Hüseynov A.
Öz
sağlığında mahnı klassiki kimi tanınmış
bəstəkar
1917-ci ilin
oktyabr ayının 7-də dövlət məmuru
Ələkbər kişinin ailəsində
qohum-əqrəbanın sevincinə səbəb olan bir hadisə
baş verdi. Bu, dünyaya oğul övladın gəlişi
ilə əlaqədar idi. Uşağın qırxı
çıxandan sonra xalq adət-ənənəsinə
uyğun olaraq evdə adqoydu mərasimi keçirdilər.
Ələkbər kişi oğluna Tofiq adının
qoyulmasını lazım bilmişdi. Bu ad ərəbcə
məqsədə çatmaq mənasında işlədilir.
Uşağa Tofiq adının qoyulması əbəs yerə
deyildi. Ata çox istəyirdi ki, oğul balası
böyüyəndən sonra gəmi kapitanı olsun. Uşaq ayaq tutub yeriməyə başlayandan sonra ona
dənizçi paltarı da almışdı.
Ələkbər kişi ədəbiyyat və musiqi
vurğunu olduğu üçün uşaqlarının da
özü kimi olmasını istəyirdi.
Övladlarının, demək olar ki, hamısı fortepiano
çalmağı, mahnı oxumağı bacarırdı.
Tofiqin musiqiyə olan böyük marağı
atasının nəzərindən qaçmamışdı.
Uşağın fortepianoda hamıdan yaxşı
çalması atasının çox xoşuna gəlsə
də, onun dənizçi olmasını daha çox
istəyirdi. Axşam gəzintisinə çıxanda
uşaqlarını hökmən dəniz kənarına
aparır, onlara, xüsusilə də Tofiqə
Xəzərə bağlılıq hissləri təlqin
etməyə səy göstərirdi. Hər dəfə
də: "Böyüyəndə kim olacaqsan?" - sualına
Tofiqdən: "Bəstəkar olmaq
istəyirəm"
- cavabını alırdı. Ata oğlunun musiqiyə
böyük istəyi qarşısında duruş
gətirə bilməyib, "Dənizçi olmaq istəmir,
qoy musiqiçi olsun" - deyərək onu musiqi
məktəbinə qoymaq qərarına gəldi. Tofiq 12
yaşında ikən Azərbaycan Dövlət
Konservatoriyasının nəzdindəki musiqi
məktəbində oxumağa başladı. 1934-cü
ildə o, konservatoriyaya daxil olub, onun dirijorluq və fortepiano
çalğısı siniflərində təhsilini davam
etdirdi. Onun
fortepiano müəllimi professor İ.S.Aysberq, dirijor
sənəti müəllimi professor S.Q.Ştrasser idi. Onu da deyək
ki, həmin dövrdə Azərbaycan konservatoriyasında
Rusiyadan dəvət olunmuş professorlar yerli kadrların
hazırlanmasına xüsusi diqqət yetirirdilər. Onlar Azərbaycana millət cəfakeşi dahi
Üzeyir bəyin təşəbbüsü ilə
gəlmişdilər.
Gələcəyin böyük bəstəkarı,
dirijoru,pianoçusu, görkəmli musiqi-ictimai xadimi, öz
sağlığında mahnı klassiki kimi şöhrət
tapmış Tofiq Quliyev konservatoriyada təhsil alarkən
dünyanın çox görkəmli musiqi klassiklərinin -
İohann Sebastyan Baxın, Lüdviq Van Bethovenin, Pyotr
İliç Çaykovskinin, Frans Şubertin və digər
bəstəkarların əsərləri ilə ilk
dəfə tanış olmağa başlamışdı. İstedadlı musiqiçi-pedaqoq L.M.Rudolfun
sinfində musiqi formasını, harmoniyanı, polifoniyanı
öyrənmiş, kompozisiya texnikasına bələd
olmuşdu.
