Məhərrəmova T.

 

Milli kino kim üçün çəkməli

Və yaxud uzun incə bir yolun başlanğıcı

 

Prezident İlham Əliyev fevralın 23-də "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" sərəncam imzalayıb. Sənəddə milli kino ənənələrinin qorunması və Azərbaycan kinosunun dünya kinematoqrafiyasının tərkib hissəsi olaraq yeni şəraitdə fəaliyyət göstərə bilməsi üçün bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə zərurətin yaranması qeyd olunub. Ümumən kino sənətimizin hərtərəfli inkişafından bəhs edən sərəncamın bəndlərindən biri də Dövlət Film Fondunun yeni binasının inşası, XX əsr Azərbaycan kinosunun tarixini əks etdirən kinolentlərin lazımi şəraitdə mühafizəsini təşkil etməklə bağlıdır. Kino ictimaiyyəti prezidentin sərəncamına çox ümidlə baxır. Biz isə avqustun 2-də qeyd olunacaq ənənəvi Kino Günü münasibətilə milli kinomuzun keçmişinə və gələcəyinə elə kino işçilərinin gözü ilə baxmaq istədik.

 

Kadr problemi

 

Bəzi kino xadimləri milli kinomuzun inkişaf etməsi üçün hər şeydən əvvəl kadr probleminin həll olunması tərəfdarıdırlar. Deyəsən, artıq milli kinomuzun kadr problemlərinə çarə tapılır. Bakıda kino təhsili, yəni milli kinomuz üçün kadrlar yetişdirilməsi həmişə ağrılı məqam olub. Nə üçün ağrılı məqam, deyəcəksiniz? Tək ona görə yox ki, bu sahədə ləngliyimiz, geriliyimiz var, həm də ona görə ki, ümumən təhsil məsələsi ağrılı yerimizdir və söhbət gələcək kadrların hazırlıq səviyyəsindən gedirsə, indidən bütün qüvvələri toplayıb tam güclə işə başlamaq gərəkdir.

Qeyd edək ki, Azərbaycan kinosunun kadr potensialı kimi bir məsələ uzun illər Moskvanın ali təhsil ocaqlarında həll olunub. Təbii ki, kinomuzun nailiyyətləri də, qüsurları da ilk növbədə Moskva məktəbinin ayağına yazılmalıdır. Mədəniyyət və İncəsənət Universiteti də öz növbəsində milli kino kadrlarının hazırlanması ilə məşğuldur. Kino ictimaiyyətinin bəzi nümayəndələri isə təkcə bu fakültəylə yüksək nailiyyətlər əldə etməyin mümkün olmadığını deyirlər. Əsas arqument kimi universitetin zəruri maddi-texniki bazasının olmaması faktı göstərilir. Yəni təkcə kitab oxumaqla, dərs öyrənməklə bu işin peşəkarı olmaq ağlasığan iş deyil, burada praktiki iş görülməlidir. Ancaq təhsil obyektlərimiz bir yana, heç studiyalarımızda da qabaqcıl texniki vəsaitin mövcudluğundan söhbət gedə bilməz. Çünki bütün bunlar yetərincə maddi vəsait tələb edir.

Bəs nə etməli? Kino ictimaiyyətini düşündürən bu sual mədəniyyət və təhsil məsələlərinə müəyyən dərəcədə aidiyyəti olan hər kəsi narahat etməlidir. Deyəsən, mütəxəssislər Bakıda Beynəlxalq Kino Məktəbinin (BKM) yaradılması ilə sualın cavabını tapıblar. BKM-nin ən böyük uğuru heç şübhəsiz, tez bir zamanda milli kinomuz üçün kadrların hazırlanması olacaq. Tanınmış kinoreyissor Rüstəm İbrahimbəyovun təşəbbüsü ilə yaradılan Beynəlxaq Kino Məktəbində əsas kadr çatışmazlığı hiss olunan ixtisaslar - kinodramaturq, reyissor, prodüser, kinoşünas ixtisasları üzrə 29 tələbə təhsil alacaq.

 

Filmləri kim çəksin?

