Məhərrəmova T.
Yaradıcı insanın həyatı bir
utopiyadır
Yavər Rzayev, reyissor: "İndi məni
düzgün başa düşmədilər"
Tanınmış kinoreyissor
Yavər Rzayev bu günlərdə "Yeni dalğa"
Prodüser Mərkəzindən uzaqlaşıb. Reyissorun öz layihəsi əsasında yaradılan
və Azərbaycanda ilk prodüser mərkəzi olan "Yeni
dalğa" Yavər Rzayevin mərkəzin bədii
rəhbər olduğu 5 il müddətində bir sıra
uğurlara imza atıb. Öz işində əsasən
istedadlı gənclərlə işbirliyinə üstünlük
verən prodüser mərkəzinin istehsal etdiyi filmlər bir
sıra beynəlxalq mükafatlar qazanıb.
Reyissor bizimlə
söhbətində prodüser mərkəzindən
uzaqlaşdığını təsdiq edərək, bunu
kollektivdə yaranan anlaşılmazlıqla
əlaqələndirdi:
- Beş il idi
ki, "Yeni dalğa" Prodüser Mərkəzində
çalışırdım. Bu mərkəz Azərbaycanda ilk
prodüser mərkəzidir. Onun əsasını
peşəkarlar qoyub. Mən bu mərkəzin bədii
rəhbəri olmuşam. İşə gəncləri,
peşəkarları cəlb edirik. İndi isə məni
düzgün başa düşmədilər. Elə bir
vəziyyətə saldılar ki, özüm uzaqlaşmalı
oldum. Bundan sonra "Vilvet" dizayn qrupu ilə
işləyəcəyəm və bütün
layihələrimi də yeni studiyada həyata
keçirəcəyəm.
- Siz Moskvada Kinematoqrafiya
İnstitutunu bitirmisiniz. O zaman yaranan ideyalarınızı Bakıya
qayıdandan sonra gerçəkləşdirə bilmisinizmi?
- Çox təəssüflər
olsun ki, o ideyaların çox cüzi bir hissəsini həyata
keçirə bilmişəm.
- Digər ideyalarınızı
həyata keçirə bilməməkdə maneə yalnız
maliyyə sarıdan olub?
- Maliyyə sarıdan da olub. Ancaq onlar köhnə tarixlərdir. O vaxtın
məmurları da düzgün siyasət aparmayıblar. Onlarla həmişə
çəkişmələrdə olmuşam. Həmişə mənə qeyri-obyektiv yanaşma
olub. O vaxt "Sarı gəlin"i
çəkməyə qoymayanda mənim üçün 9
senzura komissiyası yaranmışdı. "Bunu
eləmə, onu eləmə, bu olmaz, o olmaz" və s.
Mən bu maneələri çətinliklə də olsa
dəf elədim.
- Kinoşünas Ayaz Salayev
müsahibələrini birində: "Mən
müharibədə olmadığım üçün
müharibədən film çəkə bilmərəm"
- deyib. "Sarı gəlin" Qarabağ
müharibəsinin yaratdığı faciələrdən
danışır. Mən bilən, siz
də müharibədə olmamısınız, ancaq
festivallardan mükafatsız qayıtmayan belə bir film
çəkmisiniz.
- Bu, Ayaz Salayevin, yəni
kinoşünas fikridir. Digər
tərəfdən, deyə bilərəm ki, müharibə
haqqında çəkilən ən gözəl filmlər
məhz davanı görməyən reyissorların
çəkdikləri filmlər olub. Bir var
ki, mən gedib davanı görüm, bir də var şəxsi
fantaziyamda yaradım. Onsuz da televiziyada
hər gün davalı filmlər, ayrı-ayrı
müharibə gedən ölkələrdə
hadisələrdən bəhs edən kadrlar görürük.
Bəlkə mən davada iştirak
eləsəydim, heç bu filmi çəkə bilməzdim.
Mən davaya getmək istəyirdim, dostlarım
qoymurdu. "Sənin yerin ora deyil" -
deyirdilər. Yaxşı ki, "Sarı
gəlin"i müharibəni görməmiş
çəkdim. Yoxsa belə
alınmazdı.
