Azərbaycanın teatr
mütəxəssisləri öz işlərinə
böyük həvəslə
yanaşırlar
Amerikalı teatr rəssamı Bred Helmin
fikrincə, Azərbaycan səhnəsindəki tamaşaların
çoxunda dekorasiyalar bir-birinə oxşayır
Akademik Milli Dram Teatrı cari mövsümdə, ilk tanışlıqdan, uğurlu sayıla biləcək layihəyə
imza atdı. ABŞ-ın ölkəmizdəki
səfirliyilə birgə
əməkdaşlığının nəticəsidir ki, Qərbin tanınmış
teatr rəssamı Bred Helmi Bakıya
dəvət edildi. Səbəbsiz deyildi. Teatr rəhbərliyi yəhudi
əsilli Amerika dramaturqu və nasiri Artur Millerin
"Körpüdən görünüş"
("A View From
the Bridge") pyesinə Azərbaycan səhnəsində quruluş
verməyi qərarlaşdırdı.
Və təbii ki, Avropa sənət
aləmində öz üslubu, dəsti-xəttilə tanınan Bred Helmin səhnəqrafiya
təcrübəsindən bəhrələnmək
yerinə düşərdi.
"Azərbaycan-Amerika teatr təşəbbüsü"
layihəsi çərçivəsində
Bakıda səfərdə
olan Bred Helmin azərbaycanlı həmkarları - xalq rəssamı Nazim Bəykişiyev, əməkdar
rəssam İsmayıl
Məmmədov, Lətifə
Quluzadə, Elnur Babayev, Valeh Məmmədovla ünsiyyəti
zamanı sənət
görüşlərilə bağlı fikir mübadiləsi aparılıb. Onun təkcə həmkarları
ilə söhbəti deyil, əməkdaşımıza
verdiyi eksklüziv müsahibə də maraqlı alınıb. Əvvəlcə qonağın
ölkəmiz barədə
təəssüratlarını təqdim edirik.
- Azərbaycan haqda ümumi məlumatım vardı, təbii ki, çox ətraflı deyildi. Buraya gəlməzdən əvvəl
ünsiyyət qurmaq üçün rus dilini öyrənməyə
başlamışdım. Amma
iki il ərzində
bir cümlə -
"ya po russkiy ne ponimayu"dan başqa heç nə öyrənə bilmədim
(gülür). Amma Azərbaycandan aldığım
dəvəti məmnuniyyətlə
qəbul etdim. Bu ölkə barədə bilgim yalnız keçmiş Sovet İttifaqının bir hissəsi olmasından ibarət idi. Yeni bir ölkənin
insanlarının fikrini,
təcrübəsini bilmək
məni maraqlandırırdı.
Azərbaycanın teatr
sahəsində ən
çox bəyəndiyim
cəhət bu sahədə çalışan
mütəxəssislərin öz işlərinə böyük həvəslə
yanaşmalarıdır. Onlar fikir mübadiləsinə,
yeni fikri dinləməyə həvəsli,
dialoqa, müzakirələrə,
yeni düşüncəyə
açıqdırlar. Əlbəttə,
bir həftə ərzində Azərbaycanın
bütün teatrlarını
gəzmək qeyri-mümkündür.
Buna zaman da yox idi.
Cəmi ikisində - Musiqili Komediya Teatrının "Milyonçunun
dilənçi oğlu"
və Akademik Milli Dram Teatrının
"Füzuli və Əsmər" tamaşalarında
olmağa imkan tapdım.
- Bu
tamaşalarda diqqətinizi
çəkən xüsusi
məqamlar oldumu?
- Adətən komediya çox rəngarəng olur. "Milyonçunun dilənçi
oğlu" tamaşasında
isə diqqətimi çəkən ağ və qara tonların
vəhdəti idi. Əlbəttə ki, dizayn, tərtibat işləri həm də maliyyəyə söykənir. Yəni, yüksək səviyyə
çox hallarda maddi təminatdan asılıdır. Ümumilikdə
götürsək, teatrda
yenilik tez-tez olmur. Hətta Nyu-Yorkun ən məşhur teatrlarında
belə yeniliklərə
çox nadir hallarda rast gəlinir.
- Bəs
səhnəqrafiya ustası
kimi tamaşaların tərtibatı necə dəyərləndirdiniz?
- Dekor, səhnə
yaxşı idi. Azərbaycan tamaşalarında
dekorasiyalar, demək olar ki, bir-birinə oxşayır. Bunları yaxşı qurmaq üçün böyük vəsait lazımdır. Hazırda Artur Millerin "Körpüdən görünüş"
tamaşası üzərində
işləyirik. Bu barədə bəzi məsləhətlərim olub.
Mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyevlə görüşmüşük.
O da bu işbirliyinə çox həvəslidir və bunun reallaşması üçün istər maddi, istərsə də mənəvi dəstəyini əsirgəməyəcəyini
bildirib.
- Ümumiyyətlə,
"yaxşı tamaşa"
anlamı sizinçün
nə deməkdir?
- İnsanları ruhən özünə bağlayan, interaktiv, insanların gözlədiklərini
verən tamaşa. Tamaşaçıları
səhnədə gedən
proseslərin iştirakçısı,
bir parçası olmağa sövq edən tamaşa.
- Zənnimcə,
arzuladıqlarınızı "Yuğ" Dövlət Teatrında görə bilərsiniz... (əcnəbi
qonağa "Yuğ"un konsepsiyası, tamaşaları barədə
azacıq informasiya verib, qalanını - deyilənlərin şahidi
olmasını öz ixtiyarına buraxıram -
S.B.).