 

Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin müdiri Cəmil Fərəcovun məlumatına görə, bu il dövlət sifarişi ilə 4 bədii film, 1 animasiya filmi çəkilib. Belə ki, "Cavad xan" filmi Rövşən Almuradlıya, "Qala" Şamil Nəcəfzadəyə, "Günaydın, mələyim" Oqtay Mirqasımova həvalə olunub. Dövlət sifarişi ilə çəkilən daha bir film isə artıq təqdimatı keçirilən və festivala göndərilməsi planlaşdırılan Mehriban Ələkbərzadənin çəkdiyi "Məhkumlar"dır. "Kuklalar" animasiya filmini isə Çingiz Rəsulzadə çəkir.

Əvvəllər bütün filmlərin çəkilməsi "Azərbaycanfilm" kinostudiyasına həvalə olunurdu və bu sahədə sanki inhisarlaşma yaranmışdı. İndi isə dövlət kinematoqrafiyaya yönəlik siyasətində korrektələr edərək, öz vəsaitini özəl prodüser mərkəzlərinə etibar edir. Məsələn, "Cavid ömrü", "Qarabağnamə", "Cavad xan" filmlərinin çəkilişi özəl prodüser mərkəzlərinə həvalə olunub. Ötən il Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi "Yeni əsr, yeni gənclər, yeni baxış" müsabiqəsinin qalibləri də özəl prodüser mərkəzlərinin təmsilçiləridir. Həmin müsabiqənin qaliblərinin çəkdikləri filmlər artıq başa çatmaq üzrədir.

 

Kəmiyyət, yoxsa keyfiyyət?

 

Kino tarixçisi Aydın Kazımzadənin fikrincə, milli kinomuzun gələcəyindən danışanda istər-istəməz çevrilib arxaya baxmaq lazımdır:

- 15 il bundan əvvəl özündən bədgümanlar Azərbaycan kinosunun məhv olduğunu, tənəzzülə uğradığını söyləyirdilər. Mən Azərbaycan kinosunun vəziyyətini dənizə bənzədərdim. Dənizdə baş verən bütün təbii proseslər kinomuzda da var. Azərbaycan kinosunun tarixi də bunu sübut elədi. Hazırda Azərbaycan kinosu inkişaf yolundadır. Kinomuzun səsi Amerikadan, Avropa ölkələrindən, Rusiyadan gəlir. Kinomuz yeni dirçəliş dövrünü yaşayır. Təxminən 90-cı illərdə heç olmasa bir film çəkmək üçün sponsor axtarırdıq. İndi isə dövlətin himayəsi kinonun üzərindədir. İlham Əliyevin kinomuzla bağlı sərəncamı çox vaxtında verilib. Bu sənəd kinomuzun bütün sahələrini kompleks şəkildə əhatə edir. Kinomuzda yaranan boşluğu gənclər dolduracaq. Əbülfəs Qarayev boşluğun aradan qaldırılması üçün islahatlar keçirdi. Məsələn, müsabiqələr keçirilir, ssenarilər yazılır, gənclərə yeni filmlərin çəkilişi həvalə olunur. Estafet yavaş-yavaş gənclərə keçir. Bir sözlə, nəsillərin bir-birini əvəzləməsi prosesi gedir.

Kinematoqrafiya İttifaqının katibi Abbas Əliyev milli kinomuzun şanlı yol keçdiyi və bu gün də uğurlara imza atdığı fikrindədir:

- Kino bir incəsənət növü kimi dünyada yarandığı vaxtdan Azərbaycana gəlib. Yerli kinomuz şanlı bir yol keçib. Ölkəmiz müstəqillik qazanandan sonra kinomuz müəyyən obyektiv səbəblərdən geriləyib. Kinomuzun inkişafı ilə bağlı prezident sərəncamı əsasında aparılacaq işlər yaxın gələcəkdə milli kinomuzun parlamasına imkan yaradacaq. Bu gün inamla "Milli kinomuz ölmədi" - deyə bilərik. Yaxın zamanlarda büdcənin və intellektual potensialın gücü ilə bu vacib sahəni dünya səviyyəsinə qaldıra bilərik.

