Hacıxanoğlu İ.
Yaxşı güzəran yaratmağa vaxtım olmadı
Fəxrəddin
Dadaşov: "Nəhayət ki, illərlə arzusunda
olduğum nailiyyətlərə çatmışam"
Bu
gün hamı öyrəşib ki, telekanalların hər
gün bizə sırıdığı şou-biznes
ulduzlarını mətbuat səhifələrində də
görsünlər. Fərqi yoxdur, hansı
işlərinə, hansı uğurlarına, hansı
keyfiyyətlərinə görə... Amma sənət
adamları da var ki, bütün ömürlərini bu sənətə
həsr ediblər. Azərbaycan musiqisini dünyanın hər
bucağında layiqincə təmsil ediblər. Və ekranlara,
mətbuat səhifələrinə çıxmağa,
sənət haqda söz deməyə daha çox haqları
var. Bu gün onlardan biri, tanınmış kamança
ifaçısı, xalq artisti Fəxrəddin Dadaşovdan
bəhs edəcəyik. Onun barəsində uzun-uzadı
təqdimata ehtiyac yoxdu. Ehtiyac onun ağsaqqal sözünə
duyulur ki, onu da özü deyir.
- Fəxrəddin müəllim, son iki il sizin üçün
uğurlu keçib desək, yanılmarıq.
Əvvəlcə "xalq artisti" fəxri adına, sonra da
prezident mükafatına layiq görüldünüz...
- Doğrudur, son illər mənim üçün çox
uğurlu keçib. Nəhayət ki, illərlə arzusunda
olduğum nailiyyətlərə çatmışam. Buna
görə də, dövlət başçımıza
minnətdaram ki, o boyda işlərdən sonra
mədəniyyətimizə, incəsənət
xadimlərimizə də vaxt ayırır, onları
diqqətdən kənarda qoymur.
O ki qaldı fəxri ada, kamança
ifaçılığı tarixində "xalq artisti"
fəxri adına layiq görülən 3-cü adam olduğuma
görə özümü xoşbəxt hiss edirəm.
- Təqdimatı hansı təşkilat göndərmişdi?
- Sözün açığı, təqdimatın haradan
getdiyini özüm də bilmirəm. Amma Az.TV-dən
göndərilməyib. Az.TV bizimlə heç maraqlanır
ki... 16 yaşımdan Dövlət Televiziyasının
Əhməd Bakıxanov adına Xalq Çalğı
Alətləri Ansamblının üzvüyəm. Düz 41
ildir, amma bu illər ərzində televiziyadan yeganə qazancımız
efirə çıxmaq olub ki, bu da bizi xalq arasında
tanıdıb. Bu mənada televiziyaya da minnətdaram.
- Bir məsələ də var ki, istər sizə
qədər, istərsə də sizdən sonra bir xeyli
kamança ifaçısı Az.TV-nin efirinə
çıxıb. Amma "xalq artisti" yalnız siz üç
nəfərə verilib. Bəllidir ki, Habil Əliyev
kamança ifaçılığına yeni üslub, yeni
ab-hava gətirdiyinə görə bu zirvəyə yüksəlib,
Şəfiqə xanım da ilk qadın kamança
ifaçısı idi, həm də virtuoz ifası ilə
məşhurlaşmışdı. Və onların "xalq
artisti" adına layiq görülməsi lap çoxdan
olmuşdu. Bu mənada bu gün Azərbaycanda bu qədər
tanınmış kamança ifaçısı arasında
seçilməyiniz, yaxşı mənada diqqəti cəlb
edir.
