Məhərrəmova T.

 

Yuxularını çəkən reyissor

 

İki sözsüz filmi ilə 7 mükafat qazanmış Yusif Quliyevin fikrincə, əsas meyar fikri sözsüz çatdırmaqdır

 

Ötən il Mədəniyyət və Turizm Nazirliyi gənc reyissorların istedadını üzə çıxarmaq, ən əsası bu sferada işsizliyin səviyyəsini aşağı salmaq üçün yeni filmlərin çəkilişi ilə bağlı müsabiqə elan etdi. Müsabiqədə qalib gələn bir neçə prodüser mərkəzinin çəkdiyi filmlər hələ tamamlanmasa da, hamının marağındadır. Gənc reyissor Yusif Quliyevin "Yeni dalğa" prodüser mərkəzində çəkdiyi "Qrinviç meredianından kənarda" bədii filmi həmin layihə çərçivəsində çəkilən filmlərdəndir.

Filmin istehsalı başa çatmasa da, artıq sənədləri payızda keçiriləcək iki beynəlxalq festivala göndərilib. Festival nəticələrinin uğurlu olub-olmayacağını qabaqcadan demək çətindir. Ancaq reyissorun fikirləri daha çox qazanılacaq müvəffəqiyyətdən xəbər verir.

 

- Bəzi kinoreyissorlar və kinematoqraflar deyirlər ki, bizdə kino ilə məşğul olmaq istəyən gənc nəsil yoxdur.

- Necə yəni yoxdur? Bəlkə də bu qısqanclıqdan irəli gəlir. Ortada kinoya can atan cavan nəsil, hər şeyə hazır olan bacarıqlı gənclər var. Deyə bilmərəm ki, mən savadlıyam. Ancaq bütün gəncliyimi kinoya xərcləyirəm. Nəyim vardısa kinomuzun inkişafı uğrunda qoymuşam. Mən kino ilə yaşayıram. Bu yolla fikirlərimi tamaşaçıya çatdırmaq, ürəyimi boşaltmaq istəyirəm. Onu da deyim ki, bu yolda tək deyiləm. Mənim kimi o qədər gənc reyissorlar var ki... 10 ilə yaxındır universiteti qurtarıblar, ancaq heç nə çəkə bilmirlər. Çünki imkan yoxdur. Şükür Allaha ki, Mədəniyyət və Turizm Nazirliyi gənc reyissorların film çəkməsi üçün müsabiqə elan edərək bu aksiyanı başladı. Telekanallar da kinoreyissorların başqa imkanları olmadığı üçün televiziya sahəsində çalışmaları üçün şərait yaradır. Mən özüm Az.TV-də proqram direktorluğunun baş reyissoruyam. Ümumiyyətlə, gənclər özlərini televiziya sahəsində çox yaxşı göstərirlər. Xarici festivallara gedirlər. Keçən ilin oktyabr ayında gənc kinoreyissorlarla Batumidə keçirilən "Qafqaz bizim evimizdir" kinoforumuna getmişdik. Orada forumun açılış və bağlanış mərasimini Azərbaycan filmi ilə etdilər. Foruma Azərbaycandan 5, Ermənistandan isə 15 kinoreyissor qatılmışdı. Ən maraqlısı o idi ki, ermənilər də daxil olmaqla zaldakı bütün tamaşaçılar Azərbaycan filmini ayaq üstə alqışlayırdı. Bu nə deməkdir? Bu, artıq nəticədir - Azərbaycanı xaricdə tanıtmaqdır. Azərbaycanda ilk kinoreyissoram ki, YUNESKO-nun birinci mükafatına layiq görülmüşəm. Keçən il Rumıniyada keçirilən 8-ci Beynəlxalq Ekoetnofolk Festivalında 15 dəqiqəlik qısametraylı film ilə bu mükafatı qazanmışam. Bu o demək deyilmi ki, Azərbaycanda gənc kinematoqraflar var və onlar fəaliyyət göstərmək istəyirlər? Bilmirəm, bu fikir hansı səbəblərdən yaranıb? Mənim yaşlı nəslə heç bir iradım yoxdur. Müəllimlərim də yaşlı nəslin nümayəndələridir. Onlardan həddən çox şey öyrənmişəm. Bəlkə hazırda kinoreyissorluğa qəbul olan uşaqların həvəsi yoxdur? Mənə elə gəlir ki, o uşaqların da günahı yoxdur. Onlara düzgün istiqamət vermək, həvəsləndirmək lazımdır. Onlar heç olmasa hansı formatda olursa-olsun, 3-5 dəqiqəlik də olsa, film çəkməlidirlər ki, sonra bəhrəsini görsünlər.