"Dərviş" prodüser mərkəzinin rəhbəri Əlisa Cabbarov hazırda Azərbaycanda kinoya kifayət qədər vəsait ayrıldığını müsbət hal kimi qiymətləndirsə də, cəmi 4 filmlə dünyada brend olmağın mümkünsüzlüyünü də bildirir:

- Kinoya ayrılan vəsaitin həcmi ilbəil çoxalır. Kinonun inkişafı üçün birgə istehsalat da lazımdır. Birgə istehsalatın üstünlüyü ondadır ki, bu variant filmlər üçün sonradan xaricə satılmağa, yayılmağa imkan yaradır. Məsələn, Fransa ilə birgə istehsal olanda artıq Fransa bazarı maraqlanır. Ona görə də birgə istehsalata maraq təkcə maliyyə dəstəyi ilə bağlı deyil. Bu, filmin gələcək taleyi nöqteyi-nəzərindən də əhəmiyyətlidir. Maliyyə məsələsi həll olunduğu halda da xarici ölkəni cəlb etmək məsləhətdir. Hətta xarici ölkə qoy heç maliyyə vəsaitini yox, sadəcə, öz leyblını versin. Hələ Azərbaycan kinoda brend deyil. Filmin təkcə Azərbaycanda istehsal olması reklamdan çox antireklam xarakteri daşıya bilər. Ola bilər ki, festivalın seçim mərhələsində həmin kinoya heç baxmasınlar. Ancaq Azərbaycan-Fransa, Azərbaycan-İran, Azərbaycan-İtaliya, Azərbaycan-Almaniya və s. ölkələrlə müştərək istehsalı görsələr, maraqlanarlar. Təbii ki, istənilən istehsalın birinci şərti kəmiyyətdir. Bizdə çəkiləcək dörd film 14 film olmayınca brend olmayacaq. Mən özüm də əvvəllər inanırdım ki, bəlkə kəmiyyət olmasa da, keyfiyyətlə hər şeyi həll etmək olar. Amma fakt göstərir ki, filmlərin sayı çox olmayınca, keyfiyyət olmayacaq. Ola bilər ki, hər hansı bir film "Oskar" və ya "Kann" festivalında birinci mükafat alsın. Bu, yalnız möcüzə nəticəsində baş verə bilər. Yalnız onda demək olar ki, bir güllə bahar olar.

Bizdə sponsorlarların kinoya yardımına gəlincə, bu ənənə formalaşmayıb. İş adamları nəyisə maliyyələşdirməyə qorxurlar. Xaricdə incəsənətə maliyyə buraxanları ya vergidən azad edirlər, ya da vergini azaldırlar. Bizdə isə sponsorlar yaxalarını kənara çəkirlər.

 

Gənclər ürəklərini boşaltmaq istəyirlər

 

Gənc reyissor Yusif Quliyev köhnə nəsil reyissorların "Kinoya gəlmək istəyən gənc nəsil yoxdur" fikrinə münasibət bildirir:

- Bəlkə də bu fikir qısqanclıqdan irəli gəlir. Ortada kinoya can atan cavan nəsil, hər şeyə hazır olan bacarıqlı gənclər var. Mən bütün gəncliyimi kinoya xərcləyirəm. Nəyim vardısa kinomuzun inkişafı uğrunda qoymuşam. Mən kino ilə yaşayıram. Bu yolla fikirlərimi tamaşaçıya çatdırmaq, ürəyimi boşaltmaq istəyirəm. Onu da deyim ki, bu yolda tək deyiləm. Mənim kimi o qədər gənc reyissorlar var ki... 10 ilə yaxındır universiteti qurtarıblar, ancaq heç nə çəkə bilmirlər. Çünki imkan yoxdur. Şükür Allaha ki, Mədəniyyət və Turizm Nazirliyi gənc reyissorların film çəkməsi üçün müsabiqə elan edərək bu aksiyanı başladı. Ümumiyyətlə, gənclər özlərini çox yaxşı göstərirlər. Xarici festivallara gedirlər. Onlara düzgün istiqamət vermək, həvəsləndirmək lazımdır. Onlar heç olmasa hansı formatda olursa-olsun, 3-5 dəqiqəlik də olsa, film çəkməlidirlər ki, sonra bəhrəsini görsünlər. Hazırda kinomuzun bu mərhələsini keçid adlandırardım.

Kinomuzun digər problemi isə bütün dünyada yaşanan ssenarist problemidir. Həmçinin hazırda Azərbaycanda ən mühüm problemlərdən biri prodüserlərin olmaması ilə bağlıdır. Həm məktəb yoxdur, həm də kinonu başa düşən prodüser çox azdır. Maliyyəyə gəlincə, az pulla da film çəkmək olur.

