Vüsal
"Mozalan"ın
183-cü nömrəsinin çəkilişləri davam edir
Studiyadan
aldığımız məlumata görə
süjetlərdən biri animasyon film olacaq
"Mozalan"
studiyasının bu yaxınlarda təyin olunmuş yeni
direktoru Orxan Fikrətoğlu televiziya və qəzetlərə
verdiyi müsahibələrində studiyanın işində
yeniliklər olacağını, bu studiyada gənclər
üçün kurslar keçiriləcəyini və onlarla
işləyəcəyini vurğulamışdı. Artıq
yeni rəhbərliyin gəlişindən sonra studiyada
183-cü nömrə istehsalata buraxılaraq iki süjet -
"Məna" və "Vətənpərvər"
çəkilibdir. Üçüncü isə "Milli
əjdaha" animasiyon film olacaq. Qeyd edək ki, filmlərin
ssenarilərinin mövzusu xalq əfsanə və
nağıllarından götürülüb. Ümumiyyətlə, bundan sonra "Mozalan"ın hər nömrəsində bir
film animasion olacaq. Bütün bunlara
dolğun cavab almaq üçün
"Mozalan" studiyasına
baş çəkdik.
Studiyanın yeni təyin
olunmuş inzibati şöbəsinin müdiri,
tanınmış aktyor
Şamil Süleymanovla
görüşdük.
"Mozalan" studiyasındakı son prosesləri
Şamil müəllim
belə izah etdi: "Planlarımıza
dəstək olan var. Bilirsiniz, bütün arzuları bəri başdan iş kimi xarakterizə etmək düzgün
deyil. Amma danışıqlar
gedir və planlar var. Mədəniyyət
və Turizm Nazirliyində müsbət
qarşılanıb bu
planlar. Hazırda isə yeni rəhbərlik təyin olunduqdan sonra ilk nömrə istehsalata buraxılıb. Bu ümumilikdə "Mozalan"ın
183-cü nömrəsidir. "Məna" adlanan
süjetin rejissoru Nicat Feyzullayev, "Vətənpərvər" adlanan
süjetin rejissoru isə Vaqif Azəryardır. Onu da deyim ki,
nömrənin üçüncü
süjetinin animasion olmasını istəyirik
və bu təklifimizi bəyəniblər.
Animasiyanın adı "Milli
əjdaha"dır. Film artıq istehsalata buraxılmaq
üzrədir".
Şamil müəllimdən gənclərlə
bağlı planlar barədə də soruşduq. İnzibati şöbənin müdirinin
cavabı belə oldu: "Düzdür, biz
ilk işimizdə sırf
peşəkarlardan istifadə
etmişik. Rejissorlar, ssenaristlər və
aktyorlar hamısı peşəkarlardır. İlk olaraq
işimiz səviyyəli
olsun deyə bu addımı atdıq. Həm də “Mozalan”ın
necə deyərlər
adı ağırdır.
Birinci nömrədən tamaşaçılara
köhnə “Mozalan”ı
xatırlatmaq üçün
gənclərin eksperimenti
ilə buna nail olmaq mümkün deyildi. Məncə, bizim yerimizdə kim olsaydı
bu addımı atardı. Amma bu o demək
deyil ki, gənclərlə işləmək
istəmirik. Onların hər
cəhətdən "Mozalan"
təcrübəsi olması
üçün biz studiyanın
tərkibində kurslar
təşkil edəcəyik.
Vaxtilə "Mozalan"da işləmiş tanınmış
rejissor-ssenaristləri dəvət
edib gənclərlə
görüşdürmək fikrindəyik. "Mozalan"çı gənclər
yetişdirib onlarla da işləyəcəyik".
Süjetlərin mövzuları ilə də maraqlandıq. Həm də il
ərzində studiyanın
neçə nömrə
istehsalata buraxacağı
da diqqət çəkən məsələlərdəndir.
Çünki çoxlu
iş nəticəsində
yeniliklər peyda ola bilir.
Bütün bunlar barədə Şamil müəllimin dediklərindən:
"Mövzular komik olsa da məna
etibarilə ağırdır.
Çalışmışıq ki, "Mozalan"ın
köhnə ab-havasını
qaytaraq. Amma yeni üslubda... Tamaşaçılar tanınmış el lətifələrini də
Mozalan yozumunda görə biləcəklər.
"Mozalan"ın köhnə şöhrətini
yeni üslubda bərpa edəcəyik.
İstehsalatdan da çox şey asılıdır.
İlkin
olaraq ikidən çox nömrə istehsal etmək fikrindəyik. Yoxsa ildə bir nömrə
ilə heç bir iş görmək
mümkün deyil".
Son zamanlar
telekanallar (əsasən
Az TV və ANS) "Mozalan" studiyasının
süjetlərini yayımlamaqda
fəallıq göstərir. Hamı təşəbbüsün
"Mozalan" studiyasının
yeni rəhbərliyi tərəfindən göstərildiyini
vurğulayır. Şamil
müəllim bu barədə belə dedi: "Az TV həftə içi altı gün, ANS həftədə bir dəfə “Mozalan”ın süjetlərini
yayımlayır. Bunun
özü də təbliğatın bir formasıdır. Necə deyərlər, nəhayət,
ki göstərilməyə
başlandı. Kimin təşəbbüsü olmasına
baxmayaraq "Mozalan"ın telekanallarda verilməsi yaxşı addımdır. Amma təkcə süjetlərin
yayımlanması yox,
“Mozalan”ın ayrıca təqdimata da ehtiyacı var".
Kino+.- 2007.- 13 iyul.- S. 7.