- Habil Əliyev kamança sənətinin şahıdır
və mənə elə gəlir ki, bu sözümə
heç kəs şübhə etməz. Bu gün mən
rəhmətlik Ədalət Vəzirovun aramızda
olmamasına heyfsilənirəm. Heyf ki, o həyatdan tez
köçdü. Yoxsa bu günkü "xalq
artisti"lərindən biri də o idi. Mən ona dünya
xalqlarının sənətkarı deyərdim, çünki
o böyük istedad sahibi idi. Özümə
gələndə isə, bu adı birdən-birə
qazanmamışam ki! 41 ildir, professional
sənətdəyəm. "Əməkdar artist"
adını neçə il bundan əvvəl
almışdım. Az ölkə tapılar ki, orada qastrolda
olmayım. Əhmədxan Bakıxanovun rəhbərlik etdiyi
ansambla gələndə, 16 yaşım vardı, mənə
elə gəlir ki, əl boyda uşağı o cür prestiæli
ansambla boş-boşuna qəbul etməmişdilər. Daha
sonra neçə illər Zeynəb xanım Xanlarova ilə
çiyin-çiyinə bütün dünyanı
gəzmişik.
- "Xalq artisti" olandan sonra ya rəftarınızda, ya
xaraktrinizdə hansısa bir dəyişiklik etmək fikriniz
varmı?
- Mən həmişə sadə insan olmuşam. Ona
görə də heç bir dəyişiklik yoxdur. Amma bu ad
böyük bir məsuliyyətin göstəricisdir. Bundan
başqa, adamı bir az da həvəsləndirir.
- Bildiyimə görə, ölkə
başçısının qızının toyunda
kamança ifaçılarından yalnız siz iştirak
etmisiniz...
- Bəli, xoşbəxtəm ki, mənə etimad
göstəriblər. O toyda həm solo ifa etdim, həm də
Möhlətlə birlikdə Ağaxan Abdullayevlə Aygün
Bayramovanı müşayiət etdik. Onlar ikisi bir mahnı
oxudular, amma biz bir neçə musiqi nömrəsi ifa etdik. Kim
ki, bizim həmin məclisdə iştirakımızı
təmin etmişdi, Allah balasını saxlasın. Yəqin ki,
qismətimizdə varmış. O toyda bizə milli geyimlər
vermişdilər, sonradan həmin geyimləri bizə
bağışladılar.
- Fəxrəddin müəllim, Habil Əliyev deyir ki,
"mənə qədər kamançanı ermənicə
çalırdılar"...
- ... Mən bəri başdan deyim ki, bu sözlə razı
deyiləm. Ermənicə necə çala bilərlər ki,
axı onların musiqisi olmayıb. Onlar sadəcə olaraq
qazanc xatirinə bizim alətlərimizdə çalmağı
öyrəniblər, bununla toylarda pul qazınıblar. Mən
onunla razılaşıram ki, bir vaxtlar bizimkilərin
kamança alətinə etinasız münasibətindən
ermənilər yararlanıblar. Amma onlar da Azərbaycan
musiqisini ifa edirdilər. Habil müəllim isə kamança
sənətinə yeni bir ifa tərzi gətirdi.
- Bəs nə üçün sizin çalğı ilə
Habil müəllimin kamançasından çıxan səs
fərqlənir. Siz niyə o cür
çalmırsınız?
- Mən də kamançada o səsi çıxara
bilərəm. Amma bu Habil müəllimin
oriæinallığını təkrarlamaq sayılacaq. Biri var
oriæinal ifa, biri də var "kopirovka". Habil müəllim
özü üçün oriæinal ifa üslubu yaradıbsa,
qoy elə oriæinal da qalsın. Lazım olanda toylarda və ya
xaricdə konsertlər verəndə, onun kimi də
çalıram. Cavan vaxtı onun çalğısını
təqlid edirdim, indi yaşımın bu çağında
artıq yaraşmaz, axı. Mənim özüməməxsus
çalğım var. Mən çaldığım yol da
çətindir. Əsl musiqiçi ustadların
çalğısından öyrənə-öyrənə
sənətkar olur. Habil müəllimə gəldikdə
isə, ona toxunmaq olmaz, o kamança sənətinin
şahıdır.
- Uzun illər birlikdə
çalışdığınız tarzən Möhlət
Müslümov müsahibələrindən birində dedi ki,
"tarın dəbdən düşdüyü vaxtlarda,
dolanmaq xatirinə toylarda ağlaya-ağlaya gitara
çalırdım. Rəhmətlik Səxavət
Məmmədov məni bu zülmdən qurtardı". Siz
elə bir çətinliklə qarşılaşmısınızmı
ki, kamançanı atıb skripkaya keçəsiniz?