- Belə tipli teatr bizi
daha çox maraqlandırır. Yaradıcılıqla
məşğul olan beş-altı nəfər ABŞ-a gedə və ya oradan bu
teatrla tanışlıq
üçün Azərbaycana
gələ bilər. Beləcə, sənət
mübadiləsi və
təcrübə müsbət
nəticələr verə
bilər. Bu avanqard yönlü bir teatrdır.
- Nə
üçün məhz
Artur Miller?
- Bu, Azərbaycan
tərəfinin seçimidir.
Niyə də axı olmasın? Artur Millerin əsərləri bütün
dünyada məşhurdur.
Mən də bu seçimi dəyərləndirir, hörmətlə
yanaşıram.
- Teatr
fəaliyyətinizdə tərtibata,
sizin dillə desək, səhnə dizaynına önəm verirsiniz. Bu da, təbii ki, ilk növbədə
teatr rəssamı olmağınızdan irəli
gəlir. Bu baxımdan sizə ünvanlayacağım sualın
cavabı da, düşünürəm, çox
maraqlı olar. Teatr dünyasında nəinki dekorasiyanın gözəlliyinə, keyfiyyətinə
fikir verən, hətta ondan ümumiyyətlə, imtina
edən teatrlar da az deyil.
Kimisi bunu maddi durumla əlaqələndirir,
kimisi üçünsə
bu bir protest,
etiraz təzahürüdür.
Tərtibatın yaradıcılıqdan
kənarlaşdırılması sizi narahat etmir
ki?
- Sizinlə tamamilə razıyam. Əsas məsələ dekorasiya yox, aktyorların ifası, səhnədəki oyundur.
Mən istəməzdim
ki, teatra gələn tamaşaçıdan
soruşanda ki, nə xoşuna gəldi, yalnız dekorasiyanın, səhnə
tərtibatının gözəlliyini
xatırlasın. Belə
olan halda o, dialoqa, səhnədə
cərəyan edən
hadisələrə diqqət
yetirmir, aktyor da öz növbəsində
fikrini, emosiyalarını
seyrçiyə çatdıra
bilmir. Məsələn,
küçələrdə göstərilən səyyar
tamaşalar, demək olar ki, heç
bir tərtibatla müşayiət olunmur, təbii ki, nəticədə qazanc deyil, emosiyaların bölüşdürülməsi məqsədi güdülür.
- ABŞ teatrları barədə istər nəşrlər,
istərsə də virtual səhifələrdən
xəbər tuturuqsa, tənqidin rolu nədənsə görünmür.
Amerikada ümumiyyətlə,
tənqid varmı, varsa, teatr aləmində
hansı yeri tutur?
- Məsələn, Filadelfiyada əgər teatr üzrə 10 nəfər ekspert varsa, onlar həm
də mətbu orqanlarla əməkdaşlıq
edirlər. Tamaşanın
taleyi, demək olar ki, onlardan
asılıdır. Eləcə
də biletlərin satışı. İctimaiyyət
tənqidin rəyilə
hər zaman hesablaşır, teatra seyrçi axını tənqidin mənfi və ya müsbət
olması ilə bağlıdır.
- Tənqidin
konkret olaraq sizin yaradıcılığınızda
rolu nə dərəcədə əhəmiyyətlidir?
- Tənqidçinin mənim quruluş verdiyim tərtibatı neqativ dəyərləndirməsini
faciə kimi qəbul etmirəm. Bu ilk növbədə
teatr ekspertinin fərdi fikri, öz baxışıdır.
Tənqidin hər hansı bir fikrini qəbul etməsəm belə, ona hörmətlə yanaşıram. Qəbul etməməyimin əsas səbəbi, yəqin ki, özümə inamımdan, işimə güvənməyimdən irəli
gəlir. Amma yaradıcılığıma ünvanlanan
tənqidçi fikri çox zaman pozitiv olub. Ümumiyyətlə,
tənqidçi müsbət
işi də tənqid etməkdə haqlıdır. Etiraf edim ki, tənqid
tamaşanın taleyində
həlledici rol oynayır, istər yaradıcı, istərsə
maddi baxımdan. Çünki tənqidçi
fikri yaradıcı insanın nüfuzunu həm yüksəltməyə,
həm də endirməyə qadirdir. Bu dediklərim maliyyə vəsaitini ödəyən tərəfə
də təsir göstərə bilər.
Az öncə qeyd etdiyim kimi,
ictimaiyyət sırf tənqid fikrinə inanıb teatra gəlir. Odur ki, tamaşaçısı
olmayan teatrın, eləcə də sponsorun itkilərlə üzləşmək ehtimalı
böyükdür.
- Deməli,
sənətkar və tənqidçi münasibətləri
birmənalı deyil...
- Tənqid ilk növbədə ədalətli, obyektiv olmalıdır. Məqsəd
şəxsi münasibətə
deyil, bütünlüklə
tamaşaya yönəlməlidir.
Yəni, qərəz olmamalıdır. Şəxsən
mən tənqidçi
fikrini nəzərə
almağa çalışıram.
Zənnimcə, yalnız
məqsədyönlü, qərəzsiz
tənqid teatrın inkişafına xidmət göstərə bilər.
525-ci qəzet.-2007.-5 iyul.-S.7.