- Elə isə kinomuzun bu gəncləşmə mərhələsini necə xarakterizə edərdiniz: yeni baxış, dünyagörüş, yoxsa estafetin yaşlı nəslin əlindən alınması?

- Keçid...

- İndi hər bir klipmeyker özünü kinoreyissor adlandırır. Sizcə çəkilən müxtəlif kliplərin, televiziya filmlərinin kinematoqrafiyaya nə qədər aidiyyatı var?

- Bütün dünyada belədir. Klipmeykerlər, reklam çəkənlər və film çəkənlər var. Sadəcə olaraq, bəzi adamlar filmlə digər vizual məhsulları dəyişik salırlar. Filmin öz formatı, göstəriciləri var. Nəyə görə televiziya filmini bədii film adlandırırlar? Sadəcə olaraq, bunun hansı formatda olduğunu bilmək üçün bir balaca savad və təcrübə lazımdır.

- Dünya təcrübəsində belə bir şey də var: müxtəlif televiziyalar ayrı-ayrı filmlərin istehsalını maliyyələşdirirlər. Məsələn, Zvyaqintsevin mükafat qazandığı filmini NTV maliyyələşdirib. Bizdə belə bir təcrübənin reallaşması üçün perspektiv varmı?

- Artıq perspektiv var. Çox sevinirəm ki, məhz Azərbaycan televiziyası bu istiqamətdə ilk addımlarını atmağa başlayıb. Bu yaxınlarda biz Azərbaycan televiziyası ilə qısametraylı bir film çəkdik. Bizə çox gözəl şərait yaradıldı. Artıq seriallar və rəqəmsal formatda olsa da, filmlərin çəkilişi nəzərdə tutulub. Mənə belə gəlir ki, bu çox düzgün bir addımdır. Çünki kinoreyissorluq böyük baza və zəngin məktəbdir. Orada çox güclü və peşəkar işçilər var. Sənətdə həqiqi addımlarını atmaq üçün onlardan doğrudan da nələrisə öyrənmək mümkündür. Az.TV rəhbərliyi artıq bu işə start verib.

 

 

İki filmin yeddi uğuru

 

- Mədəniyyət və Turizm Nazirliyinin gənc reyissorlarla bağlı layihəsi əsasında çəkilən "Qrinviç meridianından kənarda" sifarişlə çəkilən filmdir. Adətən, hər bir reyissor özünə doğma olan filmləri çəkir. Maraqlıdır, sifarişli filmlə özünə doğma olan film arasında hansı fərq var?

- Hər hansı bir ssenariyə reyissor öz istiqamətini və düşüncələrini əlavə edir və nəticədə ssenari tamamilə dəyişir. Mən də gənc ssenarist Kamran Qasımovun "Qrinviç meridianı" ssenarisində bir sıra dəyişikliklər etmişəm. İstər-istəməz öz düşüncəmdə olan məqamları həmin ssenariyə əlavə etməliyəm. Çünki içimdə olmayan bir şeyi heç vaxt çəkə bilmərəm.

- "Yeni dalğa" prodüser mərkəzi ilə əlaqələriniz necə yarandı?

- 2004-cü ildə IV Beynəlxalq Audiovizual Festivalda "Yeni dalğa" prodüser mərkəzinin təsis etdiyi pul mükafatına layiq görüldüm. Onlar bir filmimin maliyyələşməsini təşkil edəcəkdilər. Həmin maliyyə ilə "Keçid" filmi çəkildi. Onlar filmin çəkilməsi üçün çox gözəl şərait yaratdılar. Film xaricdə tanındı və Azərbaycanı tanıtdı. Sonradan nazirliyin təşkil etdiyi müsabiqədə Kamran Qasımovun ssenarisi yer tutdu. "Yeni dalğa" prodüser mərkəzi bu filmi çəkməkdən ötrü məni dəvət etdi. Ssenari çox xoşuma gəldi. Müəllimim Yavər Rzayevlə məsləhətləşdim. Bir ustad kimi o, mənə çox böyük kömək göstərdi. İlk bədii filmim olduğu üçün Yavər müəllim məni düzgün istiqamətləndirdi. Burda kütləvi səhnələr vardı, məkan tez-tez dəyişirdi. Mən "Keçid" filmini də onun ssenarisi əsasında çəkmişdim. Mənə maraqlı idi: müəllimimin gördüklərini həyata keçirə bilərəmmi? Montaydan sonra çox xoşuna gəlmişdi.