- O günlər bir də gəlməsin. Onda bilirsinizmi
hansı ifaçılar kamançadan skripkaya
keçdilər- kamançadan qorxanlar. Onlar özlərini
kamança ustası kimi sübut edə bilmədilər.
Sağlığına, kamança məni heç vaxt ac
qoymayıb. Məni də toylara skripkaçı kimi
dəvət edirdilər. 1975-ci ildə Akif İslamzadə
mənə bir skripka verdi və dedi ki, "skripkanı da
öyrən, toylara, konsertlərə bir yerdə
gedək". Həmin skripkanı bir-iki dəfə
özümlə toylara aparmışdım və skripka
istəyənlərin sifarişi ilə dizimin
üstünə qoyub kamança kimi çalırdım.
Bir-iki dəfə belə görəndən sonra daha skripka
istəmədilər. Bir dəfə də Niyaməddin
Musayevlə bizi Sabirabada toya dəvət etdilər. Toy sahibi
dedi ki, skripka da olsun. Nəsə getdik toya, skripkanı stolun
üstünə qoymuşdum ki, görsünlər bu da var, amma
kamançada çalırdım. Axırda bir nəfər
dedi ki, "bu yazıq skripkanı da dinləndirin də".
Mən də bayaq dediyim ki, dizimin üstünə qoyub
çaldım. Həmin adam qayıtdı ki, "alə, bunu
kamança kimi də çalmaq olur ki, onda skripkanı
neynirik, kamançamız var da, səsi də ondan
gözəl". Odur-budur, skripka ilə birdəfəlik
qurtarmışıq. Mən demirəm ki, pis alətdir, amma
ruhən mənə yaddır. 1968-ci ildən toylara gedirəm,
yalnız kamança ilə getmişəm.
- 40 ildir, toylara gedirsiniz. Bakı toylarında da tarla
kamança ifaçıları pis qazanmırdılar.
Ystəlik də dünyanın hər yerində qastrolda
olmusunuz. Bəs nə üçün özünüzə
əməlli-başlı güzəran
düzəltməmisiniz. Bildiyimə görə, heç
avtomobiliniz də yoxdur...
- Biz çoxuşaqlı ailə olmuşuq və uşaq
yaşlarından ailə saxlamağa məcbur olmuşam. Sonra
ailə qurdum, 5 övladım dünyaya gəldi, onları
böyütdüm. Hamısı ali təhsillidir. Sözün
açığı, yaxşı qazansam da, yaxşı
güzəran yaratmağa vaxtım olmadı. İl uzunu
səfərlərdə olurduq. İndi də
övladlarımı ailə sahibi etmişəm, iki
nəvəm var. Oğul nəvəmə də öz
adımı vermişəm.
- Nə üçün övladlarınızdan sizin
sənəti davam etdirəni olmadı?
- Bilirsinizmi, musiqi dünyası, doğrudur,
şöhrətlidir, amma əziyyəti, maneələri,
paxılları çoxdur.
- Kimlərdi sizə paxıllıq edən?
- Adlarını açıqlamaram, axı. Xaricə gedirdim,
deyirdilər ki, filankəs gündə xaricdədir. Efirə
çıxırdım, deyirdilər hər gün televizorun
ekranındadır. Daha başa düşmək
istəmirdilər ki, mənim qara gözümə, qara
qaşıma aşiq olub göndərmirdilər. Mən ilk
dəfə Həbib Bayramovla xaricə qastrola gedəndə, 19
yaşım vardı. Zeynəb Xanlarovanı ilk dəfə
müşayiət edəndə, 16 yaşım vardı, 10 il
onunla işləmişəm. Bütün bunları öz
əziyyətimlə, çalğımla əldə
etmişdim də. Belə şeylərin ucbatından
övladlarımı musiqi aləmindən uzaq saxladım.
Ekspres.-2007.-7-9 iyul.-S.17.