İçərişəhərlə bağlı maraqlarından bəhs edir. Bildiyiniz kimi indiki cavanlar daha çox internetə, maşına və s. əyləncələrə maraq göstərirlər. Ancaq almanlar göstərmək istəyirdilər ki, biz öz tariximizi unutmuruq. "Məhkumların cənnəti"ndə iştirak etmək üçünsə kastinqdən keçdim. Foto və kino kastinqlərdən keçəndən sonra aktyorların sayı get-gedə azaldı. Üçüncü mərhələdən də keçməyə müvəffəq oldum. Kastinqin sonunda iki nəfər qaldı. Mehriban xanım: "Leyla obrazına bu qız lazımdır. Bu qızda millilik görürəm" - deyə seçimi mənim üzərimdə saxladı.

- İlk dəfə tammetraylı filmdə baş rola təsdiq olunanda daha çox məsuliyyət, qorxu, ya da sevinc hissi keçirdiniz?

- Sözsüz ki, sevinc hissi də vardı. Ancaq daha çox məsuliyyət hissi idi. Kastinqdən keçəndən sonra başa düşdüm ki, bu filmdə məsuliyyət hissi daha böyükdür. Bilirdim ki, birinci işimlə həm bata, həm də yüksələ bilərəm. Birinci roldan çox şey asılı idi.

- Mehriban xanım quruluş verdiyi teatr tamaşalarının tələbkar reyissoru kimi tanınır. Heç şübhəsiz, film çəkilişlərində də o həmin ciddiliklə işləyir. Kinoda böyük təcrübəsi olmayan bir aktrisa üçün belə bir tələbkarlıqla qarşılaşmaq çətin deyildi ki?

- Mehriban xanım doğrudan da, tələbkar reyissordur. Mən ondan başqa iki reyissorla da işləmişəm. Həmçinin, teatr səhnəsində də reyissorlarla ünsiyyətdə olmuşam. Onu deyə bilərəm ki, Mehriban xanımla işləmək aktyor üçün həm çətindir, həm də asan. Çünki o, işi konkret verir və nə istədiyini düzgün başa salır. Bəzən reyissorlar aktyorlardan robot kimi istifadə edirlər. O mənə istədiyi nəticəni alana qədər sərbəstlik verirdi. Onunla iş prosesində yanımda bir dayaq hiss eləyirdim.

- İndicə teatrda da çalışdığınızı söylədiniz.

- Mən Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyoru fakültəsini bitirmişəm. Kurs rəhbərim Cənnət Səlimova olub. Dörd il ərzində onunla işləmişik, səhnəyə çıxmışıq. Mən institutu bitirən kimi kino çəkilişləri başladı. Ona görə də teatrda işlərimi çatdıra bilmədim.

- Bir halda ki, həm kinoda çəkilirsiniz, həm də teatrda çalışmısınız. Yəqin ki, özünüz üçün teatrla kinonun fərqini ayırd edə bilmisiniz.

- Fərq çox böyükdür. Teatrda həyəcan çoxdur. Səhnədə tamaşaçının eneryisini hiss edirsən. Kinoda çəkiləndə isə hansısa kadr düz alınmayanda yenidən çəkməyə imkan var. Ancaq teatr canlı olduğu üçün orada heç nəyi dəyişdirə bilməzsən.

- İndi necə fikirləşirsiniz, bundan sonra özünüzü sırf kinoya, yoxsa teatra həsr etmək istəyirsiniz?

- Kino mənə daha yaxındır.

- Bəlkə bu yaxınlıq hardasa tamaşaçı ilə canlı ünsiyyətdən qaçıb kamera arxasında gizlənməkdən ötrüdür?

- Qətiyyən belə deyil. Aktyor hər kamera, həm də tamaşaçı qarşısına çıxmağı bacarmalıdır. Bildiyimə görə aktyorlar var ki, kamera qabağında çox sıxılırlar. Məndə o sıxıntı yox idi. Mən kameranı görməyə bilərdim. Ümumiyyətlə, məndə nə kamera, nə də tamaşaçı qarşısında həyəcan yoxdur. Ona görə də kinonu özümə daha yaxın hiss edirəm. Ancaq bu o demək deyil ki, teatrı sevmirəm. Teatra gedirəm və tamaşalara baxıram. "YUĞ" teatrına dəvət alaraq bir tamaşada rol oynamışam. Həmin tamaşa "Boş məkanın dolğunluğu" festivalında iştirak edərək "Ən yaxşı reyissor işi"nə görə mükafat qazandı. Məni teatra dəvət edəndə gedirəm və oynayıram. Teatr da mənim üçün maraqlıdır.

- Bizim reallıqda kinoaktrisaların nə maddi cəhətdən, nə də karyera baxımından imkanları o qədər də ürəkaçan deyil. Yəni aktrisalarımızın hamısı ürəklərindəki "Hollivud arzusu"nun üzərindən çoxdan xətt çəkiblər. Bu həqiqəti bilə-bilə kinolarda çəkilməyə can atmaq sizi həvəsdən salmırmı?

