Əsədov B.
"Beş yaşı təzəcə tamam
olmuş Azərbaycan Dövlət Səs Yazıları
Arxivində altı mindən artıq fonosənəd qorunur...
Budur, şöbə rəisi Yaqub Mədətov bir
dəstə qrammofon valı təqdim edir. Onları oxudub Cabbar
Qaryağdıoğlunun, Ələsgər və İslam
Abdullayevlərin, Məcid Behbudovun, Keçəçioğlu
Məhəmmədin, Mirzə Güllər xanımın
ifalarında el mahnılarına qulaq asırıq... Bu
fonosənədlər isə respublikamızın müasir
ədəbiyyat və incəsənət həyatını
əks etdirir. Bülbül, Yavər Kələntərli,
Fikrət Əmirov, Hökumə Qurbanova, Nəsibə Zeynalova
və Hacağa Abbasov... Səməd Vurğun, Mehdi Hüseyn,
Mirzə İbrahimov, Osman Sarıvəlli, Süleyman
Rüstəm, Məmməd Rahim və Bəxtiyar
Vahabzadə... Mikayıl Abdullayev və Səttar
Bəhlulzadə. Hamısı öz səsi, öz
nəfəsi ilə. Elə bil bizimlə üzbəüz
söhbət edirlər. Dinləməkdən doymur, hey qulaq
asmaq istəyirsən... Bu arxiv Azərbaycan
neftçilərinin, pambıqçılarının,
çaybecərənlərinin, mədəniyyət
xadimlərinin qəhrəman və coşğun əməyi
haqqında səsli dastandır".
Bu sətirlər 1973-cü ilin iyununda "Kommunist"
qəzetində dərc edilmiş "Səs fondu"
məqaləmdəndir.
Düz otuz dörd ildən sonra yenə Azərbaycan
Dövlət Səs Yazıları Arxivindəyəm. Yaqub
Mədətov indi əməkdar mədəniyyət
işçisi və arxivin direktorudur. Gələn il qırx
yaşı tamam olacaq arxiv ünvanını da dəyişib,
Bakının Azadlıq prospektində yerləşir. Burada
fonosənədlərin sayı ötən müddətdə
səkkiz dəfədən çox artaraq əlli minə
çatıb, habelə 700-dən yuxarı videosüjet
mühafizə edilir. Yaqub Mədətov bildirir:
- Arxiv sənədlərinin yaranma tarixi
1900-cü ildən bəri bir əsrlik dövrü
əhatə edir. Ölkəmizin bu zaman kəsiyində
ictimai-siyasi, ədəbi-mədəni həyatı təsbit
olunmuş fono və videoyazıların hamısını
"dinləmək" üçün aylarla, illərlə
vaxt lazımdır. Təkcə ulu öndər Heydər
Əliyevin həyatına və fəaliyyətinə dair fono
və videoyazıların səslənmə müddəti 700
saatdan artıqdır.
Bu danışan sənədlər qiymətli tarixi material,
əvəzsiz təbliğat vasitəsidir. Onlardan
radio və televiziya verilişlərində, kino
çəkilişlərində, müxtəlif
tədbirlərdə, sərgilərdə, xatirə və
yaradıcılıq gecələrində, elmi
əsərlər yazılmasında geniş istifadə edilir.
1902-1915-ci illərin fonosənədləri - 500-ə
qədər qrammofon valı milli musiqimizi yeni
mərhələyə qaldıran, dünyaya
tanıtdıran korifey xanəndələrimizə
məxsusdur. Xüsusi qayğı ilə qorunub
saxlanılan, arxivin qızıl fondunun əsasını
təşkil edən bu vallar İngiltərənin
"Qrammofon", Fransanın "Pete", Varşavanın
"Sport-Rekord", Kiyevin "Ekstrafon", Riqanın
"Qrammofon", habelə Tiflis və Bakı
şəhərlərində fəaliyyət
göstərən "Konsert-Rekord" və
"Qrammofon-Rekord" şirkətlərində
yüzlərlə nüsxədə buraxılıb. Həmin vallarda muğam ustalarımızın
ifasında muğam, təsnif və xalq mahnıları ilə
yanaşı sazəndə dəstələrinin ifasında
"Vağzalı", "Mirzəyi",
"Tərəkəmə", "Əsgərani",
"Uzundərə" və digər oyun havaları, Cabbar
Qaryağdıoğlunun, Keçəçioğlu
Məhəmmədin və Məşədi Məmməd
Fərzəliyevin xorla birlikdə oxuduqları
"Gülə-gülə", "Eşq
atəşi", "Vətən şərqisi",
"Mən bir türkəm", "Tello" və sair xalq
mahnıları yazılıb. Valların birində isə
"Vağzalı" və "Mirzəyi" rəqs
havaları Varşavanın "Sport-Rekord" Səsyazma
Şirkətinin avropalı əməkdaşlarının
ifasında səslənir. Bu, hələ o vaxt musiqimizin
Avropada böyük maraq doğurduğuna sübutdur.