 

Tanınmış reyissor Eldar Quliyev də kinonun inkişafı ilə bağlı prezident sərəncamının çox vacib sənəd olduğunu bildirir:

- Mədəniyyət və Turizm Nazirliyinin kinostudiyanın problemləri ilə bağlı yaratdığı komitədə biz öz təkliflərimizi prezidentə ünvanladıq. Bildiyiniz kimi, fevralın 23-də prezident kinomuzun inkişafı ilə bağlı sərəncam verdi. Bu onu göstərir ki, dövlət başçısı kinomuza qayğı göstərir. İncəsənət xalqın səfiri, onu dünyaya tanıtdıran simasıdır. Vaxtilə Heydər Əliyev də kinoya böyük diqqət göstərib. 40 il bundan əvvəl Heydər Əliyev kinostudiyanın yeni avadanlıqla təchiz olunması üçün büdcədən pul ayırmışdı. O vaxt bizim kinostudiyada olan avadanlıq çox böyük ölkələrin kinostudiyalarında yox idi. Biz indi də həmin avadanlıqla işləyirik. Ümumiyyətlə, Şərqdə belə bir kinostudiya yox idi, indi də yoxdur. Bizim çox gözəl pavilyonumuz var idi ki, orada böyük dekorasiyalar hazırlayırdıq. Əgər biz kinostudiyanı inkişaf etdirsək, çox ölkələrdən bura film çəkməyə gələcəklər.

Azərbaycan kinosunun gələcəyinə inamla baxmaq olar. İstedadlı gənclərimiz var. Mən müəllim kimi onların gələcəyinə inanıram. Biz indidən onları öyrətməliyik. Prezidentin sərəncamı da bu imkanı yaradır. Əsas odur ki, 90-cı illərin əvvəllərindən kinomuza itən inam yenidən yaranıb. Bizim sənətimiz lazımdır. Biz bu xalqa lazımıq. Məni də yaşadan bu inamdır.

 

12 ildir ki, kino çəkməyə fasilə verməyə məcbur edilən Ənvər Əblucun fikrincə, hazırda çəkilən filmlər sovet dövründə çəkilən filmlərin səviyyəsinə çatmayıb:

- Həmin səviyyəyə çatmaq üçün vaxt lazımdır. Vaxtilə geridə qalan Çin və İran filmləri "Kann" festivalında mükafatlar qazandı. İranlı reyissorlar filmlərində öz dillərində danışırlar, müxtəlif ifadə vasitələri axtarırlar. İndi bizdə senzura yoxdur, amma boşluq yaranıb. Kino incisi olan bir film çəkilmir. Mənim aləmimdə İran filmləri rus və Avropa filmlərinə oxşamamağa çalışırlar. Ancaq bizim filmlərimiz isə hələ də senzuradan kənara çıxa bilmir. Biz yalnız öz mentalitetimizi göstərməklə uğur qazana bilərik. Kinoda azərbaycanlı xarakteri yaranmalı, xalq ruhu hiss olunmalıdır. Filmlərimizi əvvəlcə öz tamaşaçılarımız sevməlidir. Bu, ondan sonra xaricdə də yaxşı qarşılanacaq.

 

Reyissor Yavər Rzayevin fikrincə, hazırda kinonun durumunda tərpəniş hiss olunur:

- Azərbaycanın Kino Gününü bayram etməyə haqqı var. Çünki hər şeydən əvvəl tariximiz, kinolarımız var. Kinoya pul ayrılır, ssenarilər seçilir, prodüser mərkəzlərində yüksək səviyyəli prodüserlər çalışır. Düzdür, müəyyyən adamlara maneələr də var. Ancaq istedadlı adam çətinliklə də olsa maneəni dəf edərək, istədiyinə nail olmağı bacarır.

 

Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev də bu gün Azərbaycan kinosunun inkişaf mərhələsində olduğu fikrindədir:

- Buna sübut kimi prezidentin müvafiq sərəncamını qeyd etmək lazımdır. Həmin sənəddə kinematoqrafın bütün sahələri əhatə olunub. Gənclər kinoya cəlb olunur, yeni layihələr hazırlanır, ssenarilər işlənir. Dövlət Film Fonduna qayğı, filmlərin reysterinin yaranması, "Azərbaycanfilm"in təmiri, yeni avadanlıqların alınması və s. buna sübutdur. Azərbaycan kinosu gəncləri kinematoqrafa dəvət edib. Əlbəttə, birdən-birə nailiyyətlərdən danışmaq düzgün deyil. Bildiyiniz kimi, kinomuz uzun illər tənəzzül dövrü yaşayıb. Ümid yalnız gənclərədir. Yaşlı nəsil artıq kinoda öz sözünü deyib. Mənim fikrimcə, bu gün çəkilən filmlərin "Azərbaycanfilm"lə yanaşı, prodüser mərkəzlərinə həvalə olunması da düzgün addımdır. Bu, hər şeydən əvvəl rəqabət yaradacaq. Prodüser mərkəzləri reyissorlar üçün tam şərait yaratmağa qadirdir. Köhnə düşüncəli adamlar isə bunu qəbul etmək istəmirlər. Bütün prodüser mərkəzləri filmlərin səviyyəli olmasına və satılmasına çalışacaqlar. Bu, öz bəhrəsini mütləq verəcək. Öz daxili bazarımızı yaratmasaq, kinomuzu inkişaf etdirə bilmərik.

 

Sonda ölən ümidlər

 

Aktrisa Rəna Səlimova isə bu gün Azərbaycanda kino çəkilmədiyi fikrindədir:

- 1965-ci ildə kinostudiyaya gələndə məni görkəmli reyissor Həsən Seyidbəyli sınaq çəkilişsiz "Cazibə qüvvəsi" filminə çəkdi. Moskvada olduğum müddətdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (ÜİDK) tələbələrinin bir neçə diplom işində müxtəlif rollara çəkilmişəm. Onları da əlavə etsəm, 50-dən çox filmə çəkilmişəm. Zahiri görkəmim və aktrisalıq qabiliyyətimə görə mənə kinomuzun Anna Manyanisi deyirdilər. "Sən niyə susursan?", "Cazibə qüvvəsi", "Nəsimi" filmlərinə çəkildiyim vaxtdan çox illər keçib. Bu gün isə heç bir filmə çəkilmirəm. Ona görə yox ki, həvəsim yoxdur və ya səhhətim imkan vermir. Sadəcə, məni dəvət edən yoxdur. Kinoittifaqın üzvü olmağıma baxmayaraq, yəni onların gözlərinin qabağında ola-ola məni unudublar. Həimçinin indi o vaxtkı kimi filmlər çəkilmir. Həsən Seyidbəyli səviyyəsində film çəkmək lazımdır ki, biz orada çəkilə bilək.

 

Aktrisa Elmira Şabanova son iki ildə dövlətin kinomuzun inkişafı üçün çox işlər gördüyünü bildirir:

- Xüsusən cavanların film çəkməsinə imkan yaradılır. Ancaq çəkilişi elə cavanlara vermək lazımdır ki, onların çəkdikləri filmlər festivallara getsin, ölkəmizi beynəlxalq alımdə tanıtsın. Elə gənclər var ki, onlara verilən ssenarini korlayırlar. Hazırda bizim gənclərin özünü sınama mərhələsidir. Bu, çox gözəldir. Ancaq yaxşı olar ki, Moskvada kino məktəbini bitirən orta nəsil reyissorlar üçün də şərait yaradılsın. Onlar gözəl film çəkməyə qadir reyissorlardır.

 

Aktrisa Xalidə Quliyevanın fikrincə, kinomuz hazırda start vəziyyətindədir:

- Kinomuz müəyyən hadisələrlə bağlı tənəzzülə uğradı və kinostudiyanın fəaliyyəti dayandı. Bu proses ona görə baş verdi ki, hər şey yenidən qurulsun. Təbii ki, hər şey maliyyədən asılıdır. Dövlət də iki ildir ki, kinonu öz himayəsinə götürüb. Əsas problem sovet dövründəki kimi çəkməkdir. İndi çəkilənlər həmin səviyyəyə qalxa biləcəkmi? Bunun üçün texniki baza yaranmalı, kadrlar yetişməli, kinostudiya bərpa olunmalıdır.

Mənim kinoda 18 illik təcrübəm var. Kinomuzun tənəzzülə uğradığı illərdə mənim kimi aktrisaların çoxu üçün çəkilməyə imkan olmadı. Bu, ümumi problemdir. Ümid sonda öldüyü üçün gözləyirəm. Vaxtilə çəkildiyim filmlər illərimi boş keçirməyə qoymadı. Hazırda isə televiziyaların müxtəlif çəkilişlərində, dublyayda iştirak edirəm. Ən böyük arzum kinoda yenidən görünməkdir. Kino olanda mən də olacağam.

 

Kaspi.-2007.-28 iyul.-S.4.