Hələ 1931-ci ildə Tofiq Quliyev
konservatoriyanın nəzdindəki musiqi məktəbində
oxuyarkən müəllimi olmuş gənc bəstəkar
Asəf Zeynallının məsləhəti ilə ilk
mahnısını yazmışdı. Mahnının
sözləri Mirzə Ələkbər Sabirin
"Dərsə gedən bir uşaq" şeirindən
götürülmüşdü. Üzeyir
bəy Tofiqin bu uşaq mahnısını
bəyəndikdən və onu xeyli təriflədikdən sonra
Tofiq daha bir neçə mahnı yazmışdı. Asəf Zeynallı müəllimlik fəaliyyəti
ilə yanaşı, respublikanın bəstəkarları
və musiqişünasları ilə birlikdə folklor
nümunələrinin toplanması, nota
köçürülməsi və nəşr edilməsi
ilə də məşğul olurdu. Tofiq
Quliyev də müəllimi Asəf Zeynallının
məsləhəti ilə onlara qoşulub
bölgələrdə yaradıcılıq işləri
aparırdı. Onun ekspedisiyalar zamanı
mahnı və rəqs materialları sonralar
respublikamızın nəşr olunan toplularına daxil
edilmişdi. 1951-ci ildə nəşr edilən
"Azərbaycanın xalq rəqsləri" toplusu bunlara
misal ola bilər. Tofiq
Quliyevin nota aldığı rəqs melodiyalarının bir
hissəsi isə 1955-ci ildə "Azərbaycanın 15 xalq
rəqsi" toplusuna daxil edilmişdi. Onun
nota aldığı mahnıların bir hissəsi
görkəmli tədqiqatçı və müğənni
Bülbülün redaktəsi ilə 1956-1958-ci illərdə
nəşr edilmiş ikicildlik "Azərbaycan
mahnıları" toplusunda işıq üzü
görmüşdü. Tofiq Quliyev folklor
materialının nota alınması və işlənməsi
sahəsində fəaliyyətini daim genişləndirirdi.
O, ötən əsrin 50-60-cı illərində ərəb,
hind, bolqar, çin mahnılarının işlənməsi
sahəsində də müvəffəqiyyətlə
fəaliyyət göstərmişdi. Azərbaycan
muğamlarının nota alınması və nəşr
olunması sahəsində gördüyü işlər milli
mahnı mədəniyyətimiz üçün böyük
əhəmiyyətə malik idi. Tofiq
Quliyev milli muğamlarımızın nota alınması
sahəsində yaradıcılıq nümunələri
göstərən ilk bəstəkarlardan biri olmuşdur.
O, bəstəkar Zakir Bağırovla birlikdə "Rast",
"Segah", "Dügah" muğamlarının nota
alınmış nümunələrini 1936-cı ildə
nəşr etdirmişdi. Tofiq Quliyevin parlaq
istedadı musiqi ictimaiyyətinin diqqətini
çəkmişdi. Sənətdə daim istedadlar
axtaran dahi Üzeyir bəy Tofiq Quliyevin P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında
təhsilini davam etdirməsi üçün
Azərbaycanın Maarif Komissarlığı
qarşısında məsələ
qaldırmışdı. Tofiq Quliyev Moskva
konservatoriyasında dirijorluq sirlərini
öyrənməklə bərabər, məşhur
pianoçu, Sovet İttifaqının ən böyük
pianoçuluq məktəbinin yaradıcılırından
biri olan Henrix Qustavoviç Neyqauzun fortepiano sinfində də
oxumuşdu. Moskvanın musiqi həyatı
Tofiq Quliyevin yaradıcılığına böyük
təsir göstərmişdi. O, mahir
musiqiçilərin ifalarını dinləmiş,
məşhur dirijorların, pianoçuların, musiqi
kollektivlərinin ifaçılıq fəaliyyəti ilə
Tofiq Quliyev ötən əsrin 40-cı
illərində kinoda fəaliyyətə
başlamışdı. Həmin
illərdə onun populyarlıq qazanmış mahnıları
meydana gəlmişdi. Məmməd Rahimin
sözlərinə yazdığı "Vətən
haqqında mahnı", Səməd Vurğunun
sözlərinə bəstələdiyi "Azərbaycan"
mahnısı dinləyicilərin maraqla dinlədikləri
mahnılardan idi. Böyük müğənni
Rəşid Behbudovla yaradıcılıq əlaqələri
Tofiq Quliyevin mahnılarının populyarlaşmasında
xüsusi rol oynamışdı. 40-cı
illərin ortalarında Tofiq Quliyevin və Rəşid
Behbudovun Sovet İttifaqının
şəhərlərinə konsert qastrolları böyük
müvəffəqiyyətlə keçirdi. Rəşid Behbudovun vokal ustalığı və
müşayiətçi kimi, həm də öz
əsərlərinin solist ifaçısı kimi
çıxış edən Tofiq Quliyevin çalğı
məharəti dinləyiciləri heyran qoyurdu.