- "Keçid"in taleyi doğrudan da uğurlu oldu. Bir neçə festivalda mükafat qazandı. Bu uğuru çəkdiyiniz o biri filmlərə də aid etmək olarmı?

- Ümumiyyətlə, sonuncu iki filmim 7 beynəlxalq mükafat qazanıb. "Katarsis" və "Keçid" filmlərinin hər ikisi sözsüz filmdir. Bu filmlər bir-birilərini tamamlayır. Onların davamını da çəkmək fikrim var. "Katarsis" latın dilində paklaşma deməkdir. Paklaşdın, keçdin və Qrinviç meridianından kənara düşdün. Çünki şərqliyik və özümüzün zaman və məkan haqqında anlayışlarımız, standartlarımız var. Əclində bu filmin adı "Qrinviç meridianından kənarda" deyildi. Sadəcə fikirləşdim ki, yazıçı özünə qapılan sənət adamıdır, onun öz meyarı, öz meredianı var. Öz meredianından kənara, başqa reallığa düşəndə o alışmır. Ona görə də filmin adını dəyişdirib "Qrinviç meridianından kənarda" qoydum.

"Keçid"ə gəlincə, ötən ilin avqust ayında keçirilən Kino Günündə "Qızıl çıraq" nominasiyasında "Ən yaxşı qısametraylı film", "Ən yaxşı operator işi"nə görə mükafatlarına layiq görüldü. Həmçinin ötən ilin avqust-sentyabr aylarında Rumıniyada keçirilən 8-ci Beynəlxalq Ekoetnofolk Festivalında YUNESKO-nun birinci mükafatını qazandım. Əsas odur ki, 32 ölkə reyissorunun və 100 filmin iştirak etdiyi festivalın birinci mükafatı Azərbaycana gəldi. May ayının 24-31-də Kislovodskda keçirilən "Qızıl vityaz" Festivalında iştirak etdik. Bu festivalda xristian filmlərinin üstünlük təşkil etməsinə baxmayaraq, biz orada "Xalqların mədəniyyətinin ən yaxşı bədii həlli" nominasiyası üzrə xüsusi mükafat qazandıq. Artıq "Keçid"in üç, "Katarsis"in dörd mükafatı var. "Qrinviç meridianından kənarda"nın sənədlərini 2 festivala göndərmişik. Qazaxıstanda keçiriləcək "Şakenin ulduzları" festivalında "Keçid" sənədli filmlər, "Qrinviç meridianından kənarda" isə bədii filmlər nominasiyasında iştirak edəcək. "Qrinviç meridianından kənarda" həmçinin İsveçrədə keçiriləcək festivala dəvət alıb.

 

 

Mən yuxularımı çəkirəm

 

- Elə ideyalarınız varmı ki, vizual baxımdan reallaşdırmağa imkanınız yoxdur?

- Görəndə ki, filmləri çəkməyə imkan yoxdur, onları kağızda çəkirəm. Hal-hazırda iki layihə üzərində işləyirəm. Biri sənədli, digəri tammetraylı bədii filmdir. Sənədli filmimin adı "Müharibənin rəngi"dir. İnşallah, gələn ilin fevral ayında bu filmi çəkməyə başlayacağam. "Mübarək qəm" ("Humayun") filminin ssenarisi isə demək olar ki, tamamlanmaq ərəfəsindədir. Bu, əsil Şərq filmi olacaq. Həmin filmdə muğamın bölmələrindən istifadə olunacaq. Biz hələ ki, muğamımızı dünyaya çatdıra bilməmişik. Ancaq bunun düzgün həlli yolundan düzgün istifadə etməklə kino ilə çatdırmaq fikrim var.

- Maraqlıdır, müharibəni görməyə-görməyə "Müharibənin rəngi"dən necə danışacaqsınız? Bu, müəlliminiz Yavər Rzayevin "Ən yaxşı film müharibəni görmədən çəkilən filmdir" fikrinin davamı deyil ki?

- Ən çətini müharibəni müharibəsiz göstərməkdir. Mən məhz bunu göstərmək istəyirəm. Yəqin bu film də sözsüz olacaq. Mənim aləmimdə reyissor fikrini sözsüz çatdırmağı bacarırsa, onun sözə ehtiyacı yoxdur. Söz artıq tamaşaçınındır. "Katarsis"də nə bir söz, nə də baş qəhrəman var idi. Mənim qəhrəmanım filmə baxanın özü idi.

