Məhərrəmova T.

 

Problemlərimi səhnədə unuduram

 

Yaqut Xandadaşova, aktrisa: "Biz doğrudan da işimizin dəlisiyik"

 

Dərbənd Dövlət Azərbaycan Dram Teatrının Bakıya ilk qastrolu nəhayət ki, ötən həftə gerçəkləşdi. Teatrın kollektivi Musiqili Komediya Teatrının səhnəsində Tamara Vəliyevanın "Bankir adaxlı" komediyasını iki gün dalbadal oynadı.

Kollektivin üzvləri eyni tamaşa ilə çıxış elədikləri Quba, Xaçmaz və Qusar rayonlarında anşlaqla qarşılandıqlarını bildirirlər. Ümumiyyətlə, yaradıcı heyətin bütün üzvləri Azərbaycana ilk qastrollarının əsil bayram-əhvl ruhiyyəsi ilə yadda qaldığını və Azərbaycan tamaşaçısından təkrar-təkrar görüşmək ümidi ilə ayrıldıqlarını bildirirlər.

Dağıstanın Əməkdar artisti Yaqut Xandadaşova tamaşadan sonra təəssüratlarını bizimlə bölüşdü:

 

- İlk qastrolumuz uğurla keçdi. Azərbaycanın rayonlarında və Bakıda çox mehribanlıqla qarşılandıq. Xüsusən gənclər üçün bu səfər yaddaqalan oldu. Azərbaycan teatrlarının səhnəsinə çıxanda özümüzü sanki doğma teatrımızda hiss edirdik. İnşallah, azərbaycanlı teatrsevərlərin görüşünə yeni tamaşalarla gələcəyik.

- Dərbənd Teatrında çoxdanmı işləyirsiniz?

- Elə bir ailədə böyümüşəm ki, gözümü açıb musiqi səsi eşitmişəm. Uşaq vaxtımdan da səhnədə olmuşam. Dərbənd Dövlət Azərbaycan Dram Teatrı yarandığı gündən onun səhnəsindəyəm. Ötən əsrin 40-cı illərində Dağıstan Dövlət Dram Teatrı bağlanandan sonra bu teatr gah dərnək, gah da xalq teatrı şəklində fəaliyyət göstərib. 1967-ci ildən 1998-ci ilə kimi teatr Xalq teatrı adı ilə fəaliyyət göstərib. Həmin teatrın reyissoru mərhum atalığım, Dağıstanın Əməkdar artisti Mənsum Haşımoğlu idi. Bu teatrda həmişə gözəl tamaşalar qoyulub.

Xalq teatrının səhnəsində atamın quruluşunda ilk rolum "Afət" faciəsində Afət olub. Onda 18 yaşım var idi. Daha sonra "Pəri Cadu" və "Solğun çiçəklər"də Pəri, Üzeyir Hacıbəyovun "Ər və arvad" operettasında Yetər və Minnət xanım rollarını oynadım. 1999-cu ildə Dərbənd Dövlət Dram Teatrı yarandı. Əfsuslar olsun ki, o günü görmək Mənsum Haşımoğluana qismət olmadı. Dərbənd Dövlət Azərbaycan Dram Teatrının yenidən açılması onun ən böyük arzusu idi. O, bundan ötrü gecə-gündüz çalışırdı və demək olar ki, bütün qüvvəsini bu işə sərf eləmişdi.

Dərbənd Teatrı ilk premyerasını Xalq artisti Vaqif Əsədovun quruluş verdiyi Hidayətin "Məhəbbət yaşayır hələ" psixoloyi dramı ilə elədi. Tamaşada baş rolu - Mehribanı mən oynayırdım. Vaqif müəllim öz quruluşunda Mehribanın həm cavanlıq, həm də qocalıq həyatını səhnəyə gətirmişdi. Mehribanın qocalığını anam - Dağıstanın Xalq artisti Düriyyə Rəhimova oynayırdı.

- Gərək ki, ananız vaxtilə Sumqayıt Teatrında da çalışıb.