Özünə çox tələbkar olan T.Quliyev sadalanan
uğurlarına baxmayaraq, təhsilini davam etdirmək
qərarına gəlmiş və Moskva Konservatoriyasında
professor A.Ginzburqun dirijorluq sinfində, professor K.Qolubevin
kompozisiya sinfində oxumuşdu.1951-ci ildə konservatoriyada
təhsilini başa çatdıran Tofiq Quliyev aspiranturaya daxil
olmuş, oranı görkəmli dirijor Aleksandr Vasilyeviç
Qaukun rəhbərliyi altında bitirmişdi. Tofiq
müəllim Azərbaycanda dirijorluq üzrə aspirantura
bitirmiş yeganə dirijor idi. Buna baxmayaraq, 1954-cü
ildə Bakıya qayıtdıqdan sonra ona təhsilinə
və istedadına müvafiq iş verilməmişdi. Ona
Üzeyir Hacıbəyov adına
Azərbaycan Dövlət Konservatoriyasında tələbə
orkestrinə, opera və orkestr siniflərinə
rəhbərlik işini tapşırmaqla
kifayətlənmişdilər. Tofiq Quliyev çox
abırlı və ləyaqətli adam
olduğu üçün ona bu cür münasibətdən
inciməmişdi. O, 1958-ci ildən başlayaraq M.Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasında əvvəlcə bədii rəhbər, az
sonra isə direktor kimi fəaliyyət göstərmişdi. 50-ci illər Tofiq Quliyevin bir bəstəkar olaraq
parlaq yaradıcılıq dövrü kimi əlamətdar idi.
Bəstəkar həmin dövrdə
"Qaytağı", "Variasiyalar" kimi fortepiano
əsərlərini, çoxlu sayda mahnılar
bəstələmişdi. O, simfonik əsərlər,
kantatalar yazsa da, mahnı yaradıcılığına
marağı son dərəcə böyük idi. Ona görə də respublikada mahnı
janrının inkişafında aparıcı rol oynamağa
başlamışdı. Qara Qarayev Tofiq Quliyevin
yaradıcılığında mahnı janrının
mərkəzi yer tutduğunu xüsusi vurğulayaraq
yazmışdı ki,mahnı
bəstəkarın yaradıcılığında
"leytjanrıdır". T.Quliyev lirik ovqata
köklənmiş bəstəkar idi. Fərdi
melodizmə söykənmiş mahnılırı ilk
akkordlardan dinləyiciləri öz ağuşuna ala bilirdi,
öz xarakterik not dili ilə heyranlıq motivlərinə
rəvac verirdi. Hamı bilirdi ki,
səslənən musiqi Tofiq Quliyevin qəlbləri
riqqətə gətirən ecazkar musiqisidir. Bu musiqiyə patetika, pafos yaddır. Musiqi dilinin xəlqiliyi və mahnıların
sadəliyi, böyük zövqlə, taktla və bədii
ölçüdən kənara çıxmamaqla
yazılması Tofiq musiqisini mahnı olimpinin əlçatmaz
zirvəsinə qaldırmışdır. Azərbaycan
xalqı Tofiq musiqisini böyük heyranlıqla dinləyir.
Bu musiqi öz bənzərsizliyi ilə xoş
ovqat yaradır, yüz minlərlə dinləyicini
müxtəlif xarakterli mahnıları ilə ovsunlayır.
Müasir dövrün ən istedadlı
bəstəkarlarından sayılan Qara Qarayevin Tofiq Quliyevin
yaradıcılığı barədə yazdığı
daha bir fikri adamda böyük bəstəkara iftixar hissi
doğurur: " Bəstəkar milli xalq
mahnı yaradıcılığında səciyyəvi
üslub yaratmışdır. Bu, müasir
mahnılarda özünü tam genişliyi ilə əks
etdirir. Onun fərdi yaradıcılıq
xüsusiyyətləri bəstəkarı mahnı
janrının ustadları sayılan İsaak Dunayevski və
Vasili Pavloviç Solovyov- Sedoy ilə eyni səviyyəyə
qaldırmışdır". Tofiq
Quliyevin mahnıları həmişə xalqın mahnı
yaradıcılığı xəzinəsindən
qaynaqlanmışdır, yüksək bədii sadəliyin,
ifadə tərzinin təbiiliyiinin səbəbi də
bundadır. Tofiq Quliyev milli folklorun mahir
bilicisi idi, onun stilistikasını dərindən
öyrənmişdi. Özülünü
milli muğamlar təşkil edən mahnıları bu
səbəbdən də dinləyicilərin daxili
aləminə nüfuz edərək onlarda yüksək
bədii ovqat yarada bilmək gücündə idi. Tofiq Quliyevin kinofilmlərə yazdığı
musiqi böyük populyarlıq qazanmışdı.