- Bu həqiqəti mən də bilirəm. Ancaq mən "ulduz" xəstəliyinin dalınca qaçmıram. Mən sənətimi sevən insanam.

- Sizcə, bizim cəmiyyətdə bu gün aktrisalara tanınmaq, üzdə olmaq üçün nə lazımdır?

- Mənə elə gəlir ki, elə sənət və təcrübə kifayətdir. Pul boş şeydir, inanın. Mənə elə gəlir ki, yaxşı aktyor ola bilsən, qabağa gedə bilərsən. Bu baxımdan mən özümə inanan insanam. Kastinqə gedəndə də özümə inanırdım, çünki bilirəm ki, bu işi bacarıram. O da ola bilər ki, kimsə ayağının altını qazıb sənə maneə yaratsın. Mənim iştirak elədiyim kastinqdə sənətə qiymət verirdilər. Ancaq demərəm ki, mən böyük aktrisayam. Bu filmdə institutu bitirən bir tələbə kimi çəkildim və bu mənim üçün böyük məktəb oldu.

- Əgər ssenari xoşunuza gəlməsəydi belə, yenə çəkilərdiniz?

- Mən ssenarini oxumuşdum. İlk kastinqə gələndə artıq çəkiləcək film haqqında hər şeyi bilirdim. Ən çox xoşuma gələn bu mövzuya indiyə qədər heç kəsin müraciət etməməsi oldu. Ona görə də bu filmdə çəkilmək mənə çox maraqlı gəldi. Filmin qəhrəmanı Leylanın cəmiyyətdə tək qalması, özünə qapanması və doğmalarının ondan imtina etməsi maraqlı olduğu qədər də təsirli idi.

- Filmdə kifayət qədər tanınmış aktyorlar oynayır. Onların əhatəsində sıxılmırdınız ki?

- O aktyorların arasında təkcə mənimlə Eldar rolunu oynayan Ramin gənc aktyor idi. Nurəddin Mehdixanlı, Rafiq Əliyev, Ramiz Novruz, Mehriban xanım, Kəmalə xanım kimi aktyorlarla işləmək doğrudan da mənim üçün böyük bir məktəb oldu. Mən sıxılmırdım, sadəcə, onların qarşısında məsuliyyət hissi böyük idi. Onlardan müsbət eneryi alırdım.

- "Məhkumların cənnəti" filminin "Azərbaycan" kinoteatrında geniş təqdimatı keçirildi. Təqdimatdan sonra rolunuza qarşı yalnız tərif eşitdiniz?

- Səmimi deyirəm, filmin nə Kinostudiyadakı təqdimatından, nə də "Azərbaycan" kinoteatrındakı premyerasından sonra ünvanıma heç bir tənqid eşitmədim. Aktyorlar məni təbrik edib: "hər şey yaxşıdır" deyə ürək-dirək verdilər.

- Bu filmdən sonra başqa reyissorlar sizi gördümü?

- Eşitdiyimə görə, hələ filmin montayı getdiyi ərəfədə reyissorlar məni görmüşdü. Bir-iki kastinqə dəvət də elədilər. Sadəcə, təzə ailə qurduğum üçün iştirak edə bilmədim. Filmin təqdimatından sonra isə nə olacağını deyə bilmərəm.

- Gərək ki, həyat yoldaşınız da incəsənət adamıdır.

- Klipmeyker Fuad Əlişovla ailə qurmuşam. Onunla klip çəkilişində tanış olduqdan sonra evlənmişik.

- Bəs ilk böyük rolunuzdan, ünvanınıza eşidilən xoş sözlərdən sonra hansı hissləri keçirdiniz? Hər şey sizə yuxu kimi gəlmədimi?

- Hiss elədim ki, 21 yaşda nəyəsə nail olmuşam, irəliyə doğru hansısa bir addım atmışam. Çox gözəl aktrisalar var ki, kinoda çəkilmək onlara qismət olmayıb. Mən bu yaşda belə bir filmdə baş rola çəkilməyimə inana bilmirdim.

Sözün düzü, filmə baxan zaman çox həyəcanlanırdım: "Gərək filan kadrda belə edəydim"- deyə içimi yeyirdim. Öz-özümə çox tənqidlə yanaşdım. Fikirləşdim ki, bundan da yaxşı edə bilərdim. Ancaq filmdəki rolum mənə yuxu kimi gəlmədi. Çünki arzularla yox, reallıqla yaşayan insanam. Məncə oturub nəyisə arzulamaqdansa, hərəkət etmək lazımdır.

- Nə qədər arzularla yaşamasanız belə, hər bir aktirisanın ürəyində çəkilmək istədiyi rolların arzusu olmamış deyil.

- Təbii ki, o arzu var. Tələbəlik illərində arzuladığım tamaşanı qurmadılar. Mən Kleopatranı oynamaq istəyirdim. Bu arzu hələ də məni tərk etməyib. Leyla obrazının dramatik ampulasında qalmaq istəməzdim. İstərdim ki, reyissorlar məni başqa ampulada görsünlər.

 

Kaspi.-2007.-3 iyul.-S.16.