- Anapa festivalında keçirilən
mətbuat konfransında: "Bir mahnı hansı xalqın
dilində daha çox oxunursa, o xalqa məxsusdur" -
demisiniz. Həmçinin filmin indiyə
qədər gəzdiyi bütün ölkələrdə
"Sarı gəlin" anotasiyada Azərbaycanın qədim
el musiqisi kimi təqdim edilir. Bizdə isə bir
qədər əks proses gedir. Yəni bu mahnı bizdə az oxunur.
- Mən bu sözü deyəndə
sizin sualınıza hesab götürmürdüm. "Sarı gəlin" heç o qədər
oxunmurdu. Hərdənbir köhnə
variantlarda oxuyurdular. Repçilər bir az
müasir formada oxuyurdu. Onların musiqiləri
də filmdən sonra meydana çıxdı. Mədəniyyət və Turizm Nazirliyində və
başqa yerlərdə "Sarı gəlin" bizimdir"
deyir, bunu sübut etmək istəyirdilər. Mənsə bunu sübut elədim. Filmin reyissoru, bəstəkarı, aktyorları,
"Sarı gəlin" surətini oynayan aktrisa -
hamısı azərbaycanlı idi. Ermənilər
bu fakta məəttəl qalmışdılar. Bəs bu sual niyə yarandı? Bu sualı
Moskvadan ermənipərəst bir yurnalist verdi.
Mən də siz deyən cavabı verdim.
- Eşitmişəm ki, filmin
başı çox müsibətlər çəkib. Siz bu filmi düz 6 ilə çəkib
qurtarmısınız. Film hətta bir
neçə dəfə real "dondurulma"
təhlükəsiylə üz-üzə qalıb.
Karlovı-Varı festivalının nəticələrini
açıqlayan sənəddə maraqlı bir
dərkənar da olub: "Sarı gəlin" filmi (maraq
çəkəsi bir iş: az qala
"yeraltı" şəraitdə çəkilmiş
film) - kimi qiymətləndirilib. Bu maraqlı
dərkənar sizin qarşılaşdığınız
senzuralarla bağlı idi?
- Mən çəkilişə
başlayanda məmurların başıma hansı oyun
gətirəcəyini təxminən bilirdim. Bilirdim
ki, onlar bunu başa düşmürlər. Aralarında başa düşənlər
vardısa, nədənsə paxıllıqdan və ya
hansı səbəbdənsə onlar da istəmirdilər.
Mənim üstümə o adamlar
düşmüşdülər ki, onların erməni
dostları, bəlkə erməni qohumları da vardı.
Bu, dəhşət idi. Mən
öz fikirlərimi yeritmək, onları anlatmaq
üçün məcbur qalıb ssenaridə bir şey
yazırdım, ancaq başqa şey çəkirdim. Orda çox maraqlı bir hadisə oldu. Filmin bir hissəsi çəkiləndən sonra
"baxaq" dedilər. Ümumiyyətlə,
nə çəkirdimsə, baxırdılar. Qoymurdular ki, bütün filmi qurtarım. Filmdə azərbaycanlı qızın zorlanma
səhnəsini çəkib-çəkməmək
haqqında çox düşünürdüm. Bir az da mentalitet məsələsi mənə mane
olurdu. Ancaq bu problemə baxmağı bacardım.
Bu epizod çəkiləndən sonra mənim
üstümə düşdülər. "Necə
yəni azərbaycanlı qızı zorlayırlar?"
Dedim ki, axı onu erməni zorlayır. Mən həmin
səhnəni bir az sadələşdirib
simvolik şəkildə verdim. Həmin məqamda musiqimiz
səslənir, Habil çalır... Yəni
bizim mənəviyyatımızı, tariximizi zorlayırlar.