Valların kitabça şəklində hazırlanmış
kataloqları indi istifadə üçün sanballı
məlumat mənbəyidir.
Arxiv əməkdaşlarının sorağına
düşərək tapıb üzə
çıxardıqları bir valda Mirzə Güllərin
ifasında "Mirzə Hüseyn segahı" və
"Yeri, damüstə yeri" mahnısı yazılıb.
Bu qadın xanəndənin qəribə taleyi olub. Zəmanəsinin haqsızlıqları gənc
qızı doğma Cavad kəndindən, ata evindən
qaçmağa məcbur edib. Əyninə kişi paltarı
geyərək el şənliklərində sönməz bir
eşqlə oxuyan sənət fədaisinin səsi
dünyanı bürüyüb. Kiyevdə
"Monarx-Rekord" Səhmdar Səsyazma Cəmiyyəti
1914-cü ildə onun ifasında "Mirzə Hüseyn
segahı", "Bayatı-Kürd",
"Bayatı-Şiraz", "Yeri, damüstə yeri",
digər muğam və xalq mahnılarını qrammofon
vallarına yazıb, hələlik onlardan yalnız biri
əldə edilib.
Arxivin ədəbiyyat bölməsi daha zəngindir. Burada Səməd Vurğunun, Əlağa Vahidin,
Şəhriyarın, Rəsul Rzanın, Nigar
Rəfibəylinin, Mirvarid Dilbazinin, Süleyman Rəhimovun,
İlyas Əfəndiyevin, İsmayıl Şıxlının,
Mehdi Hüseynin, İslam Səfərlinin, Əlağa
Kürçaylının, Hafiz Baxışın, Nəbi
Xəzrinin, Cabir Novruzun, Bəxtiyar Vahabzadənin və başqalarının fono və
videoyazıları var, dahi söz sərrafları Nizaminin,
Füzulinin, Nəsiminin, Molla Pənah Vaqifin, Hüseyn Cavidin,
Mikayıl Müşfiqin, Cəlil Məmmədquluzadənin
və digərlərinin yubileyləri, səhnə əsərləri,
həyatı və yaradıcılığı haqqında
xatirə-söhbətlər fono və video
lentlərində, qrammofon vallarında
əbədiləşib. XX əsr poeziyamızın
müqtədir ustadı Səməd Vurğunla bağlı
200-dən artıq fonosənəd arasında özünün
ifasında şeir və poemalarından parçalar, səhnə
əsərlərinin lent yazıları xüsusi yer tutur. Onun
yazıçıların II Ümumittifaq qurultayında
məruzəsinin lent yazısı uzun axtarışdan sonra
Moskvada tapılaraq arxivə gətirilib. Böyük şairin
anadan olmasının əlli illiyinə həsr edilmiş
təntənəli yubiley gecəsində
çıxışların maqnitofon lent yazıları da
ən qiymətli sənədlər kimi qorunur.