"Ögey ana", "Qızmar günəş
altında", "Bəxtiyar", "Onu
bağışlamaq olarmı?" kinofilmlərinə
yazdığı musiqi hətta gənc nəsil
ifaçılarının repertuarında geniş təmsil
olunmuşdur. Onun oynaq, bəzən də
qəmgin notlara köklənmiş mahnıları elə
gün olmur ki, teleradio verilişlərində
səslənməsin, el şənliklərinə bədii
bəzək vurmasın. Tofiq Quliyev
hələ öz sağlığında mahnı klassiki kimi
ad çıxarmışdı. Onun
mahnıları Azərbaycandan uzaqlarda sevilirdi. 1972-ci ildə Belçikanın paytaxtı
Brüsseldə Beynəlxalq Azərbaycan mədəniyyəti
sərgisi Tofiq Quliyevin "Neftçilər haqqında
mahnı"sı ilə açılmışdı. Bu yaxın keçmişimizdə Avstriyanın
paytaxtı Vyana şəhərində Azərbaycanın musiqi
klassiki dahi Üzeyir bəyin büstünün
açılmasına qatılan avstriyalıları Tofiq
Quliyevin valsları məftun qoymuşdu. Bildiyimiz
kimi, Vyana dünyanın musiqi mərkəzi olmaqla, həm
də valsın yaradıcıları sayılan ata və
oğul İohan Ştrausun vətənidər. Valsı sevən və onu incəliklərinə
qədər aça bilən vyanalılar Azərbaycan bəstəkarının
bu gözəllikdə valslarını həmin vaxtadək
dinləmədikləri və çox şey itirdiklərini
demişdilər. Bunun səbəbini Tofiq
Quliyevin və digər çox istedadlı
bəstəkarlarımızın parlaq yaradıcılıg
nümunələrinin dünyada layiqincə təbliğ
olunmamasında axtarmaq lazımdır. Həm
də musiqi şedevrlərimizi oğurlayıb öz
adlarına çıxmaq hərisliyi ilə yaşayan
ermənilər bizim balabanımızı düdük adı
ilə tanıdaraq kənar ölkələrdən
çağırdıqları düdükçünün
hətta Böyük Teatrda konsertini təşkil edirlər.
Bu yaxınlarda Finlandiyada təşkil olunmuş
"Avrovicin"də çıxış edən
Ermənistan nümayəndəsi erməni
düdükçünün müşayiəti ilə
oxuyurdu. Ermənilər öz
düdükçülərini dünyaya tanıtmaq
üçün bu imkandan da istifadə edirdilər. Amma zəngin muğam xəzinəsindən qaynaqlanan
mahnılarımızı, oyun havalarımızı dünya
ictimaiyyətinin diqqətindən kənarda qoyduğumuz
səbəbindən oğru xislətli ermənilər
onları hətta özününküləşdirməkdən
də çəkinmirlər. Biz isə
çox sonralar xəbər tutub, haray-həşir qopartmaqla
"toydan sonra nağara" oyunu oynayırıq.
Tofiq Quliyevin mahnılarının
həmişəyaşarlığının
səbəblərindən ən önəmlisi o idi ki,
bəstəkar xalq melodiyalarından olduğu kimi istifadə
etmirdi, onları beyninin yaradıcılıq
süzgəcindən keçirərək orijinal musiqi
nümunələri şəklində xalqın
özünə qaytarırdı. Onu
əlçatmaz yaradıcılıq zirvəsinə
qaldıran da məhz bu idi. Məhz bu
səbəbdən də Tofiq Quliyevin bütün janrlarda
yazdığı musiqi əsərlərində
azərbaycançılıq ruhu çox güclü idi.
O, xalqının zövqünü oxşayan
əsərləri ilə zəngin musiqi xəzinəmizə
böyük töhfələr vermişdir. Tofiq
Quliyev musiqisi onu sevən millətinin qəlbində
həmişəyaşarlıq qazanmışdır. Bu
barədə tanınmış jurnalist Azad Şərifov
çox yerində demişdir: "Bakını
Xəzərsiz, Qız qalasız və xəzrisiz
təsəvvür etmək mümkün olmadığı
kimi, Azərbaycanı da Tofiq Quliyevin şadlıq və
fərəh gətirən işıqlı mahnıları
olmadan təsəvvür etmək
mümkünsüzdür".
Azərbaycan.-2007.-15
iyul.-S.4.