Dedilər ki, gərək bir şey fikirləşək: bu
qız yaşaya bilməz, o, gərək özünü
öldürsün. Belə bir epizod
çəkdim - qız özünə qəsd edir. Əslində, bu epizod özümün də
xoşuma gəlmirdi. Təsadüfən
yanıma cavan bir yurnalist gəldi. O, filmə baxandan sonra
mənə irad tutub çox ağıllı söz dedi:
"Bu qədər belə bədbəxt adam
var. Siz onların hamısını intihara
çağırırsınız?" Bu fikir
doğrudan beynimə batdı. Onlara dedim ki, görün
gənc və ağıllı qız nə qədər
doğru söz söylədi. Bundan sonra
həmin epizodu çıxardım.
- "Sarı gəlin"
kifayət qədər uğur qazandı. Anapa
festivalında mükafat aldı. Karlovı-Varıda
"Filip-Morris"in ənənəvi "Azadlıq"
mükafatının sahibi oldu. Bu uğurlar
öz doğma vətəninizdə də eyni
əks-sədanı yaratdımı?
- Yoox... yox...
mənim nə titulum, nə başqa bir şeyim var. Ancaq
filmlərimdir. Bircə dənə də mükafatsız film
yoxdur. Burda inanmırdılar ki, mən filmi çəkə
bilərəm. Daha doğrusu, inanmaq istəmirdilər. İndi
sözün düzü, mən o hadisələri yaddan
çıxarmaq istəyirəm. Başqa layihə
üzərində işləmək fikrim var.
-
"Həcc" ssenarisi əsasında
çəkəcəyiniz filmin taleyi necə oldu?
- Bu ssenarini
reallaşdırmaq üçün maliyyə lazımdır.
Bununla bağlı etdiyim müraciətlərimə cavab
gözləyirəm.
- Hansı filmlər milli sayıla
bilər?
- Bu, çox
mürəkkəb sualdır. Bunun cavabını mütləq
bizim reyissorlarımız tapmalıdır. Bu formula
tapılmalıdır: milli kino Azərbaycan haqqında
təsəvvür yaradan bir şeydir, yoxsa Qərbdən
gələn bir azərbaycanlının çəkdiyi
filmə milli kino demək olar? Millilik kinoda çox vacibdir.
Bizdə bu həll olunmayıb. Heç bu haqda
söhbətlər də eşitmirəm. Mən hesab
edirəm ki, İranda olan münasibət nəhayət,
Azərbaycanda olmalıdır. Bu, çox çətindir.
Mən bura gələn uşaqlara da başa salıram ki,
sizdən kimsə kinoya Füzuli poeziyasının ekvivalentini
gətirsə, hesab edin ki, tarixə
düşmüsünüz. Biz də gərək ora gəlib
çıxaq. Millilik baxımından bu gərək bizdə
olsun. Amma olmur...
-
Müsəlman ölkələrinə həmişə bir
növ "geridə qalmış" damğası vurulub.
Siz İran kinosunun inkişafından danışdınız.
Belə başa düşürəm ki, əgər belə
inkişaf davam edərsə, daha Qərbə
boylanmağımıza ehtiyac qalmaz?
- Düz
deyirsiniz, hamı müsəlman ölkələrinə
belə yanaşıb. Bu kompleks islam
mədəniyyətindən çıxmalıdır.
Həmin kameralar orda da var, burda da. Düzdür, ərəb
dünyası çox güclüdür. Çox
təəssüflər olsun ki, islam ekstremistləri pulu
raketə, başqa texnologiyalara verirlər. Ancaq gərək
sənətə də yaxın getsinlər. Hələ ki,
mən bunu hiss eləmirəm. Çox təəssüf! Bizim
bir-iki dəfə söhbətimiz də olub. Onlar "bizə
avtomat lazımdır" deyiblər. Davanı
cürbəcür aparmaq olar. Yadımdadır ki, 91-ci ildə
Aşqabadda "Fövqəldünya" yer
götürəndə operator Niyazi Abbasov yanımda
durmuşdu. Çox nadir hallarda yüri
açıq-açığına öz rəğbətini
bildirir. Film onlara o qədər təsir eləmişdi ki,
qadınlar ağlayırdı. Azərbaycanda o hadisələr
də təzə başlamışdı. Dedim ki, "Nizami,
yaxşı ki, sən bir erməni əsgəri
öldürdün". Yəni belə də dava
eləmək olar. Gedib müharibədə
öldürənlər də var.