- Ümumiyyətlə, ailəmizin Azərbaycanla həmişə əlaqəsi olub. Anamla atalığım vaxtilə Sumqayıt teatrında işləyiblər. Ona görə də onları Azərbaycanda çox gözəl tanıyırlar. İndiyə kimi də həmin teatrın aktyor və reyissorları ilə əlaqəmiz itməyib. Faiq Zöhrabov, Valeh Kərimov, Məhərrəm Bədirzadə, Rafiq Əsədovla yaxın münasibətlərimiz var. Azərbaycan radiosunun Qızıl Fondunda anamın çoxlu mahnıları saxlanır.

- Siz həmçinin reyissura ilə məşğulsunuz. Adətən o aktyorlar reyissuraya meyl göstərirlər ki, onlar bir aktyor kimi səhnədə sözlərini deyirlər. Sizdə bu həvəs nədən yarandı?

- Bu illər ərzində Dərbənd Teatrında nə qədər tamaşa qoyulubsa, hamısında baş rollarda oynamışam. Obrazlarımın hamısı müxtəlif xarakterlidir. Əgər mən faciədə oynamışamsa, komediyada da, daramada da rol almışam. Özümə fəxr sayıram ki, 45 yaşımda uşaqlar üçün "Pişik evi" tamaşasında Keçi xanım rolunda səhnəyə çıxmışam. Tərəf-müqabilim isə 18 yaşlı cavan aktyor idi. Dağıstanın Mədəniyyət Nazirliyinin keçirdiyi "Teatrlar uşaqlar üçün" festivalında həmin tamaşaya görə pul mükafatına layiq görüldüm. Bundan başqa bir neçə festivalda da mükafatlar qazanmışam. 2001-2002-ci illər mövsümündə isə fəxri ada layiq görülmüşəm. Həmçinin 2001-ci ildən 2004-cü ilə kimi teatrın quruluşçu reyissoru işləmişəm. Ə.Haqverdiyevin "Pəri Cadu", "Yeyərsən qaz ətini, görərsən ləzzətini", Fikrət Əmirovun "Gözün aydın" və başqa əsərləri səhnələşdirmişəm. Azərbaycan klassiklərinin əsərlərindən ibarət bir musiqili-kompozisiya da qurmuşdum. Həmin əsəri Dağıstan teatrlarının Poetik festivalına hazırlamışdıq.

Reyissorluğa meyilimə gəlincə, bu, məhəbbətdən yarandı. Çünki həmin əsəri səhnələşdirərkən canımı qoymuşdum. Məşq prosesindəki mühit çox xoşuma gəlirdi. Özümü yeni ampluada görür və ruhlanırdım. Tamaşadan sonra Bəstəkarlar İttifaqını sədri "Neçə ildir ki, belə musiqi eşitməmişdik. Elə bil ki, nağıllar aləminə düşmüşdük" deyə heyrətlə bildirdi. İndi də anamın "Xatirələr" mahnısına klip çəkdirmək istəyirəm. Anamın çox maraqlı həyatı olub. İnşallah, bu planımı da həyata keçirməliyəm.

- Sizə hansı daha xoş gəlir: tamaşaçı qarşısına aktrisa, yoxsa reyissor kimi çıxmaq?

- Reyissor kimi işləmək həddən artıq xoşuma gəlir. Aktyorlarla işləyəndə özümü çox rahat hiss edir, onlarla işləməkdən zövq alıram. Elə bilirəm ki, səhnəyə aktrisa kimi çıxan zaman edə bilmədiyim mizanları, hərəkətləri onların vasitəsi ilə həyata keçirirəm.

- Bəs aktyorlarla rəftarınız necədir? Özünüzü məşq prosesində hökmran hiss etmirsiniz ki?

- Xasiyyətim çox həlimdir. Ancaq istədiyim nəticəni onlardan ala bilməyəndə məndə hökmranlıq yaranır. İstədiyimə nail olanda, inanın ki, tamaşadan sonra uçmağa qanadım olmur. Yaradıcı iş çox xoşuma gəlir. Dərbənd Rus Dram Teatrının baş reyissoru, Rusiyanın Əməkdar incəsənət xadimi Turqara bizdə tamaşa hazırlayan zaman iş metodu mənə çox maraqlı gəldi. Aktyorlar onun istədiyini edə bilməyəndə, özü səhnəyə çıxıb necə etmək lazım olduğunu onlara başa salırdı. Mən ondan "Bəs özünüz niyə oynamırsınız?" - deyə soruşanda "bir aktyor kimi səhnəyə çıxmaqdan həmişə qorxmuşam" - deyə cavab verdi. Təsəvvür edin, elə gözəl əsərlərə quruluş verən bir reyissor səhnədən qorxduğunu söyləyirdi. Məndə isə belə bir qorxu yoxdur. Ancaq özümü kənardan bir aktrisa kimi görmürəm. Reyissorluq isə əkdiyin bir ağacın bəhərini görmək kimi sənə xoş gəlir. Onda öz işin haqqında fikir də yürüdə bilirsən.