Azərbaycanın teatr tarixinə dair
fonosənədlər sırasında Abbas Mirzə
Şərifzadənin, Hüseynqulu Sarabskinin, Dadaş
Şaraplının, Mirzağa Əliyevin, Fatma Qədrinin, Rza
Təhmasibin, Ağadadaş Qurbanovun, Şövkət
Məmmədovanın, Ələsgər Ələkbərovun,
Sidqi Ruhullanın, Mustafa Mərdanovun, Ülvi Rəcəbin,
Ağasadıq Gəraybəylinin, Əli Zeynalovun, Adil
İsgəndərovun, Mehdi Məmmədovun, Kazım
Ziyanın, Bəşir Səfəroğlunun və digər
səhnə xadimlərimizin yaratdıqları təkrarolunmaz
obrazların dilində səsləri yaşayır. Musiqi
mədəniyyətimizin örnəyi aşıq
yaradıcılığı arxivdə 1700-dən artıq
fono və videoyazıda əksini tapıb, aşıqların
ifasında iyirmidən artıq dastan, o cümlədən
"Koroğlu" dastanı qrammofon vallarında
mühafizə edilir. Dövlət Səs Yazıları Arxivi
bu sahə üzrə ölkəmizdə yeganə elmi-metodik
mərkəzdir. Son illər burada
"Fonosənədlərlə işləyən idarə
və təşkilatların əsas iş qaydaları",
"Videosənədlərlə işləmə metodikası"
adlı təlimat, "Əsas iş növləri və
onlara sərf olunan vaxt norması" və sair kimi metodiki
vəsaitlər hazırlanıb. İstər idarə və
təşkilatlarda, istərsə də ayrı-ayrı
şəxslərdə olan fono-videoyazıların
saxlanılmasına müntəzəm metodiki kömək
göstərilir. Hər ilin axırında sorğular
keçirilir, sənədlər barəsində məlumat
toplanıb yekunlaşdırılır. Bununla bir
tərəfdən onların qorunmasına nəzarət edilir,
digər tərəfdən tədricən dövlət
mühafizəsinə qəbuluna imkan yaradılır.
Məsələn, Niyazinin şəxsi fonotekasından 230-a
qədər səs və videoyazısı, maestroya, onun
sənətinə dərin hörmət izhar olunan 140-dan
çox lent yazısı və qrammofon valı dövlət
mühafizəsinə qəbul edilib. Dahi dirijorun çıxışlarına
dair lent yazıları və qrammofon valları müxtəlif
illərdə Çexoslovakiyada, Bolqarıstanda, Rumıniyada,
Fransada, ABŞ-da və digər ölkələrdə
böyük tirajla buraxılıb. Niyazinin
fonotekasından dövlət mühafizəsinə qəbul
edilmiş ondan çox nadir qrammofon valında
Məşədi Məmməd Fərzəliyevin, İslam
Abdullayevin, Məcid Behbudovun, Ələsgər Abdullayevin,
Məşədi Cəmil Əmirovun, Məşədi
Qafarın ifalarında muğam, təsnif və el havaları
yazılıb.
Belə məqsədyönlü tədbirlərin
nəticəsidir ki, indi bir çox ictimai-siyasi,
ədəbiyyat və incəsənət xadimlərimiz öz
şəxsi fono və videotekalarını tam
şəkildə arxivə təhvil verməyə
başlayıblar. Sənətşünaslıq
doktoru, "Musiqi dünyası" jurnalının baş
redaktoru Tariyel Məmmədov uzun illər topladığı,
əksəriyyətində klassik muğam ustalarının
ifaları səslənən lent yazılarını, qrammofon
vallarını bərpa edərək CD disklərinə
köçürüb və arxivə
bağışlayıb. Arxivin "Musiqi
dünyası" jurnalı ilə
əməkdaşlığı sayəsində 1900-1940-cı
illərə aid səs yazıları (qrammofon valları)
əsasında respublika arxiv sistemində ilk portal -
"Azərbaycanın diskoqrafiyası" portalı ortaya
qoyulub. Bundan sonra "Qarabağ xanəndələri"
albom-diski, "Azərbaycan xanəndələri" divar
təqvimi hazırlanıb. "Azərbaycan tarixinin canlı
səsləri" layihəsi arxivin sənədləri
əsasında ərsəyə gəlmiş ikinci
portaldır. Həmin internet portalına
ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynamış
yüz nəfər mərhum dövlət, elm,
ədəbiyyat, incəsənət xadiminin, əmək və
müharibə qəhrəmanının səslərindən
fraqmentlər daxil edilib.