- Deyə
bilərsinizmi, sizi kino çəkməyə nə vadar edir?
Ona görə ki, bu yalnız sizin işinizdir?
- Yox... Mən
bu sualı hər gün özümə verirəm. Gündə
də buna cavab verirəm. Yurnalistlər
hərdən məndən soruşurlar ki, nəyə
görə siz reyissor oldunuz. Deyirəm, ona
görə ki, mən yazıram, amma yazıçı
deyiləm. Mən musiqini eşidirəm,
amma bəstəkar deyiləm. Mən
şəkil çəkirəm, amma rəssam deyiləm.
Mən reyissoram, ancaq burda nəsə edə
bilərəm.
- Fransız reyissoru Alen Reno:
"Mən kinoda özümü ovçu kimi hiss edirəm. Çünki başqa reyissorların
yaradıcılığından nəsə oğurlayıram
və bunu utanmadan etiraf edirəm" - deyib. Siz necə, başqa reyissorlardan
qidalanırsınızmı?
- Məncə, Alen Reno bu sözü
bir az zarafatla deyib. O, çox maraqlı bir
reyissordur. Ancaq onun sözündə hansısa
həqiqətlər var. Qidalanmaq sözünə
gələndə mən ədəbiyyatdan, poeziyadan,
fəlsəfədən və musiqimizdən qidalanıram.
Kinodan ona görə qidalanmıram ki,
nəyisə təzədən düzəltmək
istəmirəm. İncəsənət
forma və məzmunun arasında olan mübahisələrdir.
İran kinosu da bunu təsdiq edir ki, forma
keçdi. Əsas məzmundur. Xristian incəsənətində indi məzmun rol
oynamır. Ona görə onlar islamdan da,
buddizimdən də qidalanırlar. Amerika
filmlərinə baxandan sonra tamaşaçı ilə ekran
arasında olan münasibət zaldan çıxana
qədər davam edir. Effektlər,
mənzərələr, maşınların partlaması,
gözəl kişi və qadınlar - bu
forma və məzmunu harmonik şəkildə eləmək
çox çətindir.
- Sizcə həyata
keçib-keçməyəcəyini bilmədən
yaradıcı adamın xəyallar qurmasına ehtiyac varmı?
- Mən bunu başqa cür
deyərdim: yaradıcı insanın həyatı bir
utopiyadır. Dünyada heç bir alim,
sənətçi yoxdur ki, öz işindən
bəhrələnsin. Moskvada
müəllimim deyib ki, "hər bir dahi əsər - ən
azı yüz il sonra deməkdir". Yəni
Van Qoq zamanında bir əsərini də sata bilmədi.
Ancaq 3-4 il bundan qabaq onun əsəri 38
milyon dollara satıldı. Görün, bu nə deməkdir! Nitşe deyən dəyərlərin
qiymətləndirilməsi zamanı gəlir.
- Siz də ümid edirsiniz ki,
dəyərləndirilməyən ideyalarınız zamanı
gələndə qiymətini alacaq?
- Məni professionallar tanıyır. Özüm haqqında çox danışmaq
istəməzdim. Məni həmişə üç
şey saxlayıb: klassiklərin ədəbiyyatı,
poeziyası və muğam. Məncə,
muğamımızı hələ dünyada yaxşı
təqdim eləməyiblər. İstərdim
ki, bizim istedadımız istər siyasətdə,
istərsə də sənətdə eyni
dərəcədə inkişaf eləsin.
İnanıram ki, belə də olacaq!
- Bu həftə Kino Günü qeyd
olunur. Hansı hisslərlə qeyd
edəcəksiniz?
- Azərbaycanın Kino
Gününü bayram etməyə haqqı var. Çünki
hər şeydən əvvəl tariximiz, kinolarımız var.
Kinoya pul ayrılır, ssenarilər seçilir, prodüser
mərkəzlərində yüksək səviyyəli
prodüserlər çalışır. Düzdür,
müəyyyən adamlara maneələr də var. Ancaq
istedadlı adam çətinliklə
də olsa maneəni dəf edərək, istədiyinə nail
olmağı bacarır.
Kaspi.-2007.-31 iyul.- S. 16.