- Hər bir yaradıcı işin arxasında reyissorun öz fəlsəfi ideyası durur. Filmlərinizin fəlsəfi ideyası nədir?

- Mən öz yuxularımı göstərirəm. "Keçid" filminin bir çox hissələrini yuxuda görmüşdüm. Necə görmüşdümsə, olduğu kimi də çəkmişəm.

- Salvador Dali də yuxularını çəkirmiş. Heç şübhəsiz, bu, fərdi yaradıcılıq üslubudur. Siz bilən, kinoda buna oxşar təcrübələr varmı?

- Dünyada belə təcrübələr var. Özünüzün dediyi kimi vaxtilə bu üsuldan Salvador Dali istifadə edib. Müəyyən yuxuları görmək üçün yatmaq lazım deyil. Sadəcə olaraq beynin içində səni ağırlaşdıran müəyyən köməkçi məqamlar var. Məsələn, "Katarsis"i 5 il beynimdə gəzdirmişəm. Mən o filmi hər gün çəkirdim. Günlərin bir günü yuxudan duranda, - "Artıq bunu çəkə bilərəm", - dedim. İndi də içimdəkiləri hardasa görürəm və onları çatdırmaq istəyirəm. Onları gerçəkləşdirməyənə qədər rahatlıq tapmıram. "Humayun" artıq 3 ildir ki, beynimdədir. Mikelancelodan "Sizin ən böyük sirriniz nədədir?" soruşanda, deyir ki, "Daşı götürüb, nə lazımdırsa təmizləyirəm, qalanı qalır" - deyə cavab verib. Mən də nəyi isə birdən görürəm və məni tutur. Sonra onu kağızda çəkirəm.

- Sizcə reyissora utopiya lazımdırmı?

- Müəllimim Eldar Quliyevin belə bir sözü vardı: "Bu, fərdi sənətdir". Hərənin bir cür görümü var. Məsələn, Amerika kinosunda küçədə görünən bir açıq-saçıqlığı reyissor öz fantaziyası ilə kinoya gətirə bilir. Kino reyissoru ilə ssenaristin və ya yazıçının əsas fərqi ondadır ki, kino reyissor ssenaridə gördüyünü yazır, ancaq yazıçı üçün bu, maraqlı deyil. Bu, onun üçün içindəkiləri necə danışmağından asılıdır. Bəyənilə də bilər, bəyənilməyə də. Mənim üçün kinoda çərçivə yoxdur. Məndən olsaydı kinokadrı sındırıb bütün qəhrəmanları içindən çıxarardım.

- Sizin üçün çərçivə yoxdur deyibən, Qərb kinosundakı açıq-saçıqlığı da filmlərinizə gətirmək istərdinizmi?

- Hər şey dərəcəsində olmalıdır. Əgər filmdə yataq səhnəsi məna daşıyırsa, istifadə etməlisən. "Filankəsin filmində belə səhnə var idi" deyilişi xatirinə, yəni tryuk naminə tryuk etməyə dəyməz. Film sıxılmış zaman formasıdır. Nəyi və necə bacarırsansa, həmin sıxılmış vaxtın içində danışacaqsan. Məndən olsa, qəhrəmanlarımın heç biri danışmaz. Mənim üçün əsas meyar fikri sözsüz çatdırmaqdır. Çünki ilk kino yarananda da elə çatdırılıb.

- Dediyiniz bu yanr axı bütün təbəqələr üçün başadüşülən deyil. İndi insanlar səsə alışıb, onlar sükutu sevmirlər.

- Kinoda belə bir fikir var: sən gərək kütlənin səviyyəsinə enməyəsən. Elə edəsən ki, kütlə sənin səviyyənə qalxsın və səni başa düşsün. Bir şeyi hamı bəyənirsə, demək, o heç nədir. "Keçid"i və "Katarsis"i o qədər tənqid edənlər var idi ki... Mən bunu çox normal qəbul elədim. Ancaq elə bir dövr oldu ki, heç bir yurnalist "Keçid" haqqında heç bir tənqid yazmadı. Mən Azərbaycan kinosunda istifadə olunmamış fikirlərdən istifadə edirəm. İstərdim ki, fikrim boğazdan yuxarı səslənməsin. Mən belə görürəm, bəyənilə də bilər, bəyənilməyə də.

 

 

Sehrli aləmin yolçusu

 

- Siz tanınmış reyissorlardan dərs almısınız. Necə bilirsiniz, kino çəkmək üçün praktika əsasdır, yoxsa nəzəriyyə?