Səs Yazıları Arxivi yaradıldığı
gündən Azərbaycan Respublikası Milli Arxiv
İdarəsinin tərkibindədir və idarənin yeddi
dövlət arxivindən biridir. Bu, fono və
videosənədlərin qorunmasını daha da
yaxşılaşdırmağa imkan verir. Bütün
maliyyə və təsərrüfat işlərini, o cümlədən
kompyuter, avadanlıq və sair alınmasını da
bilavasitə Milli Arxiv İdarəsi yerinə yetirir. Arxivdə
maqnitofon lent yazılarının və qrammofon
vallarının CD disklərinə
köçürülməsinə başlanıb. Yeni
alınmış DVD maqnitofonu tezliklə videoyazıları
DVD səsdaşıyıcılarına
köçürüb onların da etibarlı
mühafizəsini təmin edəcək.
Arxivin beynəlxalq əlaqələri
ildən-ilə genişlənir. Ötən ilin may ayında
Polşanın paytaxtı Varşavada keçirilmiş
"Audio-vizual sənədlərin toplanması,
mühafizəsinin təşkili və elmi-texniki tərəqqi"
mövzusunda Beynəlxalq konfransda Avropanın 26 ölkəsi
sırasında Azərbaycan da təmsil olunmuşdu.
Arxivin əməkdaşları Böyük Britaniya Kral
Kitabxanasının Fono Arxivi və Vaşinqtonun Konqres
Kitabxanası ilə müntəzəm yazışır
və fikir mübadiləsi aparırlar. Onlar vətənimizin,
xalqımızın səsini, nəfəsini olduğu kimi
dünyaya, gələcək nəsillərə
çatdırmaq əzmilə çalışırlar.
Söz düşmüşkən, Azərbaycan
hökumətinin respublikada Mərkəzi Dövlət Səs
Arxivinin yaradılması haqqında 1968-ci il 5 aprel tarixli
qərarına, 1999-cu ilin iyununda Milli Məclisin qəbul etdiyi
və dövlət başçısının
imzaladığı "Milli Arxiv Fondu haqqında" Azərbaycan
Respublikası Qanununa əsasən səs və video
yazıları istehsal edən və saxlayan nazirliklər,
komitələr və digər təşkilatlar üç
ildən gec olmayaraq həmin sənədləri təmənnasız
dövlət mühafizəsinə (arxivə) təhvil
verməlidirlər. Lakin hökumətin
qərarına görə arxivin əsas
komplektləşdirmə mənbəyi olan "Azərbaycan
Televiziyası və Radio Verilişləri" Qapalı
Səhmdar Cəmiyyətinin fono və videotekalarında 35-40 il
bundan əvvəl yazılmış külli miqdarda fono və
videosənədlər hələ də arxivə təqdim
olunmayıb. Bir sıra fonosənədlər və
videoyazılar isə arxivin mütəxəssisləri ilə
məsləhətləşmədən silinərək
məhv edilib. Qanuna əməl olunmalı, uzun illərdən
bəri AzTV-də saxlanılan, ekran-efir üçün
öz aktuallığını itirmiş səs və video
yazılarının bir nüsxəsinin dövlət
mühafizəsinə verilməsi təmin edilməlidir.
Bu yerdə Vaqif Səmədoğlunun bir etirafı yadıma
düşdü: "Səməd Vurğunla bağlı
yeniyetməliyin qəribə bir uzaqgörməzliyi var...
1951-ci ildə evimizdə ilk "Dnepr" adlı böyük
babinli maqnitofon peyda olmuşdu...Qardaşım , bacım və
mən ailədəki hər kəsi danışdırıb
səslərini lentə köçürürdük. O
cümlədən Səməd Vurğunun. Ancaq o vaxtlar onun
səsini, zarafatlarını, şeir oxumaqlarını
lentə köçürsək də qoruyub
saxlamırdıq. Buna heyfslənirəm".
Heyfslənməyə dəyər. Uzaqgörən olaq,
məşhurlarımızın,
tanınmışlarımızın, elə
özümüzün də fono və
videoyazılarını qoruyub saxlayaq ki,
nəsildən-nəsilə yadigar qalsın.
Azərbaycan.-2007.-6
iyul.-S.6.