- Yəqin ki, içinizdə səhnələşdirmək istədiyiniz əsərlərin də arzusu var.

- 2004-cü ildən bəri hələlik yalnız aktrisa kimi çalışıram. Qismət olsa, bir-iki planım var. Hələlik onları açıqlamaq istəmirəm. Belə bir söz var: "Əgər arzun varsa, ürəyində saxla, yerinə yetəndən sonra deyərsən ki, mən bunu arzulayırdım".

- Söhbətimizin əvvəlində 18 yaşından səhnədə olduğunuzu dediniz. Bu illər ərzində özünüz üçün nə kəşf eləmisiniz: səhnə sizin üçün nə deməkdir?

- Əgər insan 18 yaşından səhnədədirsə, hətta, istəməsə belə ora bağlanır. O ki qaldı mənə, əgər uşaqlıqdan bu mühitdə böyümüşəmsə, demək səhnə mənim üçün hər şeydir. Hər kollektivdə müəyyən narazılıqlar olur. Ancaq bunların hamısı ani olaraq keçib gedir. Başqalarını deyə bilmərəm, mən belə vəziyyətdə səhnəyə çıxıramsa, hər şey yadımdan çıxır. Səhnədə saatlarla işləyə bilərəm. Yorğunluğumu, kədərimi, problemlərimi səhnədə unuduram. Özüm reyissor ola-ola kənardan gəlib əsər səhnələşdirən bir reyissorun tamaşasında da oynamışam. Həmin reyissor məşq prosesində mənim üstümə qışqırsa da ondan incimirəm. Başa düşürəm ki, bütün bunlar iş prosesində baş verir. Çünki reyissor istədiyini mütləq aktyordan almalıdır.

- Bəzi aktyorlar "maaşımız çox azdır" deyib teatrdan uzaqlaşırlar. Bəziləri isə maaşın azlığına baxmayaraq ömürlərini səhnəyə həsr etməkdən çəkinmirlər. Sizin üçün necə, işin maddi, yoxsa mənəvi tərəfi daha əsasdır?

- Maddi çətinliklər olsa belə, yəqin ki, bu yaşda işimizdən əl çəkə bilmərik. Çətinlik, əzab-əziyyət, maddi sıxıntı olsa da, biz özümüzü bu sənətə qurban eləmişik. Yəqin ki, bundan sonra addımımızı dala qoya bilmərik. Bizim üçün yol yalnız irəliyədir. Hazırda teatrımızın binasında bərpa işləri gedir. Belə bir şəraitdə işləmək çox çətindir. Hərdən fikirləşirəm ki, belə çətin şəraitdə işləyəndə, kənardan baxanlar "yəqin bunlar dəlidir" deyə düşünürlər. Biz doğrudan da işimizin dəlisiyik. Ona görə də hər çətinliyə dözürük.

- Sənətlə bağlı çox arzularınıza çatmısınız: fəxri ad almısınız, istədiyiniz rolları oynamısınız, reyissor kimi bir neçə əsər səhnələşdirmisiniz. İndi nəyin arzusu ilə yaşayırsınız?

- Təbii ki, arzular tükənmir. Düz deyirsiniz, fəxri ad almışam, teatrdan mənə ev verilib, səkkiz əsər səhnələşdirmişəm. Elə bir əsər yoxdur ki, orada rol almayım. Təbii ki, yenə də planlarım var. Ən böyük arzum anamın mahnısına klip çəkməkdir. Allah möhlət versə, onlar da həyata keçəcək.

 

Kaspi.-2007.-4 iyul.-S.16.