- Nəzəriyyə demək olar ki, heç nə vermir. Mən dünyada tanınmış reyissor tanıyıram ki, heç Şekspiri də oxumayıb. Ancaq elə filimlər çəkir ki, adam baxanda heyran qalır. O baxımdlan əsas praktikadır. Mən demirəm ki, gənclər heç nə oxumasınlar. Elə vaxt olub ki, mən gün ərzində dayanmadan 9 saat oxumuşam. Reyissor müəyyən şeyləri bilməsə, ona çətin olar. Ancaq buna baxmayaraq, praktika çox vacibdir. Dayanmadan çəkmək lazımdır. Film çəkə-çəkə müəyyən səhvlər etməlisən. Baş daşa dəyə-dəyə professional reyissor olursan. Ancaq 15-20 ildən sonra hər hansı filmi çəkərkən etdiyin səhvlər isə səni yandıracaq. Birinci kursdan çəkməyə başlamaq lazımdır. Yaxşı olar ki, gənclər bizim güclü reyissorların yanında öyrənsinlər. Mən üç il kinostudiyada assistent işləmişəm. Orda öyrəndiklərimdən indi bəhrələnirəm.

- Dediniz ki, birinci kursdan çəkməyə başlamısınız, bu imkan sizə necə yaradılmışdı? Amma bu gün reyissor olmağa hazırlaşan gənclər şərait yoxluğundan şikayətlənirlər.

- Eldar Quliyev bizə çox gözəl şərait yaratmışdı. Demək olar ki, birinci kursdan sonuncu kursa qədər hamı çəkirdi. Eldar Quliyev mənə rəngli plyonkada və hətta səslə çəkmək üçün şərait yaratmışdı. Özümü həmişə o insana borclu sayıram. Biz həmçinin montaya gedirdik. Reyissor həm çəkməli, həm də daima montayda olmalı və plyonkanı hiss etməlidir. O, bu prosesin içində bişməlidir. Mən özümü kinodan başqa heç nəyə xərcləmədim. Həm oxuyur, həm assistent işləyir, həm də məqsədimi bildiyimdən xırda-xırda filimlər çəkməyə başlayırdım.

- Bu gün çox reyissorlar film çəkə bilməmələrini maliyyə ilə bağlayırlar. Ancaq təcrübələr göstərir ki, az pulla da film çəkmək olur. Məsələn, "Yeni dalğa"nın baş prodüseri Rasim Həsənov dedi ki, "Qrinviç meredianı" filminin çəkilişinə ayrılan pul filmin xərclərini ödəmədi. Eləcə də bu problem "Keçid"in çəkilişlərində yaşanıb. Bəlkə elə kinomuzun problemi heç maliyyə ilə bağlı deyil, nəinki bir o qədər ssenarist, prodüser və ya reyissor problemi ilə əlaqədardır.

- Ümumiyyətlə, bu gün bütün dünyada ssenarist problemi yaşanır. Ona görə də mən ssenarilərimi özüm yazmağa çalışıram. Hazırda Azərbaycanda ən mühüm problemlərdən biri prodüser problemidir. Həm məktəb yoxdur, həm də kinonu başa düşən prodüser çox azdır. Maliyyəyə gəlincə, az pulla da film çəkmək olur.

- İşinizə bağlılığınızdan çox həvəslə danışırsınız. Hətta yaşlı reyissorların şikayətləndiyi problemlər də gözünüzə görünmür. Necə bilirsiniz, bəlkə bu mərhələ sizin həyatınızda populyarlaşmaq üçün keçid dövrü və ya gənclik eneryisi ilə bağlıdır? Bəlkə siz də müəyyən zaman keçəndən sonra köhnə reyissorlar kimi 3-5 ildən bir sizə həvalə olunacaq bir filmlə qane olacaqsınız?

- Ola bilməz... Mən bu işlə yaşayıram. Hələ 8-ci sinifdə oxuyanda demişdim ki, ya aktyor, ya da reyissor olacağam. Uşaq olanda bir gün televizorda kino çəkilişlərindən kadrlar göstərilirdi. Mən elə bil sehrli bir aləmə düşmüşdüm. Sonradan kinostudiyada ilk dəfə assistent kimi işləyən zaman çəkiliş meydanına düşəndə, sanki ikinci dəfə o anları yaşadım. Burda nə məşhurluq hissi, nə də başqa meyar var. Sadəcə olaraq, daima o sehrli aləmdə yaşamaq istəyirəm.

 

Kaspi.-2007.-14-16 iyul.-S.22-23.